post-title

Y.V.Çəmənzəminlinin “Student”lər romanı haqqında yazı

Müsabiqə üçün təqdim edilib

 
Var  oluşun, mövcudluğun fəlsəfi anlamı həqiqətənmi biz qavradıqlarımızdır? Həqiqətənmi, bir toplumun mövcudluğunu onun mədəniyyəti, ədəbiyyatı və bunlarla qidalanmış ruhu şərtləndirir? Toplumun fərdiləşmiş mədəniyyət, incəsənət yaratması zərurətdirmi? Minilliklər boyu var olan xalqlar ədəbiyyatla, sözlə, fikirlə mənəviyyat qalalarını tikdilər. Bu qala o vaxt möhkəm, yenilməz olur ki, xalqının ədəbiyyatı, incəsənəti insanlarının azad ruhundan süzülüb gəlir. Çünki yalnız azad ruh xalqın istiqlalının, təşəkkülünün vacibliyini öz şüur süzgəcindən keçirib, toplum üçün tarixin hər dönəmində şüurlu mədəniyyət, mənəviyyat kimi tükənməz xəzinə bəxş edir. Ədəbiyyatımız uzun müddət Azərbaycanımız kimi yad düşüncəyə, yad şüura əsir düşmüş və insanlığa, onun fikir və xəyalına xidmət etmək missiyasını az qala itirmişdir. Ədəbiyyat və ümumilikdə incəsənət insanların maddi və digər iyrənc maraqlarına xidmət edirsə, o bizim mənəvi tələbatımızı, ruh aləmimizi zənginləşdirə bilməz.
 
Nəinki bir xalqın ədəbiyyatı, ümumilikdə dünya xalqlarının ədəbiyyat və incəsənəti eyni mübarizə yolunu keçmiş, insanın azad düşünmək, qəlbinin həyəcanını duymaq, dəyərlərini özü seçmək haqqı uğrunda elə insanlığın özü ilə amansız mücadilə etmişdir. Dünya xalqlarının ədəbiyyat və fikir tarixinə nəzər salsaq, ictimai-siaysi maraqların toqquşması, insanların zaman üstü düşüncələri həzm edə bilməməsindən dolayı Nitşenin, Kafkanın fəlsəfi fikirləri və adını xüsusilə qeyd etməyi lazım bildiyim irland modernist yazıçı və şairi Ceyms Coysun ədəbiyyat aləmində təlatüm yaratmış və nəsrin yeni istiqamətini müəyyənləşdirmiş “Uliss” romanı, novellalardan ibarət “Dublinlilər” kitabı, ümumilikdə yaradıcılığı, mütərəqqi fikirləri cəmiyyətdə fikir inqilabı yaratmış və tarixin müxtəlif dövrlərində bu kimi fikir adamları və əsərləri şüurlardan sürgün edilmişdir. 
 
Ədəbiyyatımız təkcə xalqının geriliyindən əziyyət çəkməmişdir, bununla yanaşı ən yaxın keçmişimizdə ədəbiyyat qanlı repressiyalarla döyüşmüş, onu müəyyən bir qrupun, partiyanın ədəbiyyatı etmək istəyənlərə qarşı amansız mübarizə aparmış və hələ də bu mübarizə getməkdədir. Ədəbiyyatın tribunası “xalq auditoriyası”ndan sürgün edilir. Bu amansız mübarizədə ədəbiyyata sözü ilə qala tikən memarlar bu yolda çəkdikləri zəhmətləri, gördükləri məhrumiyyətləri, alınlarının qırışlarında yatan əzabı tikdikləri söz qalasının hər kərpicinə hopdurmaqla daha gözəl, daha zövqverici əsərlər yaratmışlar. 
 
