post-title

İblisin cəhənnəmə salınması

Bərbəristanda, Kapsa şəhərində çox dövlətli bir adam yaşayırmış, onun bir neçə övladı, o sıradan Ələba adlı gözəl, məlahətli bir qızı varmış. Qız xristian deyilmiş. Şəhərdə yaşayan xristianların xristian dinini, allaha ibadət etməsini çox tərifləyirmişlər. Qız bunu eşidib, bir nəfər xristiandan soruşur ki, hansı yolla, az çətinlik çəkməklə, allaha ibadət etmək olar? O da deyir ki, bu dünyanın işlərindən uzaqlaşıb Fivaida səhrasına gələnlər allaha daha yaxşı ibadət edirlər, belə adamlar da vardır.

 

Covanni Bokkacco
 
Ələba sadəlövh qız imiş, özünün də bəlkə on dörd yaşı olarmış; o ağlın təhriki ilə deyil, uşaqlıq marağına qapılaraq, təkbaşına, gizlincə Fivaida səhrasına yola düşür, bir neçə gündən sonra, çox çətinliklə hələ həvəsdən düşməmiş, gedib ora çatır. Uzaqdan bir koma görüb ona yaxınlaşır, görür ki, astanada müqəddəs bir adam oturmuşdur. O təəccüblə qıza baxıb soruşur ki, sən burada neynəyirsən? Qız da cavab verir ki, allah tərəfindən mənə vəhy gəlib, ona ibadət edənləri axtarıram, elə adam axtarıram ki, o mənə ibadət etməyin yolunu öyrətsin. 
 
Hörmətli adam görür ki, bu çox cavan və çox da gözəl qızdır, qorxur ki, qızı öz yanında saxlasa, şeytan onu yoldan çıxarar. Onu belə yaxşı niyyətli olduğu üçün tərifləyir, ona yerkökü, cır alma, xurma və su verir. Sonra da deyir ki: 
 
“Qızım bu yaxında müqəddəs bir adam yaşayır, sənin niyyətinə o məndən də yaxşı yol göstərə bilər, onun yanına get”. Qıza ora gedən yolu göstərir. 
Qız o adamın yanına gedir. O da qızı eyni sözlərlə yola salır. Bu dəfə o gəlib Rustiko adlı cavan bir səhranişinin hücrəsinə çıxır. Rustiko çox dindar, xoştəbiətli bir adammış. Qız o biri səhranişinlər kimi ona da eyni sözlərlə müraciət edir. 
 
Rustiko öz mətanətini sınaqdan keçirmək üçün o biri müqəddəs şəxslər kimi onu rədd etmir, öz hücrəsində saxlayır. Axşam olanda palma ağacı budaqlarından ona yataq düzəldir, deyir ki, indi dincələ bilərsən. Rustiko bunu etdikdən sonra şeytan vəsvəsəsi dərhal onun mətanət qalasına hücum edir. 
 
O, qadın məsələsində bərk yanıldığını başa düşüb, hücuma davam gətirə bilmir, meydandan qaçır, basıldığını görüb təslim olur, müqəddəs fikirləri, duaları, özünə əziyyət verməyi bir yana qoyub, cavanlığını, qız gözəlliyini yadına salır, həm də düşünməyə başlayır; qızla necə rəftar edim ki, o mənim pozğun olduğumu, ona meyl etdiyimi, ondan başqa şey istədiyimi duymasın? 
 
Əvvəl bir neçə sual verib qızı yoxlayır, əmin olur ki, qız kişi ilə heç yatmamışdır, özü də çox sadəlövhdür. Buna görə belə fikrə gəlir: necə eləsin ki, allaha ibadət etmək adı altında onu öz arzusuna təslim etdirsin? Əvvəl o iblisin allaha-taalaya ədavət bəsləməsindən xeyli danışır, sonra da qızı başa salır ki, allahın ən çox xoşuna gələn ibadət  - iblisi cəhənnəmə salmaqdır, çünki allah-taala onu cəhənnəmə məhkum etmişdir. 
 
Qız ondan soruşur ki, bunu necə edirlər? Rustiko ona belə cavab verir: “Sən bunu tezliklə görəcəksən, ona görə mən nə eləsəm, sən də onu elə”. Rustikonun 
əynində bir-iki paltarı varmış, bunları çıxarıb lap lüt qalır, qız da belə eləyir. Rustiko allaha ibadət etmək bəhanəsi ilə diz çökür, qıza da deyir ki, mənim qabağımda dur. 
 
