post-title

Corc Oruel: Böyük qardaş sizi izləyir

Azərbaycanda yəqin ki, “1984” romanından xəbərdar olmayan çox az adam var. Bu indiki dövrdə olduqca aktualdır və insanlıq var olduqca aktual qalacaq. Əsər çox sadədir, şüşədən düzəlmiş evlər, 24 saat kamera nəzarəti, şəxsi həyatın hər sahəsinə girmək haqqı olan polis və təhlükəsizlik ordusu, gecə-gündüz bezib-usanmadan təbliğat aparan böyük ekranlar, yalançı və saxtakar mətbuat, yalançı ideologiyalar, saxtalaşdırılmış tarix, idarəedicilərlə idarə olunanlar arasındakı dərin uçurum, bir ovuc dövlət məmurundan başqa hər kəsin yadından çıxmış və taleyin hökmünə buraxılmış qara camaatdan bəhs edən bir əhvalatdır.

 

 
Yazıçı Corc Oruelin 46 yaşının tamam olmasına bir az qalmış, 1949-cu ilin 8 iyununda, London kitab mağazasına onun “1984” romanı daxil oldu. Bu kitab qısa müddətdə milyonların düşüncəsini alt-üst etdi. 
 
“1984” romanının ilk 25500 nüsxəsi çap olunduqdan dərhal sonra, qısa müddət ərzində satılıb qurtardı. İlin axırında romanın Britaniya və Amerikada çap olunan nüsxələrinin ümumi sayı yarım milyonu ötdü. Sözün əsl mənasında bir günün içində şöhrət qazanan bu məşhur kimdir?
 
Müasirləri onu belə təsvir edirlər: “Arıq və uca boylu, sıx, dalğalı saçları olan, iri addımlarla yeriyən gənc. Daim sakit və məsum gülüşü ilə qarşısındakının ona maraqlı olduğunu göstərməyə çalışardı. Heç vaxt özünü yuxarıdan aparmaz, heç kimə ağıl öyrətməz, zorla öz fikrini qəbul etdirməyə çalışmazdı”. Bu müdrik və bilikli adamı şəxsi həyatda görmüş adi insanlar onun haqqında məhz belə düşünürlər. Onun bütün həyatı və yaradıcılığı “1984” romanının ərsəyə gəlməsinə həsr olunmuş dəyərli təcrübədən ibarətdir. Əslində o bu romanı yazmağa həqiqətən çox vaxt sərf etmişdi (düzdür Oruel buna paralel olaraq bir neçə başqa əsər də yazmışdı amma onların içində ən məşhuru bestsellərə çevirilmiş “Heyvan ferması” dır). Roman çap olunana qədər Oruel onun adını iki dəfə dəyişmişdi (“Avropada sonuncu insan”, “Ölülər və dirilər”) və beş il ərzində ancaq onun üzərində düzəlişlər etməklə məşğul olmuşdu. Yeri gəlmişkən kitabın adı heç çapa veriləndə də hazır olmayıb, bu zaman naşiri Oruelə məsləhət görüb ki, kitabın yazıldığı ilin son iki rəqəmini dəyişdirib ona ad versin. Beləcə də olur, axı kitab gələcəyin cəmiyyətindən bəhs edirdi.
 
Corc Oruel, daha doğru, Erik Artur Bleyer (1903-1950) (Oruel onun yazıçı təxəllüsüdür), bütün ömrünü ideologiyasız, təbliğatsız, rəhbərsiz cəmiyyətin qurulması ilə bağlı öz daxilində ziddiyyətli fikirlərilə çarpışaraq keçirmişdi və axırda insan azadlığının mümkünsüz bir şey olduğu nəticəsinə gəlmişdi. O Hindistanda doğulub, uşaqlığında və gəncliyində ingilis imperializminin ədalətsiz üzünü görüb, polis işçisi, jurnalist, müəllim işləyib. Demək olar, bütün ömrünü ehtiyac içində, eyni zamanda iki-üç yerdə işləyərək keçirib, yalnız ölümündən bir neçə il əvvəl şöhrətin və pulun nə olduğunu bilib.
 
