İşiqurodan yazmaqla bağlı məsləhətlər
Görkəmli yapon yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronu…
Filologiya elmləri doktoru, professor Aslan Məmmədlinin ““Əli və Nino”: Bədii mətnin kulturoloji təhlili” məqaləsini təqdim edirik.
Azərbaycan haqqında yazanlardan bu gün Qurban Səid qədər diqqət mərkəzində olan ikinci bir yazıçı yoxdur. Çoxlarının şüurunda Qurban Səid obrazı bir romantik halə ilə bağlıdır. Neft mədənləri sahibinin, milyonçunun oğlu, mühacirətdə vətəni və həmvətənləri haqqında romanlar yazıb və bu romanlar ona şöhrət gətirib.
Bəzən onun haqqında danışarkan dahi epiteti əlavə edirlər. Ayrı fikirlər də mövcuddur. Bəziləri belə hesab edirlər ki, Qurban Səid avantürist olub və öz əsərlərilə Azərbaycana gətirdiyi xeyir şübhə doğurur. Hər halda bu gün Azərbaycanda Qurban Səid haqqında söhbət çox intensiv aparılır və söhbətin əsas motivi tərifdir.
Mən bu yazıçının (Qurban Səid, yaxud Əsəd bəyin) üç kitabın oxudum: “Əli və Nino”, “Stalin”, “Şərqdə qan və neft”. Elə bu başdan deyim ki, bu əsərlərdən heç birini birmənalı qəbul edə bilmədim. Kitablara yazılan müqəddimələri, ön və son sözləri də birmənalı qəbul etmək olmur. Bir çox faktların mübahisəli olmasına baxmayaraq, tanınmış ədəbiyyatşünasların qəti hökm sürmələri və Qurban Səidin dahi Azərbaycan yazıçısı olduğunu məlum bir şey kimi qələmə vermələri məni heyran etdi.
Bizi maraqlandıran mətnlər ətrafında dörd adamın adı çəkilir: Əsəd bəy, Qurban Səid, Leo Nussenbaum, Yusif Vəzir Çəmənzəminli. Deyilənə görə, Əsəd bəy və Qurban Səid – bir şəxsin iki adıdır. Belə bir fikir var ki, Almaniyada Nussenbaum adlı bir yazıçı olub və Qurban Səid – onun təxəllüsüdür. Bəzi Azərbaycan ədəbiyyatşünaslarının fikrinə görə “Əli və Nino” romanı Çəmənzəminli tərəfindən yazılıb.
Bizim ədəbiyyatşünaslarımızı Qərbdə bəzi dairələrin “Əli və Nino” romanının müəllifini yəhudi kimi qələmə vermək cəhdləri hiddətləndirir. Güya ki, milli mənsubiyyətin ədəbiyyat tarixinə bir dəxli var. Əsəd bəyi Azərbaycan yazıçısı adlandırmaqdan əvvəl “Azərbaycan yazıçısı nə deməkdir?” sualına cavab vermək lazımdır. Azərbaycan ədəbiyyatı tarixində etnik mənsubiyyətinə görə türk olmayan görkəmli yazıçılar olub. Məsələn, tatlar. Sabah məlum olsa ki, bunlar tat yox, dağ yəhudisi olub, Azərbaycan ədəbiyyatı tarixində onların yeri dəyişəcəkmi?
Milli mənşənin ədəbiyyat tarixinə heç bir dəxli yoxdur. Ədəbiyyatla bağlılıq iki meyarla müəyyən olunur – dil və ideologiya. Heç təsadüfi deyil ki, dahi yazıçıları böyük söz ustası adlandırırlar. Hansı sözün ustası olub Qurban Səid? Əlbəttə, söz ustası olubsa. Əsəd bəy (yaxud Qurban Səid) öz əsərlərini alman dilində yazıb. Deməli, alman filoloqları həmin mətnlərin alman ədəbiyyatı tarixindəki yerini müəyyən etməlidirlər. Məndə Əsəd bəyin yazdığı romanların orijinalları yoxdur. Mən yalnız tərcümələri linqvokulturoloji səpkidə təhlil etmək istəyirəm. Dil baxımından Əsəd bəyin əsərlərini təhlil etmək mümkün deyil, çünki tərcümənin dili və bədii əsərin dili tamamilə fərqli problematika ilə bağlıdır. Tərcümələri təhlil edib nəticələri Əsəd bəyin yaradıcılığı ilə bağlamaq düzgün deyil. Lakin tərcümələrə əsaslanıb tarixi-mədəni tədqiqat aparmaq mümkündür.
