Oxuduqlarım, gördüklərim, eşitdiklərim - bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim ədəbiyyatımızın ən böyük problemlərindən biri odur ki, yazarlarımız öz həyatlarını yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. Sovet dövründə formalaşmış yazıçı obrazından xilas ola bilmirlər. Həm geyimləri, həm də davranışları ilə sovet ənənəsini davam etdirməkdədirlər. Baxırsan adama, adam heç yazıçıya oxşamır. Əlbəttə, mən artistliyin əleyhinəyəm. Sənət adamlarının qəribəlikləri olur. Lakin bu qəribəliklər təbii olmalıdır, kim manipulyasiya edirsə, axırda gülməli vəziyyətə düşür. Artistlik edənlər yalnız yarımçıq adamların diqqətini cəlb edə bilər, bir az sənətdən başı çıxanlar isə onlara güləcəklər. Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur. Hətta Çingiz Aytamatov belə, gənclik illərindəki sevgisindən danışmışdı. Gözəl xatirələrdir. Adam oxuyur, ləzzət alır. Dəmiryol vağzalında ayrıla bilmirlər. O, bunu Moskvaya ötürür, bu onu Peterburqa ötürür. Bizim hansı yazıçımız arvadın qorxusundan belə xatirələrini bölüşə bilər?
Yaddaş yazıçının ən böyük sərvətidir. Bizimkilər bu sərvətdən özlərini məhrum ediblər. Çünki çərçivədədirlər. Qayğıkeş ata, nümunəvi ailə başçısıdırlar. Belinskinin təbirincə desəm, isdedadsız adamlar özləri haqqında yaza bilmirlər. Onlar özləri haqqında yaza bilməməklə, həm də istedadsız olduqlarını sübut edirlər.
İkinci bir böyük problem var. Yazarlarımız sadə görünməkdən qorxurlar. Düzdür, ədəbiyyatda şərtilik olmalıdır. Ədəbiyyatın babalarından biri, Flober deyirdi ki, şərtiliksiz ədəbiyyat mövcud ola bilməz. Lakin bizim yazıçılar əksər hallarda şərtiliklə süniliyi qarışdırırlar. Günəşi küləş başa düşürlər. Onlar sadə görünməkdən qorxurlar, ona görə də təkərə düşüb axmaq-axmaq mətnlər yazırlar. Onlar içki masası arxasında daha çox yazıçı olurlar. Yazı masasının arxasına keçdikdə isə poza alırlar və axmaq əhvalatlar uydururlar. Əslində isə içki masasında danışdıqları, yazdıqlarından daha çox ədəbiyyatdır. Onlar içki masasında danışdıqlarını yazsalar, daha çox uğur qazanarlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər. Nəticədə gülməli vəziyyətə düşürlər. Yazar, yaza biləcəyi şeyləri yazmalıdır, amma yaxşı yazmalıdır. Bir çox uşaq yazıçıları itdən, pişikdən, atdan, qatırdan, maraldan, xoruzdan, donuzdan, balıqdan, buluddan, küləkdən nə bilim bütün canlılardan və təbiət hadisələrindən yazıblar. Amma onların adları ən məşhur yazıçıların adları ilə bir sırada çəkilir. Məsələn, Lenin öz əsərlərində Saltıkov Şedrinin adını dörd yüz dəfə çəkmişdi. “Qulliverin səyahəti” əsəri ümumilikdə uşaq ədəbiyyatı sayılır, amma bununla bərabər, həm də dünya ədəbiyyatının ən güclü nümunələrindən biridir. Tomas Vulfun bu əsər haqda gözəl sözü var, deyir, “istənilən ciddi sənət əsəri avtobioqrafikdir və mən Qulliverin səyahəti əsərindən daha avtobioqrafik əsər tanımıram”. Əlqərəz, nədən yazmaq, necə yazmaq, hansı janrda ifadə etmək çox əhəmiyyətli məsələlərdir. Gərək hər bir yazar bu məsələləri özündə həll etsin. Cavab tapmaqda çətinlik çəkdikdə inandığı adamlardan soruşsun. Memuarlar oxusun. Anderson öz sadə, amma mükəmməl nağılları ilə milyonlarla