Hakimiyyət uğrunda mübarizə və arzu olunan məqsədə nail olduqdan sonra, əvvəl sadə insanların arasında yaşayan, onların dərdinə çarə tapmağa çalışan şəxsin sonradan əsl iblisə çevrilib, mütləq ağalığa can atması kimi daimi təkrarlanan hal onun yaradıcılığının əsas araşdırma mövzusudur. Despotizmin və onun kəskin forması totalitarizmin təbiətinin izahı onun kitablarının başlıca mövzusu idi. Budur “1984” də “Böyük inkivizator” O`Brayn hakimiyyətin təbiəti və fəlsəfəsindən danışır: “Alman nasistləri və rus kommunistləri bizim metodlara çox yaxın idilər, amma onların şəxsi motivləri üzərində işləməyə cəsarətləri çatmadı. Onlar özləribi yalandan elə aparırdılar, hətta buna inanırdılar ki, hakimiyyətə məcburiyyətdən gəliblər, məhdud müddətdə qalacaqlar, qarşıda isə onları ... hər kəsin azad və bərabər yaşadığı bir cənnət gözləyir. Biz belə sadəlöv deyilik. Biz hakimiyyətin sonradan ondan imtina etmək üçün olmadığını bilirik. Hakimiyyət vasitə deyil, o məqsəddir”. 
 
“1984” romanını yazanda Oruel konkret müasir gerçəkliyi deyil, stalin rejimini xatırladan avtoritar dövlət modelini təsvir edirdi. Romanın süjet xəttinin əsasında şəxsiyyətlə dövlət arasında toqquşma və burdan doğan nifrət dayanıb. Dövlət şəxsiyyəti ruhən məhv edir.
 
1948 –cil ildə “1984” romanını çapa göndərərkən Oruel naşir Fred Uolburqa yazırdı ki, roman haqqında ideya onun ağlına ilk dəfə 1943-cü ildə gəlib. Sonralar Oruelin qeyd dəftərçəsində 1944-cü ilə aid bir qeyddə “Avropada sonuncu insan” adı altında romanın planı tapılır. Burda müəllif əvvəlcədən cəmiyyəti idarəetmə işində bir sıra yenilikləri qeyd edir, bura yalançı təbliğat, hər şeyə göz qoyma, düşüncədə ikili standart, ideologiyalarla seksual həyatın idarə edilməsi, iki dəqiqəlik nifrət fasiləsi və s daxil idi. Bundan əlavə o maraqlı partiya şüarları da tapmışdı: “Müharibə - sülhdür”, “Güc – biliksizlikdədir” və s. Oruel özü romanı haqqında deyirdi: “Bu roman gələcək haqqındadır, bir növ fantaziyadır, amma realsit roman formasında yazılıb. Məncə bütün çətinlik burdadır, çünki kitab mümkün olduqca asan oxunacaq halda yazılmalıdır. 
 
Mənim romanım sosializmə ya da Britaniya leyborist partiyasına (mən özüm ona səs vermişəm) qarşı yönəlməyib, arxaik formada mərkəzləşdirilmiş iqtisadiyyatı olan artıq qismən də olsa gerçəkləşdirilmiş kommunizm və faşizm kimi avtoritar rejimlərə qarşı yönəlib. Mən bu cürə bir cəmiyyətin nə vaxtsa ortaya çıxmasına tam inanmıram, amma qismən də olsa buna bənzər bir cəmiyyət layihəsi ağlabatandır. Həmçinin əminəm ki, intellektualların şüurunda totalitar ideya daim mövcuddur və ələ keçən ilk fürsətdə bu ideyanı inkişaf etdirməyə çalışırlar, mənsə romanımda həmin ideyanı sona qədər inkişaf etdirərək, cəmiyyətin hansı formaya düşəcəyini göstərmək istəmişəm. Kitabdakı hadisələr İngiltərədə baş verir, bununla da ingilisdilli xalqların rəhbərliyinin də totalitarizmə meyllilikdə başqa xalqlardan geri qalmadığını və onunla mübarizə aparılmasa, hər yerdə qalib gələ biləcəyi mesajını vermək istəmişəm”.
 
