Ahabın çılğın planı
"Mobi Dik"i (Moby Dick) oxuduqca beynimdə bu "sulu…
Bilirsiniz dəə, artıq ölkəmizdə ziyalı deyəndə ağlımıza ilk gələn meyxanaçı, teleaparıcı və müğənnilər olur. Yeriniz məlum, dünən ləzzətli bir palatka toyunda oldum. Meyxanaçılar qan eləyirdi.
Əvvəlcə ağır taxtalı meyxana ustaları deyişirdilər. Axırda iki gənc meyxanaçını üz-üzə qoydular. Ağabala Sönməzlə Mirağa Dönməz! Qafiyəni ustad meyxanaçılardan biri atdı. Sintizator çalan hal əhli idi, dərhal ritmi tutdu. “Sən kimsən mənim yanımda ay uşaq!”
Ağabala başladı ki, sən ağzı qatıqlı bir körpəsən, dünyada nə qədər pis iş var, hamısına körpüsən, sən kimsən ki, məni yerimdən tərpədəsən, get öz işinlə məşğul ol, ay uşaq!
Məclis əhli ayağa durub fit verdi. Cavabında Mirağa dedi, baxıram ki, sən özün heç körpə də deyilsən, dişlərin tökülüb qoca kişisən, bilinməyir, erkəksən, ya dişisən, sən kimsən, söz deyirsən mənim yanımda!
Ağabala qayıtdı ki, onda sən də ayranı tökülmüş qarısan, məclisdən qovacam səni zarısan, söylə, a ceyran, kimin yarısan, sən hələ uşaqsan mənim yanımda!
Məclis uğuldadı! Əl çalan kim, fit verən kim! Mirağa qızışdı, nə qızışdı! Dedi, ayran nədi, sən lap qatıqlayırsan, üzün prişşik töküb, qoturlayırsan, yol gedəndə həmişə priboylayırsan, sən kimsən gəlib mənə meyxana öyrədirsən!
Ağabala dərhal cavabını verdi. Dedi, ayə, bağçalarda heç vaxt gülü dərmədim, meyxananı hörmətdən salıb yerə sərmədim, sənin kimi qatıqlayan görmədim, get öz tay-tuşunla “alman-sovet” oyna, ay uşaq!
Məclis yenə meyxanaçıları fitə basdı. Meydan qızışdı. Mirağa dedi, gül dərməklə qadınlar məşğul olur, sənin kimisi mənim qapımda qul olur, Messi vurduğu topların hamısı qol olur, sən kimsən gül dərəsən bu bağçada!
Məclis cayılları yenə qışqırışdı. Ağabala dedi, mən həmişə pulları bankla atıram, atanda da vabankla atıram, yeri gələndə düşmənə topu tankla atıram, sən uşaqsan bu işlərə qarışma!
Mirağa dedi, sən ömründə bir sərçə də vurmamısan, heç vaxt siyasi kombinasiya qurmamısan, tank nədi, heç traktor görməmisən, kimə gəlirsən bu gopu, ay uşaq!
Məclis yenə lərzəyə gəldi. Ağabala dedi, tank nədi, lap samalyot da sürərəm, samalyotla traktorunu qıraram, lazım gəlsə, lap Qarabağa girərəm, sən mənimlə gəl gedişmə, ay uşaq!
Məclisdəkilər yenə xorla fit çalıb qışqırışdılar. Mirağa dedi, mən Qarabağa çoxdan girmişəm, səni orda heç səngərdə də görməmişəm, neçə-neçə erməni öldürmüşəm, səni də burda gəbərdərəm, ay uşaq!
Bu dəfə məclis əvvəlkindən də möhkəm səs çıxartdı. Ağabala fikirləşdi ki, artıq Mirağa Qarabağa girib, gəl, sən onun yalanını üzə çıxart. Dedi, mən baxıram, meyxana imkan əlindədi, imkanı olmayan hər bir oğlan zindan əlindədi, nə basıb-bağlayırsan, bilmirsənmi Qarabağ düşmən əlindədi, get, qarnını qaşı, ay uşaq!
Məclis maraqdan partlayırdı ki, görək, bu sözün qabağında Mirağa nə cavab verəcək? Mirağa dedi, a kişi, Qarabağa girməyi mən məcazla demək istəyirəm, sazla, muğamla, cazla demək istəyirəm, mən Qarabağı ağam həzrət Abbasdan istəyirəm, gəl indi meydana atışaq səninlə, ay uşaq!
Mirağanın sözlərindən məclis yenə cuşa gəldi. Ağabala gördü ki, Mirağa bu sözün altından dəf kimi çıxdı. Aldı görək nə dedi! Dedi, deyəsən, yavaş-yavaş sən gəlirsən haqqın yoluna, qurban olum həzrət Abbasın qoluna, sən qulaq as, bu imam Hüseyn quluna, mən də Qarabağı ondan istəmişəm!
Məclis lap ehtizaza gəldi. Mirağa dedi, eşitmişəm, köynək kətan sevirsən, işləməyə köhnə kotan sevirsən, mən bilirəm sən də vətən sevirsən, ancaq mən Qarabağı üzü nurlu peyğəmbərimizdən istəmişəm!
Bütün məclis qan-tər içində Ağabalanın cavabını gözləyirdi. Ağabala dedi, meyxanada sən yaxşı beyt elədin, beytlərin üstündə reyd elədin, çox sağ ol, vətən sevgimi qeyd elədin, mən də Qarabağı o göydəki kişidən istəyirəm, ay uşaq!
Meyxana sona yetdi. Gənc meyxanaçılar qucaqlaşıb öpüşdülər.
Murad Köhnəqala
Kultura.Az