post-title

Pedro Almadovar: “Mən qadının atdığı kişi haqqında komediya çəkməmişəm”

“Baş qəhrəman Culyettanın qızı itir. Onun izlərini tapmaq üçün qadın Madriddəki evinə qayıdır. Orada o, coşqun cavanlığını, sevgisini və qızını ondan uzaqlaşdıran dəhşətli faciəni yada salır. Keçmişin kabusu ona indi də əzab verir. Filmdə aktrisalar Adriana Uqarte, Emma Suares və Rossi de Palma çəkiliblər”.
 
Yəqin filmin rejissorunun Pedro Almadovar olduğu artıq məlumdur. “Cülyetta” filmi bu il Kann festivalının müsabiqə proqramına qatılmışdı.
 
Rusiyalı kinoşünas Anton Dolin bu günlərdə rejissorla yeni filmi haqda-qadın və kişi, susqunluğun təhlükələri, ailə ənənələri haqda söhbət edib. Kulis həmin müsahibəni təqdim edir.
 
- Məşhur filmlərinizin əksəriyyəti orijinal ssenarilər əsasında çəkilib. Ekranizasiya üçün başqasının nəsrini götürməyə sizi nə vadar edir? Məsələn, “Cülyetta”nın nəsrində sizi nə cəlb etdi?
 
- Lap başdan Elis Manro mənim xoşuma gəlmişdi –elə indi də onu xoşlayıram. O, yazıçı kimi də, persona kimi də mənə maraqlıdır. Mənim üçün o hekayələr yazan evdar qadındır. Amma o, həmişə evdar qadın olub. Evdar-yazıçı isə personaj kimi mənə çox yaxındır. Manronun danışdığı mövzular ailəyə aiddir. Onun əhvalatları evdə, mətbəxdə, valideynlərə uşaqlarla, rəfiqələrlə baş verir. Və onun əhvalatlarında qəhrəmanları çox vaxt qadınlar olur. Müsahibələrinin birində Manro deyirdi ki, qadın düşünür, guya əzab çəkmək – hər şeyi izah edir və hər şey haqda soruşur. Kişilər qapalıdır, heç nə danışmırlar və öz problemləri ilə yaşayırlar. Bu fikirlər mənə yaxın deyil. Amma Elis Manroda məni cəlb edən onun əhvalatlarının qəribəliyi və orijinallığıdır. Özü də sonda danışılan əhvalata daha böyük maraq hiss edirsən, nəinki əvvəldə. İntriqaya maraq əhvalata ikinci dərəcəli şərhlər ortaya çıxarır.

- Bəs Manronun hekayəsinin süjetinin Kanadadan İspaniyaya köçürülməsi necə oldu?
 
- Novellanı uyğunlaşdırmaq üçün müəyyən bir məqamda orijinalı unutmaq lazım gəldi. Biz ispanlar müəyyən məsələlərdə kanadalılarla qətiyyən oxşar deyilik. İspaniya ölçücə kiçikdir, amma tarixdə məsafələr böyük əhəmiyyət daşıyır və bunu personajlarla həll etmək lazım idi. Ailə mədəniyyəti də tam fərqlidir. Anqlo-sakson ailələrində uşaq valideynlərin evini oxumağa gedəndə tərk edir, İspaniyada isə heç vaxt uşağın göbəyini kəsmirlər. Baxmayaraq ki, müəyyən müddət Manronun hekayəsini unudurdum, onun təsiri yenə də böyükdür. Yəni özbaşıma bu filmə gəlib çıxmazdım mən.
 
- Bəs eyni filmi məhz Kanadada və ya İspaniyadan kənarda çəkə bilərdinizmi? (Jurnalist hadisələrin baş vermə məkanını nəzədə tutur-A.)
 
- Mən Manronun hekayəsini təbdil edəndə əvvəlcə Vanukveri Nyu-Yorkla dəyişdim, çünki özümü ABŞ-a daha yaxın hiss edirəm, nəinki Kanadaya. Bu iki ölkənin ailə strukturu eynidir: uşaqlar evi tez tərk edir və çoxu bununla ailədən uzaqlaşır. Mən ssenarini ingilis dilində yazdım və Meril Stripi baş rola dəvət etməyi planladım. O, razılaşdı, hətta çox maraqlandı, amma axırda mən qərarımı dəyişdim. İstənilən halda bu başqa bir film olardı. Düşünmürəm ki aktyorlarla problemim olardı. Məsələ adətlərdə və məişət məsələlərindədir.
 
Mən ABŞ-a gedirəm və əcnəbi rejissoramsa hamısını təzədən öyrənməliyəm-aptekə burda necə gedirlər, alış-verişi necə edirlər, barda özlərini necə aparırlar, kimlə danışmaq lazımdır, qəzet oxumaq olar, ya yox. O ssenarini ingiliscə yazıb orda çəkmək üçün mənə yarım il xaricdə yaşamaq lazım idi.
 
Həmişə öyrəndiyim, oxuduğum, filmə çevrilə biləcəyim şeyləri kompüterimdə, stolumun siyirmələrində saxlayıram. Bir dəfə də bu filmə qayıtdım və düşündüm ki, onu İspaniyaya adaptə edə bilərəm. Əvvəlcə qeyri-mümkün kimi göründü, birdən hadisənin baş verə biləcəyi, reallıq hissi yarada biləcək coğrafi nöqtələri tapdım. Kiçik Qalisiya balıqçıları kəndi, cənubda kənd, Pireneydə unudulmuş bir bucaq, Madrid...
 
