post-title

"Kaktus" romanında bir parça

Mən SSRİ də doğulmuşam. Cəmi iki aydan sonra imperiya dağılıb və mənim doğum haqqında şəhadətnaməmə "Azərbaycan Respublikasının Vətəndaşı" yazılıb.

 

 

 

Qarabağ müharibəsi vaxtı hələ süd içib tavada qızardılmış un yeyirdim.Babamla atam həmin vaxtlar bir-birinin ardınca bağlanan zavodlardan texnika oğurlayıb ailəmizi dolandırırdılar.Babama kənd arasında "Tuz Yaqub" deyirlərmiş.Nənəmin dediyinə inansaq saatlarla otağa girib pul sayırlarmış atamla amma işə bax ki,"Tuz Yaqub"un gülməşəkər nəvəsinin məktəb vaxtı bufetdən ikinci peraşkini almağa pulu çatmırdı.

Araqarışan vaxt idi,yenicə qurulmuş bir ölkənin sağdan,soldan döşənən prezidentindən daha ağıllı daha uzaqgörən idi adamlar.Əllərinə silah götürüb Qarabağa getməkdənsə,çamadan-çamadan pulları götürüb Moskvaya əkilirdilər.

Bizim evimiz kəndin ən qəşəng evi idi,qırmızı kərpicdən tikilmiş ikimərtəbəli ev.O evdə 12 nəfərdən ibarət böyük bir ailə yaşayırdı- babam,nənəm,əmimgil və biz.Uşaqlığım əmimqızları ilə keçib.Bütün günü həyətdə top-top oynayırdıq kefimə düşəndə də,onları basıb döyürdüm.Birdə gördün əmimqızı Günay gözünün qorasını tökə-tökə,uluya-uluya məndən babama şikayət eləməyə gedir,babamda eləmə tənbəllik yerindən durub düşürdü arxamca ki,tutub mənə bir-iki şillə çəksin.O boyda dağdan ağır kişini oyuncaq eləmişdim.

Məktəbə getdiyimin ikinci həftəsi dostum Fəridlə birləşib məktəbin həyətindəki "Nar bağı" deyilən ərazini yandırmişdım.Bir saatın içində rayonun polisindən tutmuş "təcili yardım"ına kimi hamısı tökülüşmüşdü məkbətimizə.Bir-iki saatdan sonra yanğınsöndürən maşınlar və kənd caamatı yanğını birtəhər söndürə bildilər.Məni döyən olmadı əvvala ona görə ki,qorxudan rəngim ağappaq idi bu vəziyyətlərdə anam məni heç vaxt döymürdü,atam gələndə isə heç vaxt mənə əl qaldırmamışdı.

Atam çox içirdi.Bir dəfə qış vaxtı içib papağını itirmişdi.Gecə-gecə məni kəndin arasında atamın hər gün işə gedib-gəldiyi yola papaq axtarma]a göndərmişdilər ki,birdən səhər kənd adamlarından biri papağı tapar biabr olarıq.O gecə atamın papağını evlərin hamam-tualet suyunu axıtdığı,kəndin içindən keçib gedən kanaldan tapıb çıxartdım,kollara ilişib qalmışdı.Həmin gecə nə qədər qəribə səslənsə də babam atamı qohumlarımın gözünün qabağımda döydü.Hirsimdən dişim bağırsağımı kəsirdi.Babama açıq-açığına dişimi qıcayırdım.Babam atamın südünü söyəndə dözə bilmədim (o vaxtlar mənim ailəmimdə südü söymək ən böyük təhqir idi) odun peçinin yanındakı dəmir maşanı götürüb babamın üstünə vızıldatdım.Maşa babamın keçəl başına dəyib yerə düşdü.Qan apardı babamı.Ailə üzvləri hamısı bir-birinə qarışmışdı.Babamı birtəhər çarpayıya uzadandandan sonra nənəm məni vurmaq üçün üstümə şığıdı.Bu vaxtı məktəbdə coğrafiya müəlliməsi işləyən anam əllərini açıb qabağımda dayandı.O gün birinci dəfə olaraq feodal qaydaları ilə idarə olunan ailədə bir demokratiya,bir dirəniş oldu.

