Digər balaca primatlar isə kifayət qədər gizli, gözdən-nəzərdən uzaq həyat keçirirlər. Onlar arasında ən qəribə növlərdən biri sayılan Uzuntopuqlar (tarsius) İndoneziyada, Sulavesi adasında kəşf edilib və sarmaşıq kimi rişələri olan əncir ağaclarında yaşayırlar. Bu primatların əcdadları gündüzlər ova çıxardılar, fəqət özləri zaman keçdikcə gördülər ki, əgər gecələr ova çıxsalar qidalarını daha asanlıqla taparlar, çünki ətrafda qida uğrunda mübarizə edən canlıların sayı ala-toranlıqda daha az olur. Qaranlıq düşəndən sonra tərpənib canlanmağa, qurcalanmağa başlayırlar, çünki artıq ətrafda xeyli sayda həşərat, böcək gəzişib uçuşur.
Uzuntopuqlar yalnız kiçik canlıların ətiylə qidalanırlar. Onların iri gözləri ən zəif işıqda belə görməyi bacarır, göz almaları o qədər böyükdür ki, hədəqələrində oyan buyana, yuxarı-aşağı dönə, fırlana bilmir və tarsier müxtəlif yönlərə baxmaq istəyəndə məcburdu ki, gözünün arxasınca başını da çevirsin. Tülə bənzər səyyar qulaqları ən zəif səslənişləri belə eşidə bilir. Məsələn, palma ağacının yelpazə kimi açılmış yarpağında çəyirtkə kölgəsi görünən kimi əncir budağının yan tərəfindən də Tarsierin başı üzə çıxır. Başı tərpənməz qalib bir istiqamətə fokuslansa da napnazik, aztüklü qulağı eyni yerdə qalmır, əvvəlcə önünü dinləyir, sonra yana fırlanıb sağ tərəfə qulaq asır. Çəyirtkənin harda oturduğu aydın olduqda, tarsierin, boylarından qırx dəfə artıq uzunluğa tullanmaqlarına imkan verən güclü və elastiki ayaqları yapışdıqları ağacdan sürətlə ayrılır və çəyirtkənin kölgəsi üstünə uzunquyruqlu, yumrubaşlı kölgə çökür. Çəyirtkənin bir az əvvəl ay işığında parlayan yaşıl və sürüşkən başı indi Tarsierin xırdadişli, təcrübəli ağzının içində xırçıltıyla əzilməyə başlayır.
Şikar tapmaq çətin olmur. Ancaq tarsierlər gərək ehtiyatlı, sayıq olsunlar. Boyları sadəcə 20 sm-dir və bu uzunluqda olan primatlar üçün meşə təhlükələrlə doludur. Örnəyi, görürsən ki, hansısa haçadilli siluet ağacın qalın budağı üzərində sürünür. Başını arxaya döndərəndə isə pulcuqlar işıldayır. Bu ilandır. Tarsierlər çəyirtkə, böcək ovuna çıxdıqları kimi, onu da bura tarsierlərin dadlı qoxusu çəkib gətirib. Təhlükəli düşmənin yaxında olduğunun fərqinə varan erkək tarsier kəsik-kəsik eşidilən ciyiltilərlə həyəcan təbili çalmağa başlayır ki, hamı qorxunc halətdən agah olsun. Ailənin bütün üzvləri ilanın yeminə çevrilməsinlər deyə sığınacaqlarına çəkilirlər. Tezcə hoppanıb uzaqlaşırlar, iki-iki, üç-üç, bəziləri tək-tək koğuşlara, qapqaranlıq təhlükəsiz bölgələrə girib gizlənirlər. Səhər açılanda isə ailə ağacının ən statuslu erkək və dişisi ətrafa çığırtı salıb gecəyarısı itkin düşmüş ailə nümayəndələrini çağırıb yenidən bir yerə toplayır. Bax, bu cür keyfiyyətli rabitə sistemi primat cəmiyyətlərinin ən spesifik fərqləndiricilərindən biridir.
Az sonra kamera butaşəkilli yarpaqların içinə doğru çəkilərək ailənin yurdu olan kələ-kötürləşmiş nəhəng, qocaman əncir ağacından uzaqlaşıb, əcaib ulartıların əks-sədalaşdığı Tailand cəngəlliklərini ürəkaçan axar-baxara çevirməkdən ötrü yüksəklikdə qərar tutur və göz önündə açılan şahanə mənzərə boyunca hərəkət edir. Bu meşələrdə yaşayan lar hibbonlarının rabitə üsulları isə ulartılardan eşidildiyi kimi daha melodikdir. Bu haraylardan yaranan “mahnılar” yaşıllıqlardan ibarət bəzəkli talvar üzərindən uzun məsafələrə belə yayıla bilir. Onlar məhz bu “mahnılar” vasitəsiylə yaşadıqları meşə bölgəsinin məhz onların məkanı olduğunu ətraf aləmə hiss etdirmək istəyirlər.
