Evlilik və əxlaq
V Başlıq. Xristian etikası Vestermarkın1 belə bir s&oum…
Fransua-Mari Arue Volter(1694-1778), böyük fransız maarifçi-filosofudur, o həm də görkəmli şair, yazıçı, satirik, tarixçi, publisit, hüquq müdafiəçisi kimi də tanınır. 84 illik ömrünün yarıdan çoxunu sürgünlərdə keçirən Volter, özünün ilk sürgününü 1726-1729-cu illərdə İngiltərədə yaşamışdır.
O vaxt hakimiyyətə qarşı yazdığı çox kəskin bir satiraya görə, krala yaxın olan bir aristokrat tərəfindən öncə döydürülən, sonra da şərlənərək tutdurulan Volterin qarşısında Bastiliyanın hakimləri belə bir seçim qoymuşdular: ya uzun çəkəcək dustaqlıq, ya da ölkədən çıxıb getmək. Volter ikincini seçib, İngiltərədə üçillik sürgündə yaşamışdı. O çağın İngiltərəsi Avropanın başqa ölkələrindən, o sıradan Fransadan qat-qat artıq demokratik bir ölkə idi. Burada elmi-fəlsəfi baxışların öz yüksəlişini yaşadığı çağlar idi, insanların dini baxışlarına çox dözümlü yanaşma var idi. Volter əlinə düşmüş bu fürsətdən yararlanaraq, İngiltərədəki siyasi quruluşu, elmi-fəlsəfi baxışları, ədəbiyyatı dətindən öyrənmişdi. Baxışlarınıza bir parçasını çatdırdığımız “Fəlsəfi Məktubları” Volter İngiltərədə, 1727 ildə yazmağa başlamış, 1732-ci ildə Fransada bitirmişdi. “Fəlsəfi Məktublar” ilk öncə Londonda, 1733-cü ildə, ingilis dilində çap olunmuşdu, Fransada isə 1734-cü ildə çap olunmuş, yazarın adı gizli saxlanaraq “V” deyə göstərilmiş, hakimiyyəti çaşdırmaq üçün çap olunduğu yer Amsterdam yazılmışdı. Ancaq hakimiyyətdəkilər çox asanlıqla kitabı Volterin yazdığını öyrənmiş, bu əsərə xaqın gözü qarşısında yandırılmaq “cəzası” kəsmiş, Volterin həbsi üçün sanksiya vermişdilər, ancaq Volter vaxtında duyuq düşüb, Amsterdama qaçaraq, qazamatdan yaxasını qurtara bilmişdi. Fransız məhkəməsinin kitabla bağlı qərarında deyilirdi: “Bu kitab dinin, hakimiyyətin, əxlaqın dayaqlarını sarsıtmağa yönəlmişdir”.
VOLTER
FƏLSƏFİ MƏKTUBLAR
Birinci Məktub
Kvakerlər kimdir
Kvakerlər adlanan həm də çox ilginc kimsələr olduğu deyilən bu insanları yaxından tanımağın istənilən biliksevər kimsə üçün önəmli ola biləcəyini düşündüyümə görə də, onların kimliyini dərindən öyrənməyi kəsdirdim. Bu soru üzrə geniş bilgi almaq üçün mən İngiltərənin ən adlı-sanlı kvakerlərindən birinin görüşünə gedəsi oldum, bu insan otuz illik kommersiya işlərindən sonra, öz dolanışığı ilə qazancını uzlaşdıraraq, Londonun yaxınlığında yerləşən bir kəndə köçüb orada yaşamağa başlamışdı. Mən axtarıb onun sığınacağını tapa bildim; bu, çox da böyük olmayan, yaraşıqlı bir tikili idi, içəridə isə, hara baxırdınsa, təmizlik göz oxşayırdı. Kvaker, sağlam görünüşlü, çox diribaş bir qoca idi; deyilənə görə onun belə təpərli olması, bütün ömrü boyu özünü çılğın istəklərə qapdırmaması, yeyib-içməyində özünü aşırılıqdan çəkindirməsi ilə olmuşdu. Mən öz ömrümdə indiyə kimi belə suyuşirin, belə ürəyəyatımlı görkəmi olan bir insan görməmişdim. O da öz dinindən olanların hamısı kimi geyinmişdi, əynindəki geniş, qıraqlarına qat vurulmamış donunun cibləri ilə qolları düyməsiz idi, başında bizim ruhanilərin qoyduğu kimi, qıraqları qatlanmış enli şlyapa vardı. O mənimlə görüşəndə şlyapasını çıxarmadı, bundan başqa da, onun davranışında azacıq da olsa belə, sayğı bildirmək üçün olan baş endirmə duyulmurdu; ancaq onun işıqlı üzündə duyulan istiqanlılıq, istənilən birinin ayaqlarını oynadaraq, papağını yellədərək göstərdiyi sayğı duruşundan daha yapışıqlı görünürdü.