"Tomik" adında bir itimiz var idi.Əmimoğlu onu küçədən tapıb gətirmişdi dediyinə görə böyüyəndə "yavı" (həyasız) it olacaqdı.Tomik gələndən sonra babam tutub itin qulaqlarını lezva ilə kəsdi ki,səsi yaxşı eşidib həyətimizə girməyə çalışan oğrudan tez xəbərdar olsun.Tomik bizə tam 5 il xidmət elədi və yavaş-yavaş qocalmağa,öz it funksiyasını zəif yerinə yetirməyə başlayanda babam hər dəfə həyətin arxasında yabanı itin boynundakı zəncirə keçirib iti ürəyi gedənə kimi döyürdü. İtin ürəyi gedəndə əl çəkirdi.Bu vaxt ərzində əmimqızı ilə mən paltar yumaq üçün istifadə edilən suyu şapıltı ilə gətirib tökürdük Tomikin üstünə ki ayılsın.Tomik sirkələnib ayılan kimi əlində yava tutmuş babam təzədən itin başının üstünü alırdı.O buna tərbiyələndirmə metodu kimi baxırdı.

Anamın dediyinə görə mərhum müğənni Elçin Cəlilov mənim ögey əmim babamın zaksdan kənar oğlu olub.Böyüdükcə fikir verirdim ki,bizim nəsilin kişilərində olan azacıq donqar burun (tez-tez uşaqların yanında fəxrlə deyirdim ki,mənim burnum qafqazlı burnudur) Elçin Cəlilovda da var imiş.Babam o vaxtı Zaqatalaya mal aparanda dul bir qadınla tanış olub və onların ikisinin bu gizli məhəbbətindən Elçin dünyaya gəlibmiş.Sən demə atamın adının Elçin olması təsadüfi deyilmiş.Babam o qadından ayrılandan sonra nənəmin doğduğu yeni oğluna da Elçin adını qoyubmuş.Hər dəfə Elçin Cəlilov AZTVdə oxuyanda babamın üzünə baxırdım.Babam diqqətlə qulaqlarını şəkləyib bir az da fəxrlə gözlərini zilləyib baxırdı ekrana.

Yaşıdlarımın arasında ilk siqaretə başlayan da mən olmuşdum ilk içki içəndə.15 yaşım olanda bir gecə keflənib gəlib əlimdəki pivə şüşəsini nənəmgilin yatdığı pəncərəyə tərəf tolazladım.Pəncərələr qırılıb töküldü.Nənəm cığırdı babamın hirsindən ağzından köpük gəlirdi amma babam Tomik kimi qocalmışdı əvvəlki hikkəsi yox idi.O gecə boş şüşəni pəncərəyə tərəf atanda uşaqlığımın bir tərəfində ilişib qalmış Tomikin də qisasını alırdım babamdan.

Kəndimizə tez-tez pambıqsatan kişi gəlirdi.Üstündən həmişə xlor iyi gəlirdi.Üzü günəşdən yanmış,qabaq dişləri bütövlüklə tökülmüşdü pabmıqsatan kişinin.Amma mən həmişə onun uşaqlarına həsəd aparırdım.Elə bilirdim ki,o uşaqlar məndən daha xoşbəxtdilər çünki hər gün pambıq yeyirdilər.Bir gün pambıqsatan kişini kəndin ortasında maşın vurub öldürdü.Uşaqlarla qaça-qaça gəlib baxdıq pambıqsatanın meyidinə,qanı kəndin tozuna qarışmışdı.Sallafan torbalara yığılmış pambıqlar ətrafa səpələnmişdi.Həmin vaxt ilk dəfə olaraq pambıqsatanın oğlu olmadığıma görə ürəkdən sevindim.

Kamran Su

Yuxarı