Primatların əksəriyyətinin rəngseçmə qabiliyyəti yüksəkdir. Və rənglər ünsiyyət qurmaq üçün yaxşı vasitə ola bilir. Yarpaq meymunlarına baxaq. Yetkinlərinin rəngi kifayət qədər boz görünür, ancaq yeni doğulan balaların narıncı rəngli xəzləri onları diqqətçəkən edir. Narıncı rəngli olduqları üçün də böyüklər onları gözdən qaçırmırlar. Həmişə nəzərlərini balalar üzərində saxlaya bilirlər. Ailənin qohumları və dostları olan digər cavan meymunlar balanın qeydinə qalan anaya balaya baxmaqda kömək etməyə can atırlar. Bu meyil gənc meymunlara valideynlik hissini və vərdişlərini təcrübədən keçirmək üçün yaxşı şans yaradır. Bu yaxınlığın nəticəsində də bala meymun tək buraxılmır. Ancaq bir neçə aydan sonra müstəqilləşməyə başlayan balanın da tüklərinin rəngi anasınkına bənzər hal almağa başlayır və bu gənc də aid olduğu qrupun içinə qatılır. Lakin o zamana qədər ona məhəl qoymamaq, gözdən uzaq saxlamaq olmaz.
Filmin bu məqamında özümdən asılı olmadan , nə zamansa qırmızı rujlu dodaqları şam işığında, göy vazadakı yeni yuyulmuş təravətli çiyələklərin elektrik işığında parladığı kimi parıldayan incəbelli, uzunboylu, qıvrım kirpikli göyçək bir türk qızının, mehriban və halından məmnun gülüşlərlə çəhrayı zanbaqların çiçək açdığı həyətə daxil olan cavan gəlinbacıya tərəf sevinclə qaçıb onun qucağında tutduğu körpəsini öz yumuşaq döşlü qoynuna almağını, alıb öpüb qoxlamağını, qoxlayıb sevincək cingiltili səslə “süd ətri verir e süd ətri” söyləyərək güllərin yanınca özüylə birgə gəzdirməyini və dünyaya sağlam, sevimli canlı bəxş edən gəlinin analıq qüruruyla çulğalanmış halda bu mənzərəyə tamaşa etməyini xatırladım.
Qoxu demişkən, qoxunun Madaqasqarda yaşayan, uzun və irəliyə doğru uzanmış çıxıntılı ağız quruluşuna malik islaq burunlu primatların- lemurların həyatında xüsusi əhəmiyyəti var. Bu halqaquyruqlu lemurların erkəkləri itidırnaqlı pəncələrə malikdilər və onlarla cavan ağacların pöhrələrini cırmaqlayırlar. Biləklərindəki xüsusi vəzlər kəskin qoxu ifraz etdiyindən, onlar bu davranışla yaşadıqları bölgəyə öz damğalarını qoymuş olurlar. Dişilər də qoxu işarətlərini özlərinə uyğun yollarla həyata keçirirlər. Əslində bu cür davranış cinsi qızışma dövrünün gəlib çatdığına işarədir. Lakin, qarnını içəri çəkib belini donqarlaşdıraraq hamar borulara, dizlərə, stullara, əllərə və bu kimi xoşagələn nəsnələrə özünü sürtüşdürüb sığalladan pişiklər kimi (halqaquyruqlu lemurlara həm də pişiyəbənzər lemurlar deyilir) quyruğunu dikəldib nazla gəzişən bu dişi lemur təqribən iyirmi dörd saat ərzində seksual baxımdan canlanıb qızışacaq, hələ zamanı deyil.
Və bu cazibədar dişiyə görə erkəklər arasında gərginlik yayılıb yüksəlməyə başlayır. Onlar bir-birini qovur, itələyir, dişidən uzaqlaşdırmağa çalışırlar. Çaxnaşma əsnasında bəzi erkəklər sivişirlər. Qalan erkəklərsə quyruqlarını ətirləyir və dişinin ətrafında oynadırlar ki, onu cütləşmək üçün tovlaya bilsinlər. Bir erkək lap irəli gedir, aşırı cəsarət göstərib ortalıqda məğrurcasına oturan seçici dişiyə daha da yaxınlaşır, belini, boynunu iyləyir vəə həsrətində olduğu cazibədar dişinin lap yaxınına soxulmaq istəyəndə..işvəli dişimiz çığırtı-cırmaqlarla onu özündən uzağa qovur. Hələlik qıraqda duruban bu gedişata tamaşa edən digər erkək isə quyruğunu bilək vəzindən çıxardığı ətirlərlə daha artıq rayihələndirməkdədir. Həzz almağı ertələyib zəhmətə daha artıq qatlaşmaq, deyəsən, effektiv olur, çünki, dişi, qonaqlığı məhz bu səbirli erkəklə birlikdə tərk edir və onu kaktuslar üzərində, günəş şəfəqlərində qızına-qızına sevişməyə aparır...