Belə əsərlərdən biri də əsərləri ilə, həyatı ilə xalqımızın istiqlalı, maariflənməsi uğrunda mübarizə aparmış sözün əsil mənasında azadlıq mücahidlərindən biri, biz gənclər üçün örnək ziyalı obrazı Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanıdır. Azərbaycan romançılığını bəşəri dəyərlər səviyyəsinə qaldıran yazıçı “Studentlər” romanında ictimai-siyasi vəziyyəti, insanların fərqli düşüncələrini şərh etməklə keşmişimizdən gələcəyimizə nicat üçün əl uzatmış, bizlər üçün mübarizə manifesti yazmışdır. Silsilə romanın “1917-ci ildə” adlanan ikinci kitabı da eyni ideyanı, eyni qayəni özündə birləşdirir. 1917-ci il hadisələrini şərh etsək, görərik ki, məhz o dövrdə tələblərimizin əməli fəaliyyəti nəticəsində ictimai-siyasi hadisələr sürətlənmiş və dəqiqləşmiş hədəf almışdır.
 
Çəmənzəminli, Rüstəmbəy, Azərbaycan xətti bu gün də davam etməlidir. Ziyalılardan dövlətçiliyə gedən xəttin inkişafı nəticəsində ilk təhsil görmüş milli ziyalılarımızla milli dövlətimizi qurduq. Ancaq bu hələ hər şey demək deyil. “Studentlər”in üçüncü kitabını mən yazardımsa, 1937-ci illərdən yazardım, çünki bu dövr studentlərin yaratdıqlarının, milli ziyalılığın tənəzzül dövrü idi. Elə bu tarixi yaşadığımızdan dolayı bugünki studentlər yenə hər şeyi sıfırdan başlamaq məcburiyyətində qalıb.
 
“Studentlər” romanı bu gün yazılsaydı, Rüstəmbəy necə obraz olmalı idi? Onun qarşısında bugünümüzün hansı mühüm tələbləri qoyulmalı idi? “Studentlər” romanının qəhrəmanı Rüstəmbəy əslində yazıçının əsərdəki obrazıdır. O Rüstəmbəy vasitəsilə nicat yolunu dövrü üçün gecikmiş hesab edir, ancaq o bu obrazla o yolu bizə göstərir. Rüstəmbəy dövrünün dini fanatizmindən, yalançı vətənsevərliyindən, təşkilati işlərin düzgün getmədiyindən, millət sevgisinin olmamasından əzab çəkir. Ümumiyyətlə, yaşamımızın rəngi çoxmu dəyişib? Bu əsər haqqında məqalə yazmaq üçün onu bir daha dərindən oxudum. Bir tələbə kimi düşündüm ki, sanki yazıçı məni, mənim tələbə dostlarımı eynilə əsərə köçürüb. Fikir, düşüncə, avtobioqrafik cəhətcə də, eyni tələbəyik. Bəs dəyişən nədir?
 
Biz tələbələrin də arasındamı bu əsərdə olduğu kimi tez-tez seçki, millət, millətin oyanışı haqqında müzakirələr gedir? Tələbələrdən biri olan Şirin bədbin fikirli yoldaşı Cəlala belə cavab verir: “- Sözümü kəsmə, bir az hövsələn olsun. Biz yeni mədəniyyətə yalnız 1905-ci ildə başlayırıq. 5 ildir. Yaxşı, beş ildə azmı irəli getdik? Bu gün mətbuatımız, nəşriyyatımız, teatrımız, az-çox milli məktəblərimiz var, ziyalılarımız yavaş-yavaş yetişir. Daha nə istəyirsən? Əsrlər boyu yatmışdıq. Bu gün ayılmışıq.” Bu sadalananlar üzərində xaricdə təhsil alan ilk diplomatlarımız olan müxtəlif baxışlı studentlərin çiyinləri üzərində bir neçə ildən sonra demokratik Respublikamız yaranacaq. Onlar ilk seçki texnologiyasına tələbə cəmiyyətlərində nail oldular. Onlar öz üzvlərini seçki ilə təyin edirdilər. Tələbə cəmiyyətləri sanki gələcək müstəqil Azərbaycanın, bu günümüzün kiçik modeli idi. Tələbələr qruplara bölünmüşdülər. İçlərində Qulu kimi işbazları, Həsən kimi sadəlövhləri də var idi. İran müsafirinin xoşuna gələn sözləri onun dilində işlədərək, ondan bir nişan alıb, özgə mundiri ilə qürrələnən Bəhram da, bir tələbə nümunəsi idi. Bu gün cəmiyyətimizdə özgə mundiri ilə başa keçən azmıdır?
 
