Məsələn, “Aydın” pyesində böyük dramaturq ailə məişət problemləri nəticəsində yaranan izdihamlardan, “Od gəlini” pyesində Azərbaycan xalqının qədim tarixindən, “Sevil” pyesində qadın hüquqsuzluğundan, qadın azadlılığından bəhs etməklə xalqımızın tale yüklü məsələlərinə əsərlərində geniş yer vermişdir. Onun zəngin yaradıcılığının dəyərli nümunələrindən olan “Oqtay Eloğlu” pyesi də məhz bu nöqteyi nəzərdən maraqlıdır.
Oqtay – milli teatr yaratmaq üçün milli özünüdərkdir. O, XX sərin əvvəlləri olmağına baxmayaraq hələ də, milli Azərbaycan teatrının olmamasına qarşı laqeyid dura bilməyən səhnə fədaisi, istedadlı aktyordur. Oqtay kasıbdır, bacısı və anası çətinliklə dolanaraq bir tək ümüdünü ona bağlayıb. Ailəvi dost olan Səməd bəy dəfələrlə Oqtayı bu fədakarlıqdan uzaqlaşmağı pul qazanmaq üçün, ailəsini dolandırmaq üçün başqa gəlirli iş yerlərinə getməyə sövq etsə də, heç nəyə nail ola bilmir. Oqtay da yalnız bir amal, bir istək olur. Milli Teatr-Səhnə-Köhnəliyə və geriliyə qarşı mübarizə. O, özünü xalqın övladı, xalqın parçası sayır. Məhz buna görə də, o özünü Oqtay Eloğlu adlandırır. Hətta ona və bacısının çətin dolanışığına göz yumaraq onlara görə öz prinsip və istəklərindən vaz keçmir.
Həqiqətəndə o, öz taleyini bu cür seçərək səhnə üçün böyük işlər görsə də, böyük bir vahidin kiçik bir parçasına çevrilir və həyat ona ardıcıl olaraq zərbələr endirərək onu səfilə çevirir. Əsərdə həmçinin, Oqtayı hər zaman onu sevən, onun sənətinə və aktyorluq məharətinə daim pərəstiş edən, onun kimi zəmanəsinin qurbanına çevrilən bir şəxs də var – o da ki, Firəngizdir. Oqtayı ülvi sevgi ilə sevən Firəngizi meşşan cəmiyyədə özünə nüfuz qazanmaq istəyən, Oqtayı öz ailəsinə yaraşdırmayan qardaşı Aslan onu Oqtayın qarşısında sevgisini inkar etməyə vadar edir. Məzlum cəmiyyətdə yeganə ümüd yeri, işıq sorağı olan Firəngizdən zərbə alan Oqtay tamamilə mənən sınır, öz amalı uğurunda daha da sərt mübarizə apararaq mənfur şəxslərə qarşı çıxır, sürgün edilir və 10 il müddətində vətənində səssiz-soraqsız qalır.
Yalnız 10 ildən sonra vətənə dönən səfil Oqtay, qardaş qayğısından məhrum qalan və bir müddət Firəngizdən maddi və mənəvi kömək alan, lakin dilənçi kökünə düşmüş bacısı Sevərdən, onuntək acı taleyi olan Firəngizdən, öz canından belə keçməyə razı olduğu, yeganə amalı olan vətənindəki “teatr”dan, xalqından belə xəbərsizdir. Bacısını sonradan tanıyan Oqtayın dediyi bir kəlmə onun peşimançılıq hisslərindən xəbər verir: “Zavallı bacım... Səadətini Teatr qədər sevdiyim bu xalq bircə səni də yaşatmadı. Zavallı! Həyatın varlığını unutdurduğu qiyamətin arasında 3 şeyi düşünürdüm: bu zavallı xalqı, səni, bir də o bivəfanı ki, sevdim.... Fəqət səni mən bədbəxt etdim. Mən varlı-adlı bir adam olsaydım, hər gün yüzlərcə elçilər gələr, səni almaq istərdilər. Fəqət bu hal ilə səni kim alacaqdır! Qalx yavrum, sən də mənim kimi səfilsən, qalx bərabər gedək”.