Primatlar arasında bundan daha mürəkkəb rabitə üsullarına malik olan növlər də var. Və bu bağlılıq anayla bala arasında başlayır. Örnəyi, Sumatranın yağışlı meşəsində mamırlı ağaclarda yaşayan qırx iki yaşlı dişi oranqutan hələ də üçüncü övladı olan altı yaşlı qızıyla birgə yaşamaqdadır. Oranqutanlar övladlarına, digər primatlarla müqayisədə daha uzun müddət qayğı göstərirlər (yəqin ki, biz istisna olmaqla). Ana oranqutanın öz balasına ağacların yuxarı budaqlarında keçirəcəyi mürəkkəb həyatda lazım olacaq vərdişləri öyrətməsi üçün doqquz illik müddətə ehtiyacı var. Bala gərək termitləri və qarışqaları necə toplamaq lazım olduğunu öyrənsin. Gərək iki yüzə yaxın yeməli bitki və meyvə növünü zəhərli meyvə və bitkilərdən fərqləndirməyi öyrənsin. İndi, ayaqlarıyla yuxarıdakı möhkəm budaqdan yapışaraq aşağıdakı budağa doğru sallanıb, iri şabalıda bənzər tikanlı meyvələri uzunbarmaqlı əlləriylə ehtiyatla yoxlamağı bacaran ana kimi gərək bala oranqutan da hansı budaqların onun ağırlığına tab gətirəcəyini, hansı meyvələrin artıq yetişmiş, hansıların hələ kal olduğunu müəyyənləşdirməyi öyrənsin (Bu mənzərə, bazarlıq zamanı meyvələri əlimə alıb saf-çürük etməyimi yadıma salır)
Bala gərək qida arxasınca hansı böcəklərin yuvasına zərərə uğramadan gediləcəyini də öyrənsin. Gördüyümüz kimi, meşə qidalarıyla bağlı məlumatlanmaq fəaliyyəti kifayət qədər uzun prosesdir. Lakin bu balaca dişinin dərsləri əlbəttə ki təkcə qida tapmaqla məhdudlaşmır. Əgər o, həyatını ağacların təpəsində keçirmək istəyirsə, çox mühüm digər bacarıqlara da yiyələnməlidir. Məsələn, gecəni keçirməkdən ötrü təhlükəsiz yuva hazırlamaq üçün illərlə təcrübə aparmağa gərək var. Demək olar hər gün yağmur yağan yağış ormanlarında yaşayan oranqutanlar, gərək yaşamlarının erkən dövrlərindən artıq sığınacaq hazırlamağı öyrənsinlər. Yağışda islanmasın deyə yarpaqlardan düzəltdiyi çətirin altında qorunan altıyaşlı balanın bu barədə kifayət qədər tərcübəsi var artıq. O, əlli ilə qədər yaşaya bilər və əgər bir gün o da ana olacaqsa, öz anasından öyrəndiyi bu bilikləri öz balasına ötürəcək. Öyrəndiyi bilikləri və vərdişləri yadda saxlayıb xatırlamaq, bizimki də daxil olmaqla, ümumən primat həyatının ən əhəmiyyətli bölümlərindən biridir.
Təbiətdə primatların bəsləndikləri elə qidalar var ki, yalnız səriştəli əllərə və iti zəkaya malik olan primatlar üçün əlçatandı. Afrikanın Kap Yarımadasında məskunlaşan və mövsümlərlə işləməyi bacaran, yəni, ilin hansı vaxtında hansı qidaların bollaşıb istifadəyə açıq olduğunu müəyyən etməyi bacaran çakma pavianlarının, dəniz qırağından tapdıqları dəniz orqanizmlərinin gizləndikləri qabıqları qırıb çatlada biləcək qədər ideal, qüvvətli köpək dişləri olduğundan, ləzzətli dəniz məhsullarından bəhrələnmək onlara çətin olmur. Fəqət Kosta-Rikanın manqrov cəngəlliklərində yaşayan və bütün Amerikanın ən ağıllı meymunlarından olan ağüzlü kapuçinlər isə qıvraq, fəqət zərif, balaca vücuda malikdilər və kiçik su hövzələrindən tapdıqları istiridyələri sındırmağa kifayət edəcək güclü əzələlərdən məhrumdular. Lakin onların beyni yaxşı işləyir və onlar bu problemi həll etməkdən ötrü dahiyanə üsul tapıblar- istiridyələri ağaca çırparaq açmağa çalışırlar.
