Quentin Tarantino
Qeyri-standart süjeti, absurd məzmunu və bir az sıfıra yaxın…
"Şindlerin siyahısı", "Yura dövrünün parkı", "Amistad", "Siravi Raynı xilas etməli", "Linkoln", "İndiana Cons..." filmlərinin rejissoru Stiven Spilberqin müsahibəsini təqdim edirik.
“Uşaqlıqda heç vaxt ağlıma gəlməzdi ki, bugünkü statusumdakı adam ola bilərəm. Yaşadığım şəhərdə kino sənayesi yox idi. Məktəbli olanda həftə sonları atamın bağışladığı 8 mm-lik kamera ilə filmlər çəkirdim. Onda 12-13 yaşım vardı və mən bundan gözəl nəsə təsəvvür edə bilmirdim.
Real dünyada məni cəlb edən nəsə yox idi və 8 mm-lik kameramla 4 dəqiqəlik danışdığım hekayələrdən gözəl heç nə ola bilməzdi. Bu gün də film çəkəndə o vaxtkı həyəcanı yaşayıram. Çəkilişin gətirdiyi həyəcan heç vaxt bitmədi. Əgər nə zamansa bitsə film çəkməyi dayandıraram”.
***
“Baxmayaraq ki, atayam, uşaqlarım var, amma yenə də tənhayam. Tənhalıq mövzusu məni həmişə çəkir. Böyüdüyüm dünyada həmişə tənha olmuşam. Ona görə də real dünyadan kənar təsəlli kimi uydurduğum fantastik hekayələrə sığındım.
Əslində uşaq olanda çox ədəbiyyat oxumamışam. İndi çalışıram ki, həmin boşluğu doldurum. Uşaqlıqda uydurduğum fantastik hekayələri bacı-qardaşlarıma danışırdım. Əgər onlar gecə anamı oyadaraq ona “Stivenin nağılları üzündən yata bilmirik, qorxuruq” şikayət edirdilərsə, bu mənim üçün uğur idi. Mən əsl Qrimm qardaşları idim”.
***
“Yaxşı xatırlayıram ki, yeniyetməliyimdə saysız hallarda özümü dəyərsiz hiss etmişəm, çünki başqa uşaqlar məktəbdə mənə həmişə sataşırdılar. Mən çox arıq idim və idmanda pis nəticələr göstərdiyimə görə onlar məni qorxaq adlandırırdılar. Bir nəçə dəfə yəhudi olduğuma görə döyülmüşəm”.
***
“Mən peşəkar xəyalpərəstəm. Əksər xəyallarımı həyata keçirib pul qazanıram. Mənim üçün xəyallar ömür boyu davam etməyən müəyyən bir mərhələdir. Filmlərimlə başqa insanlara sadəcə arzulamağı aşılayıram və bununla da hansı məsuliyyəti daşıdığımı dərk edirəm. Mənim üçün vacibdir ki, hekayələrim özündə zəruri cazibəni saxlasın. Düşünülmüş əhvalatlar elə fantastikdir ki, siz özünüzü artıq onunla identefikasiya edə bilmirsiz. Çünki biz fantastik kinonun təklif etdiyi alternativ həyatlarda özümüzü itirə bilərik. Bu filmlər bizdə gerçəklikdə yaşadığımız həqiqi katarsisə səbəb olmur, əsl dostumuza, kədərimizə çevrilmir”.
***
“Heç vaxt düşünmürəm ki, çox film çəkməliyəm. Ailəm filmlərimdən daha vacibdir. Əvvəllər belə deyildi. Amma 1985-ci ildə ilk uşağımız doğulanda, indi onların sayı 7-dir, həyat yoldaşım və mən özümüzü də onlarla birlikdə tərbiyə etməyə başladıq”.
