"Siz bilmirsinizmi, yazıçı ilə müharibədə dövlət qalib gələ bilməz?"
Boris Akunin Bilirəm, bu mətni oxuyan b…
«Öz var-dövləti ilə öyünüb həzz alan şəxs, eyni zamanda var-dövlətinin həm qulu, həm ağasıdı…» Karl Marks
1857-ci ilin qışında London polisi əntiq mallar dükanında gümüş qablar satmaq istəyən paltosuz, əyin-başı tökülmüş, uzun saqqalından daha çox səfili xatırladan bir şəxsi həbs elədi. Şəxs özünü alman aristokratı Marks olaraq təqdim edir və satdığı gümüşün arvadının cehizi olduğunu bildirirdi. Buna baxmayaraq London polisi ona inanmadı və alman emiqrant Karl Marks satdığı gümüş qabları oğurlamaqda şübhəli bilinərək həbs olundu.
Ancaq üç gündən sonra Karlın arvadı Jenni onu polis idarəsindən çıxara bildi. Cütlük gümüş qabları satıb evə döndü. Qızdırılmayan evdə onların böyük qızları xəstə yatırdı. Otağın bir küncündə isə 4 gün əvvəl doğulmuş və doğulduqdan həmən sonra ölən körpənin meyiti dururdu. Yeməyə isə heç bir şey yoxdu.
Karl Marks məhz yeni doğulan körpənin dəfn xərcləri üçün və böyük qızlarına həkim çağırmaq üçün ailənin son varidatı olan gümüş qabları satmağa aparmışdı. Bundan əvvəl o, evə çörək və kartof ala bilmək üçün paltosunu satmışdı.
Karl vəziyyətinin ağırlığını ayrılmaz əqidə dostu Fridrix Engelsə yazmış, Engels təcili Mançestrdən gələrək özünün ailə səhmlərini sataraq dostu üçün, onun ömrünün sonuna qədər ehtiyaclarını qismən olaraq ödəyəcək təqaüd rentası almışdı.
Sonradan ailə içində gümüş qabların satılması tarixi lətifəyə çevrilmişdi.
Çılğın antisemitin semit mənşəyi
1818-ci ildə Fransa ilə Almaniya arasında davamlı olaraq müharibələrə səbəb olan və Vaterloo savaşından sonra Almaniyanın ərazilərinə daxil edilən mübahisəli Reyn əyalətinin kiçik Trir şəhərində yəhudi Qerşel Marksın evində bir oğlan uşağı dünyaya gözlərini açdı. Qerşel Marksın bundan əvvəl 3 qızı olmuşdu və ata nəhayət soyunu davam etdirəcək Karlın dünyaya gəlməsindən çox sevinmişdi. Karlın atası və anası ravvin (yəhudi dinində ruhani zümrə) ailəsindən gəlirdilər. Qerşel vəkildi və dövlət qulluğuna girməyi düşünürdü. Lakin o zamankı Prussiya qanunlarına görə yəhudilər dövlət qulluğuna girə bilməzdi.
Elə bu üzdən Qerşel xristianlığı qəbul etməyə qərar verdi. Ailə kilsədə xaç suyuna çəkiləndə Karlın 6 yaşı vardı və Qerşel adını Qenrix adına dəyişən ailə başçısı lüteran məzhəbini seçmişdi.
Beləliklə bir yəhudi ailəsi avropalıya çevrilmişdi. Buna baxmayaraq Qenrietta Marks hər vəchlə özünün yəhudi mənşəyini qorumağa çalışırdı. O balaca oğlunu gizlicə sinaqoqa aparır, hətta ona ivrit dilini öyrədirdi. Amma onun oğlu Karl böyüdükdən sonra dünyanın ən çılğın antisemitlərindən biri olacaq, özünün yəhudi mənşəyini xatırladanları isə heç bir zaman əfv etməyəcəkdi.