Rustiko diz çöküb qızın gözəlliyini görəndə, ehtirası daha da odlanır, bədənində qiyam qalxır. Qız bunu görüb təəccüblə soruşur: “Rustiko, bu qalxaq şey nədir səndə, məndə belə şey yoxdur?” Rustiko deyir: “Qızım, iblis deyilən şey bax budur, mən sənə bunu deyirdim, görürsən də, bu saat mənə elə əziyyət verir ki, mən ona güclə dözürəm”. 
 

Qız deyir: “Allah sənə kömək olsun, görürəm ki, mənim halım səninkindən yaxşıdır, çünki o iblis məndə yoxdur”. Rustiko deyir: “Sən doğru deyirsən, amma bunun əvəzində səndə elə bir şey var ki, o məndə yoxdur”. Qız soruşur: “Bəs məndə nə var?” Rustiko ona belə cavab verir: “Səndə cəhənnəm var. Gör indi sənə nə deyirəm: yəqin allah səni bura ona görə göndərib ki, mənim ruhumu xilas edəsən, çünki əgər bu iblis məni təngə gətirsə, sənin də mənə yazığın gəlsə, imkan versən ki, mən yenə də onu cəhənnəmə göndərim, bununla da məni çox-çox sevindirərsən, allaha da çox böyük xidmət göstərmiş olarsan, axı sən deyirsən ki, bura ibadət eləməyə gəlmisən, bu da allahın çox xoşuna gələn ibadətdir”. 
 
Qız avam olduğundan ona belə deyir: “Ata, siz ki deyirsiniz cəhənnəm məndədir, onda necə istəyirsiz elə də eləyin”. Rustiko bunu eşidəndə deyir: “Qızım, allah səni xoşbəxt eləsin, gedək, bu iblisi cəhənnəmə elə salaq ki, o daha məni narahat eləməsin”. Rustiko bunu deyib qızı yatağına aparır, məlun iblisi cəhənnəmə vasil etmək üçün onun nə edəcəyini göstərir. 
 
Qız hələ ömründə cəhənnəmə iblis salmayıbmış, bu ilk dəfə baş verdiyindən o, bir qədər naharat olur, buna görə Rustikoya deyir: “Ata, görünür doğrudan da bu iblis yaxşı şey deyil, allahın lap xalis düşmənidir, çünki onu cəhənnəmə salanda da, aryı şey kənara dursun, cəhənnəmin özü ağrıtdı”. Rustiko deyir: “Qızım, həmişə belə olmayacaq”. Onlar bunun olmaması üçün yataqdan qalxana qədər iblisi altı dəfə cəhənnəmə salırlar; onu elə hala gətirirlər ki, əzəmətli lovğalığı başından çıxır, o məmnuniyyətlə sakitləşir. Sonralar iblis tez-tez əzəmətli lovğalığa tutulanda, qız həmişə onun lovğalığını yatırmağa hazır olarmış. 
 
Axırda elə olur ki, bu oyun qızın xoşuna gəlir; o Rustikoya deyir: “Mən yaxşı görürəm ki, Kapsadakı o hörmətli adamlar doğru deyirmişlər, onlar deyirdilər ki, zahidlik çox şirin şeydır. Doğrudan da iblisi cəhənnəmə salmaq mənə yaman ləzzət verir, məni yaman əyləndirir, mən ayrı elə bir şey bilmirəm ki, o mənə belə ləzzət vermiş olsun, məni belə əyləndirsin. Buna görə, mən başqa şeylə məşğul olanları heyvan hesab edirəm”. 
 
O tez-tez Rustikonun yanına gəlib deyirmiş: “Ata, mən bura tənbəllik eləməyə deyil, iş görməyə gəlmişəm, gedək iblisi cəhənnəmə salaq”. Bunu edəndən sonra o, bəzən deyərmiş: “Rustiko, iblis axı cəhənnəmdən niyə qaçır, mən bunu başa düşə bilmirəm. Cəhənnəm ki, onu elə məmnuniyyətlə qəbul edib saxlayır, o da elə məmnuniyyətlə orada qalmaq istəsəydi, heç oradan çıxmazdı”. 
 
