Qeyri-şəhər əhalisinin ictimai-mədəni həyatı
Hər halda şablon qara geyim geyib özünü ciddi, aqr…
14 yaşıma qədər kənddə yaşamışam. İçində çoxlu adamların yaşadığı böyük, səs-küylü evdə böyümüşəm. Bakıya köçməyimdən artıq 11 il keçib.
İllər bir göz qırpımında gəldi keçdi, artıq 24 yaşım var, 25 yaşa az qalır. Bir vaxtlar düşünürdüm, mənim heç vaxt 24 yaşım olmayacaq, bu, mənə çox uzaq görünürdü. İndi bəlkə də gəncliyin ən qızıl dövrünü keçirirəm. Özümə görə ümidlərim, arzularım, planlarım, qorxularım, əzablarım var. Amma günlər günləri əvəz etdikcə, arzularımın necə balacalaşdığını, kiçildiyini görürəm, içimdəki qorxu hissi böyüyür. Zaman amansızdır, onu saxlamaq, arzularını balacalaşdırdığına görə üsyan etmək olmur, reallıq mənə əzab verir, əzab çəkə-çəkə də ya vaxtın keçməsinə tamaşa etməli, ya da arzularımın daha da balacalaşmaması üçün dişimi sıxıb, mübarizə aparmalıyam. Həyat elə arzuların balacalaşmaması uğrunda mübarizədir…
Bəlli bir yaşa çatdıqdan sonra, həyatı bir balaca dərk edəndən sonra, insan kim olduğunu, hardan-hara gəldiyini bilməli, keçmişinə nəzər salmağı bacarmalıdır. Dəqiq bilmirəm, kimdənsə oxuduğum bu barədəki sözlər təqribən yadımda qalıb: İnsanın keçmişi haqqındakı xatirələri onun hansı peşənin yiyəsi olmasından, həyatdakı duruşundan çox asılıdır, sən keçmişdən öz səviyyənə, dünyagörüşünə uyğun olaraq, lazım olanları çıxarırsan, lazımsızları isə unudursan…
3 qoca kişi
11-12 yaşım olanda kənddə yaşayan uşaqlar necə vaxt keçirirlərsə, mən də elə vaxt keçirirdim. Səhərlər dərsə gedər, dərsdən sonra da hamı kimi dağda-dərədə əylənər, futbol oynayar, yüz cür hoqqabazlıq edərdim. Həmin dövrdə kənddə qəfildən qəribə bir dəb düşdü. Uşaqlar kitab oxumağa başladılar. Yadımdadır, dərsdən sonra uşaqlar dəstəylə kəndin kitabxanasına tərəf gedirdilər. Mən o yaşda dərsdən xaric kitab oxumazdım, elə həmin dövrdə mən də yoldaşlarıma qoşulub kitabxanaya getdim. Kitabxanaçı Ömər dayı adlı balacaboy, yaşlı bir kişi idi, xəstəhal görkəmi varıydı, ayaqlarını sürüyə-sürüyə kitabların saxlanıldığı yerə girər, uşaqların istədiyi kitabları tapıb gətirərdi. Ömər dayı kitab təbliğatı apardığı üçün uşaqlar kütləvi şəkildə mütaliə etməyə başlamışdılar desəm, yalan olar. O, öz qocalmış, xəstə canının hayındaydı. Amma qəribə enerjisi varıydı, çox güman, uşaqlara təsir edən də bu idi. Sonra Ömər dayı öldü, uşaqların da ayağı kitabxanadan kəsildi. Daha məktəblilərin küçələrdəki daşların üstündə oturub, oxuduqları kitabları müzakirə etdiklərini də görən olmadı. Ancaq məndə məhz həmin dövrdə oxumaq vərdişi yarandı, əlimə nə keçirdisə oxuyurdum, 14 yaşıma qədər yaşıma dəxli olan-olmayan çox sayda kitabı su kimi içmişdim. Ən çox isə Mark Tvenin “Tom Soyyerin macəraları” kitabını sevirdim. Yeniyetməlik dövrümdə bu romanı dəfələrlə oxumuşdum. Oxuyandan sonra da uşaq ağlımla Allaha yalvarırdım ki, kitabda yazılanları unudum, sonra onu ilk dəfə oxuyanda necə ləzzət almışdımsa, yenidən eyni ləzzəti alım. Məndə ilk dəfə yazmaq həvəsi isə təqribən 12 yaşım olanda kanadalı yazıçı Ernest Setton Tompsonun kitablarını oxuyandan sonra yarandı. O gün yağış yağmışdı, yazın axırı idi, bütün günü oturub hekayə yazdım, yazdığım xoşuma gəlmədiyi üçün kağızı cırıb atdım. Həyətdəki uşaqların səs-küyünə görə çölə çıxdım. Beş altı nəfər uşaq ağacın başına dırmaşıb, yenicə kəşf etdikləri, hələ tam yetişməmiş gilasları yemək üçün bir-biriylə amansızcasına mübarizə aparırdılar. Onların bu hərəkətləri mənə qəribə və mənasız göründü, elə bil qəfildən böyümüşdüm. Artıq hər şey dəyişmişdi. Ömər dayı özü də bilmədən məni tamam başqa aləmə atmışdı…
