post-title

“Yaşlı Xanımın Gəlişi”ni gözləmək...

Rövşən Almuradlının Dram teatrında səhnələşdirdiyi son tamaşası: Dürrenmat, “Yaşlı Xanımın Gəlişi” Tamaşaya baxdım. Bir-iki gün sonra görüşdük. Rövşən Almuradlı “Yaşlı Xanımın Gəlişi” ilə bağlı söhbətinə çox uzaqdan başladı: “Teart var olandan iki yöndə fəaliyyət göstərir: dramatik və epik. Yəni oynamaq və göstərmək. Oynamaq tamaşaçını oyuna gətirib yüksəltmək, böyük ideallardan, eşqdən, məhəbbətdən, ədalətdən bəhs etməkdir. Tamaşaçının ayaqlarını gerçək həyatdan qoparıb buludlara qaldırmaqdır. Tamaşa göstərmək isə başqa məsələdir. Bu, seyrçiyə üz tutmaqdır, ona sarı yürümək, ayağına getməkdir. “Özüm sənə gələrəm, gəl, bir olaq” deməkdir. Totalitar rejimlər belə teatrı sevməzlər”.

 

Almuradlı böyük həvəslə danışır, mən də eyni həvəslə danışıram, amma ürəyimdə, səssiz-sədasız: “Demək teatr və tamaşaçı birliyi belə avtoritarlar üçün təhlükədir. Bəlkə buna görə bu gün teatr yoxdur. Teatr yoxdurmu? Hər halda vətəndaş pulunu, vaxtını verib teatra gəlmirsə, salon boşdursa demək olar ki, teatr yox kimidir. Axırıncı dəfə Ağa Bəyim Ağa ilə bağlı bir tamaşaya baxdım. Bəlkə iki il öncə. Rüsvayçılıq idi. Mənim baş tacım: Ağa Bəyim Ağa! Sənə layiq abidəni ucaltmaq kaş bizə nəsib ola!”

Almuradlı söhbətinə davam edir, amma “Yaşlı Xanımın Gəlişi”nə hələ xeyli var: “Bizdə olmayıb, amma Moskvada hər zaman güclü  epik teatr olub. Təqib olunub, əzilib, amma olub. O qədər əzdilər ki, təqib etdilər, sıxdılar ki, Lyubimov o vaxtlar ölkədən qaçıb getdi”.

Mən düşünürəm: “Lyubimov!  Böyük adam. Rus teatr sənətinin dahisi və dissidenti.  1984-də onu SSRİ vətəndaşlığından çıxarmışdılar. Hələ Yurski! Bizim kinoda o, Müsyo Jordanı oynayır. 6 fəlsəfi kitabın müəllifi, 10 il həbs çəkmiş dissident-aktyor-rejissor. Rus sənətçi-dissidentləri uzun məsələdir. Heyif bu əziyyətlər hələ də bəhrəsini vermir. Rusiya mədəni ölkə ola bilmədi. Hələ də bu ölkə  etiraz edən vətəndaşa işgəncə növləri, cəmiyyəti susdurmaq icadlar ixrac etməkdədir. Nə isə...  Bu söhbətdə isə məni daha çox Rövşənin missiyası və hissləri maraqlandırır. Bir də söhbət əsnasında gözlərinin dolmağı... çox maraqlıdır...”

Almuradlı davam edir: “1987-də Sumaqayıtda “Dəyirman” ı səhnəyə qoydum.  Elə həmin ili, 87-də, yenə Sumqayıtda  Nazim Hikmətin “Bayramın Birinci Günü”nü səhnələşdirdim. 88-də Mingəçevirə getdim. Yusif Səmədoğlunun “Qətl Günü” əsərini səhnələşdirdim. Üçrəngli bayrağımızı qaldırdım. İlk dəfə səhnədə üçrənğli bayrağımız! Təsəvvür edirsinizmi? KQB-dən tökülüb gəldilər, “bu nə bayraqdır” dedilər. Dedim: elə-belə... özüm bu rəngləri uydurmuşam. Dedilər: çıxart bunu, olmaz...”

Fikrim qarışır: “Mingəçevir səhnəsi. Uca bayrağımız. Rövşənin gözyaşları. Bu səhnəni  onun gözyaşlarında gördüm. Üçrəngli bayraq dəniz kimi dolu bəbəklərində hələ də dalğalanırdı... Bəs deyirlər sovet hökuməti durduğu yerdə özü yıxıldı. Və bu üzdən Azərbaycan müstəqil oldu. Vicdansızlar. Nə qədər insan, hər sahədə, hər yerdə, hər küncdə nə qədər adsız qəhrəmanlar bu yolda əsəb, həyacan, qorxu, gözyaşları, iş, ailə, övlad, ömür itgisi verdi. Nə qədər... Bu əzablar bir yerə toplansa, ərşə kimi dayanar. Müstəqillik bizə çox baha başa gəldi. Bunu bilən bilir.”

