post-title

“Öz yolumuz”çuluq, liberalizm və ideoloji mühafizəkarlıq anlaşılmazlığı

Başlıqda sadaladığım bu üç xətti bir-birindən ayıra bilmək lazımdır. Yoxsa insan çaş-baş qalıb səhv dəyərləndirmələr edə bilər. Belə ki, son zamanlar qarşılaşdığımız debatlar bəzi suallar ortaya çıxarır: “Öz yolumuz”çuluqla ideoloji mühafizəkarlıq eyni şeydirmi?

 
Liberalizm və demokratiyanı ayrılıqda necə anlamalı? Mühafizəkar ideologiya avtoritarizmdirmi, yoxsa demokratiyadan qopmadan yaşaya bilərmi? Məqalədə bu anlayışlara və suallara bir-bir aydınlıq gətirməyə çalışaq.
 
Niyə “Öz Yolumuz”çuluq?
 
Demokratiya qurmaqda “əziyyət çəkən” hər bir millətin “öz yolu” olur. Yəni bir millət görür ki, o, demokratiya qura bilməyəcək, başlayır “ÖZ”ündən sözlər çıxarmağa. Və beləliklə də “filan millətin (milli) demokratiyası”, “filan dinin demokratiyası” kimi demokratiya ilə əlaqəsi olmayan yollar yaranır və buna da deyilir “öz yolumuz”çuluq.
 
Bu ideyanın kökü soyuq müharibə dövrünə gedir. Belə ki, bu dövrdə az inkişaf etmiş bir çox ölkələrdə kapitalizm və sosializmə alternativ “üçüncü mövqe” (third position) və ya üçüncü alternative (third alternative) adlanan ritorika və bunun üzərinə siyasi xətlər yarandı. Təbii ki də, uğursuz, avtoritarizmə və faşizmə meyilli bəzi cəhdlər idi sadəcə. Daha sonra Qərb blokunun qalibiyyəti, kapitalizmin və demokratiyanın şərqə doğru irəliləməsi bəzi dövlətləri demokratikləşdirdi, bəzilərinə nisbi demokratiya gətirdi, bəzi ölkələrdə isə “üçüncü mövqe” ritorikasını xatırladan “öz yolumuz” ritorikasını yaratdı.
 
Beləliklə, günümüzün “Öz Yolumuz”çuları bu sözləri öz avtoritarizmlərinə don geyindirmək və demokratiya maskası taxmaq üçün istifadə edirlər. Elə Azərbaycan nümunəsi bunun üçün ən idealıdır bəlkə də. Bunlarla birlikdə, “Öz Yolumuz”çuların populist propogandalar üçün istifadə etdiyi dəyərlər əsasən millətçilik, din, ənənəçilik və konservatizm olur.
 
Və bu da nəzəri bir problem yaradır: eyni dəyərləri istifadə edən İdeoloji Konservatizmi “Öz Yolumuzçu”luqdan necə ayırmalı?
 
İdeoloji Konservatizmi anlamaq
 
Ölkədə yeni bir axın yetişir, qərb təhsilli, demokratiyanın faydalarına inanan, amma eyni zamanda özlərini milli-mənəvi dəyərlərə bağlı hesab edən, bu dəyərlərin qorunmasının lazım olduğunu vurğulayan insanlar. Onları demokrat hesab etmək olar, amma liberal deyillər qətiyyən. Bəli, ölkədə yeni konservativ demokratlar axını yetişir. Liberallar istər bəyənsin, istər bəyənməsin (bu arada mən də özümü liberal hesab edirəm, daha dəqiq, sosial liberal) qapalı-cəmiyyətlərin demokratikləşməsi prosesində bu tip axınların ortaya çıxması qaçınılmaz bir həqiqətdir. Hətta ölkə avtoritarizmdən yarı-demokratiyaya (hələ tam siyasi liberallaşmamış, sadəcə şəffaf seçkinin və bir neçə struktural demokratik dəyərlərin mövcud olduğu sistem) keçsə bu axınların seçkiylə hakimiyyətə gəlmə şansları liberallardan daha çox olacaq.
 
Bir çox hallarda bu yeni konservativ demokratik axın da avtoritarizmin monopolyasındakı “öz yolumuz” ritorikasını istifadə edir, beləliklə də tənqidə tuş gəlir, və beyinlərdə qarışıqlıq yaradırlar. Bizim kimi demokratiyaya və azadlıqlara həsrət qalmış millətlərin azadlıqsevərləri bir az həssas olur və demokratik siyasətə iddialı şəxslərdən demokratik prinsiplərə sadiqliyi görmək istəyirlər.
 