“Əli və Nino” romanını mən rusca («Али и Нино». Курбан Саид. Nina Mətbəəsi. Баку, 2003. Перевод с азербайджанского М.Гусейнзаде») nəşrində, azərbaycanca isə “Qurban Səid. Əli və Nino. Bakı: Yazıçı, 1993. Nəşriyyat direktoru Əkrəm Əylisli”) nəşrində oxumuşam.
Rus nəşrinin müqəddiməsində qeyd olunur ki, “Vyana naşiri Talın xanımının xatirələrinə görə, 1935-ci ilin yayında ərinin yanına cavan və gözəl bir kişi gəlib, “Əli və Nino” romanının əlyazmasını təklif etdi. Müəllif qeyd etdi ki, əlyazma orijinal deyil, almancaya tərcümədir” (s.3). Orijinalın hansı dildə olduğu qeyd olunmur.
Bütün əsər boyunca ardıcıl olaraq vəhşi və qaniçən müsəlman obrazı yaradılır. Və bu qaniçən müsəlmanlar mərhəmətli xristianlara qarşı qoyulur. Nəzərə alsaq ki, bu təsvirlər Avropada və eləcə də Azərbaycanda insanların mərhəmət haqqında olan adi insani təsəvvürləri kontekstində oxunulur, başa düşərik ki, “Əli və Nino” romanında müsəlmanların heç də xoşagələn obrazı yaranmır. Bir neçə fraqmentə nəzər yetirək.
Əlinin əmisi fikirlərini söyləyir: “Avropalılar bizə ona görə nifrət edirlər ki, düşmən bizim üçün düşməndir, bu səbəbdən də rəhm etmək əvəzinə onları öldürürük” (s.14). Atasının Əli xana nəsihəti: “Düşmənini heç vaxt bağışlama, oğlum, biz xristian deyilik” (s.22). Fikir tamamilə aydın ifadə olunub. Xristianların düşmənə yazığı gəlir, onlar mərhəmət sahibidirlər, müsəlmanlar isə qəddar olmalıdırlar. Başlanan müharibə haqqında fikirlər: “Əlbəttə, onların hər ikisindən yaxşı cəbhə zabiti çıxardı. Çünki xalqımızda igidlik və cəsarət kifayət qədərdir. Amma nə üçün? Nəyə görə? Bu sualı nə İlyas bəy özünə verirdi, nə də Məhəmməd Heydər. Mənim xəbərdarlıqlarımın hamısı isə mənasız idi, çünki onların hər ikisində Şərqin qaniçənliyi həvəsi oyanmışdı. Onu söndürmək artıq mümkün deyildi” (s.63). Şərqin qaniçənliyi həvəsi – bu ifadənin yanında sadəcə adi təyini çatışmır. Yəni Şərqin adi qaniçənlik həvəsi.
Əli xanın fikirləri: “Nino haqsız deyildi. O zamanlar Şərqin hərəmxanaları Qafqaz qadınları ilə, Qafqaz şəhərlərinin küçələri xristianların meyitləri ilə dolmuşdu. Mən Ninoya cavab verib deyə bilərdim ki, “Mən müsəlmanam, siz xristian. Allah da sizi bizə qənimət bəxş edib”. Lakin susdum və Naxararyanın cavabını gözlədim” (s.69). Bax bu cümləni – “Mən müsəlmanam, siz xristian. Allah da sizi bizə qənimət bəxş edib” – Qərbin islam fundamentalizmi haqqında konsepsiyaları kontekstində oxuyun.
