post-title

Seçkilərə gedərkən düşünməyi yaddan çıxarmayın

Ölkəmizdə prezident seçkilərinin başlamasına saatlar qalır. Amma xırda istisnaları çıxmaq şərtiylə, hamı öz işindədir. Sanki seçkilər Azərbaycanda deyil, uzaq Asiya ölkələrinin birində keçirilir.

 
Vallah Gürcüstanda, İranda seçki keçiriləndə bu camaatın necə narahat olduğunu görmək olur, öz ölkəsində seçki keçiriləndə isə hərə öz işində olur. Bəlkə də bu, illərdir insanların səslərinin oğurlanmasına verdiyi reaksiyadır. Ancaq bu da belə laqeydliyə əsas vermir. Səsi oğurlanan vətəndaş sona kimi, öz səsi uğrunda mübarizə aparmalı, oğruların rahat gəzməsinə icazə verməməlidir. 
 
Dünəndən etibarən prezdentliyə namizədlər üçün ayrılmış təbliğat-təşviqat kampaniyası yekunlaşdığından, mən burada çox şey yaza bilməyəcəm. Qanunla bu qadağan olunur. 
 
Mənə bu yazını yazmağa vadar edən əsas səbəb, hələ də seçim qarşısında olan vətəndaşlarımızdır. Mən bu yazını sizin üçün yazıram.
 
Seçkiyə gedərkən, 18 yaşını həbsdə qarşılayan Şahin Novruzlunu gözünün qabağına gətir. Seçkiyə gedərkən, bir neçə aylıq körpə oğlunu görməyən Rəşadət Axundovu gözünün qabağına gətir. Seçkiyə gedərkən, talasemiya xəstəsi olan, yaşamaq uğrunda mübarizə aparan Zaur Qurbanlını gözünün qabağına gətir. Seçkiyə gedərkən, polisdən qorxub, yalan ifadə verdiyi üçün vicdan əzabı çəkən Məhəmməd Əzizovu gözünün qabağına gətir. Seçkiyə gedərkən, ən gözəl və dəyərli illərini həbsdə keçirməyə məhkum olan Üzeyir Məmmədlini, Rəşad Hüseynovu, Bəxtiyar Quliyevi, İlkin Rustəmzadəni bir düşün. Atası üçün darıxan həbsdə olan İlqar Məmmədovun qızı, Ayseli düşün. 
Seçkiyə gedərkən qeyri-döyüş şəraitində ölən 60-a yaxın əsgəri düşün. Bunlar sənin yaxınlarının başına gələ bilərdi, bəlkə də onlar elə yaxınlarındır... 
 
Dünaynın ən gənc siyasi məhbusu Azərbaycandadır, bu barədə, intihara sürüklənən əsgərlər barədə düşün. Sənin neftlə zəngin bir ölkəndə niyə bunlar baş verməlidir? Niyə axı jurnalist yazdığı yazıya görə həbs edilməlidir? Niyə sən özün 300-400 manat maaş uğrunda mübarizə aparmalısan? Niyə sən övladının yanında pulsuzluğuna görə utanmalısan? Niyə sən normal təhsil almayasan? Niyə bu ölkənin yaşlısı normal təqaüd almamalıdır? 
 
Bir düşün, düşünmək üçün yüzlərlə, minlərlər səbəb var. Vicdanının səsinə qulaq as. Seçkiyə get ən layiqli namizədə səs ver. Sənin səsin düşündüyündən də önəmlidir. 
 
Elkin Xəlilov
 
Kultura.az
Yuxarı