Balaca tiran
Atasının sevimlisi olan Karl uşaqkən evdə tiranlıq edirdi. O böyük bacılarının belinə minib saatlarca at kimi çapır və bacılarını at kimi kişnəməyə məcbur edirdi. Bir çox hallarda yeməyi döşəməyə, ya torpağa tökür və özündən böyük bacılarını yerdən yeməyi ağızları ilə götürüb yeməyə zorlayırdı. Bütün bu yaramazlıqları isə valideynlərinin gözü qarşısında edirdi. Qenrix Marks oğlunun bütün əmrlərinə uymağı tələb edirdi. Ailə heç də kasıb deyildi və Qenrix dövlət qulluğuna girdikdən sonra Tririn ən sayılan ailələrindən biri hesab olunurdu.
Karl bəzən özündən dörd yaş böyük olan bacısı ilə bir sinifdə oxuyan və gələcəkdə bütün ömrünü sadiq qul kimi ona həsr edən Jenni fon Vestfaleni də bacıları ilə birlikdə incidirdi. Görünür ki, Jenni Karlın iradəsinə sözsüz tabe olmağı məhz uşaqlıq illərində öyrənmişdi.
İblis ruhlu şair
13 yaşına qədər Karl evdə təhsil aldı. Daha sonra isə təhsilini gimnaziyada davam etdirdi. Gimnaziyanı bitirib Bonn universitetinə daxil oldu. Universitet təhsilinin birinci ilini demək olar ki, əyləncələrdə keçirdi. Gənc Karl pulu su kimi xərcləyir və qarşısına çıxan hər kəsdən borc alırdı. Atası onun borclarını bağlamaq üçün ciddi problemlərlə üzləşirdi. Buna baxmayaraq Karl heç bir nəsihətə qulaq asmırdı.
17 yaşından başlayaraq Karla atası arasında böyük uçurum yaranmağa başlayır. O fəlsəfə ilə maraqlanır, şerlər yazır, dueldə savaşır, əyyaşlıq edirdi. Karlın ətrafında həmişə səs-küylü içki məclisləri olurdu. Hətta bir neçə dəfə o, sərxoş vəziyyətdə xuliqanlıq etdiyinə görə həbs olunmuş və qısa müddətli həbsxana həyatı yaşamışdı. Amma bir dəfə onu doğurdan uzun müddətə həbs edəcəkdilər. Kölndə sərxoş vəziyyətdə dava salarkən onun üzərindən silah çıxdı və atası oğlunu xilas etmək üçün bütün əlaqələrini işə salmalı oldu.
Gənc Karl heç kimin anlamadığı şerlər yazırdı. Onun ilham aldığı əsas şair Göte idi və demək olar ki, Marks yeniyetmə və gənclik illərində yazdığı şerlərin bir çoxunda İblisi tərənnüm edirdi. Marks Bonn tələbələrinin yaratdığı «Şairlər klubu»nda üsyankar çıxışları və şeytani şerləri ilə seçilirdi. İlk gənclik illərində Marks özünün üsyankar ruhunu məhz şerləri və xuliqanlığı ilə ortaya qoymağa çalışırdı.
O gənclik illərində prusslara qarşı çıxan «Trir bandası»nın fəal üzvü olmuşdu. Onun şairliyi üzündən atası ilə davamlı problemləri çıxırdı. Qenrix Marks oğlunun yazdığı qaranlıq ruhlu şerləri anlamırdı. Buna görə də dindar ata oğulu ilə mübahisə edirdi.
Hərbi çağırışdan Marksı ağciyərlində problem olduğuna görə azad etdilər. Amma bütün ömrü boyu ucuz içkilər içib, ucuz siqaretlər çəksə də, ölənə qədər ağ ciyərlərindən problem yaşamadı. Buna görə də ehtimal olunur ki, Marks hərbi xidmətdən atasının sayəsində yayına bilib.
Bir il vəhşi əyyaşlıqdan sonra Marksın Bonn Universitetindən qovulma məsələsi ortaya çıxır və Marks təhsilini davam etdirmək üçün Berlin Universitetinə köçürülür. Burda o, məşhur gənc hegelçilərlə tanış olur. Berlin Universitetində Hegelin şagirdi Bruno Bauerlə tanış olur və gənc Karlın fəlsəfəyə girişi beləcə başlayır.