Əli xanın evində toplaşan qonaqlardan birinin fikirləri: “Əli Əsədulla salonun o başından gəlib yanımda oturdu: “Siz bu barədə nə fikirləşirsiniz, Əli xan?” Əli Əsadulla mənim cavabımı gözləmədən başını mənə sarı əydi və pıçıltı ilə danışmağa başladı: “Vətənimizdəki bütün rusları məhv etmək yaxşı olmazdımı? Təkcə rusları yox, bütün yadları, başqa cür danışan, başqa cür ibadət edən və başqa cür düşünənlərin hamısını. Əslində biz hamımız bunu istəyirik, amma tək mənəm bunu deməyə cürət tapan. Bəs bundan sonra nə olacaq? Mənə nə var, istəyirsə qoy Fətəli xan hakimiyyətə gəlsin. Əlbəttə, istərdim ki, Ənvər hakim olsun, amma nə olar, qoy Fətəli xan gəlsin hakimiyyətə. Başlıca məsələ isə odur ki, biz yadların kökünü kəsməliyik”. O, “kökünü kəsmək” sözünü elə zərif bir həsrətlə dedi ki, elə bil məhəbbətdən danışırdı. Onun gözləri gülürdü, siması da hiyləgərcəsinə gülümsəyirdi” (s.112). Əli Əsədulla danışanda Əli xan ona cavab vermir, susur. Bu isə Əli xanın özü. Xarici işlər nazirliyində onu Parisə ezamiyyətə göndərmək istəyəndə, o bir vay-şivən qoparır ki, gəl görəsən: “Amma mən Parisə getmək istəmirəm və məni buna məcbur etmək istəyirlərsə, mən vəzifəmdən çıxıram. Mən yad aləmə nifrət edirəm, yad küçələrdə, yad insanlara və yad adətlərə nifrət edirəm” (s.206). Buna nə deyəsən? Bütün gimnaziya bitirmiş Azərbaycan ziyalıları bu cür bütün dünyaya nifrət hissi ilə dolu olsaydılar, görən Paris sülh konfransında bizi kim təmsil edə bilərdi?
Nəhayət, Naxararyanın öldürülməsi çox parlaq təsvir olunmuşdu: “Əlimdən çıxanda bir anlığa boğazını gördüm. Yaxası cırılmışdı. Boğazı apappaq idi. Məndən boğuq bir qışqırıq çıxdı. Dişlərim onun qalın ağ boğazından yapışır. Bəli, Naxararyan, bəli! Biz asiyalılar beləyik, belə vuruşuruq! Qurşaqdan aşağı vurmuruq! Boz qurd kimi yapışırıq düşmənin boğazından, Naxararyan! Onun damarlarının titrəyişini hiss edirəm” (s.121).
Təhlilin bu hissəsinə yekun vuraraq aşağıdakını qeyd etmək olar. Çoxsaylı xristian tarixçilərinin əsərlərindən səlib müharibələrində xristianların törətdiyi vəhşiliklər yaxşı məlumdur. Özü də ki, bu misli görünməmiş qəddarlıqlara yalnız müsəlmanlar və yəhudilər məruz qalmırdılar. Eyni dərəcədə amansızlıqla xristianların özləri də rastlaşırdılar. Keçən əsr boyu Azərbaycan türkləri qonşularımızın xristian mərhəməti ilə dəfələrlə üzləşib.
O ki, qaldı müsəlmanların və ümumiyyətlə şərqlilərin qaniçənliyinə, yaxşı bəllidir ki, tatarlar rusları polyak xalqı tərəfindən törədilən genosiddən xilas etmişlər. Bu haqda böyük rus tarixçisi L.N.Qumilyovun əsərlərində ətraflı və gözəl yazılıb. Rus knyazı və məhşur dilçi-alim N.S.Trubetskoyun əsərlərini də xatırlamaq yerinə düşərdi. “Bizim mədəniyyətimizdə Turan mirası haqqında” və “Çingiz xan irsi” adlı yazılarında N.S.Trubetskoy rus mədəniyyəti tarixində türklərin müstəsna rolundan danışır.