Müxtəlif fikirlərdə olan tələbələr elə qızğın müzakirələr aparırdılar ki, sanki Roma senatorlarından siyasi dərs almışlar. Onlar ən müxtəlif dil, din, millət, milli hisslərlə bağlı müzakirələr aparırdılar. Ana dili uğrunda gedən müzakirələrdə ən obyektiv tənqid Rüstəmbəyə məxsusdur: “- Vaxt tapılar, həvəs yoxdur, milli hiss yoxdur. Baxın, polyakların milli məktəb açmağa haqları yoxdur. Hökümət polyak dili və polyak mədəniyyəti ilə şiddətlə mübarizə edir, buna baxmayaraq, polyak dilini bilməyən, öz dilində danışmayan bir polyak tapılmaz. Polşaya göndərilən rus məmurlarını belə polyaklaşdırırlar ...” Rüstəmbəyin bu qənaətə gəlməyinə səbəb nə idi? Təbii ki, Rüstəmbəy təəssübkeşliyindən dolayı emosional idi. Bu yazıçının daxili iztirabı, hiss və həyəcanı idi. Yazıçının Azərbaycanın gələcəyi ilə bağlı iztirablı düşüncələrinə əsər boyu rast gəlirik.
 
Yazıçı sülhlə bağlı düşüncələrini də, Rüstəmbəyin dili ilə ifadə etməkdən çəkinmir, o Qafqaz haqda belə deyir: “Qafqaz ləfzi bir eşq mücəssəməsi deyilmidir?” Bu ifadə oxşar həyat tərzi keçirən Qafqaz xalqlarına verilən yüksək qiymət idi. O sanki bütün xalqların adından Qafqazı təmsil edir. Erməni-türk vuruşması ilə bağlı müzakirə edərkən Rüstəmbəy: “- Ah, bizim ziyalıların tarixi yazılsa da: ittihadi-islam, Turan ... min bir çarpışma ... Keçilən yolların böyük qüsurlarına baxmayaraq axırda öz doğma ölkəmizin siyasi, iqtisadi və mədəni ehtiyaclarına dönəcəyik, ermənilərlə də, barışıq yolu bulacağıq ... Bunlar olacaq. Xalqımıza fayda verəcək ziyalılar da, yetişəcək. Bu da mütləq olacaq! Ancaq Cəlal kimi bədbin olmağa da gəlməz: mədəniyyətə doğru yeni addım atan xalqların tarixində də belə şeylər olmuşdur. Yeni yetişənlər yaxşı olarlar ... ” Yazıçının qəhrəman obrazı gələcəyə ümidlə baxır. Çəmənzəminlinin ümidlə baxdığı gələcək bizik. Bu günümüz Çəmənzəminlini qane edərdimi? 
 
Rüstəmbəy dini kitabları, Volteri, Spenseri oxuyur. Yazıçı niyə öz qəhrəmanına bunları oxudur? Volter kim idi? XVIII əsr Fransa maarifçisi idi. O feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanmışdı. Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xürafatları çıxarmaq idi. Rüstəmbəyin missiyası da, bu deyildimi? Spenserin yaşamı və eşq düşüncələri ilə Rüstəmbəy Sofya xanıma: “ - Bir-birimizə yad və naməhrəm olduğumuzu unutmayın! ” Elə bu qətiyyətlə də, sonda öz ehtirasına qalib gəldi. “1917ci ildə” adlanan ikinci kitabda da, Rüstəmbəy elə həmin qətiyyətlə, Musyanın ehtiraslı pəncəsindən yaxa qurtardı. Yazıçının məqsədi burada ehtirası, eşqi insana yad hesab etmək deyildi. Əslində Rüstəmbəy eşq yaşadı, eşqsiz qalmadı, ancaq o ehtiras çələnginə düşəndə, eşqin şirin yerində yazıçı qəhrəmanının gözü doymamış, qəlbi sərinləməmiş ona qaba səslə səsləndi: “- Rüstəmbəy, sənin hələ görüləcək işlərin çoxdu.
 