Berlində Marks yenə də əyyaşlıq etsə də, çoxlu oxuyur və yazmağa başlayır. Dil öyrənir və Bauerin ateist çağırışlarına qoşulur. Gənc hegelçilərin içində getdikcə nüfuz qazanır. Onun ateist çıxışları yenidən atasını təşvişə salır. Karl sürətlə ailəsindən uzaqlaşmağa başlayır. Ailəsinin davamlı olaraq onu tərbiyələndirməyə çalışması Marksı özündən çıxarır. Karl valideynlərinin məktublarına cavab vermir, tətillərdə evə getmir. Buna baxmayaraq atasının pullarını sağa-sola xərcləməkdə davam edir.
1838-ci ildə Qenrix Marks 57 yaşında ölür. Həyatının son illərini o, tamamilə gənc oğlunun problemləri ilə yaşayır və demək olar ki, oğlunun borclarına görə müflis olur. Karl atasının dəfninə gəlmir. Sonralar o anasının dəfnində də iştirak etməkdən imtina edir. Hətta 1881-ci ildə ildə sevimli Jenninin dəfnində belə iştirak etmir. Buna görə də hesab olunur ki, Marksın dəfn mərasimlərinə dəhşətli antipatiyası olub. Buna baxmayaraq o uşaqlarının dəfnində iştirak edir. Xüsusilə oğlu Edqarın ölümü ona çox pis təsir edir.
Onun böyük sevgisi
17 yaşında Karl özündən 4 yaş böyük, bacısının rəfiqəsi Jenni fon Vestfalenə eşq elan edir. O Jennini uşaqlıq illərindən tanıyır. Həmin dövrdə Marksların ailə dostu və Prussiyanın tanınmış aristokratlarından biri olan Lüdviq fon Vestfalen artıq Prussiyanın daxili işlər naziridir. Fon Vestfalen 21 yaşlı qızını kübar cəmiyyətdən olan birinə ərə verməyə çalışır. Buna baxmayaraq Jenni bütün təklifləri rədd edir. Bir il sonra gizlicə 18 yaşlı Karl Marksla nişanlanır. Qızının nişanlamasından çox-çox sonra xəbər tutan fon Vestfalen qızının bir yəhudi ilə evlənməsini çox ağır qarşılayır.
Onların nişanlı həyatı tam 7 il sürür. Bu müddətdə əyyaşlıq və üsyankarlıq edən Karl onu dəlicəsinə sevməkdə davam edir. Amma seksual aclığını kənarda doyuzdurmaqdan da qalmır. Buna görə ondan kənarda olan Jenninin güclü qısqanclığına səbəb olur. Buna baxmayaraq Marks Jenniyə davamlı olaraq romantik məktublar yazır. Eyni şəkildə də Jennidən qarşılıq alır. Onların sevgisi həyatlarının sonuna qədər davam edir. Jenni Karlın ən yaxın silahdaşı və yardımçısı olur. Hətta Marksın bioqrafiyasını araşdıranlar bir mənalı olaraq qeyd edirlər ki, Jenni olmasaydı, Marksın yaranması imkansız olacaqdı. Jenni bütün ömrünü Marksın anlaşılmaz əlyazmalarını köçürür. Əslində ərinin ideylarını bir mənalı olaraq bölüşən və hər zaman ona sədaqətli olan Jenni ərinin yazdıqlarının həmmüəllifi idi. Çünki bir çox hallarda davamçısı və həmfikiri olan Jenni ərinin fikirlərini daha dolğun hala gətirirdi.
Onlar 1843-cü il iyunun 19-da Kreytsn kurortunda evləndilər. Bundan iki əvvəl yatağa girmişdilər və anası 29 yaşlı Jenninin Karlla ailə qurmasına etiraz etməyə yol tapa bilməmişdi. Toyda markslardan heç kim iştirak etmirdi. Sadəcə Jenninin anası və qardaşı gəlmişdi. Baronessa fon Vestfalen yeni evlənənlərə gümüş qab-qacaq və pul hədiyyə etmişdi. Gənc evlilər pulu bir neçə həftəninin içində sərf etmişdi.