Böyük ingilis mədəniyyətşünası A.C.Toynbinin əsərlərində müxtəlif tarixi sənədlərə əsasən türklərin mərhəmətindən bəhs olunur. Elə onu demək kifayətdir ki, məğlub olmuş xalqların nümayəndələri Osmanlı imperiyasında ən yüksək zirvələrə qalxa bilirdilər, hətta böyük vəzir ola bilirdilər. Məsələn, slavyan mənşəli Köprülü dinastiyası imperiyaya bir neçə böyük vəzir vermişdi. Və yaxud serb Mehmet Sokollu. İnternetdə onun haqqında belə informasiya verilib: “Sokolu (Sokollu) (Avropa ənənəsində Sokolli) Mehmet-paşa Tavil (yəni Uzun) (1505/1506 Sokol Bosniya, - 30.9.1579, Stambul). Xristianlardandır. 40-50-ci illərdə bir sıra dövlət vəzifələri tutmuş. 1565-ci ildən böyük vəzir. Sultan Səlimin dövründə (1566-74) faktiki olaraq dövlət başçısı”.
Romanın qəhrəmanları düşmənə qəddar münasibət göstərməyin zərurətindən danışarkən Qur’ana istinad edirlər. Gəlin biz də Qur’ana müraciət edək: “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabit-qədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (əl-Maidə, 8). “Təfsir əlmuntaxab (İslam həm dostlar, həm də düşmənlərlə tam ədalətli olmağa çağırır. İslam xəbərdarlıq edir ki, düşmənlərə olan nifrət onlara qarşı ədalətsizliyə gətirə bilər. Ədalət tələbi həm insanlara, həm də dövlətlərə aiddir. Gətirilən ayədə izah olunur ki, düşmənə qarşı ədalət Allah qorxusuna daha yaxındır. Bu prinsip beynəlxalq qanunların əsasına qoyulsaydı, müharibələr olmazdı. Hər bir dinin öz xüsusiyyətləri var, islamın əsas prinsipləri Allahın birliyi və ədalətdir). “Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!”(əl-Ənfal,61)”(Harunyahya ru / terrorism/the_true_islamic_morals html).
Qəzet məqaləsinin imkanları bu məsələni heç səthi də araşdırmağa imkan vermir. Lakin hər bir savadlı adama bu faktlar çoxdan və yaxşı məlumdur. Keçən əsrin 30-cu illərində bir Azərbaycan ziyalısı Qərbi Avropada vəhşi və qaniçən müsəlman obrazı yaratmaqla görəsən nə məqsəd güdürdü?
Qarabağ mövzusu. Qarabağdan romanda söhbət gedir, amma mən əminəm ki, heç bir azərbaycanlı Qarabağ haqqında bu cür yaza bilməz. Məsələn, “Ey xan! Bizim şöhrətli əcdadlarımız özlərinə daha böyük və başqalarını dəhşətə salan ad qazanmaq üçün bu diyara ayaq basanda, onlar: “Qara bax! Bax orada qar var!” – deyə qışqırdılar. Amma dağlara yaxınlaşanda və balta dəyməmiş meşəni görəndə qışqırdılar ki, “Qara bağ!” Və o zamandan bəri bu diyara Qarabağ deyilir. Qabaqlar ona Sünik, ondan əvvəl isə Avqar deyərdilər” (s.33).
Bu parçanı heç təhlil etmək də tələb olunmur. Göstərilir ki, bizim əcdadlarımız Qarabağı işğal edib və burada yaşayanları dəhşətə salan ad qazanıb.
Şuşa və Qarabağ haqqında danışarkən yalnız ermənilər və erməni realiyaları yada salınır. Məsələn: “Hələ dünən bir kök erməni məni inandırmaq istəyirdi ki, Şuşadakı Maraş kilsəsinin beş min il yaşı var” (s.33). Şuşa qəribə şəhər adlanır, lakin bilinmir nə üçün.