Deməli, bu meymun nə edir? Bir əliylə möhkəmliyinə əmin olduğu kövdədən tutub, digər əliylə istirdyəni ağaca çırpır, çırpır, çırpır..İstiridyəni buğumlu ağacın dərə-təpəli səthində canfəşanlıqla diyirlədir. Lakin delikates sınmaq bilmir. Meymun mövqeyini dəyişir, budağın qalınlaşan hissəsinə keçib istiridyəni devirməyə davam edir. Sərin meşə, cənnəti andıran sakit çay səsi, yaxınlıqda ekzotik quş cəhcəhi və ağaclara çırpılan istiridyə qabıqlarının yaratdığı taqqıltılı ritmlər.. Ağıllı meymunlar səylə çalışırlar.
Kameraman meymunlardan birinin çöhrəsini yaxından çəkir. Meymun gözlərini qırpa-qırpa işindədir. Mənə elə gəlir ki, bu meymunun tüksüz pənbə üzündə axmaqlıqla ağlın heyrətamiz harmoniyası var. Sanki, beyni bir neçə qat qırış itirərsə varlığı nisbətən ibtidailəşəcək, tutalım, istiridyəyə yemək kimi diqqət etməyəcək, görəndə ki, taqqanaqdı, tullayacaq oyana, yəni, bu taqqanağın içində dadlı təamın ola biləcəyinin fərqinə varmayacaq. Yox, əgər beynindəki qırışlar nisbətən artarsa, istiridyəni açıb içindəki əti bayıra çıxarmaqçün daha effektiv vasitə axtaracaq, məsələn, itiuclu daş tapıb, qapaqları arasına soxub, asanlıqla və tez zamanda onu aralayacaq. Ancaq indilik orta mərhələdədi, buna görə də qidasını əldə etməkçün onu ağaca çırpmaq üsulunu kəşf edib. Fəqət lütfən diqqət edək, əziz oxucu, istənilən halda bu kapuçin istiridyəni sındırmağa çalışmır, onu səliqəli formada açmağa çalışır ki, içindəki ət dağılmasın, naharı korlanmasın.
Meymunlardan biri istiridyəni əlindən salır. Olmazın əziyyət çəkdi, nəticəsi də bu..Amma meymunumuz həvəsdən düşmür. Yeni istiridyə tapıb çalışmağa davam edir. Nəhayət ki, istiridyə tap gətirmir və zəhmətkeş kapuçin seçkin delikatesinə qovuşur. Deməli, ələxsus primat naturasına xas olan “sınamaq+yanılmaq+yenidən yoxlamaq” mexanizmi bu cür həyati əhəmiyyətli problemlərin öhdəsindən gəlməyə kifayət edir.
Doğrudan da, digər heyvanların həyati müdrikliyi bəzən adamı xoş mənalı heyrətə salır.
Lakin bu kapuçinlərin Braziliyada yaşayan “əmiuşaqları” problem çözməkdə daha da önə çıxıblar. Qəhvəyi tüklü kapuçinlər özlərində nizamlı çevikliklə kəskin zəkanı birləşdirərək daha təkmil alətlərdən istifadə etməyi öyrəniblər. Palma fındıqlarını sındırmaq üçün daşları çəkic kimi işlədirlər. Bəzi daşların ağırlığı onların bədən çəkilərinin yarısı qədər olur. Fındığı qayadakı oyuqların içinə yerləşdirir və bizim baltayla odun doğramağımıza bənzər şəkildə iri daşı başlarının üzərinə qaldırıb zərblə fındığa çırpırlar. Əgər bu alətlər olmasaydı fındıqları sındırmaq da qeyri-mümkün olardı. Belədi, məhz alətlərdən istifadə etməyi bacarmaq primat evolyusiyasının ən əsaslı nailiyyəti, irəliləyişidir.
