Sabirin yaxın dostu və müasiri, yazıçı Seyid Hüsyen şairin ailə həyatı ilə bağlı maraqlı bir fraqmenti danışır. Sabirin atası- Məşədi Zeynalabdinin qəribə taleyi olmuşdur. İnsana “ bu qədər də olmaz” dedirdən bir tale. Sabirin babası- hacı Tahirin iki oğlundan biri olan Zeynalabdin qardaşından fərqli olaraq iki əsas “məşğuliyyət” sahib idi: dostları ilə məhəllələri və musiqi məclislərini gəzmək. Atasının nəsihtlərini isə eşitmək belə istəmir, bir qulağından alıb o biri qulağından ötürürdü. Günlərin birində baş vermiş bir hadisə onsuz da qaydasında olmayan ata-oğul münasibətlərini daşdıran son damla oldu. İlk baxışda adi təsir bağışlayan sözügedən hadisə Zeynalabdinin məhərrəmlik mərasimlərinə getməsi idi. Bu hadisə həm də Zeynalabdinin həyatını büsbütün dəyişdi. Hadisədən xəbər tutan atası onu evdən qovur. Ata-oğulu barışdırmağa çalışan dost-tanışların səyləri bri nəticə vermir. Üstəlik qohumlarının da Zeynalabdindən üz çevirməsi onun vəziyyətini daha da ağırlaşdırır. O da atasına, qohumlarına inad olaraq şiəliyi qəbul edir.Qatı bir Sünni mütəəssibi olan Hacı Tahir Şamaxının nüfuzlu sünni təmayüllü tacir, rühani, mülkədarlarının gözü qarşısında “dönük” oğlunu övladlıqdan və varislikdən məhrum edir. S.Hüseynin fikrincə, Zeynalabdinin şiəliyi qəbul etməsində ailəsi, qohumları tərəfindən məruz qaldığı diskriminasiya ilə yanaşı, şiə təmayüllü dostlarının da rolu olmuşdur.
Çox keçmir ki, Zeynalabdin oğurluqda təqsirləndirilir. Ancaq təqsiri sübuta yetirilə bilmədiyindən həbsdən buraxılır. Lakin sünnilər ondan əl çəkmirlər. Hacı Tahirin təşəbbüsü ilə onun əleyhinə imza toplamağa başlayırlar. Məhəlli hökümət də onların bu istəyini nəzərə alaraq onu həbs edərək kiçik bir qəza şəhəri olan Bakıya sürgün edir.
Baş verənlərə Şamaxının öndə gələn şiə təmayüllü mülkədar, tacir, rühaniləri seyrçi qalmırlar. Onlar da Zeynalabdini sürgündən qaytarmaq üçün imza toplamağa başlayır, Tiflisə-Qafqazın canişininə teleqram vurur, qubernatorla görüşürlər. Nəhayət istədikləri baş verir: Zeynalabidn 3 aylıq sürgün həyatından sonra Şamaxıya qayıdır. Onu böyük bir təntənə ilə şəhərdə qarşıladılar: adına iki dəfə ianə toplandı, bazarda onun üçün dükan açdılar, Xorasana ziyarətə yolladılar, bir də ən əsası: şübhəsiz ki, şiə elitası onun avaraçılıqla zəngin keçmişindən xəbərsiz deyildilər; hər ehtimala qarşı onu evləndirib ayağını küçələrdən yığışdırdılar. Artıq Zeyanlabdin “Məşədi Zeynalabdin” idi. Qardaşı da Zeynalabdinin iqbalını görüb atasını tərk edərək ona qoşuldu.
Yeri gəlmişkən məzhəb ayrılığı məsələsi hələ illər sonra bu dəfə Sabirin qarşısına çıxacaqdı. Amma bu dəfə zarafat formasında. Zarafatın müəllifi isə Sabirin müəllimi Seyid Əzim Şirvani olacaqdı. Görkəmli maarifçi-yazıçı, teatr xadimi, Sabirin məktəb yoldaşı Sultan Məcid Qənizadənin “Sabir haqqında kiçik bir xatirə”sində oxuyuruq: “ Müəllim zarafatla Tahirova işarə edərək dedi:
- Məzhəb barədə Ələkbərin işi çətindir. Bunun babası Hacı Tahir sünni, nənəsi Məşədi Cəfər qızı şiə... Bilməyəcək hansının ətəyindən bərk tutsun ki, haqqa tez çata bilsin...”
