İsaak Zinger: Qaçaqmalçı - Hekayə
Telefon zəng çaldı. Qaldırdığım dəstəkdə anlaşı…
Ədəbi əsərləri qiymətləndirərkən çox meyar nəzərə alınır: süjet, həyatilik, qəhrəmanların vəzni, dil, məntiqi uzlaşma, psixoloji dərinlik, təhkiyə üslubu, yığcamlıq və sairə. Bunların hamısı çox vacibdir. Əsərdə hamısının olmasa da, əksəriyyətinin olması vacibdir.
Mənim üçün ən vacibi sidqdir. Əsərdə saxtalığı dərhal sezirəm və həmin əsər mənim üçün heç nəyə çevrilir.
Oxuyanda ki Günel Mövlud qaçqın və köçkün həyatından əsər yazıb, çox maraqlandım. Ona görə yox ki, qaçqınlıq və köçkünlük təzahüründən bixəbər idim. Əksinə, xəbərim var idi, böyük oğlum iki il Sabirabadda köçkün düşərgəsində işləyib, ayda bir dəfə üç günlüyə Bakıya gələndə görüb-yaşadıqlarını danışıb. Qohumlar və dost-tanış arasında köçkünlər var. Lakin bir var şifahi xatirələr, bir də var bədii inikas. Sadəcə bu təzahürün bədii əksini görmək, oxumaq istəyirdim.
Köçkünlük insan faciəsidir, xalqın fəlakətidir, quruluşa ittiham hökmüdür, bəşəriyyətə ləkədir. Xalqımın 600 mini 30 il olmazın məşəqqətlər çəkib, xəstə və yırtıcı qonşunun zülmünün qurbanı olub. Oxucu bu insan faciəsi ilə tanış olub sarsılmamalıdırmı? Ürəyinə mərhəmət və şəfqət çilənməməlidirmi? Bununla yanaşı bu məşəqqətlərin baiskarı olan insanlardan azı küsməməli idimi?
Yadımdan heç vaxt çıxmaz, Fələstin yazıçısı Ğəssan Kənəfaninin fələstinli qaçqınların acı taleyinə həsr etdiyi “Günəş altında insanlar” əsəri zamanında elə güclü əks-səda oyatmışdı ki, yazıçını susdurmaq üçün İsrail kəşfiyyatı hətta onun Beyrutdakı işinə zərf içində partlayıcı maddə göndərib yazıçını qətlə yetirmişdi. Mən, əstəğfirulla, Günel xanıma belə acı qisməti deyil, sadəcə öz əsəri ilə oxucusunun qəlbini titrətmək, zavallı köçkünlərlə həmrəylik duyğusu oyatmaq səadəti arzulayırdım.
Görəsən bizim yazıçı qaçqınlıq-köçkünlük təzahürünü kağız səhifəsində canlandıranda, bu geniş və dərin ictimai-siyasi-bəşəri məzmunu layiqli və tarixi həqiqətə uyğun bədii yaradıcılıqla canlandıra bilibmi?
Onu da unutmurdum ki, bizim yazıçı indi Norveçdə yaşayır və onun əsəri norveç dilində işıq üzü görüb, deməli, öz əsəri ilə tək bizim oxucuya deyil, həm də Avropa oxucusuna nəyi isə çatdırmaq istəyir. Nəyi?
Kitabı məmnuniyyətlə aldım. Nəfis çap olunub, əldə tutmaq və oxumaq rahatdır. Kitab kimi bir qüsuru var: mündərəcat yaddan çıxıb. Olan şeydir, “hər gözəlin bir eybi var”.
Əsərdə təsvir olunan insan toplumunun ibtidailiyi, qeyri-mütəşəkkilliyi, həyatlarının mədəni qaydalardan və dini ehkamlardan daha çox sırf fizioloji ehtiyaclara bağlılığı, müəllifin bu həyatı təsvir edərkən ən xırda məişət hadisələrinə və təzahürlərinə yer ayırması mənə bu əsəri qismən etnoqrafik qeydlər janrına aid etməyə əsas verir. On doqquzuncu əsr Şimali Amerika hindularının həyatını məşhur etnoloq Henri Morqanın elmi əsərlərindən öyrənmək mümkündür. Bilmirəm, Azərbaycan etnoqrafları köçkün düşərgələrinə sığınmış binəva soydaşlarımızın həyatını elmi üsullarla müşahidə və təsvir ediblərmi? Hakimiyyətimizin elmə, alimlərimizin hakimiyyətə münasibətini bildiyimdən, buna şübhə edirəm. Odur ki, artıq geridə, tarixdə qalmış bu gerçəkliyin bu gün cəmiyyət üçün müyəssər yazılı mənbəyi Günel Mövludun bu əsəridir. Bu baxımdan əsəri müsbət qiymətləndirmək olar. Xalqımızın bir qisminin müəyyən tarixi şəraitdə həyatının-güzəranının sidqiliyi danılmaz mənzərəsidir.
Əsərə “Düşərgə” adından əlavə “roman-bioqrafiya” başlığı əlavə edilib. Yazıçı öz əsərini roman sayır. Olur. Məsələn, Molyerin qəhrəmanı Jurden də ömrü boyu nəsrlə danışdığını təsadüfən və qəfil anlamışdı. Əslində əsəri oxuduqca ona xüsusi cazibə verən janr qatmaqarışıqlığını müşahidə edirdim: bax, bu, qəhrəmanın kimliyini açan şəxsi etirafdır, ola bilsin, gəncliyində oxuduğu Götenin təsiridir, burada isə müəllif özünün də xəbəri olmadan, Məhfuzun “Məhəlləmizin hekayətləri”ndə olduğu kimi, müxtəlif insan talelərinin şərhsiz və hissiyyatsız quru təsviri vasitəsilə bütov bir icmanın surətini və taleyini canlandırır, epiloq isə, paho-o, əsl sosializm realizminin təntənəsidir, öz qələminin gücünə güvənmədən “Azərtac”ın rəsmi qələbə raportunu bədii əsərinə salmışdır, janr cərgəsinə “sənədli” tərifini əlavə etməyə girəvə vermişdir.