- Ümumiyyətlə, çox dəyişiklik etmisiniz?
 
- Çox. Atmosferi, personajın anası ilə münasibətlərini, qadın qəhrəmanın özünü də. Manroda qəhrəman tənhadır, amma qızının yoxluğundan bu qədər travma almış deyil. O, yaşamağa davam edir, sevgililərini dəyişir. Əsərdə o, mənim filmimdəki kimi kövrək və sınmış qadın deyil. Əsərdə o, ispan mədəniyyəti üçün tipik olan günah hissi ilə yüklənməyib. 
 
- Kişilər haqqında iki filmdən sonra yenidən qəhrəmanı qadınlar olan iki film çəkdiniz. Əsas qəhrəmanların cinsindən asılı olaraq janr, süjet, intonasiya fərqləri varmı filmdə sizin üçün?
 
-  Yazmağa başlayanda düşünmürəm ki, bu qadın filmi olacaq, ya kişi filmi. Bu ideyadır, əhvalatdır və mən onu heç vaxt qəhrəmanın cinsinə görə qəsdən dəyişmirəm. Mənim filmoqrafiyamda əhvalatın mərkəzində qadınların olduğu bir çox filmlər var. Kişilər hətta istisnadır. Filmoqrafiyamı nəzərdən keçirəndə görərsən ki, kişilər haqqında filmlər daha qaranlıq, tutqun alınıb. Mən heç qadının atdığı kişi haqqında komediya çəkməmişəm... Ümumiyyətlə hesab edirəm ki, qadınlar daha açıqürəklidir, gülünc görünməkdən daha az qorxurlar, onlar daha az götür-qoy edirlər. Ona görə də film personajı kimi qadınlar daha rəngarəng diapazonda olur.
 
- Ailə mövzusuna qayıdaq. Siz bu mövzudan bir neçə filmdə bu mövzudan uzaqlaşdınız, amma hər dəfə yenidən bu mövzuya qayıtdınız. İndi də, növbəti dəfə “Cülyetta”da.
 
- Mən iyirmi film çəkmişəm, bu, çox azdır. Daima tamaşaçıların mənim filmlərimə münasibətdə müəyyən streotiplər yaranıb, ailə münasibətləri – Ata və uşaqlar, ana və qızlar, bacı və qardaşlar mənim üçün çox vacibdir. Bu mövzular həmişə məhsuldardır və provakasiya edir. Mən bu mövzuda iyirmi film daha çəkə bilərdim, iyirmi tamamilə fərqli film çəkərdim.
 
- Öz metodunuzu realist, yoxsa qurma hesab edirsiniz? Yəni,onlar həqiqi hisslərə əsaslanır, yoxsa ütülənib, hamarlanmış, üstündə işlənmişdir?
 
- Mənim filmlərim naturalistik deyillər. Bu reallığın ani portreti deyil, onun haqqında düşünülmüş təsəvvürdür. Hətta reallığın ən az qarışdığı maskarad filmlərdə də - mənim sonuncu komediyam kimi - süjet real hadisələrə, şərtlərə əsaslanıb.
 
Mən ispan cəmiyyətinə birbaşa diaqnoz qoymağa cəhd etmirəm. Ssenarist və rejissor kimi xarici dünya ilə əlaqə qurmadan yaşayan qəhrəmanımın tənhalığına fokuslanıram. Mənə onun özü, evi, xatirələri vacibdir. Mən bunların sosiumun metaforasına çevrilməsini istəmirəm. Amma yenə də Cülyettanın ağrısı, tənhalığı, istiqamətini itirməsi ətrafımızda baş verənləri əks etdirir. Biz hakimiyyətə güvənmirik, qeyri-müəyyənlik və qeyri-stabillik hissi ilə yaşayırıq. Nəinki indi, son beş ildir belədir, ən çox da bu il.
 
- Qeyri-reallıq hissini yalnız qəhrəmanlar və dialoqlar deyil, rəng palitrası özü də verir. “Cülyetta”da ona fikir verməmək olmur.
 
- Rəng emosiya və fikirləri qıcıqlandıran ən birbaşa vasitələrdən biridir. Mənim həmişə parlaq rəng palitram var, amma onlardan bəziləri xüsusən vacibdir mənim üçün. Məsələn, qırmızı. Rənglər qəhrəmanın emosiyasını aydın göstərmək üçün yaxşı üsuldur. Məsələn, Cülyetta hər şeyin ağappaq olduğu, bir xatirə belə yada salmayan evə daxil olanda onun həyatında əsas olan yoxluqdur. Başqa bir səhnədə o qızları ilə evə gələndə divarların rəngi onun xoşuna gəlmir. Amma bu qadın qərar vermək gücünü və bacarığını itirib: divarlar necə var, elə də qalır. Sonra o evə gələndə divarlar sadəcə olaraq çirklidir.
 
- Əvvəldə siz filmi “Susqunluq” adlandırmaq istədiniz. Niyə?
 
- Danışmaq lazımdır ona görə! Cülyetta ilə baş verən pisliklər susqunluqla bağlıdır-əri və özü, qızı və özü arasındakı susqunluqla. Susqunluqda təhlükəli hisslər, əksliklər yaranır. Adamlar danışmalıdırlar, bu çox vacibdir.

Kulis.az
Yuxarı