Sabir məşədi Zeynalabdinin sonuncu övladı idi. Uşaqlarının içində bütün mehrini Sabirə salan atası oğlunu gələcəkdə Əli( sonuncu “Rəşidi xəlifəsi”-müəl.) məddahı bir dərviş görmək istəyirdi. Atasını onun üçün aldığı uzunətək dərviş paltarında, əlində təbərzin dükanın qarşısında uşaq lisanı ilə dediyi
Mənim aləmdə sultanım Əlidir
Mənim miri-cihanbahım Əlidir
deyə oxuması məşədi Zeynalabdinə ayrı bir fərəh verirdi. Ələkbər məktəb yaşına çatanda atası onu mollaxanaya aparıb “əti sənin, sümüyü mənim” deyib mollaya təslim etdi. Mollaxanada uşaqların yazma-oxuma öyrənmədən nə isə yazmaları qadağan idi. Kiçik Ələkbər isə bu “qayda”nı pozan ilklərdən olur.
Onun yazmasını molla görməmişdi.
Onu satan mollaxanada birgə oxuduqları yoldaşı idi.
“Təqsiri”ni isbatlayan dəlil heybəsində idi: bir dənə karandaş. O gün Sabir üç çubuq yedi.
İlk orucluq
Həyatda uyğunsuz hallar vardır. Hər uşaq bunu hiss etməz. Bunları hiss etmək üçün xüsusi istedad lazımdır. Ələkbərdə bu istedad vardı. O, birinci uyğunsuzluğu öz şəxsi təcrübəsində, səkkiz yaşında olarkən duydu.
Səkkiz yaşında ikən valideynlərinin təsiri altında ilk orucunu tutdu. Qarşılığında ona çoxlu hədiyyələr vəd etmişdilər. O isə hələ uşaq idi; uzunmüddətli aclığa dözümü yox idi. Anası isə ona dözümlü olmağı təlqin edir, hətta qorxudurdu da:
- Bax, orucunu sındırsan, sənin üçün günah olar! Atan, anan ölər. Sən bizim ölməyimizi istəyirsən?
Yazıçı S.Hüseynin xatirələrində bu haqda oxuyuruq: “ Ələkbər özü-özünə düşünürdü:
- Olmazmı ki, uşaqlar orucu günortayacan tutsunlar?
Kiçik Ələkbər ictimai həyatda uğradığı bu uyğunsuzluğu bütün acılığı ilə hiss edir, fikrinə bəzi şeylər gəlirdi. O, bunları yazmaq istəyirdisə də, bir ya əvvəl yazmaq üstündə döyüldüyünü xatırlayır, sanki barmaqlarının ucunda çubuğun ağrısını hiss edərək, ocunun içi sızıldayırdı. Bu hal nə qədər ağır və çəkilməzdi. Onun hissiyatı coşub daşır. Bunları hiss etmək üçün xüsusi bir istedad lazımdır. Bu hissiyat bir şeir olaraq dilinə gəlir:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözlərim qazanda,
Mollam da döyür yazı yazanda.”
Sabir yeniyetməlik və gənclik illərində də atasından az çəkmədi. Böyük qardaşı və atası onun Şamaxıda S.Ə.Şirvaninin məktəbindən uzaqlaşıdırb dükana təhkim etdilər. Atası oğlunu peşəkar, həm də dininə bağlı tacir kimi görmək istəyirdi. Sabir dükanda yaxşı gəlir əldə etmək, dükana müştəriləri cəlb etmək əvəzinə kitab oxuyur, bəzən qeyd dəfətərinə şeirlər yazardı. Atası isə qəzəbini boğa bilməyib oğlunun şeir dəftərini cırdı.
