post-title

Aqşin Yenisey: "Türkiyə tipik müsəlman ölkəsidir” – Söhbət

Şair Aqşin Yeniseylə müsahibəni təqdim edirik

- Aqşin bəy, səhv etmirəmsə, dindar ailədə doğulmusunuz. Ancaq zaman keçdikcə dinə qarşı yazılarınız olub. Necə oldu ki, dinə qarşı çıxdınız?

- Əvvəlcə onu deyim ki, bu gün dünyada elmi şübhəçiliyin, texnoloji sürətin insana düşünmək fürsəti vermədiyinin müzakirə olunduğu bir dövrdə bizim beş yüz il keçmişdə qalan dini şübhəçiliklə məşğul olmağımız o qədər də ürəyimcə deyil. Bizim ailəyə gəlincə, tam da dindar ailə demək olmaz. Atam, indiki ağlımla desəm, hedonist adam idi, gözlənilməz vəziyyətlərdə üzə çıxan insani keyfiyyətlər xaricində heç bir dəyərə əhəmiyyət vermirdi. Bilirsiniz ki, Məhərrəmlik ayında bütün şiə aləminə orta əsrlərin matəm qaranlığı çökür. Həmin ay kəndimizdə radiolar, televizorlar qara örtük altında susdurulduqda bizim evdə atamın rəhbərliyi altında həyat olduğu kimi davam edirdi. Anam isə əvvəldən mövhumat əhlidir. Bu gün də bir evdə yaşayırıq. Eyni divarın bu üzündə mən ateist yazılar yazıram, ateist müəllifləri oxuyuram, anam isə divarın o biri üzündə Quran oxuyur, səhərdən axşama kimi namaz qılıb, tanrıya yalvarır ki, bizi, yəni balalarını pis əməllərdən uzaq eləsin. Halbuki divarın bu üzündə mən onun yalvardığı, diz çökdüyü tanrının varlığını inkar edən "pis əməllərlə” məşğulam. Ziddiyyətlərlə dolu, eyni zamanda tolerant bir Azərbaycan ailəsinin övladıyam.    

 
- Ümumiyyətlə, nə zamansa namaz qılmısınız?

- İbadətin heç bir növü ilə məşğul olmamışam. Ömrümdə cəmi ikicə dəfə məscidə getmişəm. Birində doqquz yaşım vardı, anam kənddə çimizdirib aparmışdı. Məscidin eyvanında qəfildən arvadlar "Vay Hüseyin” deyib ağlaşmağa başladı, anamı məsciddə qoyub qaçdım. Bəlkə də, İmam Hüseyinin özünü meydanda qoyub qaçmazdım. Ancaq onun arxasınca teatral pafosla ağlaşanları başa düşə bilmədim. İkinci dəfə məscidə tələbə vaxtı sonradan nurçu olduqlarını öyrədiyim türk tələbələrlə getmişdim. Dedilər, otur maşına, bir yerə gedirik. Fikirləşdim, ya yeyib-içmək yeridi, ya da dava, hər ikisindən qaçmaq ayıb olar. Bir də baxdım ki, maşın bir məscidin həyətinə buruldu. Yerə düşüb minarə ilə xeyli şəkil çəkdirdik. O şəkillər məndə indi də qalır. O gün də dostlarımı məsciddə qoyub qaçdım. Bu, mənim son görüşüm oldu, həm onlarla, həm məscidlə.  

- İlk dəfə "Quran”ı nə vaxt oxudunuz?

- Quranı da, İncili də, nə bilim, krişnaistlərin "Bxaqavad-Qita”sını da tələbəlik illərində oxumuşam. Qurandakı metaforalara, İncildəki dialoqlara heyran olduğum vaxtlar da olub. Ancaq bu mətnlər birtərəfli, yalnız tanrının mövqeyini insanlara çatdırdığı üçün mənə bir az şübhəli görünürdü. Mənə görə, əsl ilahi mətnlər şeytanın da danışmaq hüququnu tanıyan mətnlərdir. Məsələn, Götenin "Faust”u, Con Miltonun "İtirilmiş cənnət”i, Dostoyevskinin "Karamazov qardaşları”, Hüseyin Cavidin "İblisi” və s. Riyaziyyatda poeziya, poeziyada məntiq olmayanda hər ikisi şikəst görünür. Poeziya riyaziyyatın, məntiq poeziyanın ruhunu gözəlləşdirir. Mənə görə, şeytan obrazı da dini metafizikanı bütövləşdirir. Dini itaəti totallaşmağa qoymur. Holbax deyirdi ki, şeytan dindarlara heç də tanrıdan az lazım olmayıb. Şeytansız tanrı çox tez yaddan çıxardı, din anlayışı tanrıya borclu olduğu qədər şeytana da borcludur. Bu mənada "Avesta” daha bütöv kitabdır, çünki xeyir və şər başlanğıçını seçməkdə insana azadlıq verir. İnsanı itaətinin deyil, azadlığının nəticəsi ilə üz-üzə qoyur.    

