Turxan Qarışqa: "Atam övlad kimi məndən razı idi, sonra da vətəndaş kimi"
Qarışqa imzası hardan gəlir? - Səhv etmirəmsə, Mikayıl…
Yazıçı-dissident Vladimir Voynoviç “Los Angeles Times” qəzeti ilə müasir Rusiya cəmiyyəti və Putin erasının sonu ilə bağlı fikirlərini bölüşüb. Həmin müsahibəni təqdim edirik.
- Siz 1986-cı ildə Rusiyada Putinin hakimiyyətə gələcəyini necə öncədən deyə bildiniz?
- Sovet hakimiyyəti əldən düşüb çürüməyə başlayanda, içimdə KQB-nin (KQB-Dövlət Təhlükəsizlik Komitəsi –tərc) hərəkətə gəlib hakimiyyət sükanını ələ keçirəcəyi ehtimalı yaranmışdı. Bütün varlıqları dövründə onlar kommunist partiyasına sədaqətlə xidmət etmişdilər, ancaq digər tərəfdən onlar xidmətində durduqları partiya liderlərindən daha alçaq və həm də yaxşı təhsil görmüş insanlar idilər... Mənsə hiss edirdim ki, vaxt gələcək onlar sədaqətlərinin əvəzində çox böyük şeylər tələb edəcəklər.
-Sizin romanınızdakı hakim partiya DTKP (Dövlət Təhlükəsizliyi Kommunist Partiyası) ilə Putinin “Vahid Rusiya” partiyası arasında nə isə bənzərlik var?
-Əlbəttə, var. “Vahid Rusiya” da, eynilə kitabdakı DTKP kimi, heç bir ideologiyaya qulluq etməyən, tək məqsədi özünə karyera qurmaq və maddi rifaha yüksəlmək istəyən keçmiş kommunist partiyası üzvləri və keçmiş KQB agentlərindən ibarətdir. Xalq onları cibgirlər və oğrular partiyası adlandırır. İndi onlar nə edirlərsə etsinlər, hətta sıralarından bütün oğruları qovsalar belə, artıq alınlarına vurulmuş möhürdən yaxa qurtara bilməzlər... İndi atacaqları istənilən addım vəziyyətlərini yaxşılaşdırmaq əvəzinə pisləşdirəcək.
- Putinin Sovet İttifaqını yenidən qurduğunu demək olarmı?
- Xeyr elə düşünmürəm... Onlar sovet dövründən qalmış köhnə siyasi strukturu bərpa etdilər, çünki bu ölkəni idarə etmək, hakimiyyəti öz aralarında bölüşdürmək, ölkənin tükənməz sərvətini və resurslarını talamaq üçün uyğun gələn yeganə sistemdir. Yadımdadır, 1980-cu ildə Saxarov demişdi ki, KQB rüşvətin girə bilmədiyi yeganə dövlət orqanıdır. İndi isə onun bu fikirində bir qədər sadəlövh olduğunu deyə bilərik.
- Putin nəyi yanlış etdi ki? O, hakimiyyət başına gələndə çox məşhur idi. O elə indinin özündə də kifayət qədər məşhurdur, belə getsə, o mart seçkilərində (söhbət 2012-ci il seçkilərindən gedir –tərc) yenidən prezident seçilə bilər, məgər elə deyil?
- Düzünü desəm, artıq buna şübhəylə yanaşıram. Onun ən böyük problemi qanuni rəhbər ola bilməməsidir, o ədalətli seçkilər keçirərək qalib gəlməlidir, lakin o heç bir halda ədalətli seçkilərə gedə bilməz, onun bütün rəqibləri öz planına və qaydalarına uyğun olaraq əvvəlcədən sıradan çıxarılıb... 1999-cu ildə Putin zamanın tələbinə uyğun gəlirdi, lakin indi o kompüter əsrindəki yazı makinası kimi həmişəlik köhnəlib. Bir vaxtlar o hər axşam televizora çıxıb nazirlərə pensiyaları artırmağı, insanları yanğınlardan xilas etməyi və s. tapşırırdı və bu xalqın xoşuna gəlirdi, amma bu illərlə davam etdi. Onun ardınca başqa bir prezident, Dmitri Medvedev ortaya çıxdı və indi onlar ikisi də eyni tamaşanı bir qədər dəyişilmiş mövzularda göstərməyə davam etdilər... Nəhayət, onlar hər ikisi hələ dörd il əvvəl yerlərini dəyiş-düyüş eləməkdə razılaşdıqlarını etiraf etdilər. Bu isə onların sonunun başlanğıcı oldu.
- Niyə müxalifətin dekabrdakı nümayişi birdən-birə bu qədər insanı cəlb etdi?
- Xalq inanır ki, 2007-ci ildə keçirilən əvvəlki parlament seçkiləri, dekabrda keçirilən sonuncu seçkilərdən daha ədalətsiz olmuşdu. O vaxt da insanlar bunu anlayırdılar, lakin onda hamı öz mətbəxində oturub dodağının altından donquldanırdı. İndi isə internetdə və Facebook kimi sosial şəbəkələrdə bütün şəxsi mətbəxtlər birləşib ümumi bir mətbəxt yaranıb, bununla da insanlar qəzəb və narazıçılıqda tək olmadıqlarını görürlər.
- Necə düşünürsünüz, Putin hadisələrin gedişinə öz xeyrinə dəyişə bilərmi?
- Əgər Putin yüz minlik nümayişlərin onu devirmək üçün kifayət qədər güclü olmadığını düşünürsə, böyük səhvə yol verir, çünki nümayişlərə qatılmayan, yerdə qalan milyonlarla insanın heç də onun tərəfində olduğunu demək doğru olmaz. Həmin milyonlar onu dəstəkləmir, sadəcə onlar hələlik susurlar... Putin tamam yeni, olduqca inandırıcı liberal inkişaf proqramları da təklif etsə belə, insanlar onu dinləməyəcəklər, çünki artıq hamının Putindən zəhləsi gedir... Onun sonu gəlib... O bunu nə qədər tez anlayıb, hakimiyyətdən əl çəksə bir o qədər xeyrinə olar.
- Bəs, Putin müxalifəti zor gücünə yatırtmaq istəsə nə baş verəcək?
- Əgər Putin hakimiyyətdə qalmağa qərar verib, narazı xalq kütlələrinə zor gücü ilə cavab versə, şübhəsiz ki, bu ölkə üçün pis olacaq, amma Putinin özü üçün isə bu daha da pis olacaq. Mən orduda və polis sistemindəki əhval-ruhiyyədən xəbərdaram. Hakimiyyətin gerçək böhranını hiss edən kimi, onlar Putini müdafiə etməkdən boyun qaçıracaqlar. Onun varlı dostları isə dar gündə ona kömək etməkdə tərəddüd keçirəcəklər.
- Bundan sonra Putinin daha nə qədər vaxtı var?
- 1991-ci ildə sovet lideri Mixayıl Qorbaçova qarşı baş verən qiyamda, mən qiyamçıların heç bir ay belə hakimiyyətdə qala bilməyəcəklərini demişdim. Onlarsa cəmi üç gün dözüm gətirə bildilər. İndi isə mənim proqnozum belədir: Putin Rusiyanın rəhbəri kimi təqribən iki il dözüm gətirə biləcək. Amma bir ehtimalım da var ki, bəlkə o heç seçilmədi də.
22/01/2012
Çevirdi: Namiq Hüseynli
Kultura.az