Mənim məqsədim bu əsərdə Romeo yaratmaq deyil, milli ziyalı obrazı yaratmaqdı. Sənə eşq bura qədər bəsdi. Mənim əziz qəhrəmanım, Azərbaycanımız, millətimiz haqqında düşüncələrimizi oxucularımızla paylaşaq, millətimiz istiqlala qovuşsun, sonra səni növbəti əsərimdə ehtiraslı, tükənməz sevgiyə qonaq edəcəm.” Əsərdə Kiyevdə təhsil alan yeganə Azərbaycanlı tələbə qız olan Fatma xanıma yazıçı “millət qızı” ehtiramını göstərmişdir. Onun tələbə dostları onun qaldığı yerə “millət evi” deyirdilər. Yazıçının mənəvi yüklənmiş obrazlar yaratmaqda məqsədi nə idi? Yazıçının reallıqdan uzaqlaşdığını düşünə bilərik, ancaq o Qulu kimi obrazla reallığa qayıdır.
 
Düşünməyin ki, yazıçıdan fərqli olaraq, “millət qızı” ifadəsini Fatma xanıma çox görürəm. Sadəcə o dövrdə, elə bugün də, milli düşüncə gənclərin, studentlərin çiynində daşınır. Şəxsi həyatlarını mübarizəyə sərf edən studentlər Romeo, Cülyetta ola bilmir. Neçə-neçə studentlər nəsli milli düşüncəni şüurlara yerləşdirə bilmir, biz hələ də, təmənnasız olaraq, “millət oğlu”, “millət qızı” olmalıyıq. Bütün zamanlarda student olmalıyıq. Rüstəmbəy sanki bütün zamanların studentləri adından: “İnsan nə tühaf məxluqdur: sanki dünyada başqa işlər yoxmuş da,  qanlı vuruşmalarda, mücadilə və çarpışmalarda istirahəti-qəlb arayırmış!.. Yox, bu doğru yol deyil; özünə tərəf dönməli, şəxsi səadət aramalıdır!..” Rüstəmbəydə canlanmış bu ikilik səadətini millətinə qurban vermiş bütün studentlərin daxili aləmidir. Hər şeydən öncə yazıçının özünün keçirdiyi iztirablardır. Axı, o da, bütün həyatı boyu student olmağa qərar verib.
 
Çəmənzəminli təsvir etdiyi obrazların yaşam rəngləri içərisində təbii olaraq üstünlüyü Rüstəmbəyin rənginə verdi. Çünki əsərin əvvəlində Rüstəmbəy qəhrəman səviyyəsinə yüksəlmir. Hadisələr davam etdikcə, Çəmənzəminli öz obrazını qalib edir, onun düşüncələrinə haqq qazandırır. Rüstəmbəy Qulu kimi ikiüzlü, yatmış tələbə dostlarını ayıltmaq üçün ən güclü nitqini deyir, bu nitq yazıçının xalqına iztirablı səslənişi idi: “ - Əfəndilər, dedi, - nitq nə üçün söylənər – bilirsinizmi? Bir adamın fikir və əqidəsini ətrafdakılara nəqş etməkdən ötrü. Ona görə nitq natiqin iztirab və həyəcanının tərcümanı olar. Onu dinləyənlər də natiq kimi ürəklərində bir yanğı duyarlar. Bizim aramızda isə nitq bu məqsədi daşımır, sözümüz əqidəmizə tərcüman olmaqdan, pərdə olub əqidəsizliyimizi gizləyir. Hər kəsin nə xəyanət və tərbiyəsizliyi varsa, nitqlə yola verir. Ona görə, gəlin, millət və insaniyyəti kənara qoyaq, onların sağlığına badənuş olmaq bizim kimi sözü ilə feli bir olmayanların işi deyildir. Belə olduqda nitqimizin təsirsizliyi saxta qəlbimizi biruzə verir. Yaxşısı budur, qədəhlərimizi götürək və islah olmamızı diləmək şərəfinə içək. Şəxsiyyətimiz islah olunmasa, doğruluğu dərk eləməyə müqtədir olmaz və millət qeydinə də qala bilmərik. Yaşasın islah olunmuş şəxslər! Sağ olsun qəlblərində həqiqət atəşi yananlar! Yox olsun saxtakarlar! ” 
 
Fərid İbrahimli
Kultura.az
Yuxarı