- Ateist deyə bilərik sizə?

- Niyyətiniz öldürmək deyilsə, deyin. (gülür) Ancaq öldürəcəksinizsə, təklif etdiyiniz istənilən dini qəbul etməyə hazıram. İnanc mənim üçün həyati əhəmiyyətli ölüm-dirim məsələsi deyil. Beş-altı min il əvvəl insanı palçıqdan yaradan Mesopotamiya tanrısı Marduka görə tələf olmaq, məncə, ağılsızlıq olardı. Ateizm nədir ki? Sadəcə, dinə elmi baxış. Məsələn, bu gün ibrani dinlər tanrının kişi başlanğıc olduğuna inanır. Halbuki arxeologiya elmi Mərkəzi və Orta Asiyada tapılan hamilə qadın heykəllərinin dişi tanrıçalar olduğunu deyir. Suriyada Aşera, Anat, Şumer və Mesopotamiyada İnanna, Misirdə İsis, Yunanıstanda Hera, Demetra, Afrodita kimi ana tanrıçalar var idi. Bu gün din bir əxlaq sistemi ola bilər, ancaq cinsi aktın müqəddəsləşdiyi, ana tanrıçaların şərəfinə bahar mövsümündə ritualistik orgiyalar keçirilidiyi dövrlər olub. Bibliyada qədim yəhudi məbədində müqəddəs fahişələr evinin olduğu haqqında danışılır. Bizim bu gün yəhudi, xristian, islam dini kimi tanıdığımız və hökmlərinə əməl etdiyimiz əxlaqi-mənəvi narrativlərin çoxunu məhz bu dövrdə, yəni eramızdan əvvəl IV minillikdə yaranmış ilk şəhər əfsanələri təşkil edir. 

- Dinlə bağlı qəbul etmədiyiniz nələrdir? 

- Din mədəniyyətin əcdadıdır, bu öz yerində. Armstronq deyir ki, içində yaşadığımız mədəniyyət "tanrı” anlayışından törəyib. Siz dinin iddia etdiyi tanrının kitablarını deyil, tanrının kitabları haqqında yazılmış elmi əsərləri oxusanız, görəcəksiniz ki, səmavi deyib inandığımız hər şey insan təxəyyülünün məhsuludur. Son beş-altı min ildə insanlıq nə qədər tanrıya tapınıb. Şumer, Hind, Yunan, Misir panteonlarındakı tanrılar indi hanı? Nə qədər din unudulub. Vaxtilə Hindistandan Qafqazlara qədər yayılan zərdüştlik dini indi, sadəcə, mövsümi adətlərdə yaşayır. III əsrdən sonra, az qala, bütün Asiyaya yayılmış manixeizmin adını belə bilən yoxdur. Hər bir ictimai formasiya kimi dinlərin də faydalı və ziyanlı dövrləri var. Məsələn, tarixçi Vilyam Vudruf iddia edir ki, Avropa intibahının səbəbi müsəlmanların İber yarımadasını işğal etməsidir. Bu işğal nəticəsində avropalılar müsəlmanlar vasitəsilə Çin ixtiraları ilə tanış oldular. 

- Səmavi hesab edilən dinlərin ilahi qüvvə tərəfindən göndərildiyinə inanırsınızmı?