***
Sonra məktəbimizdə Süleyman müəllim varıydı, yaşlı kişiydi. Öz işindən zövq alan əsl pedaqoq idi. Bizə əksər xalq mahnılarının, bəstəkar mahnılarının sözlərini əzbərlətmiş, onları necə ifa edəcəyimizi öyrətmişdi. Hətta bu adam ahıl yaşına rəğmən, xüsusi seçdiyi şagirdləri dərsdən sonra qrup halında yanına çağırar, onlara musiqidən dərs deyərdi, o tarda ifa edər, uşaqlar ya tək-tək qabağa çıxıb, ya da xorla mahnı oxuyardılar. Həmin mənzərə gözəliydi: kəndin 2 mərtəbəli böyük məktəbinin bütün siniflərində dərs gedir, məktəbin həyətində ins-cins yoxdur, sakitçilikdir, ancaq Süleyman müəllimin otağından məktəbin dəhlizlərinə, həyətinə musiqi axır, uşaqlar tarın müşayiəti ilə xorla mahnı oxuyurlar…
O vaxt həvəsə düşüb, uzun axtarışlardan sonra özümə sınıq-salxaq bir tar tapmışdım, hətta bir-iki mahnını da çalmağı öyrənmişdim. Tar çox davam gətirmədi, sındı, yararsız vəziyyətə düşdü. Ancaq mənim musiqi zövqümün formalaşmasında Süleyman müəllimin böyük rolu oldu, indi də mənimçün dünyada ədəbiyyatla bərabər ən dəyərli məfhum musiqidir, mənə musiqinin nə olduğunu öyrədən isə Süleyman müəllim idi…
***
1 il əvvəl, təxminən bu günlərdə babam vəfat etdi. Babam bəxti gətirməmiş adam idi. Böyük istedadı, əla yaddaşı var idi. Öz-özünə radio-elektronikanı öyrənmişdi, morza əlifbasının bilicisi idi, rus dilini mükəmməl bilirdi, həm də ədəbiyyatçı, şair idi. Amma bir az bəxti gətirməmişdi. Babam əyalətdə, ona qətiyyən dəxli olmayan, onu başa düşməyən adamların arasında yaşamağa məhkum olmuşdu. Onun gecələr səhərə qədər yatmayıb, şeirlər qoşduğunu, dodağında həmişə bir misra pıçıldadığını, kitablar oxuduğunu xatırlayıram, lampa işığında misraları kağıza köçürdüyünü xatırlayıram. Ancaq dəfələrə yazdığı şeir dəftərçələrini cırıb atmışdı, çünki çox hallarda şeirlərini oxuyacaq bir adam da tapa bilmirdi, onun şeirləri əyalətdə, kənddə heç kimə lazım deyildi.
Babamla aramızda heç vaxt xüsusi bağlılıq olmayıb, o öz aləmində, mən də öz aləmimdə yaşayırdım, bir-birimizin yanında, ancaq bir-birimizə dəyib-toxunmadan yaşayırdıq…
Babam vəfat etməmişdən bir müddət əvvəl kəndə getmişdim. Gördüm hardansa tapdığı onlarla köhnə kitabın arasında eşələnir. Soruşdum, nə məsələdir. Bəlli oldu ki, Ömər dayının kitabxanası dağıdılıb, kitabların hamısını çölə atıblar. Babamın da heyfi gəlib, gedib maşın tutub, bütün kitabları kisələrə yığıb daşıyıb evə, indi də aralarında yaxşılarını seçir. Babam Ömər dayının kitablarını xilas eləmişdi…
O artıq tamamilə xəstələnib, yataqdan dura bilməyəndə yanındaydım, məni yanına çağırdı və aramızda ilk dəfə ciddi söhbət oldu, mənə məsləhətlərini verdi, sonra da bütün kitablarını mənə bağışladığını dedi.
Babam artıq ölüm ayağında olanda isə, yanına ən çox gəlib-gedən Süleyman müəllim idi. Süleyman müəllim artıq məktəbdə dərs demirdi, bir az da qocalmışdı, o, babamı son mənzilə yola salmaq üçün öz öhdəsinə düşəni yerinə yetirirdi. Bu yaşlı insanlar bir-birini hamıdan çox yaxşı başa düşürdülər, onların bir-birinə olan səssiz dəstəyinin arxasında nəsə əsrarəngiz bir şey var idi. Öz aralarında bu barədə danışmasalar da, çox güman, hər şeyi gözəl bilirdilər…
Sonra babam vəfat etdi və biz onu dəfn elədik, beləliklə də bir insan həyatı, bir dünya yoxluğa qarışdı…
P.S. Bəzən insanlar özləri də bilmədən həyatımızda elə həlledici rol oynayırlar ki, nə etsən də heç vaxt onlara sənə etdiklərinin əvəzini qaytara bilməzsən. Ən gözəl həyat dərsi də elə budur…
Cavid Ramazanov
ANN.Az