Əsərdə mənən sındırılandan sonra Oqtay səhnədən də uzaqlaşmaq istəyir, əvvəlki tək səhnə fədaisi olmur, səfil həyatına üstünlük verir. Yalnız bacısının ağır durumunu gördükdən sonra o yenə səhnəyə qayıtmağa razılıq verir. Onun illər öncə çalışdığı teatr sanki əvvəlki kimidir. Burada hələ də, onun sayəsində qabağa gedən məsuliyyətsiz rejissor Şəkinski, onunla səhnəni bir bölüşdüyü və onun üzərində Oqtayın böyük zəhmət tökdüyü gürcü aktrisası Tamara, eləcə də digər aktyorlar- Rüstəm, Dursun, Şaqqulu bu səhnədə qalmaqdadır. Yaratmaq istədiyi əsl Milli teatr, böyük bir yeniliklər yoxdur. Artıq əvvəlki həmkarları Oqtayı milli teatrı yaratmaq istəyən böyük bir fədakar kimi görmürlər. Özlərini Oqtayın keçmiş dostları kimi təqdim edən Səməd bəy, Xaspolad kimiləri onun teatra qayıdışından pul qazanmağı düşünərək səhnəyə qaytarmaq, Şəkinski, Tabasaranski kimilər isə Oqtayı sənətdə rəqib kimi görərək onu səhnədən uzaqlaşdırmaq istəyirlər.
Oqtayı sevməyənlər çoxdur. Onun heç əsl dostu belə Yoxdur... Özlərini Oqtayın dostu, qardaşı kimi qələmə verən Xaspolad və Səməd ona qardaş, dost deyərkən Oqtay onaların süniliyini ifşa edəcək bir sual verir – “Dostluq, Qardaşlıq! Yaxşı dostlar, qardaşlar, hanı mənim bacım? Dostlar sizi arxasınca gəzdirən mən deyiləm, puldur, pul!” Həqiqətəndə əsərdə bunun şahidinə çevrilirik. Özlərinə Oqtaya dost, qardaş adları verən Xaspolad və Səməd bəy 10 il ərizində bircə dəfə də olsun onun bacısından xəbər tutmurlar. Lakin Oqtayın səhnəyə qayıdışından pul qazanacaqlarını bilərək dərhal ona qardaşlıqdan, dostluqdan söz açırlar. Oqtay yenə səhnəyə qayıtmağa qərar versə də, onun bu qayıdışından məyus olanlarda az deyil. Şəkinski və Tamara Oqtaya öz uğurlarında borclu olmalarına baxmayaraq, pula satılıb ona yenə zərbə vururlar. Tamara Şillerin “Qaçaqlar” tamaşasında Amaliya rolunu oynayaraq Karl rolunu ifa edən Oqtay ilə məhz tamaşa zamanı bir səhnəni bölüşməkdən imtina edir. Tamaşaçılar riqqətə gəlir, qəzəblənir. Burada da Oqtayın çox maraqlı bir nitqi söylənir:
"Səfil xalq! Nə bağırırsan?! Səndə sənətkar qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan, öl!"
İllər öncə xalqı böyük məhəbbətlə sevən, onun müqəddəratı uğrunda mübarizə aparan Oqtay indi isə xalqı qəzəbli baxışları ilə süzür, sərt nitqi ilə acılayır. Lakin həqiqəti söyləyir... Xalqdından hələ də bu 10 il ərizində bir fədakar sənətkar xanım çıxmamışdır və teatr Tamara kimi meşşan əcnəbilərdən asılıdır...