Maraqlıdır ki, rus tərcüməsində göstərilir ki, Şuşada 17 kilsə və 10 məscid var, Azərbaycan dilindəki tərcümədə isə belə şey yoxdur.
Şuşada keçirilən aşıqlar yarışından söhbət gedir və qalib gələn aşıq nədənsə səhra qurdu adlanır: “O, ayağa durub getdi. Tənha, acıqlı və qaradinməz şəkildə getdi. Qarabağın yaşıl cənnətində yaşayan səhra qurdu kimi getdi” (s.39). Məlum olmur ki, nə üçün bu aşıq Qarabağın yaşıl cənnətində yaşayan səhra qurdu adlandırılır. Bir şey aydın olur ki, Qarabağın yaşıl cənnəti səhra qurdu üçün, yəni türk üçün yad ərazidir.
Qarabağa həsr olunmuş səhifələrdə tamamilə bir əcaib qonaqlığın təsviri verilir: “Al-əlvan xalçalar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalçanın üstündə kef çəkən gürcülərlə mən oturmuşdum. Ocağın ətrafı şərab qədəhləri, meyvə, üst-üstə qalanmış tərəvəz və pendirlə dolu idi. Bulağın yanında da sadarilər, səyyah musiqiçilər oturmuşdular. Onların əlindəki alətlərin elə adı musiqini xatırladırdı: dairə, çinuri, thara, diplipito”(s.39). Görəsən Azərbaycan yazıçılarından hansı Şuşadakı ziyafəti təsvir edərkən sadarilərdən, dairə, çinuri, thara, diplipitodan bəhs edərdi? İstər Çəmənzəminli, istərsə də lap kim olur olsun – nə üçün tardan, kamançadan və xanəndədən barı bir kəlmə demir? Rus tərcüməsində bu musiqi alətlərinin arasında tarın da adı çəkilir. Azərbaycan mətnindən məlum olur ki, bu tar deyil, tharadır.
Məlum olur ki baş qəhraman – Əli xan Şuşada özünü çox pis hiss edir. Məsələn, “Möhtərəm Didiani, ağacların olduğu dünya məni karıxdırır, çaşdırır. Bu dünya vahimə və tapmaca ilə, cin və şeytanlarla doludur. Baxış sahəsi dardır, keçilməz və qaranlıqdır. Günəş şüaları ağacların kölgəsində hərarətini itirir. Hər şey alatoran və qeyri realdır. Meşənin kölgəsi məni sıxır, budaqların xışıltısını eşidəndə isə kədərə qərq oluram. Mən sadə şeyləri sevirəm – külək, qum və daşları. Səhra qılınc zərbəsi kimi sadədir. Meşə isə Qordiy düyünü kimi dolaşıqlıdır. Mən meşədə çaşıb qalıram, möhtərəm Didiani” (s.41).
Didiani Əli xana onun təbiətini çox incə anladır: “Sizdə səhra adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul vardır: insanları meşə adamlarına və səhra adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu səhradan gəlir. Səhrada isti külək və qızmar qum insanları sərxoş edir. Səhra dünyası sadə və problemsiz bir dünyadadır. Meşə isə suallarla doludur. Yalnız səhra sual vermir, məhsul vermir və heç nə vəd etmir. Lakin ruhun atəşi, qığılcımı meşədən gəlir. Səhra adamı, yəni gördüyüm və təsəvvür etdiyim səhra adamı yalnız bir hissə və bir həqiqətə malikdir: bu iki şeydir onun daxilində olan. Meşə adamı isə çoxsifətlidir. Təəssübkeşlər səhradan gəlirlər, yaradıcılar isə meşədən. Şərq və Qərb arasında əsas fərq də elə budur” (s.41).