Almuradlı öz aləmindədi: “1990-cı ildə, 20 yanvardan sonra Bakıya gəldim. Bakı və işsizlik. Bu da mənim öz səhnəmdi... tez-tez bu səhnənin baş rolundayam. Burda aktyoram... quruluş mənim deyil. Şəhər qəm-qüssəli bir həyacan yaşayır... Və bu ara Bakıda ilk müstəqil teatr yaranır: Müstəqil İstiqlal teatrı. Mövlud Süleymanlının “Zirzəmi” əsərini səhnələşdirdim...”

Dinləyirəm və “Mövlud” ismi fikrimdə dolaşır. AzTv, Radio, sədr müavini, gözəl yazıçı və vəzifəli yazıçı Mövlud Süleymanlı. Bir neçə il öncə və son bir görüşümüzü xatırladım. Artıq sədr müavini deyildi. Endirib şöbə müdiri etmişdilər. Zəng edib məni radioaparıcılığı üçün dəvət etmişdi. O vaxt da indiki kimi hakimiyyət dəyişikliyi söhbəti gedirdi. Bu zəngə çaşdım, dövlət idarəsindən heç kimin mənimlə bu tərzdə isti danışması, xoş sözlər söyləməsi mümkün deyildi, hər halda indiyə kimi rast gəlməmişdim,  elə bildim ki, hakimiyyət dəyişib artıq, mənim xəbərim olmayıb. Görüşdük. Dəhşət.

Yazıçının gözləri  az qala hədəqəsindən çıxacaqdı. Demə o Mehriban Zəkiyə zəng vurduğunu zənn edibmiş.  Böyük yazıçının gözləri həmən söylədi ki, hakimiyyət yerindədir. Heç bir dəyişiklik yoxdur hələ. Xahiş edirəm məni bağışlayın. Səhv salmışam. Amma Mövlud müəllim bu səhvinin acısını yazıçı qədər yaşadı. Mən bunu gördüm. Gözlərindəki əzabdan gördüm. Oxucunu qanadlandırmaq, özü ilə birgə buludlara uçurmaq, alıb aparmaq  gücündə olan yazıçı. Onu mən də sevmişdim, Almuradlı kimi... indi də sevmək istəyirəm.  Deyəsən sevirəm də... Bu böyük yazıçının imzası ilə atmosferimizə o qədər yalan, şər, böhtan  atıldı ki... mənəvi ekologiyaya nə zərərlər dəydi... özü nə itgilər verdi, nə əsərləri qayb etdi... kaş ki,  o belə etməsəydi...”

Almuradlı ləzzətlə gülür:
“Bayrağımız al qırmızı, lap pipiyi qan kimi.
Dalğası qan qoxuyur, yiyəsi şeytan kimi.
Masalar  bizi “qoruyur”, masalar qalxan kimi.
Cin görürəm, çün görürəm can kimi,
Cənnətdə kommunistmi var Azərbaycan kimi.

Mövludun sözləridi... 91-də istiqlal teatrı bağlandı, aktyorlar dağıldı. Niyə? Birinə hədə-qorxu gəldilər, birinin gecə yolunu kəsdilər, o birini yaxşı maaşla başqa teatra apardılar, axır ki, bir bəhanə ilə truppanı dağıtdılar. O vaxt da teatr təhlükəyə çevrilmişdi. Teatr xalqla bir olmaq istəyəndə rejimlər üçün təhlükəyə çevrilir. Teatr azad olmaq istəyəndə təhlükəli görünür avtoritarlara.”

Mən dinləyə-dinləyə arada özümü də eşidirəm. Ürəyim bəlkə öz-özü ilə, bəlkə Rövşənin qəlbiylə söhbət edir, bilmirəm, amma susmur, deyir: “Azadlıq. Teatr. Tamaşaçı. Bunlar dəyərlərdir. Və birlikdir. Böyük Birlik! Rejim onları ayırıb ayrı saldı. Ayrı-ayrılıqda əzdi. Əzilmiş Azadlıq. Əzilmiş Teatr. Əzilmiş Tamaşaçı. Rejimin qurbanları. Çətindi deyilmi? Belə rejimin hökm sürdüyü ölkənin vətəndaşı olmaq, belə teatrın tamaşaçısı olmaq çox çətindir, eləmi? Bu rejissor halın deyir ki, çooox çətindir...”

Almuradlı səhifəni çevirir. “Yaşlı Xanımın gəlişi”nə hələ var: “92-də Məmməd İsmayıl AzTv-yə dəvət etdi. “Yurd”, “Gözəlləmələr” sənədli filmlərini çəkdim.  Musa Nağıyevdən bəhs edən “Yük” bədii filmini kinostudiyada, 93-95-də çəkdim.  Bu da maraqlı dönəm idi mənim üçün. 14 sənədli film çəkdim. Film dastanlar çəkdim. Aydın Qurbanoğlu ilə işlədim. O, türk tarixinin bilicisidir. Mete Xanın bayrağı...  Axsunqar...  Cuci  Xan...  Göytürklər... Şah İsmayıla kimi gəldik.”