Və bu hal başqa heç bir yerdə, Qvineyadakı Bosua meşələrinin sakinlərinin həyatında olduğu qədər inandırıcı və aşkar şəkildə təzahür etmir. On üç fərddən ibarət kiçik icma formasında yaşayan bu şimpanzelər alətlərdən ən müxtəlif şəkillərdə istifadə edirlər. Ən zərafətli üsullardan biri, nazik çubuğun yaxud yarpaq saplağının ucundan tutaraq onu işçilərlə qaynaşan və döyüşçülər tərəfindən qorunan qarışqa yuvasına salmaqdır. Şimpanze belə edir. İki barmağı arasında tutduğu saplağı ehtiyatla yuvaya soxur və döyüşçü qarışqaların ölkələrinə girən təhlükəli düşmənə doğru rəşadətlə hücum etdiklərini görəndə tezcə şişini çıxarıb bu qarışqa kababını dişinə çəkir.
Lakin şimpanzelərin bir çox bacarıqları məhz müəyyən bir qrupa xas unikal bacarıq kimi özünü göstərir. Bu bacarıqlardan biri, ayaqlarını iki budaq üzərində qoyub aralayan şimpanze balasının etdiyi kimi palma budağını təmizləyərək “həvəngdəstə” qayırmaq və onunla palma ağacının qidalı gövdəsini əzib, üyüdüb yeməkdir. Bu dörd yaşlı bala gərək yalnızca onun ailəsinin icadı olan bu bacarığı tez zamanda öyrənsin. Şimpanzelər səkkiz yaşa qədər bu məxsusi bacarıqlara yiyələnməlidirlər, çünki sonradan öyrənməyə çalışanda çətinlik çəkirlər.
Bu cür rəftar və davranışlar biz yüksək primatlar üçün çox xarakterikdir. Bütün primatlar arasında ən yaradıcı və yenilikçi primatlar biz Homo Sapienslərik. Digər primatlar nəhəng və şaxəli ailə ağacının bircə kiçik ailə budağını təşkil edirlər, fəqət irəliləməyə, gəlişməyə və individual bilgiləri növbəti nəsillərə ötürməyə onlar da meyil göstərir. Bu ailə, anayla bala arasında yaranan güclü bağlar üzərində qurulur. Və bütün heyvanlar arasında ən çox ortaq cəhətləri paylaşdığımız və ən çox bənzərlik göstərdiyimiz ailə məhz bu ailədir.
Alətlərdən istifadəni daha fərasətli hala gətirən çevik barmaqlar, əl-göz koordinasiyası və daha təkmil zəka şimpanzeləri bu mənada kapuçinlərdən irəliyə aparıb. Şimpanzelərin alətlərdən istifadəsi dəqiqliyi və daha səmərəli olmasıyla fərqlənir. Şimpanze, yemək istədiyi qozun qabığını sındıranda, ləpələri ehtiyatsızcasına parçalayıb tikələməsin deyə qozu daş üstünə hansı vəziyyətdə qoymağı incə dərrakəylə hesablaya bilir.
Budur, görürük ki, qırışlı əlləri olan bu on bir yaşlı dişi şimpanzenin qozlarını yerləşdirmək üçün “zindanı” var, lakin onları sındırmaq üçün “çəkic” tapa bilmir. Buna görə də kömək üçün qəhvəyi xəzəllərdən yaranmış xalıda özünə rahat yer edibən qoz ləpələrini dinc bəxtiyarlıqla xırçıldadan erkək şimpanzeyə ürkəkcəsinə yaxınlaşır. Əlini yavaş-yavaş, tərəddüdlə onun qabağındakı daşa uzadır. Daşa baxan, sonra qalxıb erkək şimpanzenin qayğısız çöhrəsinə nəzər salan məlahətli və nəvazişli gözlərində sanki “görəsən, icazə verərmi daşı götürüb qozlarımı sındırım?” ifadəsi var. Erkək şimpanze sakitdir, etiraz etmir. Dişi şimpanze “çəkici” minnətdar lətifliklə götürüb lianalardan sallanıb qayğısızca meymunluq edən körpəsinin yanına qayıdır və qozlarını sındırır. Və mən bu fərəhli mənzərəyə tamaşa edərkən bir yandan da yaxın zamanlarda şərəfli ömrünün doxsan üçüncü doğum gününü keçirən Ser Devid Attenboronun ruha təskinlik və mülayim həyat eşqi bəxş edən o aram, inamlı, güvənli səsini və sözlərini eşidirəm: “Şimpanzelər həm də böyük xeyirxahlıq, şəfqət, təcrübə etmək, empatiya, zəkilik, planlamaq, öyrənmək və öyrətmək qabiliyyəti sərgiləyə bilirlər”.
Xeyirxahlıq, şəfqət, təcrübə etmək, empatiya, planlamaq, öyrənmək və öyrətmək...
Rüstəm Ayaks
Kultura.az