–Arxadaşım,–o, mənə üz tutdu,–görürəm, sən yadellisən: mən nə iləsə sənin işinə yaraya bilərəmsə, çəkinmədən deyə bilərsən.
–Müsyö,–mən, bizim yerlərin öyrəncəsi üzrə, ayağımın birini ona doğru sürüşdürməklə, bir də belimi sayğı bildirmək üçün əyməklə, ona cavab verdim,–mənim biliksevərliyimin sizi bezdirməyəcəyinə güvənərək, istərdim, siz mənim durumuma acıyaydınız, öz dininizin nə demək olduğunu açıqlamaqla, mənə öz sayğınızı bildirəydiniz.
–Sənin yerlilərin,–o, mənə cavab verdi,–adamla qarşılaşıb görüşəndə, yaman incə-mincə, əzilib-büzülən olurlar, ancaq sözün düzü, onların arasında sənin kimi biliksevər birisinin də olduğunu birinci dəfədir görürəm. İçəri keç, öncə, birlikdə günorta yeməyi yeyək.
Öz öyrəncələrindən birdən-birə ayrılmaq çətin olduğuna görə, mən yenə də, bir neçə gülünc sayğı bildirici sözlər dedim; dadlı-doyumlu, ancaq çox da gen-bol olmayan yeməyimizi başlayanda da, qurtaranda da dua oxundu, yemək bitən kimi mən yeni arxadaşıma öz sorularımı yağdırmağa başladım. Mən, ilk olaraq, katoliklərin qugenotlara verməyi sevdikləri sorudan başladım.
–İstəkli ser, siz xaç suyuna salınmısınızmı?
–Yox,–o, mənə cavab verdi,–bizim dinimizdə bu yoxdur.
–Demək, lənət şeytana,–mən hayqırdım,–belə çıxır, siz xristian deyilsiniz?
–Oğlum,–o, yumşaq, ancaq kəsərli bir tonla danışmağa başladı,–çalış, belə kobud danışmayasan: biz xristianıq, özü də ən yaxşı xristian olmağa çalışanlardanıq, ancaq biz xristian olmağı, insanın başına bir az duzlu, soyuq su tökməklə bağlamırıq.
–Lənətə gələsən,–mən bunu eşidəndə özümü saxlaya bilməyib qışqırdım.–Yoxsa siz unutmusunuz, axı İsa Məsihin özünü də İoann su ilə arıtmışdı.
–Arxadaş, bir də deyirəm, gəl söyüşsüz-qarğışsız danışaq,–kvaker ürəyiyuxalıq duyulan bir səslə dedi.–Düzdür, İsa Məsihi İoann su ilə arıtmışdı, ancaq İsa Məsihin özü kimisə də xaç suyuna salmamışdı; biz axı İsa Məsihin öyrənçiləriyik, İoannın yox.