Bu qarda ilə qız tez-tez Rustikonun yanına gəlir, onu zahidliyə həvəsləndirirmiş. Axırda Rustikonu elə hala salır ki, bəzən onun bədəni buzlanırmış, halbuki başqasını bu vəziyyətdə tər basardı. Bir gün o qıza deyir ki, iblis ancaq lovğalanıb başını qaldıranda onu cəzalandırıb cəhənnəmə salmaq lazımdır, amma biz onu elə cəzalandırmışıq ki, o yalvarıb xahiş edir: məni rahat buraxın. Bununla da qızı biraz sakitləşdirə bilir. 
 
Qız görür ki, Rustiko iblisi cəhənnəmə salmaq üçün ona müraciət etmir. Bir gün ona belə deyir: “Rustiko, sənin iblisin öz cəzasını alıb, daha səni təngə gətirmir. Amma mənim cəhənnəmim məni rahat qoymur, buna görə, mən öz cəhənnəmimlə sənin iblisinin əzəmətli lovğalığını başından çıxartdığım kimi, sən də öz iblisinlə mənim cəhənnəmimin odunu söndürə bilsən, yaxşı iş görmüş olarsan”. 
 
Rustiko ancaq yerkökü ilə, su ilə dolanırmış, qızın tələbinə yaxşı cavab verə bilmirmiş. Deyir ki, cəhənnəmin odunu söndürmək üçün çox iblis lazımdır, mən əlimdən gələni eləyərəm. Bəzən o, qızı razı salırmış, ancaq bu çox nadir hallarda olurmuş, o da aslan ağzına noxud atmaq kimi bir şeymiş. Axırda qız deyinməyə başlayır ki: ona elə gəlirmiş ki, könlü istəyən qədər allaha dua etmir. 
 
Bu qayda ilə qızın cəhənnəmi həddindən artıq iblis istəyirmiş, Rustikonun da iblisi bunun öhtəsindən gələ bilmirmiş. Belə bir vaxtda, yəni Rustikonun iblisi ilə qızın cəhənnəmi arasında çəkişmə gedəndə, elə olur ki, Kapsada yanğın baş verir, qızın atası bütün uşaqları ilə öz evində yanır, qız onun bütün mülkünün vasiri olur. Orada Neyerbal adlı cavan bir oğlan yaşayırmış. O var-yoxunu dağıdıb müflis olubmuş, qızın sağ qaldığını eşidib onu axtarmağa gedir. Məhkəmə qızın atasının mülkünü, varissiz qaldığı üçün, ələ keçirənə kimi qızı tapır, onu, getmək istəməsə də, Kapsaya gətirir. Rustiko da bundan çox razı qalır. 
 
Neyerbal Ələba ilə evlənir, qıza qalan böyük irsə malik olur. Qız Neyerballa evlənməmişdən əvvəl qadınlar ondan soruşurlar ki, sən səhrada allaha necə ibadət edirsin? Qız da onlara deyir ki, iblisi cəhənnəmə salmaq ibadəti ilə məşğul olurdum. Qadınlar soruşurlar ki, sən axı iblisi cəhənnəmə necə salırdın? Qız da gah sözlə, gah da hərəkətlə bunu onlara başa salır. Qadınlar yaman gülürlər, onlar indi də buna gülürlər, deyirlər ki: “Qızım, heç kefini pozma, burada da o işi çox gözəl eləyirlər. Neyerbal bu cəhətdən sənin bir yerdə allaha çox yaxşı ibadət edəcəkdir”. 
 
Qadınlar şəhərdə bu əhvalatı bir-birinə danışırlar. Camaat arasında bu zərbi-məsəl şəklini alır, deyirlər ki, allahın ən çox xoşuna gələn ibadət – iblisi cəhənnəmə salmaq ibadətidir. Bu zərbi-məsələ bizə xaricdən gəlmişdir, indi də camaat arasında söylənilir. Buna görə əylənməyə ehtiyacı olan cavan xanımlar, siz də iblisi cəhənnəmə salmağı öyrənin, çünki allah da bundan çox razı qalır. Hər iki tərəf də ləzzət alır, yaxşı da nəticəsi olur. 
 
Yuxarı