- Dinlərdən əvvəl miflər var idi. Belə düşünülürdü ki, yerdəki hər bir şeyin göydə, digər aləmdə daha güclü, gözəl, qəddar və xeyirxah oxşarları var və onlarla əlaqəyə girib, yerdəki həyatı rifaha qoşudurmaq, nizama salmaq olar. Fanatik yəhudilər bu gün də inanırlar ki, əsl Yerusəlim şəhəri səmadadır. Qədim insanlar miflərin diqqətini yalnız ayinlər, rituallar, məsələn, qurbanetmə vasitəsilə özlərinə yönəldə biləcəklərinə inanırdılar. Hətta bu gün də ayinə, rituala ehtiyacı olmayan bir mif, bir tanrı təsəvvür etmək qeyri-mümkündür. İnsanın həmişə öz reallıqlarına kənar gözlə baxmaq, nəyin yaxşı, nəyin pis olduğunu təyin etmək ehtiyacı var. O, tanrını həm də özünə nəzarət etmək üçün yaradıb. Zərərli əməllər bu gün də tanrının, yəni fövqəlinsanın adından lənətlənir və cəzalandırılır. Miflər insani özəlliklərə sahib olsalar da, bizim indi inandığımız allah kimi şəxsiləşdirilməmişdilər, yəni onların İbrahim peyğəmbərlə bir süfrə arxasında yemək yeyən Yahova kimi, yaxud İsanın anası Məryəmə gizli sevgi, Məhəmmədin dayısı Davuda aşkar nifrət bəsləyən tək allah kimi insanlarla şəxsi münasibətləri yox idi. Mif yalnız ruhani təcrübənin qarantı idi. "Zinakar qadınlar zinakar kişilər üçündür” deyib, seksual-əxlaqi vasvasılıqlarla məşğul olmurdu mif. Şəhərlərin meydana gəlməsi ilə miflər dönəmi bitdi, tanrı və tanrıçalar dönəmi başladı. Yazının kəşfindən sonra isə tanrının adından yazılan mətnlər peyda oldu. İnsanlara öz kitablarını yazdıran tanrılar yazının kəşfindən əvvəlki miflər idi, insanın ilahiləşdirilmiş, xəyal edilən daha güclü şəkli. Fiziki təkamüllə yanaşı, metafizik təkamül də arasıkəsilməz prosesdir. Əgər beş min il əvvəl yazı kəşf olunmasaydı, tanrının kitabları da olmayacaqdı. 

- Görünür, siz fövqəltəbii güclərin var olması məsələsində tərəddüdlər içərisindəsiniz?

- Tərəddüd etdiyim yaşlarım olub. Ancaq indi fövqəltəbii gücün  psixoloji bir sığınacaq olduğuna tam əminəm. Ən azı, özüm də xəstəxanada can verəndə belə bir sığınacaq axtarırdım. Sizi inandırım ki, onu axtarmaq belə adama psixoloji güc verir.  Fövqəltəbii güclər də tarixi prosesdə şəkildən şəkilə düşüblər. Məsələn, ovçuluq dönəmində fövqəlgüc daha çox kişi kimi təsəvvür olunurdu, əkinçiliyə keçid zamanı qadın tanrıçalar önə çıxdı. Müqəddəslik statusu heyvanlardan alınıb torpağa verildi. Ovçuluq dönəmində ov müqəddəs sayılır, xüsusi hörmətə layiq bilinirdisə, əkinçilik dövründə müqəddəslik tarlaya keçdi. Quranda qadının tarla ilə eyniləşdirilməsi də əkinçilik şüurunun qalığıdır. Torpaq ona düşən toxumu yetişdirən ana bətni idi, bundan sonra ətə yox, çörəyə sitayiş olunacaqdı. 

 - Freyd deyirdi ki, din insanlığın hamılıqla yoluxduğu nevrozdur. Siz dinə necə tərif verərdiniz?

- Din mədəniyyətin uşaqlıq xatirələridir. Nevroza, psixi pozğunluğa, mövhumi qorxuya çevrilən onun siyasiləşmiş sonrakı formasıdır ki, onu çevirib digər üzünə baxsanız, karikaturik bir şey görəcəksiniz. Din 3500 ildir ki, nəhəng təsərrüfat sistemi kimi fəaliyyət göstərir. Yaranışında biz dinə göz dikmişdik, ondan nəsə umurduq, bu gün isə o, bizə göz tikib, bizdən nəsə umur.       

- Cənnət və cəhənnəm yoxdu, yoxsa həqiqətən də insanlar öləndən sonra o biri dünyaya düşəcək?

