“Xalça şərqisi” – Rafiq Tağının hekayəsi
Bura şəhərin ortası olmasaydı, dərə sayılacaqdı. Küləklər bu məhəllənin başı üz…
Meşənin ürküdücü dərinliklərində hansısa baxımsız daxma
gözə çarpırdı. Güman etmək olardı ki,
bura daha əvvəl heç insan ayağı dəyməyib. Hərçənd içəridən eşidilən ah-vay
səsləri əksini iddia etmək üçün də əsas verə
bilərdi. Pəncərədən düşən günəş şüaları otağı işıqlandırmağa bəs etmədiyindən məhəccərin
üzərində əlavə iki şam da yandırılmışdı.
Qohum-qonşuların hərəsi bir tərəfdən bu yarı
uçuq-sökük daxmaya yığışmış, birazdan canını tapşıracaq qocanın vəsiyyətinə
qulaq asırdılar. Başının üstündə dayanan qızcığaz əlində
saxladığı dəsmalı kasadakı suyla isladıb sözləri
xüsusi vasvasılıqla seçən qocanın dodaqlarına sürtürdü.
Son nəfəsində aramla “qovaq ağacının” - dedi, -“məni
sahil kənarındakı qovaq ağacının altında basdırarsınız.”
Ağacla daxmanın arası elə də uzaq olmazdı, sahilə
baxan dik yamacın üstündə, dağ çiyələkləri ilə böyürtkənlərin qucaqlaşdığı
biyabanlığın ortasında yerləşirdi.
Pirani qoca təsbehi əlində, hər axşam o ağacın
altında oturur, aşağıda dənizin qumluğu necə oxşadığını seyr edirdi.
İndi isə həmin qovaq
ağacının yarpaqları məzarına kölgə salıb dəniz ayağının
altında dalğalanaraq sevdiyi melodiyanı səsləndirəcəkdi.
***
Beləcə yay keçdi, payız oldu, qış sona çatdı, yaz gəldi.
May günəşi gənc qıza bənzər ilıq nəfəsini təbiətə üfürən kimi ağaclar ağ rəngə
boyandı, çöl ətirləndi, dənizin suyu durularaq öz
mavi rənginə qayıtdı.
Artıq qovaq ağacı da tumurcuqlanıb yarpaq açmışdı.
Kəndlilər bu yaz onda nəsə qəribə dəyişiklik
sezmişdilər. Yox, yox, bu sadə tumurcuqlanmadan irəli gələn, hər il gördükləri
təbii dəyişikliklərdən deyildi. Elə də asanlıqla, qəti olaraq təsbit edilə bilməyən,
ancaq və ancaq uzaqdan hiss olunan əcaib dəyişiklik idi.
Qovaqda indi digər nəbatlara məxsus görünüşdən daha
artığı, sanki insanlara xas görkəm vücuda gəlirdi.
Qadınlardan biri “qoca”, - deyə diksinərək dilləndi -
“getdikcə qocaya bənzəyir bu ağac.”
Həqiqətən də qovaq sanki altında uyuyan insanın bütöv
bədənini köküylə əmərək öz gövdəsinə köçürmüşdü. Bəlkə yenə də həmin
ağac idi, fəqət insanlar ona baxdıqca o şux qamətli, lakin ölümünə yaxın zəifləyərək
əldən düşən kişinin ahıl çağlarını xatırlamış olurdular.
Yarpaqları indi tamam başqa cür görünürdü: daha munis,
daha zərif, daha yaşıl. Külək əsəndə xışıldayışı da əvvəlkindən fərqlənirdi.
Ağac yarpaqları ilə dilə gəlmişdi elə bil, sakit havalarda, küləkdə və yağışda
öz halını ətrafındakılara izah etməyə çalışırdı. Nə demək istədiyi aydın başa
düşülməsə də, görənlər bu xışıltılardan ixtiyar qocanın səsini, danışıq tərzini,
hətta cümlə quruluşunu belə tanımaqda çətinlik çəkmirdilər.
Qoca bilərək orda basdırılmağı təvəqqe edib ruhunu
ağaca bağışlamaqla özünü təkrar yer üzünə qaytarmağın müvafiq yolunu tapmışdı.
Üstəlik bundan belə təbiəti daha yaxından və bütün əzəmətiylə birgə dadacaqdı.
Həm də bu yolla sağlığında görmədiyi günü görür, edə bilmədiklərindən həzz
alır; qrip, bronxit olmaq qorxusunu duymadan saçlarını yaz yağışında isladıb
küləkdə qurudurdu.