Oruel totalitarizmin əsas cəlladları kimi intellektualları təqdim edir və bunun üçün xüsusi məntiq və hətta mənəvi zəmin düşünür. Onun fikrinə görə totalitar ideya həmişə intellektualların düşüncəsində yaşayır. İntellektuallar dünyanı fanatizm, qayda-qanunlara çılğıncasına bağlılıq, lovğalıq və sadə insanların əzabı üzərində qurulan həzz kimi görmək istəyirlər. Bunun üçün də totalitar ideya intellektuallar üçün daha uyğundur. Əgər intellektuallar hansısa ideologiyaya xidmət edirlərsə, “onlar adətən diktatura metodlarına, gizli polisə, sistematik saxtalaşdırmaya yönümlü olurlar”. Oruel intellektualların gələcək diktaturasının təşəkkül ehtimalını Bellok, Vuat və xüsusilə də Bernhem kimi filosofların əsərlərindən istifadə edərək əsaslandırır. 
 
“1984” romanında bu fikri sübut etmək üçün bir neçə misal gətirirlir: partiyanın intellektuallardan ibarət daxili və sadə insanlardan ibarət xarici sesksiyaları; sağlam düşüncənin göstəricisi kimi “2х2=4” devizi. O həqiqi ziyalılığı, soyuq, öz xeyirini güdən, kinli intellektualizmdən fərqləndirirdi. “İntellektuallıq rütbəsinə ciddi yanaşdığım üçün, ingilis ədəbi aləmindəki rişxəndçiliyə, rəzilliyə, tutuquşuluğa və yaxşı pul qarşılığında başqalarının danışan dilinə çevrilənlərə nifrət edirəm”.
 
Tədqiqatçıların çoxunun yazdığına görə “1984” romanının baş qəhrəmanlarından biri Qoldşteyn, L.D.Trotskinin prototipidir. “Bu ibtidai dövrləri xatırladan proseslərdə Trotski, xalqın yaxşılığını istəməyən xain, İblis rolunu oynayır”. Hər bir totalitar ideyanın ayaqda qalması üçün bir İblisin mövcud olması ideyasını Oruel “1984” romanını yazamazdan az öncə gündəliklərində yazır. Belə ki, Trotskinin ölümündən üç gün sonra o gündəliyində yazmışdı: “İndi Rusiya Trotskisiz neynəyəcək?.. Yəqin onun əvəzinə yeni birisini düşünməli olacaqlar”.
 
“Biz çılğın bir dünyada yaşayırıq, burda əksiliklər daim bir-birlərinin yerlərinə keçirlər, birdən-birə pasifistlər Hitlerə pərəstiş edir, sosialistlər millətçi olur, vətənsevərlər xalq düşmənləri ilə əməkdaşlığa girir, buddistlər yapon ordusunun qalib gəlməsi üçün dua edir, ruslar hücuma keçəndə isə, birjalarda aksiyaların kursu yüksəlir”- deyə Oruel gündəliyində yazırdı.
 
Yazıçı yeni dövrün ən böyük bəlalarından biri olan təbliğatın cəmiyyətdəki şəvvaflığa vurduğu zərbələri və bunun gələcək dünyada ən böyük problemə çevriləcəyini yaradıcılığında dönə-dönə göstərməyə çalışır. O deyirdi ki, “hətta yaxşı məqsədlə belə istifadə olunan təbliğatın iyrənc tərəfləri mövcuddur”, ya da başqa bir essesində ifadə etdiyi kimi: “Günümüzdə bütün yazanlar və danışanlar palçıq içində çabalayır, intellektual dürüstlük və həmkarına hörmət etmək kimi yüksək ziyalılığın simvolları artıq yoxdur”. BBC-dəki iş Oruelə göstərdi ki, şərə qarşı təbliğatlar xarakterinə görə tamam tanınmaz, fərqli hallara düşə bilir “antifaşist təbliğatını, antiimperialist təbliğatı ilə əlaqələndirmək” mümkün deyil. 
 