- Cənnət-cəhənnəm anlayışlarının necə yaranması haqqında bu gün "Yootube” kanalında xeyli maraqlı sənədli filmlər yayımlanır. Düşünürəm ki, internetdə bu anlayışların tarixinə aid kifayət qədər informasiya var. Ölümə gəlincə, insanlıq tarixi bu aktın dərki ilə başlayır. Bizi heyvandan ayıran yeganə duyğu ölümü hiss etməklə yanaşı, həm də onu dərk edə bilməyimizdir. Biz öləcəyi anı düşünə-düşünə yaşayan canlılarıq. Zəkamızın mənşəyi ölüm hissi qarşısında keçirdiyimiz qorxulardur. Əgər mədəniyyət "tanrı” kəlməsindən törəyibsə, tanrının özü də idrak olunmuş ölüm hissindən törəyib. Bu yaxınlarda çap olunacaq "Tarix və tale” romanımda qəhrəmanlardan biri soruşur: "Əgər o dünyada cəhənnəm olacaqdısa, bu dünyada inkivizisiyaya nə gərək vardı?” Din bir yandan bizi əbədi həyatın varlığına inandırır, digər yandan isə haqqımızda ölüm fətvaları çıxarır. Belə çıxır ki, din bizi öldürməklə müvəqqəti həyatın əlindən alıb, əbədi həyatın ağuşuna atır? Demək istədiyim odur ki, bizim inandığımız din, sadəcə, ağıllı düşünülmüş və ardıcıl həyata keçirilən bir siyasətdir, böyük bir təsərrüfat sistemidir. Mən öldüyüm gün başa çatacağıma inanıram və soyuqqanlılıqla bunu qəbul edirəm. Anam isə əbədi həyatın olacağına inanır. Qoy o, əbədi yaşasın.   

 - Bəzi insanlara görə, din təskinlikdir, onlar bu cür xoşbəxt olurlar, inanc həmin adamların həyatını asanlaşdırır. Dinin insan həyatında olması vacibdirmi? Əgər onlar dinsiz yaşasaydılar nə olardı? Axı belə bir ifadə var ki, Tanrı olmasaydı, onu insanlar uydurardı...

 - Elm adamları bu gün belə bir suala cavab axtarırlar: beyin və iradə, bunların hansı o birini idarə edir? Təcrübələr göstərir ki, beyin insanın istəklərindən asılı olmayaraq, özü-özünə güvənmək üçün sürəkli yalanlar uyudurur, şeylər haqqında illüziyalar yaradır. Bu gün dünyada milyardlarla insan bu illüziyaları bilgi kimi istifadə edərək nəticə çıxarır. Yəni tanrı anlayışı da beyinin özgüvəni üçün uydurduğu illüziyalardan biri ola bilər. Məsələnin praktik, yəni iradi tərəfinə gələk. Bu gün dünyada milyardlarla insan inancın irsi yolla, yorğanın altında ötürüldüyünə inanır. Ata və ananın inancı nədirsə, uşaq da avtomatik o inancla doğulur. Bu məqamda dinlə millətçilik anlayışı eyniləşir. Yəni beyində din olan şey reallıqda millətçiliyə çevrilir. Reallıqda da iudaizm yəhudilər, islam ərəblər üçün millətçi bir ideologiya kimi düşünülmüşdü. Hər iki dinin məqsədi öz xalqlarını vahid ideya ətrafında birləşdirmək idi. Və hər iki dinin peyğəmbəri axırda öz xalqlarının dövlət başçısı oldular. 

 
- Quran müasir nəsr əsərləri üçün ədəbi material, ədəbi istinadgah rolu oynaya bilərmi? Bu kitabın yaradıcılığınıza təsiri olubmu?