Köhnə dostlarının belə tezliklə aralarına qayıtması təkcə
kəndliləri deyil, quşları, bitkiləri, buludları, bir sözlə - bütün təbiəti
sevincə qərq eləmişdi.
Quşlar uçaraq gəlib çiyninə, qollarına qonur,
buludlar bəzən əyilərək alnından öpürdülər. Ölümündən bəri boynunu büküb duran
çiçəklər isə nazik boğazlarını
otların arasından uzadıb
yenidən yellənməyə başlamışdılar. Hətta dəniz belə - sahildə ötüb-keçənlərə
biganə dəniz - bu işə ürəkdən sevinir, qumsalda ağ ləpələrini nümayiş etdirərək
gülümsəyirdi.
Ancaq, hansı səadət əbədiyyətə qədər ömür sürüb, axı?
Qovaq səhər tezdən oyanıb yarpaqlarındakı çiy damcıları silkələyərək qurutmağa
çalışanda, özündən aralıda bir neçə nəfərin dizi üstə
çökərək ətrafı ölçdüklərini gördü.
Günün günorta çağı gəlib düz
ağacın altında əyləşdilər. Əlindəki çertyojdan memar olduğu bilinən bir nəfər,
qat bağlamış boğazından sahibkar olduğu anlaşılan digərinə: “aparatlar burda
olacaq, laboratoriyalar bəri yanda qurulacaq, lojmanlar isə qərb cəbhəsinə düşəcək”,
– deyə izahat verirdi.
Qovaq davamına qulaq asmaq istəmədi. Eşitdiklərindən
yarpaqları biz-biz olmuşdu. Deməli buralarda fabrik tikiləcək; bu cənnət məkanı
maşın uğultusuna və istehsalat tullantılarına boğacaqdılar. İlahi, yəni görəsən
həqiqətən də dünyada başqa yer qalmamışdı?
Yox, belə vicdansızlıq ola bilməz! Çox təəssüf ki,
oldu. Onlar bu cür rənglərdən, qoxulardan, dənizdən və təbiətdən zövq alacaq
soydan deyildilər. Gözləri burdan daha əlverişli məkan görmürdü.
Hadisədən bir ay sonra sahilin üstündə körpü quruldu.
Plana əsasən lazımi əşyaların dəniz yoluyla nəql edilməsi xərci azaldacaqdı.
Ardınca da dalğaqıran tikərək dənizlə sahilin əlaqəsini kəsdilər. Dalğaqıranın
içində yığılıb qalan miskin, ölü suların dəniz olduğunu isbatlamağa heç dörd
şahid də bəs eləməzdi.
Təkcə dəniz yox, çiçəklər də vəziyyətdən şikayətçiydi. Qızçiçəyinin
ləçəkləri daha qara rəngdə açır, yabanı xaşxaşlar isə vaxtsız solduğuna görə
güldən çox çətənə kollarını xatırladırdı.
Quşların cəh-cəhi tikintidən yüksələn çəkic və drelsəsləri
arasında kümə getdiyindən birləşib xor halında civildəməyi sınadılar. Lakin bu
səs-küylü mədəniyyət konserti ilə bacarmayacaqlarını dərk edən kimi onların da
aqibəti oxşar oldu.
Quşlar küsüb, dəniz susub, çiçəklərsə solunca qovaq
ağacı yetim qaldı. “Kaş ildırım çaxaydı, bir göz qırpımında yox edəydi məni” –
düşüncəsi yaxasından əl çəkmirdi.
Fəqət ildırıma ehtiyac qalmadı. Bir səhər, belindən
qopan kəskin mişar ağrısına yuxudan oyandı və nə baş verdiyini dərk etməyə macal
tapmamış yanıüstə böyürtkənlərin üzərinə yıxıldı.
Qarşıdan fabrik sahibinin bağırtısı eşidilirdi:
- Nə günah? Bizə ağac yox, boş sahə lazımdı, boş sahə!
Guya görmürdüz nəyə oxşadığını?! Onsuz da heç bir işə yaramırdı!
Ardınca üzünü xidmətindəki işçilərə çevirib: Bundan
yaxşı telefon dirəyi çıxar – dedi.