Nə deyəsən buna? Açıq-aşkar biz səhra adamı, yalnız bir hissə və bir həqiqətə malik olan insanlar elan olunuruq. Yəni primitiv və şüursuz bir məxluqlar! Çünki biz səhralarda yaşayırıq, səhra isə sual vermir, məhsul vermir və heç nə vəd etmir.
Söhbətə erməni qoşulur: “Bax bu səbəbdən biz ermənilər və gürcülər meşələrdə yaşayırıq”(s.42).
Gürcü Didiani Əli xana başa salır ki, yaradıcı insanlar və xalqlar meşədən çıxır. Erməni Naxararyan isə başa salır ki, bu səbəbdən biz ermənilər və gürcülər meşələrdə yaşayırıq. Türklər isə səhralarda yaşayırlar və ona görə çox primitiv məxluqlardır.
Didiani deyir ki, Şərq və Qərb arasında əsas fərq də elə budur. Yəni Qərb – yaradıcıdır, Şərq – primitiv. Digər tərəfdən, gürcülər və ermənilər Qərbi təmsil edirlər, türklər – Şərqi.
Ən maraqlısı odur ki, Əli xan gürcüyə və erməniyə heç nə cavab vermir. Yəni o onların dediklərini qəbul edir.
Azərbaycanlı Əli xan özünü Şuşada və Şuşanın gözəl meşəsində pis hiss edir, gürcü qızı Nino isə burada öz evindədir. Əli xana öz məhəbbətini vəd edir, amma eyni zamanda onu hədələyir də. Nino Əli xana şərt qoyur: Əli Şuşanı sevsin, onda Nino da Əlini sevər! “Ninonun barmaqları üzümü tumarladı və saçlarımda itdi: Bəs birdən “hə” dedim, onda sən Şuşa yanındakı meşəni xoş xatirə kimi yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan? Eləmi? Mənə elə gəlir ki, hə...” (s.43-44). Əli xan hələ əmin deyil, lakin məhəbbətin xatirinə nələr etməzsən?!
Bu Şuşa meşəsinin daha bir diqqətə layiq yeri var. Bu Pexaçpür bulağıdır. Mənə həmişə elə gəlib ki, Şuşada bulaq adı çəkiləndə İsa bulağı yada düşər. Qurban Səid Pexaçpürdən danışır: “Pexaşpür bulağı özünün dar daş yatağında şırıldayırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər kimi göyə baxırdılar” (s.39).
Qurban Səid Qarabağ atına da ermənini oturdur: “Birdən at kişnəməsi məni diksindirdi. Başımı qaldırdım və heyrətdən ağzım açıq qaldı. Bir anlığa Ninonu da, dünyanı da yaddan çıxartdım. Ensiz, balaca başı, təkəbbürlü baxışı, arıq gövdəsi və balet rəqqasəsinin ayaqları kimi nazik ayaqları olan bir at durmuşdu qabağımda. Günəşin şüası altında onun al qırmızı dərisi sayrışırdı. Yəhərdə isə bığları aşağı sallanan və əyri burnu olan bir qoca kişi oturmuşdu. Bu, qonşuluqda yaşayan mülkədar knyaz Melikov idi” (s.53).
Bığların aşağı sallanması və əyri burun ondan ötəridir ki, heç kəsdə şübhə qalmasın, atın üstündə oturan ermənidir. Birdən kimsə bunu başa düşməz! Qarabağ atları – Azərbaycanın fəxridir! Heç Çəmənzəminli Qarabağ atına ermənini otuzdurardımı? Qurban Səid otuzdurur.
Yeri gəlmişkən deyək ki, Şuşadan və Qarabağdan danışarkən yalnız ermənilər buranın adlı-sanlı nəsilləri və əsilzadələri kimi qələmə verilir. Knyaz Melikov istisna deyil. Məsələn: “Ən adlı-sanlı erməni sülaləsindən olan gombul Məlik Naxararyan”(s.42). Və yenə də: “Üçüncü cərgənin ortasında qoyun gözlü və filosof alınlı bir kök adam oturmuşdu. Bu, Şuşanın zadəgan ermənilərindən olan Məlik Naxararyan idi” (s.67).