–Yazıqlar olsun!–mən dedim,–inkvizisiya olan ölkələrdə sizi tonqala atıb yandırardılar, ay yazıq... Tanrını sevirsinizsə, gəlin mən sizi xaç suyuna salıb, xristian eləyim!
–Sənin ürəyin bununla toxdaqlıq tapacaqsa,–qoca ciddi bir görünüşlə dilləndi,–biz kvakerlər hamılıqla bunu eləyərdik; biz başqalarının xaç suyuna salınma ayini keçirməsinə pis baxmırıq, ancaq bizim düşüncəmizə görə, kimsə dinin mütləq müqəddəsliyi ilə ruhaniliyinə ürəkdən bağlıdırsa, o gərək bu sayağı yəhudi ayinlərindən əl çəksin.
–Siz nə danışırsınız,–mən onun üzünə bozardım,–demək istəyirsiniz, xaç suyuna salma yəhudi ayinidir?
–Elədir, oğlum,–o, sözünə davam etdi,–bu gerçəkdən bir yəhudi ayinidir, bilmək istəsən, yəhudilərin çoxu İoannın dirçəltdiyi bu ayini elə indi də keçirirlər. Əski çağlar tarixinə baxsan, İoannın yəhudilər arasında öncələr olub sonradan unudulmuş bu ayini yaratmadığını, onu ancaq yenidən dirçəltdiyini də öyrənə bilərsən, elə bunun kimi də, Məkkə ziyarətini müsəlmanlar ilk olaraq özləri başlamayıblar, onu bütpərəst olan isamayililərdən götürmüşlər. İsa Məsih İoannın onu su ilə arındırmasına da, özünün sünnət olunması kimi, ortalıqda olan törəyə qarşı çıxmamaq üçün qol qoymuşdu, ancaq İsa Məsih özünün yeni arınma ayinini yaradandan sonra, bu iki ayini saxlamağı gərəksiz saymışdı, İsa Məsihin arınma ayini isə, bədənin su ilə yuyulub arıdılması yox, ruhun, ürəyin arıdılması yolu ilə insanların suçdan qurtarılması demək idi; elə buna görə də, İoann demişdi: “Mən sizi gerçək su ilə arıdıram, ancaq məndən sonra başqası gələcək, O məndən qat-qat güclü olacaq, mən onun ayaqqabısını geyindirməyə belə layiq olmayacağam; O sizi od ilə, bir də Müqəddəs Ruhla arıdacaqdır”. Eləcə də bütsevərlərin böyük apostolu Pavel korinflilərə yazırdı: “İsa Məsih məni buraya sizi su ilə arıtmaq üçün yox, İncili anlatmaq üçün göndərmişdir”. Beləliklə də bu Pavel, özü də istəmədən, ancaq iki nəfəri su ilə arıtmış, bundan başqa bir kimsəni də su ilə arıtmağa qol qoymamışdı. Pavel yalnız öz öyrənçisi Timofeyi sünnət eləmişdi, o biri apostollar da kim bunu özü istəyibsə, ancaq onları sünnət eləmişlər. Sən özün necə, sünnət olunmusanmı?–deyə o məndən soruşdu.
Mən ona sünnət olunmaq kimi yaxşı bir işin başıma gəlmədiyini dedim.
–Çox gözəl, arxadaşım,–o, dedi,–demək, sən sünnət olunmamış xristiansan, mən də xaç suyuna salınmamış xristian.
Beləliklə də, mənim üz tutduğum bu insan, inancla bağlı konuları, öz istəyinə uyğun olaraq, özü bildiyi kimi, yozmağa başladı.