Yaşlı qovaq soyulub əməllicə yontuldu və digər dirəklərsayaq
sulfatla təmizlənib torpağın ağac basdırılacaq qismi şumlandı. Nəhayət görüləsi
işləri yekunlaşdırıb ağacın aşağısını əhənglədilər. Yuxarı hissəsinə konus
formasında sink başlıq taxıldıqdan sonra naqilləri fabrik qovşağına bağlayan
yolda, digər elektrik dirəklərinin arasında ucaldıldı.
***
Beləcə yay keçdi, payız oldu, qış sona çatdı və hər
il olduğu üzrə bahar bir qız zərafətində ətəyini qaldırıb isti rayihəsi ilə çəmənliyə
uzandı. Köçəri quşlar getdikləri diyarlardan qayıdıb, böcəklərlə qurdlar gizləndikləri
dərmə-deşiklərdən çıxdılar.
Qızçiçəyi yenidən sarı rəngə boyandı, yabanı
xaşxaşlar isə bir il öncəki solğunluğunu unudub əvvəlkitək qıpqırmızı açdı.
Bu arada qovaqdan yontulmuş elektrik dirəyi yenə
bütövlükdə gövdəsinə su axdığını duyur, gecə-gündüz sərməst olub gərilirdi.
Nəhayət günlərin birində əvvəla qalın əhəng təbəqəsini
pul-pul qabardan qasnaq bağladı. Sonra da yan-yörəsində ağ, körpə budaqlar dirçəldi
və başdan-ayağa yamyaşıl yarpaqlara büründü.
Buna təkcə kəndlilər, quşlar, çiçəklər deyil, tərsinə
çevrilmiş qəhvə fincanlarına bənzəyən izolyatorlar belə təəccübləndilər.
Arıqlamaq naminə artıq çəkidən əziyyət çəkən arvadı
ilə birgə səhər yürüşünə çıxan fabrikant onu bu halda görüb cin atına mindi:
- Zəhrimara qalasan, bu o aşırtdığımız qovaqdan düzəldilən
dirək deyil? Görürsən də arvad, inadkar damarı tutub, məni necə özümdən
çıxarır!
Kəndlilər, hər nə qədər “yox, bu həmin ağac deyil”
desələr də sahibkarı inandırmağı bacarmadılar.
- Harda görülüb ki, elektrik dirəyi yarpaq açsın? –
deyə fəryad edirdi. – Bu nə hoqqadır? Heç olmaya bundan sonra məftillər meyvə versin.
Biz burda iş görməyə çalışırıq, bu dirək isə durub qol-budaq sallayır. Bütün
elektrik dirəklərində budaq əmələ gəlsə bunları budamağa da gərək ayrıca adam
tapıla, lap deyək ki, adam tapıldı, bəs onlara maaş çatdırmaq olar?
Nitqini yekunlaşdırar-yekunlaşdırmaz mühəndisləri
başına toplayıb, yerindəcə “kəsilsin!” əmrini verdi.
Dərhal nərdivanlı maşın çağırıldı. Fəhlələr naqillərlə
izolyatorları başqa şalbanlara köçürüb yarpaqlı olanı yerə uzatdılar.
Fabrikant özü də əlinə balta alıb, var-gücü ilə şalbanın
qalın gövdəsinə, yarpaq açmış budaqlarına vururdu.
Hirsi soyumadığından, şalbanı xırda-xırda doğratdırdı.
Ağac parçalarının küçənin ortasında təkrar boy atacağından qorxurdu. Hər
ehtimala qarşı, gələn yaz da oxşar məyusluq yaşanmasın deyə qırıntıların gözünün
qabağında yandırılmasını tələb elədi: külünü isə bir dolçaya doldurub, dənizə
boşaltdırdı. Hərçənd indi də küllər dalğalara qarışıb sahilə vura və ya
buxarlanıb yağış dənəsi şəklində çöllüyə yağa bilərdi, lakin fabrikantın ağlı
hadisənin incəliklərinə enməyə yetmirdi. Bu minvalla məmnun və məsrur əllərini
yuyub evinə qayıtdı.
O gecə çiçəklər səhərədək qan ağladılar. Quşlara gəldikdə,
onlar ilkin ah-vay eləsələr belə çox çəkmədi ki, yığışıb bu hərəkətə bir çarə
qılmaq qərarını verdilər.
Ağacdələn:
- Qisas! – deyə bağırdı.
Qocaman sərçə soruşdu:
- Razıyam, amma necə?
Sağsağan dilləndi:
- Dəfələrlə meşəyə ova çıxdıqlarını görmüşəm. Tüfəngləri
çoxdu. Birgə getsək hamımızı qırarlar.