İspaniya xatirələri haqqında bir essesində o yazırdı: “Mən uşaqlıqdan bəri qəzetlərin yalan danışdığını bilirdim, amma İspaniyada olarkən mətbuatın gerçəkliyi tam saxtalaşdıra biləcəyini gördüm. Mənim şəxsən iştrak etdiyim neçə “döyüş” olub ki, orda bircə güllə də atılmayıb, amma qəzetlər bunu qanlı döyüş kimi əks etdirirdilər, həmçinin mən çoxlu insan ölümü baş verən neçə-neçə əsl döyüşlərdə iştirak etdim ki, mətbuat bu haqda bircə kəlmə də yazmamışdı. Mən qəzetlər tərəfindən qorxaq kimi tanıdılan əsl, cəsarətli əsgərlər gördüm və mətbuatın qəhrəmana çevirdiyi neçə qorxaqlar gördüm. Mən qəzetlərin bu yalanlarla insanların dünya baxışını necə formalaşdırdığının şahidi oldum”.
 
İstər “1984” istər də “Heyvan ferması” romanlarında olsun, istərsə də Oruelin yaradıcılığının başqa nümunələrində, bütün əhvalatların sonu mütləq insan azadlığının mümkün olmadığı məntiqi nəticəsinə gətirir. O, partiyaların, mətbuatın, siyasətçilərin olduğu bir dünyada insan azadlığının hər zaman qısılacağını dəfələrlə vurğulayır. O sosializmin, faşizmin, hətta demokratik quruluşlu cəmiyyətlərin belə insanlığın qələbəsinin mümkünlüyünə inanmırdı.
 
Həmçinin Oruelin əsərlərində totalitar dövlət quruluşlarına qarşı satirik yanaşmalar olmasına baxmayaraq, yazıçının özü uzun müddət kommunistlərlə gizli əlaqələrdə şübhəli bilinirdi. Britaniya əks kəşfiyyatı Mİ-5 2007-ci ildə açdığı məxfi sənədlərindən bəlli olur ki, 1929-cu ildən başlayaraq, 1950-ci ilə, yəni yazıçının ölümünə qədər onun bütün həyatı izlənib və gizli əlaqələri ortaya çıxarılıb. Məsəlçün 1942-ci ilə aid agent Yuinqin məlumatında Oruel haqqında deyilir: “Bu adam irəli görüşlü kommunistdir, hind dostlarından bəziləri onun tez-tez kommunistlərin yığıncaqlarında iştirak etdiyini deyirlər”.
 
“1984” romanını mütəmadi izlənməkdən əziyyət çəkən müəllifin öz bioqrafiyası ilə sıx bağlıdır. Romanda nəzərə çarpmayan çoxlu sayda detal yazıçının həyatı ilə səsləşir. Məsəlçün, romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə oturduğu otağının nömrəsidir. O, həmçinin BBC-də arxivlərin saxtalaşdırılmasının və kütlənin idarə edilməsinə yönəlmiş yalan məlumatların yayılmasının da şahidi olmuşdu. Müəllifə görə insanı totalitarizmin köləsinə çevirmək üçün, onun təbiətini dəyişdirən uzun müddətli, çətin bir əməliyyata ehtiyac var. Oruel diktaturların yorulub-usanmadan yenidən və yenidən tətbiq etdiyi bu əməliyyatı seyr etməkdən zövq alır. O insan təbiətini idellaşdırmır. Əslində hamımızın içində bir Böyük Qardaş oturub, fürsət ələ keçən kimi, istər polis, istər məmur, istər təhlükəsizlik işçisi kimi başqalarını izləməyə, tabe etməyə, idarə etməyə çalışır. Hər bir insanı sındırmaq mümkündür, amma buna görə insana nifrət etmək lazım deyil. İnsan təbiəti, hakimiyyətə, totalitarizmə və aqressiyaya yönümlüdür, amma bu bir müddət sonra əyləncəsini itirir, maraqsız, zövqsüz bir şeyə çevrilir. Oruelin bütün deməyə çalışdığı budur, əvvəl-axır absurd vəziyyətə çatan diktatura nəyə lazımdır ki?
 
Namiq Hüseynli
Yuxarı