Bir il sonra onların ilk uşağı Jenni dünyaya gəlir. Evlilikləri boyu Jenni Marksa 7 uşaq doğacaqdı. Bu uşaqlar 4-ü balaca yaşlarda öləcək, iki qızı isə intihar edəcəkdi. Böyük qızı Jenni isə onun ölümündən bir neçə ay əvvəl öləcəkdi.
Jurnalist Marks
Marksın bütün həyatı boyu çalışıb əmək haqqı aldığı tək iş yeri jurnalistika olur. Atasının öldüyü il o, Yenn Universitetində dissertasiya müdafiə edir. Həddindən artıq avaraçılıq etdiyinə görə Berlin Universitetində müdafiə edə biləcəyinə inanmayan Karl müdafiə üçün Yenn Universitetinə müraciət edir. Berlin Universitetindən ona verilən xasiyyətnamədə Marks avara, əyyaş və davakar təbiətli və borclarını qaytarmayan adam olaraq göstərilir. Buna baxmayaraq Karl Yenn Universitetində «Demokrit və Epikürün natural fəlsəfələrinin fərqi» adlı dissertasiyasını müdafiə edir və fəlsəfə doktoru diplomunu alır.
Bauer onu yanına çağırır və dostlar qərara alırlar ki, Bonn Universitetində çalışmaq üçün müraciət etsinlər. Bonn Universiteti onları qəbul etsədə, Bonna gələn dostlar yeyib içdikdən sonra tam sərxoş vəziyyətdə ibadət zamanı kilsəyə girib burda hamının qarşısında İsa Məsihi təhqir edirlər. Bu səbəbdən Bonn Universiteti azğın ateistlərlə çalışmaqdan imtina edir.
Və Marksın jurnalist olmaqdan başqa çarəsi qalmır. 1842-ci ildə sol hegelçi və eyni zamanda sənayeçi iş adamı Mozes Hess onu özünün «Reyn qəzeti»nə baş redaktor olaraq dəvət edir. Buna qədər Marks müxtəlif qəzetlərə yazılar yazır və özünü istedadlı jurnalist kimi göstərir. Artıq maaşlı bir iş olduğu üçün Marks evlənməyə qərar verir. Amma onun baş redaktorluğu ilə qəzet ancaq 6 nömrə nəşr olunur. Yazdığı 6 məqalə ilə Marks bütün Avropanı silkələməyi bacarır. Onu Volter və Russonun birləşmiş siması adlandırırlar. Pruss hakimiyyəti açıq şəkildə senzuraya və hakim rejimə qarşı üsyan edən qəzeti bağlamağa qərar verir və bunun üzündən Marks iş yerini itirir. «Reyn qəzeti»ndən aldığı maaş onun ilk və son maaşı olur.
Saqqalsız peyğəmbər peyğəmbər deyil
«Reyn qəzeti» bağlandıqdan sonra Marksın jurnalist şöhrəti bütün Avropaya yayılır. Pruss hökuməti onu ələ almağa cəhd edir, amma Marks hökumət nəzarəti altında çalışmaqdan imtina edir və 1843-cü ilin oktyabrında gənc ailə Parisə emiqrasiya etməyə məcbur olur. Burda Marks Heyne ilə dostlaşır. Bir gün Heyne onu hündür boylu bir sarışınla tanış edir. Sonradan onun bütün həyatı Engelsin həyatı ilə birləşəcəkdi və onları tarix belə ayırmayacaqdı. Jenni Karl üçün nə qədər əhəmiyyətli biriydisə, Engels də onun həyatının bir hissəsinə çevriləcəkdi.
Fridrixlə Karlı ilk görüşü ayaqüstü olmuşdu. Bu görüşdən sonra Parisi tərk edən Fridirixlə Karl bir müddət məktublaşacaq və 6 aydan sonra Engels yenidən Parisə gələcək və bu gəlişdən sonra onların taleləri birləşəcəkdi. Engelsin Parisə qayıdışından sonra ikili 10 gün heç bir yerə çıxmadan fikirlərini bölüşdülər. Onlar tam 10 gün yeyib içib mübahisə edirdilər. Varlı ailədən olan Engels Marksı bahalı içkilərə və siqara qonaq edirdi.