Bayaqdan bəri susub məşvərətçilərini dinləyən təcrübəli
Bayquş yerini rahatlayıb: İçimizdən birini fədai seçməliyik, – təklifini irəli
sürdü.
Hələ sözünü bitirməmişdi ki, piranı qocanın ovcundan
yem yemiş Şanapipik ortaya atıldı:
- Mən gedəcəm. Sabah fabrikin açılış mərasimidir.
Hamınızın intiqamını alacam, əgər məsləhət bilsəniz, bu yolda sevə-sevə
canımdan keçməyə hazıram.
***
Ertəsi gün, erkən saatlardan fabrikin həyətində
canlanma müşahidə olunurdu. Pəncərələrə bayraqlar sancılır, hər tərəfdə göy,
qırmızı lentlər sallanır, bacalar strimerlərlə bəzənirdi. Orkestrin ifasında
müxtəlif simfoniyaların səsləndiyi müddətdə xüsusi avtomobillər dəvətliləri gətirir,
işçilər üzlərində xoş təbəssümlə onları qarşılayıb, amfiteatr tərzində
hazırlanmış tribunalara qədər ötürürdülər.
Kişilərin çoxusu melon şlyapa və smokin geyinmişdi. Qadınlar
isə ağ rəngli uzun libasları
və vüal ilə sanki gün
işığında şəfəq saçırdılar.
Qəfildən dirijor orkestrin ifasını dayandırdı, canfəşanlıq
edən kütlənin səsi kəsildi. Ön cərgələrdə oturan fabrikant ayağa qalxaraq ağır
addımlarla mikrofonların yerləşdirildiyi kürsüyə yanaşdı və qarşısındakı
vərəqləri səliqəyə saldıqdan sonra boğazını arıtlayıb, çıxışına başladı:
- Əziz icra hakimi və möhtərəm qonaqlar!
Bayaqdan bəri gizləndiyi nöqtədən hadisələrin
gedişatını bircə-bircə izləyən şanapipik pıçıltıyla səsləndi:
- Tarixi an gəlib çatdı!
Dərhal da tribunanın üzərində qanad çalıb pərvazlanaraq
irəlilədi və kürsüyə yaxınlaşan kimi fabrikantın daz başını nişan alıb, qarnını
boşaltdı. Baxmayaraq ki, şanapipik quşu
normalda da həmin göstərişin öhdəsindən asanlıqla gələ bilərdi, fəqət o, öz
qabiliyyəti ilə kifayətlənməyib bu tarixi anın şərəfinə bir gün əvvəldən kiflənmiş
kənaf toxumu çeynəyərək üstündən də bol miqdarda dəniz suyu içmişdi. Beləcə dəhşətli
sancılar və minbir əziyyət bahasına hazırladığı cinayət planını indi dayanmaq
bilmədən aşağı tolazlayırdı.
Fabrikant daz başında hiss elədiyi ilk damcının təsirindən
qeyri-ixtiyari olaraq yuxarı baxdığına görə ikinci və üçüncü atış üz-gözünə tuş
gəlmişdi.
Dəvətlilər mat-məətəl qalmışdılar. Qadınlardan ikisi
özünü saxlaya bilməyib, qəhqəhə çəkdilər. Qadınlara baxıb cəsarətini toplayan
digərləri də bu məzhəkəyə qoşuldu. Artıq hamı əyilib-qalxıb qarnını sıxaraq qəşş
edənəcən gülürdü. Gülüşünü əlini ağzına tutaraq boğmağa çalışdığından icra
hakiminin rəngi göyərmişdi.
Fabrikant vəzifəcə özlərindən böyüklərin qarşısında
ikiqat əyilib üzlərinə tüpürülən riyakar insanların kinayəli təbəssümləri
müşayiətində cib dəsmalını çıxarıb sifətini, keçəlini
sildi və hay-küyün azalmasından istifadə edərək çıxış nitqini təzələdi:
- Xanımlar və cənablar! Bu
nəcib hadisə belə təsisatımızın ölkə üçün nə dərəcədəuğurlu və nə dərəcədə mübarək qədəm olacağına dair işarə
sayılmalıdır!
Zəruri giriş cümləsi tamamlandıqdan sonra təkrar qeyd
dəftərçəsinə nəzər salınaraq xidmət və məhsulların istehsal-realizə
strategiyası qonaqlara izah olundu.
Ramin Qasımov
Kultura.az