Oqtayın sözləri qarşısında laqeyid qala bilməyən Firəngiz məhz özü teatrda ilk milli qadın aktrisası olaraq səhnəyə daxil olur və Oqtayla eyni səhnəni bölüşməyi qərar verir. Lakin Oqtay nə onu Şillerin yaratdığı obraz - Amaliya kimi, nə də özünü ataman Karl kimi görür. O, səhnədə Şillerin qəhrəmanı kimi deyil, məhz real Oqtay obrazını oynayır. O, öz idealı, öz eşqi, öz taleyi, öz Tanrısından intiqam almağı illər öncə söz verir və səhnədə o, öz sözünə əməl edərək Firəngizin acı həqiqətlərindən xəbərsiz olaraq onu öldürür. O, Firəngizi öldürməklə bəşəriyyətə qarşı olan etirazını, son mübarizə əzmini bildirir. Əsərdə onun bu durumunu əks etdirən olduqca parlaq bir monoloqu səslənir: “Qoy bu şaşqın bəşəriyyət bir dəfə də olsa həqiqəti görsün, görsün ki, o bir heçdir. Sən özün də bir heçsən, yaratdıqlarında! Bacarmırsan yaratma, yaradırsan yaşat! Sən yaratdığın Firəngiz indi yoxdur, fəqət mən yaratdığım Firəngiz əbədidir. Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərərk yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı günahsızmı? Əski mühitin bu gülünc heykəlimi? Yoxsa alman dahisi böyük Şillermi?”
Oqtay bəşəriyyətin yaratdığı və formalaşdırdığı, bəşəriyyətin mənən məhv etdiyi məsum Firəngizi öz şəxsi intiqamına görə öldürmür. O, Firəngizin simasında bəşəriyyətin öz sərt qanunları ilə bədbəxt ediyi yüzlərlə qadın taleyinə acıyır və bəşəriyyətə etiraz edərək onun yaratdığını məhv etmək üçün öz mübarizə əzminin ən pik həddinə çataraq əliqanlı qatilə çevrilir. Əslində əsl qatil yüzlərlə məzlum insanları məhz bu cür mənən öldürən, mənən məhv edən bəşəriyyətdir. O, isə bəşəriyyətin qurbanlarından biri olan - saxtalaşmağa, süniləşməyə vadar olan Firəngizi yalanlardan təmizləyərək, ona əvvəlki məsumiyyəti bəxş edərək əbədi yaşadır. Əsərin əvvəllərində özünü xalqın ayrılmaz bir parçası görən, mənən güclü olan və yalnız sənət, teatr fədaisi olaraq bəşəriyyətin amansız qurbanlarından birinə çevrilən Oqtay - mənən ən ali keyfiyyətlərini itirərək əsərin sonunda bəşəriyyətdən intiqam almaq arzusuna susamış bir qatilə çevrilir.
Oxucu kimi bu əsərə dair daima özümə bir sualı verirəm. Cəfər Cabbarlının yaratdığı Oqtay Eloğlu xaqlın bir parçası olan bəşəriyyətin, zəmanəsinin qurbanı olan bir fədakardırmı, yoxsa hər şeyi öz şəxsi ambissiyalarına qurban verən, prinsipləri ilə yaşayan insan??? Bir oxucu kimi düşünürəm... Əgər Oqtay öz şəxsi ambisiyyalarını düşünməsəydi, bəlkədə Firəngizdən ayrılmazdı, bacısı səfil kökünə düşməzdi, həqiq dostlara rast gələ bilərdi... Lakin digər tərəfdən isə öz-özlüyümdə başqa bir cavab tapıram. Oqtay Eloğlu kimilər olmasaydı, bu gün teatr mədəniyyəti, teatr səhnəsi, milli teatr olmazdır!!! Oqtay XX əsrin əvvəllərində Milli Teatr amalı uğrunda mübarizə aparan yüzlərlə səhnə fədailərinin prototipidir....Və burada C.Cabbarlının Oqtayın dilindən söylədiyi bir monoloqu diqqət yetirmək istərdim...
“Başqalarında səhnə, mədəniyyət, hər şey var. Bizdə yox! Yaşaqmaq istəyiriksə yaratmalıyıq. “Xalq” və “Mən”- bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya da o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu seçdim. Və o gündən mən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, böyük bir vahidin kiçik bir parçasıdır...!”
Məhz O, çoxlarının cəsarət etmədiyi biri işi edərək milli teatr səhnəsinin yaranması uğrunda kimliyini, varlığını, xoşbəxt taleyini qurban vermiş əsl fədaidir.
Cünki O - Oqtay El oğludur.
Humay Fərəcova
Kultura.az