- O söylədi ki, əgər ona al qızılgül gətirsəm mənimlə rəqs edəcək, ancaq mənim bütün bağımda tək bir al qızılgül belə yoxdu - gənc tələbə ağlayaraq deyirdi.
Həmişə yaşıl ağacdakı yuvasından bunu eşidən bülbül yarpaqların arasından boylanıb maraqlandı.
Ağlayaraq ”Baxçamda heç al qızılgül yoxdur” deyirdi, onun gözləri yaşla dolu idi.
- Ah, bu xoşbəxtlik necə də balaca şeylərə bağlıdı! Bütün ağıllı insanların yazdıqları kitabları oxudum. Fəlsəfənin bütün gizliliklərini öyrəndim, amma al bir gülün olmaması bütün həyatımı məhv edir.
- Və budur həqiqi aşiqi tapdım-dedi bülbül. - Heç tanımadan neçə gecələr onun üçün oxudum. Gecələr boyu onun dastanını danışdım ulduzlara. İndi onun özünü görürəm. Saçları sünbül çiçəyi kimi tünd, dodaqları ürəyini titrədən gül kimi al, amma sevda üzünü fil dişi kimi soldurmuş, kədər alnına damğa vurmuşdur.
- Şahzadə sabah axşam yığıncaq təşkil edəcək-deyən tələbə deyinirdi. - O mənim partnyorum olacaq. Əgər bir al qızılgül aparsam mənimlə sübhədək rəqs edəcək. Əgər tək bir al qızılgül apara bilsəm onu qollarımın arasına alacam, o başını çiynimə qoyacaq , əlləri də ovcumun içində qalacaq. Ancaq mənim bağçamda heç al qızılgül yoxdu. Deməli mən bir köşədə tənha oturacam və o mənim yanımdan ötüb keçəcək. Mənə heç baxmayacaq, qəlbim qırılacaq.
- Həqiqi aşiq budur-dedi bülbül. - Mənim oxuduqlarımın ağrısını o çəkir, mənə həvəs, ona yas olur. Əlbəttə, eşq möhtəşəm bir şeydir. Zümrüdlərdən, yaqutlardan daha dəyərli mirvari ilə, nar ilə dəyişdirilməz, bazarda satılmaz. Nə satıcılardan alına bilər nə də ki, qızıl tərəzisində ölçülə bilər.
- Musiqiçilər salonda əyləşəcək - dedi gənc tələbə - onlar simli sazlarını çalacaq, sevgilim isə arfa ilə skripkanın sədaları altında reqs edəcək. Elə xəfif rəqs edəcək ki, ayaqları belə yerə dəyməyəcək, saray əyanları çevrəsinə yığışacaq. Amma o mənimlə rəqs etməyəcək, çünki ona verə biləcək al qızılgülüm yoxdu- deyərək özünü otların üstünə atdı və üzünü əlləriylə örtüb ağladı.
Quyruğu havada balaca yaşıl bir kərtənkələ yanından keçərkən soruşdu:
- Nə üçün ağlayır?
Günəş hərarətiylə çırpınan kəpənək soruşdu:
- Həqiqətən niyə?
Bir qızçiçəyi yanındakına fısıldadı:
- Doğrudan niyə?
- Bir qızılgül üçün ağlayır - dedi bülbül.
Hər biri bir ağızdan:
- Bir qızılgül üçünmü? - dedilər, - necə də gülməlidir. Kərtənkələ kinayə ilə güldü.
Lakin bülbül onun kədərinin sirrini anladı. Yaşıl ağacda səssiz-səssiz oturub eşqin müəmmasını düşünməyə başladı.
Birdən uçmaq üçün qanadlarını açdı və göyə doğru yüksəldi. Kölgə kimi ağacların arasından keçdi və bağçanı gəzdi.
Çəmənliyin ortasında gözəl bir gül fidanı vardı və bülbül onu görəndə onun üstünə şığıdı.
- Mənə al bir qızılgül ver, sənə ən gözəl mahnımı oxuyum-dedi bübül.
Amma gül başını yellədi.
- Mənim güllərim ağdır-deyə cavab verdi gül. - Dənizin köpüyü kimi ağ, dağların başındakı qarlardan daha ağ, amma köhnə günəş saatının yanındakı qardaşımın yanına get, bəlkə istədiyini o sənə verə bilər.
Beləliklə bülbül köhnə günəş saatının yanındakı gül fidanının yanına getdi.
Mənə al bir qızılgül versən sənə ən gözəl mahnımı söyləyərəm,-deyə səsləndi bülbül.
Gül fidanı başını yellədi.
- Mənim güllərim sarıdı,-deyə cavabladı gül fidanı,-taxta kəhrəbanın üstündə oturan su pərisinin saçı kimi sarı. Biçinçi dəryazıyla gələnə qədər çəmənlikdə açan nərgiz gülü kimi sarı. Amma sən tələbənin pəncərəsinin altında yetişən qardaşımın yanına get, bəlkə o istədiyini sənə verər.
Bülbül tələbənin pəncərəsinin altında yetişən gül fidanının yanına getdi.