Engelslə görüşənə qədər əhlikef Marksı proletariat heç maraqlandırmırdı. O demokratiya tərəfdarı olaraq çıxış edir və sosial bərabərlik tələb edirdi. Hegelin hüquq anlayışını tənqid edir və Feyerbaxın ardıcılı olaraq tanınırdı. Engelslə görüşəndən sonra isə onun bütün diqqəti proletariatın üzərində cəmləndi.
Məhz Engelsin ona etdiyi təsir nəticəsində Marks proletariatın əvəzolunmaz liderinə çevriləcəkdi. On günlük əyyaşlıqdan sonra ikili qərara aldı ki, artıq onların yolu birdir və onlar proletariatın peyğəmbəri olacaqlar. Marks Musanın rolunu oynayacaq, Engels isə Harunu ifa edəcəkdi. İlk qərarları saqqal buraxmaq olmuşdu. Çünki Engels hesab edirdi ki, Saqqalsız peyğəmbər peyğəmbər deyil.
Peyğəmbərlərin intim dünyası
Engelslə Marksın münasibətləri son zamanlar ciddi mübahisə obyektinə çevrilməkdədir. Çünki uzun müddət biri-birinə bu qədər məhəbbət bəsləyən iki kişinin söz-söhbət obyekti olmaması bizim zamanə üçün anormal hal sayılır. Üstəlik Engels bütün həyatı boyu Marksın xərclərini ödəmək üçün öz sərvətini demək olar ki, itirmiş, hətta Marksın qeyri-qanuni oğluna öz adını verərək ona aliment belə ödəmişdi.
Marksın bic doğulan oğlunun nəticəsi, bütün ömrünü Marksın həyatını öyrənməyə sərf edən və proletariatın peyğəmbərinə nifrətini gizlətməyən Hilda Marks ikilinin münasibətlərini belə xarakterizə edir: «Fridrix Engels xaraktercə qadın xasiyyətli idi. Zəif, çox tez aşiq olan və zərif bir gözəl sarışındı. Mən hesab edirəm ki, o, Marksa qarşı hər bir qadının kişiyə qarşı hiss etdiklərini hiss edirdi. Elə ona görə də Marksa pul verirdi ki, həmişə onun yanında olsun, ona lazım olsun. Marks gözəl natiqdi və siyasi cəhətdən demək olar ki, Engelsi yəhərləmişdi. Mən dəqiq bilirəm ki, Jenni Karlı Engelsə qarşı dəhşətli dərəcədə qısqanırdı».
Qəribədir ki, Jenni bütün ömrü boyu «General»a (Marks Engelsi belə adlandırırdı) antipatiyasını gizlətməyə çalışmırdı. Hətta bunu Marksdan belə gizlətmirdi. Amma maddi cəhətdən Markslar ailəsinin Engelsin dəstəyinə ehtiyacı olduğu üçün sadəcə dişləri ilə bağırsaqlarını gəmirirdi.
Jenninin Engelsə nifrət etmək üçün başqa bir səbəbi də vardı. Engelsin arvadı Jenninin bacısı ilə yaxın rəfiqə idilər və rəfiqələr birlikdə Engelsin yatağına girirdilər. Engels isə tez-tez bu barədə söhbət edir və seksul azadlığın kommunizmin əsas prinsiplərindən biri olduğunu irəli sürürdü. Bu isə Jennini özündən çıxarır və bacısına etdiklərini bağışlamırdı. Jenni isə Engelsin arvadı ilə görüşdən maksimum qaçırdı.
Bütün bunlara baxmayaraq Engelslə Marksı birləşdirən əsas qayə mübarizə duyğusuydu. Məhz inancları uğrunda mübarizə aparmaq onların birliyini təmin edən əsas səbəb idi. Engels Marksın dühasına fanatikcəsinə inanır və ona olan heyranlığını bildirməkdən hər zaman həzz alırdı.