Müqəddəs yazıların üç-dörd yerində onun bağlı olduğu inancı doğruldan sözlər deyilsə də, ancaq o nədənsə Müqəddəs yazılarda onun bu dediklərini danıb yalana çıxaran yüzlərlə faktları, ola bilsin bilməyərəkdən, unudurdu. Mən necə olursa olsun onunla söz güləşdirməkdən özümü çəkindirirdim, axı başı hansısa düşüncələrlə pozulmuş adamla söz güləşdərməyin heç bir anlamı yoxdur: insana, onun vurğun olduğu kimsənin çatışmazlıqlarını demək necə yersizdirsə, yaxud iddiaçıya onun şikayətinin düzgün olmadığı yerləri demək, özünü uzaqgörən sayan birisinə sağlam düşüncəyə arxalanan dəlillər gətirmək, onlar tərəfindən necə qarşılanırsa, belələri də ağlabatan sözlərə elə bunun kimi yanaşırlar; ona görə də, mən sözümün yönünü dəyişib, başqa bir soruya keçməli oldum.
–Siz Müqəddəs dadma yolu ilə Tanrıya qovuşma ayininə necə baxırsınız?
(Burada, kilsədə: simvolik olaraq, İsa Məsihin əti ilə qanına çevrildiyi sanılan, çaxıra batırılmış çörəyi dadmaqla İsa Məsihə qovuşmaq ayinindən danışılır. A.G.)
–Biz bu ayini keçirmirik.
–Bu necə ola bilər! Yoxsa siz Tanrı oğluna qovuşmanı danırsınız?
–Yox, ancaq biz bədənlə yox, ürəklə qovuşmanı düzgün sayırıq.
Bunu deyəndən sonra o mənə yenə də Müqəddəs kitablardan çıxarışlar gətirməyə başladı. O, mənim qarşımda kilsədə keçirilən, “dadıb-qovuşma” ayininə qarşı alovlu bir çıxış eləyib, bütün bu müqəddəs ayinləri insanların özlərindən uydurduqlarını aşılamağa çalışdı, örnək olaraq, İncildə bu ayinlərin heç birinin olmamasını göstərdi.
–Elə bilirəm, bu konuda bilgisiz olduğuma görə, məni bağışlarsan,–o, mənə dedi,–bizim dinimizlə bağlı olan kitablardan mən burada çox az danışa bildim, ancaq sən Robert Berklinin kitabını oxusan, bizim dinimizlə bağlı bütün sorularına orada cavab tapa bilərsən: bu, indiyə kimi insan əli ilə yazılmış ən yaxşı kitab sayılmalıdır. Bizə qarşı çıxanlar bu kitabı çox qorxulu sayırlar, elə bunun özü də bu kitabın necə dəyərli olduğunun göstəricisi sayıla bilər.
Mən bu kitabı tapıb oxuyacağıma söz verdim, deyəsən bunu deyəndə, kvaker artıq mənim də onların dininə gəldiyimi düşünməyə başlamışdı.
Bundan sonra o, başqalarının onların sektalarını nə üçün bəyənmədiklərinin niyəsini, qısaca olaraq, mənə anlatmağa başladı:
–Elə bilirəm, səni şlyapamı çıxarmadan qarşıladığıma, bir də birbaşa “sən” deyə çağırdığıma görə, bayaq özünü gülməkdən güclə saxladığını boynuna alarsan, mənə elə gəlir, sən oxumuş bir adam olduğun üçün, İsa Məsihin çağında hələ heç bir xalqın içində indiki kimi, tək halda deyilməli olan sözü cəm halına çevirib demək kimi gülünc bir durumun olmadığını bilməmiş deyilsən. Örnək üçün, o çağlarda Sezar Avqusta belə deyərdilər: “Mən səni sevirəm, səndən umuram, səni alqışlayıram”; Deyilənə görə, kimsə Sezara “Möhtərəm Cənab” deyəndə o bərk özündən çıxırmış. Ancaq çox-çox sonradan insanlar biri-birinə “sən” demək yerinə “siz” deməyə başladılar, elə bil çağırdıqları adamın altında ondan başqaları da varmış, sonra da başladılar yekəbaşlıqla özlərinə: “Ali həzrətləri”, “Zati aliləri”, “həşəmətli cənabınız” kimi titullar uydurmağa, bu titulları isə, yer soxulcanlarının biriləri, elə özləri kimi başqa soxulcanlara verməklə, onlara qarşı özlərinin çox sayğılı olduğunu göstərməyə(ancaq onlara “siz” deməklə əslində onların ruhunu ikiləşdirib aşağıladıqlarını anlamadan), özlərinin isə onların yanında heç kim, qolubağlı qul olduğunu bildirməyə çalışmışlar. Elə buna görə də biz, insanlar arasında yayılmış bu yalanlarla, yaltaqlıqlarla özünü alçaltmaq öyrəncəsini aradan qaldırmaq üçün, kralı da, çəkməçini də “sən” deyə çağırır, kimsəyə baş əyməyi özümüzə sığışdırmırıq, ancaq bununla yanaşı olaraq, özümüzün doğru yolda olmağımızın qayğısına da qalırıq, qanunlardan başqa heç nəyə sayğı göstərmirik.