- Mənə al bir qızılgül versən sənə ən gözəl mahnımı oxuyacağam-dedi bülbül.
Gül fidanı başını yellədi.
- Mənim güllərim al qırmızıdır,-dedi gül fidanı, -göyərçinin ayaqları kimi qırmızı okean mağarlarında dalğalanan mərcan qanadlarından daha qırmızı. Amma qış damarlarımı soyutdu, şaxta qönçələrimi qopartdı, fırtına mənim budağımı qırdı. Bu il heç gül gətirməyəcəyəm.
- İstədiyim sadəcə al bir qızılgüldür-deyə hayqırdı bülbül. -Bircə al gül. Onu əldə etməyimin heç bir çarəsi yoxdur?
Gül fidanı:
- Bir çarə var, - dedi, -ancaq o qədər dəhşətlidir ki onu deməyə belə cəsarət etmirəm.
- Söylə, -dedi bülbül, - mən qorxmuram.
- Al bir qızılgül istəyirsənsə onu ay işığının melodiyasından özün yaradıb öz qanınla boyamalısan. Ürəyini bir tikana dayayıb mənə mahnı oxumalısan. Tikan ürəyini deşməli sənin can qanın mənim damarlarımdan içəri boşalmalı və mənim olmalıdır.
- Bir al gül üçün ölüm çox yüksək bir dəyərdir! - deyə hayqırdı bülbül. - Bütün aləm üçün yaşam çox qiymətlidir. Yaşıl meşədə oturub qızıl arabasında günəşi mirvari arabasında da ayı seyr etmək necə də xoşdur. Yemişanın qoxusu şirin vadilərdə gizlənən zəngçiçəyi xoş, təpədə bitən yasəmən sevimlidir. Ancaq yenə də eşq həyatdan üstündür. İnsan qəlbinin yanında bir quşun ürəyi nədir ki?
Beləliklə boz qanadlarını açıb havaya yüksəldi. Bağçanın üstündən bir kölgə kimi silindi. Ağaclı yamacdan bir kölgə kimi yerə endi.
- Xoşbəxt ol, - deyə bağırdı bülbül, - xoşbəxt ol! Al gülə qovuşacaqsan. Mən onu ay işığında melodiyalardan yaradıb, ürəyimin qanıyla boyayacağam. Bunun qarşılığında səndən bütün istəyim dürüst aşiq olmağındır çünki fəlsəfə ağıllıdır, amma eşq fəlsəfədən daha ağıllıdır. Güc dəhşətlidir, amma eşq gücdən də dəhşətlidir... Qanadları alov rəngindədir. Alovla boyanmış bədəni vardır. Dodaqları bal qədər şirin nəfəsi qərənfil kimidir.
Tələbə başını qaldırıb baxdı və dinlədi lakin bülbülün ona nə söylədiyini anlamadı, çünki o yalnız kitablarda yazılan şeyləri anlayırdı.
Ancaq yaşıl ağac anladı, kədərləndi, çünki onun budağı üzərində yuva qurmuş bülbülə vurğun idi.
- Mənə son bir mahnı oxu - deyə pıçıldadı, - çünki sən gedəndə mən tamamilə yalnız qalacağam.
Və bülbül son dəfə ağaca bir mahnı oxudu, səsi sanki gümüş bərnidən süzülən suyun səsini xatırladırdı.
Bülbül mahnısını bitirəndə tələbə ayağa qalxdı, cibindən bir dəftər və karandaş çıxartdı. Ağaclıqdan çıxarkən öz özünə:
- Bülbüldə surət var, bu inkar edilməzdir, bəs onun duyğusu varmı? Heç zənn etmirəm. Eynən bir sənətkar kimi başdan başa bir üslub, səmimiyyət heç yoxdur. Başqası üçün fədakarlıq etməz bütün düşüncəsi sadəcə musiqidir və hər kəs bilir ki, sənət eqoizmdir. Yenə də qəbul etmək lazımdır ki, səsində bəzi gözəl melodiyalar var. Amma heyf bunlar heç bir məna ifadə etmir, heç bir işə də yaramır, - deyərək otağına gedib balaca ot çarpayısına uzandı və sevgilisini düşünməyə başladı bir qədər sonra isə yuxuya getdi.
Göydə ay şəfəq saçmağa başlayanda, bülbül gül fidanının yanına gedib sinəsini tikana dayadı. Bütün gecə sinəsini tikana dayayıb ötdü. Soyuq büllur ay da çevrilib onu dinlədi. Bütün gecə ötdü və tikan sinəsini dəldi, qanı tamamilə bədənindən çəkildi.
Əvvəlcə oğlanla qızın içində doğan eşqi tərənnüm etdi. Bülbülün mahnıları ard-arda sıralandıqca gül fidanının ən təpəsində ləçək-ləçək ecazkar bir gül açıldı. Öncə solğun bir rəngi vardı, çayların üstündəki çən kimi solğun. Sabahın ayağı qədər solğun. İlk alatoranlığın qanadları kimi gümüşdən idi. Eynən bir gülün gümüş bir güzgüdə görünən əksi, gümüş bir suya düşən kölgəsi necədirsə gül fidanının ən üstündə açılan gül də elə idi.