Nə isə, məndən olsaydı, əsərin “Düşərgə” adının altında “zəmanədən zərərdidənin naməlum müstəntiqə şahid ifadələri” başlığını yazardım.
Günel Mövlud böyük cəsarətlə düşərgə sakinlərinin, o cümlədən yaxınlarının mahiyyətini onların davranışları vasitəsilə açır. Hətta düşərgənin özünün, onun qurğu və tikililərinin bilərəkdən laqeyd tərzdə edilmiş təsviri oxucuya çatdırılası mühüm məlumat daşıyır. Köçkün icmasında hökm sürən ibtidailik, qeyri-humanist rəftarlar, zalımlıq və barbarlıq az da olsa, elə bu vəhşi cəmiyyətdə yaşayan və amallarına xəyanət etməyən nəcib insanların qibtəediləsi alicənab əməlləri vasitəsilə tarazlaşdırılır. Odur ki, Günel Mövludun kiçik əsərində xeyli sayda mənfi qəhrəmanla yanaşı, azsaylı olmalarına baxmayaraq, şərə müqavimət göstərə bilən, insanlığı yaşadan müsbət qəhrəman da yer tapıb. Müxtəsər, şəksiz mənfi qəhrəman atası ilə yanaşı sözsüz müsbət qəhrəman anası da var.
Təhkiyənin daxili əsəbi, çatdırılan məzmunun gərginliyi azalıb-artır, sinusoid kimi yüksəlib-enir. Əgər başlanğıcda yol ilə gedən ata azyaşlı qızına məsum bir ifadəyə görə amansız zərbə endirib onun burnunu qanadırsa, oxucu bundan sonra artan xətlə daha şaşırdıcı təsvirləri gözləyir. Lakin yanılır. Ata-bala düşərgəyə çatır, qızcığaz qanını təmizləyir, yaxınları bunu diqqətə layiq olmayan hadisə kimi qəbul edirlər. Yazıçı bundan sonra düşərgənin təsvirinə keçir. Əsərdə bu eniş-yoxuş davam edir,“Vurğun” parçasının təsirli novellistik sonluğundan sonra sadəcə hesabat səciyyəli növbəti hekayə gəlir.
Yazıçı əsərinin mahiyyətini ölkə həyatının ictimai-siyasi kontekstindən, tam olmasa da, təcrid etməyə müvəffəq olub. “Tam olmasa da” ona görə deyirəm ki, yazıçı düşərgə əhlindən olduqlarına baxmayaraq, düşərgə sakinlərinin payını oğurlayaraq özlərinə Sumqayıtda mənzillər alan köçkünlər barəsində də yazıb. Lakin Günel Mövlud dəfələrlə çadır şəhərciyində yaşanan yoxsulluğu, bəzən aclığı, həmin dövr bütün ölkənin ümumi kasıblığı ilə izah edir, hərçənd ki, bunu ondan nə olayların təhkiyə məntiqi, nə də oxucu gözləyir. Yazıçı hər dəfə bunu yazdıqca, məlumatlı və düşünməyi bacaran oxucunun yadına düşür ki, məhz elə bu zaman, köçkünlərin və bütün xalqın olmazın məşəqqətlər yaşadığı bir zamanda, ölkə rəhbərləri, içi Qaçqınkomun sədri olmaqla, özlərinin kimisi ilk milyonunu, kimisi ilk milyard dollarını İsveçrə banklarına yatırırdı.
187 səhifəlik kitabda çox söz var, hətta kişi və qadın tənasül əzalarının açıq adları var, bircə “erməni” sözü yoxdur. İnsanlar niyə qaçqın düşdülər, onları evlərindən kim qovdu, müharibə nə müharibə idi, kiminlə kimin arasında idi, nəyin üstündə idi, kim kimə hücum etmişdi?
Xub, Azərbaycan oxucusu bunu mükəmməl bilir, bəs yazıq avropalı oxucu, əgər bu əsəri oxusa, haradan bilsin? Hər halda, qəfəslərə bölünmüş çadır şəhərciyinə qısılıb ibtidai həyat sürməyə məhkum edilmiş iki min ailənin faciəsinə həsr olunmuş bu əsərdən bu məlumatı əldə etmək qeyri-mümkündür.
Niyə? Görünür, müəllif kitabında avropalı oxucusunun zərif qəlbini yaralamaq istəməyib, zira liberal Qərb öz ürəyində erməniləri elə uca və ülvi məkanda yerləşdirib ki, onların əslində faşist ideologiyasına uyduqlarını və barbar hərəkətlərini açıb-ağartmaq bunu edəni bütöv bir qitə ilə üz-üzə qoymağa bərabərdir. Buna isə hər kəsin hünəri çatmaz.
Zəmanənin mahiyyətini insan taleyi açarı ilə açarlar. Xalqımızın, yüz minlərlə insanımızın 30 illik faciəsini Günel xanımın şəxsi taleyinin açarı ilə açdıqda çox gümrah, çox nikbin bir mənzərə alınır ki, nəticədə əsərə hətta Azərbaycan Respublikasının rəsmi ədəbi mükafatlarından birini vermək olar.
Elə bu arzu ilə də qeydlərimi bitirmək istəyirəm. Xeyirli olsun!
Zərdüşt Əlizadə
Meydan.tv