post-title

Qatil cəsarəti

Keçən ay baş vermiş hadisə yerli informasiya saytlarımıza necə ləzzət etmişdisə uzun müddət xəbər başlıqlardan düşmədi. "Gəlin toy gecəsi bəyi öldürdü". Baxmayaraq ki xəbər yetərincə nəzərəçarpan idi, bəzi saytlar başlığın önünə "Şok! " kimi ifadələr artırmaqla diqqəti biraz da cəlb eləməyə çalışdı. Hələ utanmasalar "flaş! flaş! " da yazardılar. Niyə də yazmasınlar, hər gün gəlin bəyi öldürmür ki?!

 
 
Xəbərə daxil olmamışdan əvvəl beynimdə öz versiyalarımı yaratmağa başladım. Yerli informasiya vasitələrimizin xəyal gücünü nəzərə alıb ən yaxın ehtimal kimi düşündüm ki,yəqin gəlin romantiklik edib bəyi öz əlləri ilə yedizdirmək istəyib, yemək də ilişib bəyin boğazına öldürüb. Lakin məsələ təqdim edildiyi qədər də ciddi çıxdı.
Oxumağa başlayanda məlum oldu ki,hadisə bizdən nə az nə çox bir qitə uzaqlıqda, Nigeriyada baş verib. Oxuduqca hisslərim qarışdı desəm yalan olmaz. Qəzəb, mərhəmət və qəribə səslənsə də paxıllıq. Hə, bəyi və 3 qonağı öldürən gəlinə paxıllıq etdim bir an. Əslində paxıllığım onun qatil olmağına deyil, cəsarətinə idi. Həyatının, gəncliyinin qatili olacaq insanları öldürmək hüquq müstəvisində cinayət sayılır, insanlıq müstəvisində qiymət vermək isə bizim boynumuza düşür.
 
14 yaşlı Vasilə 35 yaşlı kişiyə zorla ərə verildiyi toyda içkiyə zəhər qataraq bəyin və 3 nəfər qonağın qatili olmuşdu. Dəqiq say olmasa da hər gün onlarla, bəlkə də yüzlərlə qızlar zorla ərə verilir. Bir anlıq onların gözü ilə baxdım məsələyə. Qatil adı vurulan Vasilə gözümdə cəsarət tanrısına çevrildi. Fərqli mühitdə, fərqli ailədə doğulsaydım, bu situasiyada qalsaydım mən onun etdiyini edə bilərdim mi? Bir anlıq özümü onun yerinə qoyarkən,mənə lazım olanın cinayətkarlıq deyil, cəsarət olduğunu anlayanda, onun bir qatil olmadığını başa düşdüm. Və paxıllıq etdim.
 
Əlbəttə,qətl son çarədi. Hər halda 14 yaş etdiyi əməlin mahiyyətini dərk etmək üçün kifayət qədərdi. O ana qədər onun yalvarışlarına,göz yaşlarına məhəl qoymayan valideynləri işin bu yerə qədər gələcəyini təxmin etmirdilər. Bəlkə də bu hadisə bundan sonra olacaqların qarşısını almaq üçün cəmiyyətə verilən bir şansdı. Bunu şok xəbər başlığı kimi verib reytinq qazandığımız müddətdə gəncliyimiz neçə-neçə Vasilələr itirir. Etməli olduğumuz onlarda taleləri ilə barışmamaq, etiraz etmək üçün cəsarət yaratmaqdı. Taleyi haqqında verilən qərarlara qızların etiraz haqqını tapdalayan tarixə qarşı ictimai qınaq formalaşdıran tarix yazmalıyıq. Bunu biz etməsək tarix özü Vasilələrin həyatı bahasına edəcək. Yazacağımız hər bir yazı, edəcəyimiz hər bir söhbət gənclərimizin qatili olan beyinlərin içkisinə tökülən zəhər ola bilər.
 
Jalə Səhrəd
 
Kultura.az
Yuxarı