insanın ürəyini fəth etdi. Dünyanın bir çox ölkələrində Andersonun nağılları oxunulur, sevilir, çizgi filmləri çəkilir. Anderson adına mükafat var. Avropada uzun müddət insanları uşaq əsərləri ilə tərbiyə ediblər. Həmin əsərlərdə “insan necə yaşamalıdır” sualı öz bədii həllini tapmışdı. Yəni itdən, pişikdən, almadan, qarğadan, arıdan, qarışqadan, cırcıramadan, divdən, əjdahadan nağıl da yazıb məşhurlaşmaq, əbədiləşmək mümkündür. Sadəcə, necə yazmaq söhbəti var hələ. Xüsusən gənclər güclərini dəqiq hesablaya bilmədiklərinə görə yazılarında bəşəriyyətin ən dahi adamlarının əsrlərdi cavab tapa bilmədikləri suallara cavab tapmaq istəyirlər. Bəli, gəncliyin iddiasi alqışlanmalıdır. Amma onlar sadə məsələlərdən yazsalar, həm özlərinə çox əziyyət verməzlər, həm də cəmiyyət bir fayda görər. Yazsınlar görək nə yemək istəyirlər, yeyə bilmirlər. Nə geymək istəyirlər, geyə bilmirlər. Evdən onlara nə qədər pul verirlər. Tələbatlarını necə yola verirlər. Hansi kitabı oxuyurlar. Hansı filmlərə baxırlar. İnsan heç olmasa, özünə qarşı səmimi olmalıdır. Bir əsərdən xoşun gəlmirsə, açıq de ki, xoşum gəlmədi. Çətinliklə oxudum. Heç vaxt kütlənin qəbul etdiyi normaları qanun kimi qəbul etmə. Kafkadan xoşun gəlmədisə, de ki, gəlmədi. Başa düşmədinsə, de ki, başa düşmədim. Heç nədən qorxma. Heç bir tiraj, ad, mükafat qarşısında həyəcanlanma. Böyüklük sadəlikdədir. Bir çox yazarlarımız sadə görünməkdən qorxaraq davamlı olaraq uğursuzluğa düçar olurlar. Yapon yazıçısı Misima deyirdi: Mən enerjimin böyük bir hissəsini daima maraqlı görünməyə sərf etdim.
Problem ondadır ki, bir dəstə yazıçı müdirə oxşayır. O biri dəstənin də başı maraqlı olmağa o qədər qarışıb ki, ədəbiyyatın özü yaddan çıxıb. Böyüklər heç, onları artıq itirmişik, heç olmasa, gənclər, balacalar onların səhvlərini təkrarlamasınlar. Araq adamdan yazıçı düzəltmir. Onda gərək dünyanın bütün alkoqolikləri yazıçı olaydılar. Ədəbiyyatda lətifələrlə yox, yazılarla qalın.
Bizim ölkədə bir neçə adam haqqında yüzlərlə əhvalatlar var. Amma mən o adamların oxumağa üç səhifəlik yazısını tapa bilməmişəm. Ona görə heç vaxt onlara marağım olmayıb. Baxmışam ki, onlar haqqında iştahla danışan adamların çoxu aqrar təfəkkürlü, savadsız, yarımçıq, ən uzağı tamada olacaq adamlardır. Ölkədə bu qədər yazan-pozan var. Bu qədər yazıçı, şair adına iddialı adam var. Amma bu qədər adamın içində cəmisi on - on beş adamla oturub adam balası kimi ədəbiyyatdan, əsərlərdən danışmaq, informasiya mübadiləsi etmək olar. Qalanları savadsızdır. Onların başındakılarla ancaq tost demək olar. Çünki oxumurlar, avaradırlar. Heç nədən xəbərləri yoxdur. Bu mənada hansı adamlarla ünsiyyətdə olmağın çox böyük əhəmiyyəti var. Bizim yazarlarımızın çoxu, seyid cəddinə arxayın olan kimi öz istedadlarına arxayın oldular, oxumadılar, zəhmət çəkmədilər. Nəticədə, tamadaya çevrildilər. Bu gün bizim ədəbi muhitimiz tamadalarla zəngindir. On-on beş adamı çıxmaq şərti ilə demək olar ki, hamısı tamadadır. Bu tamadalar üstəlik cəmiyyətdən hörmət tələb edəndə lap belə gülməli görünürlər. Uğura aparan maşının motoru yalnız bir yanacaqla işləyir. Bu yanacağın adı alın təridir
Seymur Baycan
"Publika.az"