- Nə qədər inkar etsəm də, deməliyəm ki, yaradıcılığın mövhumi tərəfləri var. Halbuki bilirəm ki, bəsirət gözünün açıqlığı ilə izah olunan bu mövhumat insan beyninin tən ortasında yerləşən epifiz vəzisinin fəaliyyəti ilə bağlıdır. Qədim Şumer dinlərindən tutmuş, qədim misirlilərə, hindlilərə, yunanlara, sonuncu ibrani dinlərinə qədər insanın beyin yarımkürələrinin tən ortasında noxuddan azca balaca bir orqanın varlığından xəbərdar idilər. Sonradan tibbin epifiz vəzi adlandıracağı bu orqanı qədim bilgələr bədən ilə ruh arasında əlaqə nöqtəsi kimi görürdülər. Ancaq "Qaranlıq Çağ”dan sonrakı dövrlərdə mistikanın hər növünü inkar edən rasionalizm Qərbdə diqqətini elmi axtarışlara yönəltdiyi üçün metafizika ilə bağlı hər şey unuduldu. Və bu gün də çox az insan epifiz vəzinin nə olduğunu, insan orqanizmində nəyə yaradığını bilmir. Epifiz vəzi beynin həndəsi olaraq tən ortasında yerləşir. "Pinecone” – "şam qozası”na oxşadığına görə ona latıncadan gələn "şam qozası" adı verilib. Şam qozası rəmz olaraq qədim Şumer, Yunan və Roma atributlarında, Vatikandakı "Şam Qozası Çeşməsi”ndə və Papanın əsasına qədər antik dünyanın hər yerində görünür. İşığa qarşı həssas olan, yalnız qaranlıqda və gecə saatlarında aktivləşən epifiz vəzini hələ eramızdan əvvəl 3-ci əsrdə Yunan anatomiya mütəxəssisi Herofil kəşf edib. Herofil bu vəziyə "fikir axınını tənzimləyən büzücü əzələ" adını vermişdi. 

- Aqşin bəy, bir dəfə müsahibənizdə demişdiniz ki, xəstəlikdən sonra yaradıcılığınızın dini dəyişdi. Yaradıcılıq da bir dindir, sizcə? Nələr dəyişdi?

- Xəstəxanaya düşdüyüm günə qədər mən də bütün gənc adamlar kimi ölümü, sadəcə, təsəvvür edirdim. Ancaq xəstəxanada onu yaşadım, ölümün necə uğursuz bir son olduğunu gördüm. O, yeni bir hiss idi, huşunu itirməyə bənzər bir proses. Çarpayıda uzanmısan və hər an ölə biləcəyini düşünə-düşünə gözləyirsən. Görəsən, əvvəlcə hardan başlayacaq, sonra nə olacaq, axıra qədər onu bədənində izləyə biləcəyəmmi? Həm də köməksizsən, daha heç nəyi geri qaytara bilməzsən. O an fikirləşirdim ki, biz nə etsək də, necə yaşasaq da həyatın sonda bizə verdiyi qiymət eynidir. Ölüm üçün iqtidar-müxalifət, yazıçı-oxucu, mömin-kafir deyə heç bir fərq yoxdur. Fikirləşirdim ki, əgər "dirilsəm” ilk növbədə özümdən hesab soracağam. Mədəniyyət o vaxta qədər mənə başqalarını günahlandırmağı öyrtəmişdi.       

 
- Türkiyədə dinə münasibət necədir? 

 - Türkiyədə hətta dövlətin siyasətinə müdaxilə edəcək dərəcədə gücü olan xeyli dini, mistik təriqət var, həmişə də olub. Türkiyə tipik müsəlman ölkəsidir. İstanbul hələ də dini mərkəz olduğu Konstantinopol dönəmlərini unutmayıb. Qonşu İrandan fərqli olaraq Türkiyədə din ideoloji vektor kimi yuxarıdan aşağı yox, aşağıdan yuxarı yönəlir, yəni bir ailə, icma dəyəridir. Burada din bizim Azərbaycanda öyrəşdiyimiz kimi yalnız rituallar və mərasimlər zamanı xatırlanan ruhani keçmiş deyil, o gündəlik həyatdadır, onunla hər an, hər yerdə qarşılaşa bilərsiniz. O gələcəyə yön verir, uşaq böyüdür, siyasətlə məşğul olur. Talas döyüşündən sonrakı dönəmlərdə islam türk millətçiliyi ilə o qədər iç-içə girmiş vəziyyət alıb ki, bəzən onları bir-birindən ayırd etmək mümkün olmur. Anadolu türkləri islamın imperativ gücünü bilirlər və ondan istifadə etməyin yollarını da çox yaxşı mənimsəyiblər. Atatürk milli kimliyi dini kimliyin önünə çıxarmağa çalışsa da, görünən o ki bunu bacarmadı. Bu gün sıravi bir türk əvvəlcə müsəlmandır, sonra türkdür. Tarix onu belə tərbiyə edib.  /bakupost.az/

Söhbətləşdi: Oğuz Ayvaz
Yuxarı