Bu Naxararyan bir neçə dəfə oxucuya təqdim olunur və hər dəfə Ən adlı-sanlı erməni, Şuşanın zadəgan ermənilərindən kimi epitetlərdən istifadə olunur. Belə çıxır ki, Şuşanın zadəganları elə ermənilər olub, sən demə!
Romanda Qarabağ ümumiyyətlə erməni torpağı və ona görə də ermənilər tərəfindən qorunmalı torpaq kimi qələmə verilir. Açıq deyilməsə də, mətnin təhlili bunu göstərir. Məsələn, “Naxararyan Qarabağa hücumu gözlənilən türklərdən və Kiçik Asiyada erməni qırğınından danışırdı” (s.89). Türklər Qarabağa niyə hücum etməli idilər? Bəyəm Qarabağ düşmən torpağı idi? Və nə üçün Kiçik Asiyada erməni qırğınları Qarabağa türklərin hücumu ilə bir sırada verilir?
Yaxud: “Bu partiyanın başçıları olan Lalay və Andronik bizimlə təmas yaratmışlar. Onlar şəhərin erməni sakinlərindən ordu düzəldirlər ki, Qarabağa və Ermənistana, bu yerləri müdafiə etmək üçün göndərsinlər” (s.147). Deməli, Qarabağı da Ermənistan kimi ermənilər qorumalıdır, buna görə onlar şəhərin (Bakının) erməni sakinlərindən ordu təşkil edir. Müsəlmanlar isə bunu bilir və bununla razıdır. Görəsən erməni ordusu Qarabağı kimdən və necə qoruyur? Və İlyas bəyin bu sözləri nə deməkdir. Bir şey aydındır ki, Qarabağ romanda ermənilər yaşadığı və qoruduğu torpaqla assosiasiya olunur.
Tarixi hadisələrin təsviri ilə bağlı bir məqam da diqqəti cəlb edir ki, o da üslubi cizgilərdir. Məsələn, faktın təsdiqi və qan tökməyə çağırış müxtəlif şeylərdir: “Valideynləri müsəlmanlar tərəfindən öldürülən Styopa Lalay yaramaz olmalıdır ki, intiqam hissini unutsun” (s.150). Yaramaz olmalıdır ki, unutsun – qan tökməyə çağırışdır.
Qarabağ mövzusunu yekunlaşdıraraq sadəcə statistik nəticə çıxarmaq olar. Romanda yalnız bir realiya adı çəkilir – erməni kilsəsi Maraş. Yalnız bir bulaqdan söhbət gedir – Pexaçpür. Yalnız iki soy ad verilir, ikisi də erməni – Naxararyan və Melikov. Hər ikisi Şuşa əsilzadəsi kimi təqdim olunur. Qarabağın və Azərbaycanın rəmzi olan Qarabağ atının romanda yiyəsi ermənidir. Qarabağın müdafiəsi romanda ermənilərə həvalə olunur.
Azərbaycanlılar romanda işğalçılar kimi təsvir olunur, onlar Qarabağa gəlib burada yaşayan xalqları dəhşətə salan ad qazanmışlar. Onlar primitiv çöl-səhra adamlarıdır, dağlarda və meşələrdə özlərini pis hiss edirlər. Meşələr onları karıxdırır. Şuşaya gəldikdə onlar diplipito çalan sadarilərlə diqqətlə qulaq asırlar.
Göstərilən misallar romanın antiazərbaycan axınının təxminən bir faizini təşkil edir. Burada biz yalnız iki mövzuya toxunduq: müsəlman və Qarabağ. Romanda antitürk, antirus, antigürcü mövzuları da müəyyən olunur. Fikrimizcə, romanın əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, mətn üst qatında Azərbaycana təriflərdən ibarətdirsə, onun dərin və həqiqi qatları bu tərifləri rişxəndə çevirir. Qurban Səid guya Azərbaycanı və azərbaycanlıları müdafiə edir, lakin elə edir ki, bu xalqa nifrət oyanır.
