post-title

Stanislav Grof "2012: Dünyanın sonu yoxsa şüurlarda inqilab?"

Az saydakı istisnalar xaric, kosmik tsiklin sonuna dair Maya kəhanəti sanki insanlığın və maddi dünyanın həqiqi fiziki məhvini xəbər verirmiş kimi səhv başa düşüldü.

 

 
 
Bu “apokalipsis” terminini səhv başa düşən xristiyan fundamentalistlərinin, xüsusiylə də milyonlarla amerikalı xristiyanın “apokalipsis” adlanan qlobal bir fəlakət zamanı coşqu və İsa ilə birləşmə təcrübə edəcəklərini düşünmələrini yada salır. Ancaq apokalipsisin orijinal mənası fəlakət deyil, “pərdənin qaldırılması”, “açığa çıxma”-dır, insanların çoxundan gizlədilən, seçilmiş şəxslərə məlum olan sirrlərin aşkarlanmasıdır.
 
Şüurun normal təcrübədən kənar hallarına dair tədqiqatlarıma əsaslanaraq mən Maya kəhanətinin radikal olaraq fərqli, daha optimist yorumuna inanıram. Maddi dünyanın fiziki məhvi əvəzinə Maya kəhanəti insanlığın kütləvi daxili transformasiyası nəticəsində azğın şiddətin və doymayan tamahın hakim olduğu bu dünyanın dəyişməsinə işarə etmiş ola bilər.
 
Mayalılar çox bacarıqlı astronomlar idi, 2000 il bundan əvvəl qış günü dönümündə günəşin mövqeyinin yavaş sürətlə qalaktik oxla düzlənməyə meyl etdiyini müşahidə eləmişdilər. Bu dəyişikliyin səbəbi yerin fırlanma oxunun presessiyası-ləngər vurmasıdır. Mayalılar bu nəticəyə gəldilər ki  kosmik miqyasda bu ümidverici dəyişiklik  hər 25,800 ildə bir təkrarlanan  günəş və  qalaktika oxlarının paralelləşməsi zamanı baş verəcək. 
 
Dəqiq astronomik müşahidələr aparmaqla bərabər mayalılar daxili dünyalarının da həvəsli araşdırıcıları idilər. Onlar bu məqsədlə  “Lophophora Williamsii” kaktusundan (peyote), “Psilocybe” göbələklərindən, “Salvia divinatorum” bitkisindən, zanbaq toxumlarından, yabanı tütündən, “balche”-dən ( “Lonchocarpus longistylus” agacından və baldan hazırlanan içki) və  “Bufo marinus” qurbağasının dərisində ifraz olunan mayedən istifadə ediblər. Mayalıların bu kimi “sakralın texnologiyaları”-dan istifadə etdiklərinə dair əlimizdə kifayət qədər faktlar var.
 
Son 50 ildə mən “sakralın texnologiyaları”-nı istifadə edərək müasir insanın ruhunu (psyche) və onun sağalma potensialını araşdırıram. Bunlar müxtəlif qrup çalışmaları, nəfəs məşqlərindən ibarət təlim proqramları və psixodeliklərdən istifadə olunan klinik tədqiqatlardır. Dəstəkləyici bir mühitdə və məsuliyyətini dərk edən rəhbərin nəzarətində fərdlər bu metodlardan istifadə edərək şüurun müxtəlif informativ, şəfaverici və trans hallarını təcrübə edə bilərlər. Mən belə şüur hallarını “holotropik” adlandırıram-onlar bizi ruhun bütünlüyünə aparır.
 
Şüurun holotropik hallarında fərdlərin gündəlik təcrübədən çox uzaqlaşıb kainat haqqinda dərin qavrayışlar qazanmaları mümkündür. Çox vaxt bu ruh halındaykən onlar xarici hadisələrlə öz daxili təcrübələri arasında mənalı əlaqələrin dərkinə varırlar.
 
Müasir, sənaye sonrası dövrün şüur anlayşı bu ideyanı qəbul etməməyə meyilli olsa da, kainatın hərşeyin bir biri ilə əlaqədə olduğu orqanik bütün olaraq qavranması və insan ruhunun da makrokosmosu əks elətdirən mikrokosmos olduğunun dərk edilməsi belə təcrübələrin əsas xüsusiyyətidir. Mümkündür ki holotropik şüur halında mayalılar öz psixi təcrübələri, səma hadisələri və göy cisimləri arasında mənalı əlaqələr qurublar.
 
Araşdırmalarım onu da  göstərir ki, holotropik halları təcrübə edən fərdlər təkrar təkrar “ölüm” və yenidən doğum şəklində psixospritual proses formasında dərin transformasiya yaşayırlar. Bu proses onların daha əvvəl fərq etmədikləri ruhi təbiətləri üzərindən pərdənin qaldırmasıyla sözün həqiqi mənasında apokaliptikdir.
 
Amma fərdlər belə bir pərdə qalxmasının ya da açığa vurmanın təcrübə edilməsi üçün əvvəlki kimliklərini yola salmalıdırıar. Bu “ölüm” dərin bir yox olma qorxusunu tətikləyə bilər, ekzistensiyalist mövzularda uzanan münaqişə və şiddətli müqavimət yarada bilər. Bunu nəzərə alanda insan növünün hazırki davranışının, transformasiyaya qarşı olan daxili qorxusunun şüuraltı “manifesti” olduğuna inanmamaq olmur. 
 
Hadisələrin gedişinə baxanda insanın dünyanın pozulduğuna inanası gəlir. Mayalı kahinlərin bunu nəzərdə tutub tutmadıqlarından asılı olmayaraq, insanlıq tarixində bənzəri daha əvvəl görünməmiş dramatik bir yarış içərisindəyik. İnsanlığın gələcəyi və planet üzərindəki həyat təhlükədədir.
 
İşlədiyim bir çox insan holotropik vizyonları zamanı insanlığı kritik bir yol ayrıcında görürlər-kollektiv yox olma ya da bənzərsiz təbiətə sahib bir şüura doğru böyük miqyaslı təkamül sıçrayışı. Şair-filosof Terens MakKenna bunu qısaca və dəqiq ifadə edib: “Elə ya da belə axmaq meymunun tarixi başa çatıb”. Biz növümüzün radikal transformasiyasına nail olmalıyıq, yoxsa məhv ola bilərik.
 
Üzləşdiyimiz krizis bulanıq və qeyi-müəyyəndir, o həm optimist həm də pessimist şərhlərə açıqdır, bu şərhlərin hər ikisini dəstəkləyəcək faktlar və məlumatlar mövcuddur. Nəticələri açıq aşkar dağıdıcı və ya intihar mahiyyətində olan köhnə strategiyalarla davam etsək, müasir sivilizasiyanın yaşayacağı şübhəlidir.
 
Halbuki əgər yetərli sayda insan dərin daxili transformasiya keçırsə, biz növümüzə fəxrlə verdiyimiz ‘homo sapiens sapiens’ adını haqq edəcəyimiz bir şüur mərhələsinə və səviyyəsinə çatarıq və indikindən çox fərqli bir dünyada yaşayarıq.
 
Tərcümə etdi
Yalçın İslamzadə

Kultura.Az

 

Yuxarı