Gül fidanı bülbülə: “Bir az daha yaxınlaş”- deyə səsləndi, - ”bir az daha yaxınlaş, balaca bülbül, yoxsa gül bitmədən gün doğacaq.”
Bülbül tikana daha çox yaxınlaşdı və daha yüksəkdən oxumağa başladı. Çünki oğlanla qızın ruhundakı ehtirasın doğuşunu tərənnüm edirdi.
Və gülün yarpaqları zərif çəhrayı rəngə büründü. Eynən gəlinin dodaqlarını ilk dəfə öpən bəyin üzünü bürüyən rəng kimi. Ancaq tikan ürəyə çatmamışdı, buna görə gülün də ürəyi bəyaz qalmışdı, onun ürəyini yalnızca bir bülbülün qanı qızarda bilərdi.
Gül fidanı bülbülə:
- Daha çox yaxınlaş, - deyə səsləndi, - daha çox yaxınlaş, balaca bülbül, daha çox yaxınlaş, yoxsa gül bitmədən gün doğacaq.
Bülbül tikana daha çox yaxınlaşdı və tikan onun ürəyinə dəydi. Və bütün bədənini bir ağrı ürpətdi. Acı-acı ağrıdı, çılğın-çılğın ötdü, çünki ölümlə tamamlanan eşqi məzarda ölməyən eşqi tərənnüm edirdi.
Ecazkar gül qızardı. Sanki Şərq səmasının gülü idi. Yarpaqlarının kənarları qıpqırmızı idi. Qıpqırmızı ürək yaqut kimi idi.
Amma bülbülün səsi yavaşıdı, qanadları titrəməyə başladı, gözünə incə bir təbəqə gəldi, mahnısı get gedə soldu, soldu və sanki boğazında bir şey düyünləndi.
Və son coşqun bir avaz çıxdı .Bəyaz ay bunu eşitdi, sübhü unutdu, göy üzündə donub qaldı. Al gül bunu eşitdi, bütün bədəni titrəşdi və yarpaqcıqlarını soyuq səhər havasına açdı. Səda onu təpələrdəki tünd qırmızı mağarlara apardı, yatan çobanları yuxusundan oyatdı, çayların üzərindən əsdi və onlar da xəbəri dənizə apardı.
Gül fidanı:
- Bax! Bax! – dedi - artıq gül tamamlandı. Ancaq bülbül cavab vermədi, çünki uzun çayırların arasında ürəyində tikan cansız yatırdı.
Günorta vaxtı tələbə pəncərəni açıb bayıra baxırdı.
- Aman, nə gözəl bir bəxt! - deyə hayqırdı. - Budur al bir qızılgül. Mən həyatım boyu belə bir gül görməmişdim. Bu çox gözəl bir güldü, əminəm latınca uzun bir adı vardır. - Və əyilib gülü dərdi.
Papağını başına qoyub əlində gül qaça-qaça professorun evinə getdi.
Professorun qızı qapının girişində oturub mavi ipəyi dolağa sarıyırdı, it də ayağının dibinə sərilmişdi.
Tələbə:
- Al bir qızılgül gətirsəm mənimlə rəqs edəcəyinizi söyləmişdiniz - dedi. – Budur, dünyanın ən al gülü. Bu gün bunu ürəyinizin üstünə taxacaqsınız, biz rəqs edərkən sizi necə sevdiyimi o sizə söyləyəcək.
Lakin qızın qaşları çatıldı.
- Düşünürəm ki, bu mənim paltarıma yaraşmayacaq-qız cavabladı. Həm də mühasibin qardaşı oğlu mənə saf cəvahirat göndərib, hər kəs bilir ki, cəvahirat güllərdən daha bahalıdır.
- Vallah, çox nankorsunuz! - tələbə əsəblə dedi və gülü yola tulladı, gül ordan su yoluna düşdü və üstündən araba təkərləri keçdi.
- Nankor ha?-qız dedi. - Mən sizə bir şey deyimmi? Siz çox kobudsunuz və nəhayət siz kimsiniz ki, sadəcə bir tələbə. Mən əminəm ki, sənin ayaqqabında mühasibin qardaşı oğlundakı kimi gümüş toqqa da yoxdur. - Qız stoldan qalxıb evə girdi.
Tələbə bayıra çıxarkən:
- Eşq nə axmaq bir şeymiş!-dedi.- Məntiqin yarısı qədər belə faydası yoxdur, çünki heç bir şey isbat etmir. Sonra həmişə olmayan bir şeyləri söyləyir, insanı da doğru olmayan şeylərə inandırır. Doğrusu heç bir işdə faydası yoxdu, həm bu dövrdə əməl hər şeydən əvvəl gəlir. Mən yenə də fəlsəfəyə qayıdıb Metafizika öyrənim.
Beləliklə o otağına qayıdıb böyük tozlu kitabı götürərək oxumağa başladı.
Tərcümə: Aygün Səfərova
Kulis.az