***
“Özünüdərk o zaman mümkündür ki, mən uğurlu filmin davamını çəkim. Hərçənd, sikvellərim uğurlu olmur. Amma ümumilikdə uğurlarımın sadə bir səbəbi var: mən çox və daha yaxşı işləyirəm, hətta əmin olmasam da, qeyri-müəyyən vəziyyət, ətrafımda hər şey xaotik olsa da. Qeyri-müəyyənlik mənə güc verir. Mən gərgin çalışıram. Özünə əmin olanda nəyin yaxşı, nəyin pis olduğunu düşünmək istəmirsən, sual vermirsən, hər şeyi nəzarətdə saxladığına əminlik, özünəinam təhlükəlidir”.
***
“Filmlərimi həmişə bu günə kimi də dostluq elədiyim rejissorlara göstərirəm. Xahiş edirəm ki, baxsınlar və mən onlardan soruşuram: burda darıxdırıcı yer varmı, hansı səhnələri yenidən çəkmək lazımdır, hansı kadrlardan imtina edim. Həmkarlarımla bu cür mübadilə illərdən bəri mənə dəstəkdir. İdeyalara, təkliflərə açıq adamam“.
***
“Linkoln” filmini çəkməkdə əsas məqsədim onu göstərmək idi ki, nəinki Amerikaya, ümumiyyətlə bütün dünyaya təsir edən Linkoln mühüm qərarlara necə gəlib. Onun ali məqsədlərindən biri vətəndaş müharibəsi sona yetməmiş köləliyi ləğv etmək idi. Köləlik bir xalqı məhv etməkdir, iyrənclikdir. Və Linkoln onun ləğvinə nail oldu. Məhz bunu vurğulamaq istəyirdim. Əvvəlki filmlərimdə dəhşətli müharibələri detallarına qədər göstərmişəm.
“Linklon“da isə yalnız əvvəldə kiçik batal səhnəsi var. Bu filmdə sözlərin amansız döyüşünü göstərmişəm. Siyasətçilərə demək istəmişəm ki, Linkoln nə əldə edibsə sizin üçündür. O, sizə siyasi miras qoyub. Demokrat Partiyasının üzvü kimi mən “Linkoln”dan istifadə edərək müasir siyasətçiləri şərh etməkdən uzağam.
Bu, sadəcə bizim Linkolna sevgimizin, sayğımızın ifadəsidir. Amerika tarixində onun qədər böyük prezident olmayıb. Linkoln dahi idi. O, əleyhdarlarını ətrafına yığıb onlara kabinetdə mühüm postlar verdi. Hətta müxalifətin mövqeyi ilə razılaşmasa da, onların həqiqətini eşitmək istəyirdi. O, ağıllı gediş elədi: Onunla prezident postu uğrunda mübarizə aparan Uliyam Sevarda dövlət katibi vəzifəsini verdi. Eynilə Barak Obama da Hillari Klintonla bunu elədi“.
***
“Bu gün xəbərlər vasitəsilə bütün dünyadakı siyasi vəziyyəti çox dəqiq dərk edirsən. Biz artıq hamımız qlobal bir kontekstdə yaşayırıq. Yəni biz yalnız özümüzə aid olan məkana, yalnız milli maraqlara qapana bilmirik. Anlamalıyıq ki, yaşadığımız dünyada hər şey qarşılıqlı təsir göstərir, hamı bir-birinə sıx bağlıdır. Mənim 7 uşağım var, çox istəyirəm ki onlar təhlükəsiz dünyada yaşasınlar. Onların yaşadığı dünyaya görə çox əndişələnirəm“.
***
“Bu gün ən çox elm adamlarının səhv edəcəyindən qorxuram. Qorxuram ki, onlar "Yura dövrünün parkı" filmində olduğu kimi həşəratlardan istifadə edərək dinozavrları klonlaşdırsınlar və insanlığı təhlükəyə atsınlar“.
Mənbə: "Zeit", "Spiegel"
Kulis.az
Sevda Sultanova