post-title

Erkən evlilik: insan-uşaq haqlarının pozulması

Erkən evlilik insan-uşaq haqlarının pozulması hallarının başında gəlir. Erkən evlilik deyəndə, uşağın iradəsi və istəyi olmadan, soruşmadan evləndirilməsi nəzərdə tutulur (soruşulsa da, evliliyi idrak edəcək zehni inkişafa sahib deyil). BMT-nin uşaq haqlarına dair sözləşməsinin birinci maddəsinə görə 18 yaşa qədər hər kəs uşaqdır.

 
 
BMT-nin əhali fondunun hesabatına görə, dünyada bir ildə 18 milyon uşaq evlənir, bir gündə isə 38 000, 1 saniyədə 13 qız uşağı evlənir. Gürcüstan təhsil nazirliyinin statistikasina görə, isə 2011-ci ilin oktyabr ayından 2013-cü ilin yanvar ayına qədər 7367 qız uşağı məktəbi tərk edib, bunların çoxunun səbəbi evlənməkdir.
 
Erkən evliliyin bir çox səbəbi var, bunların başında adət-ənənələr, sosial-iqtisadi vəziyyət, təhsil səviyyəsi və  ictimai təzyiq gəlir.
 
Ənənəvi cəmiyyətlərdə nəsildən nəsilə keçən rituallar sorğulanmadan qəbul edilməkdədir. Hər bir mədəniyyət nümunəsinə, hər bir obyekt və subyektə fərqli dəyər verirlər, ənənəvi cəmiyyətlərdə də qadınlara insanın təməl haqlarına zidd rollar verirlər. Bu cür cəmiyyətlərdə ailələr – qızın icmadakı işi sadəcə evlənməkdir və qız uşağının gözü açılmadan, yəni dərk etmə qabiliyyətinə çatmadan evlənməlidir deyə düşünülür. Ənənəvi cəmiyyətlər təzyiqci ataerkil-patriarxal icma olduğu üçün kişilər ailədə tək söz sahibi və dominant sayıldıqları üçün özlərinə uyğun, öz ağlına görə büyüdə biləcəyi, sözündən qırağa çıxmayacaq, ərinin heç bir addımını sorğulamayacaq həyat yoldaşı istəyirlər. Valideynlər isə qızlarının evlənmədən cinsi əlaqəyə girmələrinə və hamilə qalmalarına qarşı övladlarını erkən evləndirirlər. Ənənəvi cəmiyyətlərdə evliliyin tək yol olduğunu, tez-gec hər kəsin evlənməsi, övlad sahibi olması gərəkdiyini və nəslinin davam etməsi gərəkdiyini düşünürlər.
 
Ənənəvi cəmiyyətlərdə cəmiyyətin təsiri ilə (filankəsin qızı artıq evli və uşaqları var. Deyəcəklər qızı evdə qalıb və. s) valideynlər qızlarını erkən evlənməyə məcbur edirlər.
 
Erkən evliliyin bir də sosial-iqtisadi tərəfi var. Qız uşaqları ailələr üçün bir yükdür, onların ailə iqtisadiyyatına bir qatqıları yoxdur, yəni istər ailə biznesi olsun, istər ailənin kənd təsərrüfatı olsun, qız uşaqları heç bir istehsal qabiliyyətinə sahib deyillər, buna görə də valideynlər qızlarını tez evləndirmək istəyirlər (ailə zənginliyi tək səbəb deyil, hətta zəngin ailələr də övladlarını erkən evləndirirlər). Valideynlərin maddi səviyyəsi aşağı olduğu üçün (kasıb ailələr üçün) evdə sadəcə oğlan uşaqlarını oxudurlar (patriarxal sistemdə  oğlan önəmlidir, çünki soyu davam etdirən oğlandır). Qız uşaqları üçünsə evlilik səfalətdən qurtuluşun tək yoludur.
 
Təhsil erkən evliliyin həm səbəbi, həm də nəticəsidir. Təhsilsiz insan erkən evliliyin nəsillərin ruhi və fiziki inkişafı üçün nə qədər təhlükəli olduğunu və erkən evlənənin təhsilsiz qalaraq gələcək övladlarına təhsil verə bilməyəcəyinin icma üçün nə kimi təhlükə doğuracağını dərk edə bilmirlər. Təhsil insana dərk etməyi, düşünməyi və sorğulamağı öyrədir. Təhsilli fərd isə köhnəlmiş, icmanın inkişafını əngəlləyən, içi boş adət ənənələləri sorğulamağa başlayar və ya dəyişdirər, ya da aradan qaldırar (hər cəmiyyətdə belə adət-ənənələr vardır ki,  nə dini təməli, nə milli təməli nə də mantiqə uyğun təməli vardır).
 
Erkən evlilik erkən hamiləlik deməkdir, bu da doğum üçün böyük risk yaradır, həm ana, həm də uşaq üçün. .. Bioloji olaraq insan fiziki və ruhi olaraq 18 yaşa qədər inkişaf edir, hər nə qədər fiziki olaraq 18 yaşdan aşağı olan qızlar hamilə qala bilsələr də, hamiləlik və doğum onlar üçün böyük risk yaradır (15-19 yaş arası doğum zamanı ölüm riski 20% artmaqdadır). Eyni zamanda uşaq yaşında ana olan bir uşağın körpə böyütmək üçün nə təcrübəsi var, nə də biliyi (uşaq bir canlı varlıqdır, barbi kimi bir oyuncaq deyil).
 
Cəmiyyət müasir dunyaya ayaqlaşa bilmək üçün erkən evliliklərə son qoyub təhsilə önəm verməlidir.
 
Benyamin  Kasimov
 
Gürcüstan
Yuxarı