Ona görə də, yeni konservativ demokratik axın siyasi təşkilatlanma prosesinə başladıqda bəzi məsələlərə aydınlıq gətirsə yaxşı olar:
 -  Konservativ siyasət (policy) modern hüquqla sərhədlənəcək
 -  Modern Hüquq və Konstutisiyaçılığın ruhuna zidd addımlar atılmayacaq
 -  Demokratik prinsiplərdən, İnsan Hüquqlarından və Vətəndaş Cəmiyyətinin plüralist qruluşundan geri addım atılmayacaq
 - Özəl həyat və ictimai həyat bir-birinən ayrı tutulacaq, “bizim dəyərlərimiz” adı altında özəl həyata və seçimlərə toxunulmayacaq, konservativ siyasətlər (policy) ictimai həyatla məhdudlaşacaq
 
Bu yeni konservativ axının nümayəndələri yuxarıda sadaladığım və digər demokratik dəyərlərə sadiqliyi siyasətə gələnə qədər ictimai debatlarda sübut etsələr yaxşı olar. Elə mövcud qeyri-demokratik sistemin varlığının tənqidi ilə başlamaq olar. Bununla yanaşı, konservativ yolda demokratik prinsipləri unutmuş və konservatizmin və populizmin sehrinə qapılmış Türkiyə nümunəsini götürmək onlar üçün böyük bir uğursuzluq olardı. Əminəm ki, bizim konservativlər Türkiyə konservativlərindən daha yaxşı işlər ortaya qoya bilər.
 
Yenə də qərb nümunəsi – ABŞ və Avropanın bir çox ölkələrində tarix boyu konservativ demokratlar olub və hələ də var. Demokratiya prinsiplərindən qopmadan konservativ siyasəti necə həyata keçirmək olar dərslərini yenə də Qərbdən almaq lazımdır. Və bu yol da özlüyündə Qərb yoludur və “Öz Yolumuz”çuluğa daxil deyil. Ona görə də “öz yolumuz” ritorikasını istifadə etdikdə bir az diqqətli olmaq lazımdır. Bu sözün populizmini və natamamlıqdan əziyyət çəkən kütlələri ovsunlama gücünü, və təbii olaraq da propoqanda vasitəsi kimi təsirli alət olduğu həqiqətini anlayıram, amma, siyasətə iddialı dostlar, bu sözün sehrinə qapılmayın lütfən.
 
Liberal Çevrə, Demokratik Çevrə və Digər Çevrələr
 
Liberalizm demokratiya deyil, bu bəlli məsələdir. Demokratiya içərisində liberal dəyərlər nə qədərdir sualı isə başqa bir nəzəri məqalənin mövzusudur. Birisi durub millətçi və dini mövzuda (insan hüquqlarını pozmayan məsələlərdə) öz konservativ fikrini bildirdikdə demokratik yolda ciddiliyini itirir. Bu təhlükəli haldır və ölkədə sağlam demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafına və sağlam müzakirələrə mane ola bilər. (Necə ki, indi ölkəmizdə konservatizm bir sıra savadsız və geriliyi dəstəkləyənlərin himayəsindədir, millətçiliklə faşizmin sərhədləri itib) Bu mənada, ölkədə liberal çevrə və demokratik çevrə anlayışlarını bir-birindən ayırmağa ciddi ehtiyac var.
 
Belə ki, liberalizm bir ideoloji xəttdir, demokratiya isə siyasi sistem və ya digər bütün ideologiyaların orada var ola biləcəyi və mübarizə apara biləcəyi bir platformadır. Demokratiya içində modern hüquq, insan hüquqları və başqa digər dəyərləri də daşıyan oyun qaydalarıdır. Buna görə də, demokratik prinsiplərdən qopmayan hər kəs  – liberal, dindar, konservativ, millətçi – demokratik çevrəyə daxildir. Bizim ölkədə digər ideologiyanın sahibləri tam formalaşmadığı, demokratiyaya bağlı qalmadıqları üçün liberal çevrə və demokratik çevrə anlayışları eyni kimi görünə bilər. Amma elə deyil, olmamalıdır. Bu siyasi mədəniyyətin və siyasi müzakirələrin kasadlığını göstərir.
 
Amma bir problem var ki, siyasi təhsilin və siyasi mədəniyyətin bərbad olduğu ölkəmizdə dindar, konservativ, millətçi və digər ideologiya sahibləri vətəndaş cəmiyyətində demokratiyanın ana dəyərlərini pozan çıxışlar edirlər. Bu mənada siyasətə iddialı bu ideologiyanın sahiblərinin üzərinə ağır yük düşür. Onlar ilk növbədə savadsızlıq içərisində məhv olmuş konservatizm, din və millətçiliyin demokratiyadan qoparaq və rəngini dəyişərək qeyri-sivil ideyalara çevrilmiş ləkələrini öz üzərlərindən götürməli, bu ideologiyaları demokratiya ilə sərhədləməli, bu yolda avtoritarizmə, cahilliyə, faşizmə meyl edən tərəfdaşlarını maarifləndirməli və bir liberaldan daha çox demokrat olmalıdırlar. Ölkədə ciddi-başlı sivil millətçi-demokratlar, dini-demokratlar, konservativ-demokratlar anlayışlarını yaratmalıdırlar. Siyasi mədəniyyətin olmadığı mühit bunu tələb edir. Bunlar baş verdikdən sonra, liberal çevrə və demokratik çevrə arasındakı sərhəd daha açıq görünəcək.
 
Ümumiləşdirsək
 
Hər kəs liberal olmaq məcburiyyətində deyil, amma demokratiya daha dərindən öyrənilməlidir və öyrədilməlidir insanlara. Bu mənada digər ideoloji xəttlər üzərində siyasətə gələn hər bir qrup, təşkilat siyasətçi olduğu qədər də demokratiya üzrə maarifçi olsa cəmiyyət üçün daha faydalı olar.
 
Xəyyam Namazov
Cemiyyet.org
Yuxarı