Marksın xəyanəti nəslinin davam etməsinə yol açır
Marksın seksual həyatına gəlincə isə isə, Jenninin sözlərinə görə o, bütün ömrü boyu seksual aclıq yaşamışdı. Bütün məsələ orasındaydı ki, Marks seksdən heç bir zaman doymurdu. Buna baxmayaraq o Jennini həddindən artıq sevir və ona sadiq olmağa çalışırdı. Amma Marksın Jenniyə sadiqliynin əsas səbəbi onun ancaq ağıllı qadınlara istək duyması ilə bağlıydı. Sözsüz dahi olan Marks dahi qadınları axtarırdı. Elə onun Yelana Delmutla olan əlaqəsi də, Karlın Yelenanın həqəqətən ağıllı bir qadın olmasından əmin olması ilə başlamışdı.
1845-ci ildə Jenninin anası qızına Almaniyadan Yelena Delmut adlı bir qaravaş yollamışdı. Delmut bundan sonra bütün ömrünü Markslarla keçirmiş, onların uşaqlarına dayəlik edib təmizlik və təsərrüfat işlərinə baxmışdı. Marksın bic oğlu Fredriki də məhz Yelena doğmuşdu.
1851-ci ildə Jenni vəYelena demək olar ki, eyni vaxtda qız və oğlan uşağı doğmuşdular. Jenninin qızı Fransisk doğulandan bir neçə gün sonra ölsə də,Yelenanın oğlu Fredrik 1929-cu ilə qədər yaşamışdır. Bu gün Marksın soyunu məhz Fredrikin uşaqları davam etdirir.
Karl Yelena ilə ancaq bir dəfə Yelena onların evinə gəldikdən 6 il sonra yatağa girmişdi. Yelena bundan sonra heç bir zaman heç bir kişi ilə intim əlaqəyə girməmiş, buna baxmayaraq ilk və son yataq həyatından hamilə qalmışdı. Baş verəndən peşmanlıq duyan Marks 3 gün sonra Yelenanı çağıraraq ona deyir: «Gəl dost olaraq qalaq. Olmasa mən yaşaya bilmərəm». Və Yelena səssizcə razılıq verir.
Uşaq doğulduqdan sonra biabırçılığı ört-basdır etmək üçün Marks Engelsə müraciət edir. Mançesterdən təcili olaraq Londona gələn Engels uşağın ondan olduğunu bildirir və öz adını uşağa verir. Buna baxmayaraq Marks uşağın onunla bir evdə yaşamasını istəmir və Engels uşağı bir baxıcıya verərək ona aylıq aliment verməyə başlayır. Fredrik 21 yaşına çatana qədər Engels ona davamlı olaraq aliment ödəyir.
Fredrik doğulduqdan sonra Marks oğlunu bir daha görmür. Amma Engels davamlı olaraq Fredriki ziyarət edir və ona sözün həqiqi mənasında atalıq edir. Marks öldükdən sonra isə Yelenanı evinə aparır və öldüyündə onu Karla Jenninin yanında dəfn edir.
Jenni təbii ki, uşağın Karldan olduğunu bilir. Böyüdükdən sonra isə uşaq ikiyə bölünmüş alma kimi Karla bənzəyir. Buna baxmayaraq Jenni heç bir zaman bunu Karlın üzünə vurmur və Karlın seksual ehtiyaclarını ödəməyə davam edir. Daha sonra Jenni Marksa daha iki uşaq doğur.
Yaşlandığı dövrdə Marksın seksul həyatı haqqında danışan Jenni Marksın doyumsuz olduğunu və buna görə Karla zorla dözdüyünü etiraf edir. «Karl at kimidir. Onu təmin etmək çox çətin məsələ idi. Fransızların kəşfi (perezervativi nəzərdə tutur) bizim zamanımızda olsaydı belə, Karl məni yenə də doğuzduracaqdı» - deyə bir dəfə o, zarafatla bacısına söyləmişdi.
Azər QARAMANLI
Kulis.az