Mən “Əli və Nino” romanını rus dilində oxumuşdum və “Эхо” qəzetində dərc olunan məqalə rus mətni əsasında yazılıb. Məqaləni Azərbaycan dilinə tərcümə etmək üçün romanın Azərbaycan dilindəki mətninə müraciət etməli oldum. Çox böyük təəccüblə gördüm ki, Azərbaycan və rus mətnlərində bir sıra fərqlər var. Özü də bu fərqlər nə təsadüfi, nə də əhəmiyyətsiz sayıla bilməz. Birinin üstündə dayanaq.
Romanın lap ilk səhifələrindən məlum olur ki, Əli xanın əmisi İrandan Bakıya sevimli arvadını həkimlərə göstərmək üçün gətirir. Qurban Səid yazır: “Zeynəb xəstə idi, uşağı olmurdu. Əmim də elə ondan uşaq istəyirdi. Bu məqsədlə Zeynəb Həmədana da getmişdi. Orada, səhranın ortasında qırmızı daşdan yonulmuş, sirli baxışı olan bir aslan heykəli var idi. Bu heykəli artıq adları da az qala unudulan qədim padşahlar qoymuşdular. Əsrlərdən bəri qadınlar bu aslanın yanına gedir, onun nəhəng üzünü öpür, analıq və uşaq sevinci həsrəti ilə gözləyirdilər. Yazıq Zeynəbə bu aslan da kömək etməmişdi” (s.9).
Rus tərcüməsinə diqqət verək: “Много веков женщины приходят к этой статуе, припадают губами к его могущественному члену и надеются на то, что это принесет им счастье материнства. Но даже лев не помог Зейнаб” (s.16).
Azərbaycan mətnində söhbət aslanın üzündən gedir, rus mətnində - üzvündən. Yəqin ki, başa düşürsünüz hansı üzvündən. Qeyd etməliyəm ki, mətnin məzmununa görə və bu məzmunun məntiqinə görə söhbət elə üzvdən getməlidir. Çünki, “Əsrlərdən bəri qadınlar bu aslanın yanına gedir, onun nəhəng üzünü öpür, analıq və uşaq sevinci həsrəti ilə gözləyirdilər”.
Sual doğuran iki məqam var. Birincisi odur ki, İranı yaxşı tanıyan insanların heç birinin bu aslandan və onun qüdrətli üzündən, yaxud üzvündən öpən qadınlardan xəbəri yoxdur. Görəsən Qurban Səid bunu hardan bilib?
İkincisi. Rus nəşrində qeyd olunur ki, rus dilinə tərcümə Azərbaycan dilindən edilib («Али и Нино». Курбан Саид. Nina Mətbəəsi. Баку, 2003. Перевод с азербайджанского М.Гусейнзаде). Əgər rus dilinə roman Azərbaycan dilindən tərcümə olunub və əgər Azərbaycan mətnində qadınlar aslanın üzündən öpürlər, rus tərcüməsində qüdrətli üzv hardan çıxır? Bəlkə rus dilinə tərcüməni edən Azərbaycan “orijinalı” ilə məhdudlaşmayıb alman orijinalına da müraciət edib? Bəlkə üzv orda var? Onda çox mühüm bir sual ortaya çıxır! Görəsən alman orijinalında daha nələr var?
Romanda Azərbaycanlıları hamı pisləyir. Maraqlısı odur ki, əsərin vətənpərvər qəhrəmanları bizi müdafiə etməyə heç cəhd də göstərmirlər. Onlardan biri deyir: “Bu da yaxşı iş deyil ki, hər əcnəbi ölkəmizə gəlir və bizə axmaq deyir. Axmaq olsaq da bu bizim öz işimizdir” (Qurban Səid. “Əli və Nino”, s.115).
Düz deyir də kişi.
Ruscadan tərcümə edəni: Etimad Başkeçid
Kulis.az