Sabir atasının kobud hərəkətinə evdən qaçmaqla cavab verdi. Ancaq cəhd uğursuz alınsa da, atası onunla daha əvvəlki kimi sərt rəftar etmirdi.
Sabirin anası ilə münasibətləri bir neçə epizodu saymasaq, demək olar ki, rəvan olmuşdur. Həmin yuxarıda sözügedən bir neçə epizoda baxaq. Sabir Şamaxıda yazdıqlarından dolayı təzyiqlərə məruz qaldığından şəhəri tərk edərək Bakıya yerləşir. Lakin ailəsini özü ilə Bakıya gətirməmişdi. Qaragüruh Sabiri yolundan döndərmək üçün onun ailəsinə qarşı təzyiq göstərirdi. Bu zaman şair ən böyük zərbəni qohumlarından, ələlxüsus anasından aldı. Şairin qızı- Səriyyə xanım Tahirzadə 1936-cı ildə “Şərq qadını” jurnalında çap olunan “Xatiratımdan”da həmin hadisələr haqqında yazırdı: “ Əlidadaş ( ailəsi Sabirə belə müraciət edirdi-müəl.) Bakıda ikən bizi incidən, əqrabamızın təzyiqi idi. Bir gün nənəm (atamın doğma anası) anamın yanına gəlib: “ Niyə oturmuşsan, sən şərən azadsan, o babıdır, get boşan, mən də südümü ona halal etməyəcəyəm” dedi. Belə sözlərə anam öyrəşmiş olduğu üçün əhəmiyyət vermədisə də mən əhvalatı atama yazdım ( o vaxt atamla yazışdığımız məktublarda hərfləri bir-birinin yanına düzərdik), cavabında isə atam, belə şeylərdən narahat olmamağımızı məsləhət edərdi.”
İllər sonra Sabirin yolu xəstəliyi ilə bağlı Tiflisə yola düşür. Şəhərdə o C.Məmmədquluzadənin evində qalır. Sabir söhbətlərində qızının xatirələrində bəhs etdiyi hadisəyə rəğmən xoş sözlərlə xatırlayırdı. Bu haqda Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə 1936-ci ildə “Şərq qadını” jurnalında çap olunmuş “ Sabir haqqında xatirələrimdə” yazırdı: “ Sabir anasını çox sevərdi. Onun ibadət etməsindən, namaz qılmasından, bir neçə dəfə Məşhədə, Kərbalaya getməsindən və buna görə də avam Şamaxı qadınlarının içərisində böyük bir hörmət qazanmış olmasından danışardı. O, toya, yasa gedəndə hamı ona “Həzrət Fatima kimi” hörmət göstərərdi.
Sabirin ən həssas anlardakı təmkini bizə despotik ailədə tərbiyə alan, ancaq valideynlərinə qarşı narazılığı elə söz səviyyəsindəcə bitən rus yazıçısı A.P.Çexovu xatırladır. Yeniyetmə Anton 1877-ci ilin 29 iyulunda Taqanroqdan Moskvaya, uzaq qohumu Mixail Çexova məktubunda yazır: “Atamı görsən, ona çatdır ki, onun əziz məktubunu aldım və çox minnətdaram. Atam və anam Yer kürəsində mənim üçün yeganə adamlardır ki, onlar üçün hər şeyimdən keçməyə hazıram. Əgər mən yüksəklərə qalxsam, bu, yaxşı adam olan atamla anamın xidməti olacaq. Uşaqlarına olan sevgiləri onları bütün təriflərdən ucaya qaldırır, bütün çatışmazlıqlarını ört-basdır edir...”
Son sözü publisist Məmməd Süleymanova verirəm: “ Bu metamorfozu izah etmək üçün Freyd yox, Makarenko gərəkdir...”.
P.S. Məqalə yazılarkən “ Müasirləri Sabir haqqında”(Bakı,1962) və “Sabir xatirələrdə”(Bakı,1982) kitablarından istifadə olunmuşdur.
Aqşin Kərimli
Kultura.Az