post-title

Azərbaycan 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəlində

Bir ölkənin işğal olması həmişə faciəli bir məqam olub. Ancaq hər pis bir şeydə də bəzən müsbət fərqli nəticələrin olduğunu görmək olur. Bunun maraqlı tərəfi ondan ibarət idi ki, Azərbaycan əgər 19-cu əsrin əvvəllərində ayrı-ayrı xanlıqlar şəklində işğal olunmuşdursa, 1917-1918-ci illərdə Rusiya imperiyası çökəndə Azərbaycan onun tərkibindən ayrı-ayrı xanlıqlar şəklində yox, vahid bir millət, vahid bir xalq, vahid bir dövlət amalı ilə çıxdı.

 

Xanlıq tarixinin nə qədər yaxın olmasına baxmayaraq heç kəsin ağlına gəlmədi ki, bölgəçiliyə, regionçuluğa qayıtsın. Əgər Sabirin bir misrasına nəzər yetirsək görərik ki bu doğrudan da böyük bir nəticə idi. Sabir yazırdı:

Da’i bə üхuvvət olur ikən bizə Qur’an,
Əmr eylər ikən birliyə peyğəmbəri-zişan,
Tapmazsan iki müttəfiqürrə’y müsəlman
Qafqazda olan bir neçə milyon arasında!


Həsən bəy Zərdabi deyirdi ki, bir ölkənin inkişaf etməsini istəyirsizsə onlara öz dilini verin. Cəmisi 2 il çıxan “Əkinçi” Azərbaycanda böyük dəyişikliklər etdi. İctimai şüurun formalaşmasında, iqtisadi şüurun formalaşmasında, dil şüurunun formalaşmasında Əkinçinin və Zərdabinin rolu danılmaz idi. Zərdabi iqtisadi şüurun da formalaşmasında böyük rol oynadı. O, qeyd edirdi ki Azərbaycanın çox böyük iqtisadi imkanları var və əgər biz bu gün ölkəmizdə olan imkanlardan istifadə etməyi öyrənməsək, əgər biz bu gün ölkəmizdə olan pulları qazanmağı öyrənməsək onda kimsə bunu bizim əvəzimizə edəcək. Bunun yeganə çıxış yolu kimi Zərdabi yeni elm verən məktəbləri görürdü. Beləliklə Zərdabi sözün əsl mənasında iradə ortaya qoyaraq azərbaycanlı gəncləri məktəbə cəlb edir. Sayının az olmasına baxmayaraq bu maarif toxumunun ölkəyə səmərəsi çox böyük oldu. Sonralar bu məktəblərdən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər çıxdı ki onlar da Azərbaycanın ictimai şüurunu formalaşdırdılar.

Məşhur teatr tənqidçisi Cəfər Cəfərov deyirdi ki, Azərbaycanda vəziyyət o qədər acınacaqlıdır ki, cəmiyyət bədii əsərçün müsbət qəhrəman vermək bacarığında deyildir. Bu acı həqiqət idi. Belə bir mühitdə məhz o yeni yetişən gənclik Azərbaycanda ağlasığmaz dəyişikliklər etdilər. Gənclərin təhsinin qadağan olduğu bir dövrdə, dini xurafatın ifrat dərəcədə insanların qəlbində kök saldığı illərdə Azərbaycanda İslam ümmətçiliyindən vahid bir dövlət, vahid bir xalq, vahid bir ictimai şüura tarixi bir keçid oldu.

1907-ci ilin Noyabrında Zərdabi vəfat etdi. Həmin dəfn mərasimi Bakıda ilk ictimai dəfn mərasimi idi. Bu dəfn mərasimində deyilən sözlərdən birini qeyd etmək istəyirəm. Əhməd bəy Ağaoğlu dəfn mərasimində çıxışında Həsən bəyin cənazəsinə əlini uzadaraq dedi:
- Ey müqəddəs ruh, Sən ki gedirsən o dünyaya, tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər bu nə vətəndir bizə qoyub getmisiz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, ey vay nə bu irs olaydı, nə də biz olaydıq.

1-ci Dünya Müharibəsi ərəfəsində Azərbaycanın siyasi meydanında yeni bir ulduz parlamağa başladı. Bu Rəsulzadə idi. 1913-cü ildə Bakıya qayıtdıqda yazdığı 7 məqalə milli dirilik haqda idi. Rəsulzadə yazırdı ki ən pis müstəqillik ən yaxşı asılılıqdan dəfələrlə yaxşıdır. Onun yazılarından birində bu ifadəyə rast gəlmək olardı – avropalılar ölürlər dirilməkçün, biz dirilirik ölməkçün. Burada avropada olan inqilablar və İslam ümmətçiliyinin açıq müqayisəsi əks etdirilirdi.

Ölkənin baş naziri öz atasına məktubunda yazırdı ki, aldığım əmək haqqı ailəmi dolandırmağa çatmır, mümkünsə mənə biraz pul göndər.  Nəsib bəyin məktubuna cavab olaraq atası da ona yazmışdı ki, sən orta məktəbdə oxuyanda səninçün pul köçürtmüşəm, Rusiyada oxuyanda pul köçürtmüşəm, indi də ölkəyə başçılıq edirsən, yenə məndən pul istəyirsən. Təsəvvür edin bir ölkənin baş naziri..

Britaniyanın Qafqazda Ali Komissarı 1919-cu ilin Sentyabrında Londona hesabatında yazırdı ki, mən əminliklə deyə bilərəm, Azərbaycan dövləti Avropada mövcud olan bir çox ölkələrdən daha demokratikdir.  Beləliklə, Azərbaycan yalnız coğrafi bir məna olduğu bir dövrdə Rəsulzadə, Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi insanlar Azərbaycana siyasi bir məna verdilər. Bu 1918-ci ilin 28 Mayında baş verdi.


Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin mühazirələrindən.

Kultura.az

Yuxarı