Bizim geyimimiz də başqalarınkı kimi deyildir, biz bunu da başqalarına oxşamaqdan çəkinmək üçün eləyirik. İnsanların geyimləri çox vaxt onların toplumda tutduqları hansısa yerə, görəvə uyğun gəlir, bizim geyimimiz isə gerçək xristianın gözləməli olduğu sadəliyə uyğundur; biz, bayramlardan, deyib-gülməkdən, əyləncələrdən gen gəzirik, belə anlamsız nəsnələrin ürəyimizdə Tanrının tutmalı olduğu yeri doldurmasını özümüzə sığışdırmırıq; biz heç vaxt, lap məhkəmədə də, and içib söz vermirik, bununla da, Tanrının adını insanların boş-boş işlərinə, çəkişmələrinə qarışdırmağı düzgün saymadığımızı bildirmək istəyirik. Bir başqasının işinə görə bizi vəzifəli adamın qulluğuna çağıranda(biz özümüz heç vaxt kimsədən şikayət eləmirik), biz soruşulanlara yalnız, “hə” yaxud “yox” deməklə cavab veririk, hakimlər də bizim bu sözümüzə inanırlar, ancaq bir baxın, görün, nə qədər xristianlar İncilə yalandan and içirlər. Biz heç vaxt savaşlara qatılmırıq, ancaq bu, bizim ölümdən qorxduğumuz üçün deyildir; əksinə, biz ölümü insanın yenidən İlkin Varlığa qovuşması sanaraq, onu çox yüksək dəyərləndiririk, ancaq biz özümüzü qurd, pələng, köpək kimi yırtıcıların yerinə qoymuruq, biz özümüzü xristian saydığımız üçün belə yaramazlıqlardan çəkinirik. Tanrımız bizə öz yağılarımızı da sevməyi buyurmuş, ağrı-acılara dözümlü olmağa çağırmışsa, onda biz nədən dənizin o tayındakı öz qardaşlarımızı öldürməyə getməliyik, bu nə bayağılıqdır?—qoşabuynuzlu dəbilqələr qoyub, qırmızı plaş geymiş döyüşçülər, şəhərliləri öz sıralarına qoşulmağa çağırır, tarım çəkilmiş eşşək dərisini iki çubuqla döyəcləyərək, səs-küy qaldırıb, hamını savaşa çağırırlar; sonra da bu insan qanı tökülən savaşda qazanılan hansısa üstünlüyə görə, Londonun göylərini işığa bürüyən fişənglər atılır, göy üzü şaqraq gülüşlərlə, kilsə zəngləri ilə, orqanların səsi ilə, top atışlarının gurultusu ilə dolub-daşır, biz isə səssizcə, insan qanı tökdükləti üçün sevincləri aşıb-daşan bu insanlara baxıb içimizi yeyirik.
Tərcümə etdi: Araz Gündüz
Kultura.az