Fikrim uzaq illərə gedir: “Hə, Aydın müəllim. Biz uzun illər bir yerdə işləmişik. Özü və xanımı ilə... tamşada da görüşdük. Mən onların xətrini istəyirəm, olar da mənim... Elə Rövşənlə də televiya işləmişik. Eh, televiziya... televiziya... orada hər şey başqa cürdü...  O vaxtlar isə tamam başqa cür idi. Mən cavan bir redaktor idim. Ətrafda qorxunc qələm sahibləri, o zamanının böyük insanları... Bizi idarə edənlər bizdən çox bilirdilər. Bu, məsuliyyətə səsləyirdi. Təhsili və mütaliəsi babat olan mənim kimilər isə “ədəbimdə xəta olar”  deyə  qorxudan ölürdü bu mühitdə. İndi yerli televiziyaları aç, bir gözqırpımında görəcəksən ki, televiziyaları idarə edənlər, efirdə görünənlərdən çox bilmirlər ki, az bilirlər. Bu, işçinin məsuliyyətini və səviyyəsini aşağı salır. İndi bütün ölkə bu yerli televiziyaların vəziyyətindədir. İdarə edənlər idarə olunanlardan savadsızdır. Özü də müqayisəyə gəlməz savadsızlıq... xalq və hakimiyyət... arada dərin uçurum var. Xalq mütərəqqidir, hakimiyət mürtəce. Hədəflərə baxın:  Xalq azadlıq və ədalət istəyir. Hakimiyyət  azadlıq vermir, ədalətli ola bilmir. Rejim xalqı uçuruma aparır. Bütün diktaturalar  kimi bizim diktatura da xalqı ardınca uçuruma aparır. Çox pis. Adamın  ağlamağı gəlir. Buna ictimai tənəzzül də demək olar. Dövlət tənəzzülü də... Teatr tənəzzülü də...”

Almuradlı Rövşən də öz aləmindədir. Biz demək olar ki, az-az kontakta giririk. O ürəyini mənə boşaldır. Mən özümə. Gördüyüm bu qədərdi. Görünməyənlərdən xəbərsizəm. O, coşur: “Bilirsinizmi, Oğuz tayfası Koroğlunu çiynində daşıyıb. Əsrlərdən adladıb. Və hər bir dövdə bu dastana öz əlavələrini edib. Aydın müəllimin mənim həyatımdakı xidməti bu oldu: mən türk tarixinə daldım. Mən bu tarixi teatr qədər sevirəm. Amma hay-küy qopara bilmirəm. Deyə bilmirəm. Mən içimdə sevirəm.”

Bu söz gedib bir daha qayıdır üstümə: “Mən içimdə sevirəm...  Bunu niyə bu qədər sıxıntılı ifadə etdi. Sanki dediyindən utandı, üzü qızardı, gözləri yenə doldu. Əslində insanın bu halından yayınmaq lazımdı. Özüm dən bilirəm ki adam belə hallarda gözlərdən yayınmaq istəyir. İnsanın bu halına zillənmək olmaz. Mən isə deyəsən daha diqqətlə baxıram. Ürəyim bərkiyib nədir? Yoxsa görmək istədiyimi gördüm? Mən onun bu dolu gözlərindən düz ürəyinə zillənmək istəyirəm. Nə var orda? Nə istəyir bu adam? Bu teatrçı nəyin uğurunda döyüşür? Niyə ona Nazirlikdən gələn tamaşaları verəndə götürmür? Elçinin, Gülçinin, Həsənin, Məmmədin atası, anası, dayısı... nəğməkar naziri, deputat nasiri və s. Al götür, a kişi, yaşa, dolan. Palaza bürün, elnən sürün. Yüz ildi Sumqayıtdan Bakıya, Bakıdan Sumqayıta sürünürsən. Bu şəhərdə bir koman belə yoxdu. Yorulmadınmı? O mənim sualımı cavablandırdı. Dolu gözlərin dibindən, ən dərinliklərindən ki, ona qəlb də deyirlər , bax o məkandan bir səs gəlirdi: mən içimdə sevirəm... mən içimdə sevirəm...”

Mən dinləyə-dinləyə “Yaşlı Xanımın Gəlişi”ni gözləyirdim, Almuradlı isə hələ səhifələri çevirirdi: “...sonra vəziyyət mürəkkəbləşdi. 2005-ə qədər iş vermədilər.  Adıma qadağa qoydular. Niyə?  Mən milli azadlıq hərəkatında iştirak etmiş rejissoram. Mənim tamaşalarım döyüşürdü. Buna görə işsiz qalmışdım. Yaşamaq da olmurdu. İşsizlik. Pulsuzluq. Məyusluq. Bilet alıb gedirdim Kiyevə. Hə, bir dəfəlik. Mənə burda yer yox idi. Əslində indi də yox kimidi. Həmin vaxt Elçin zəng vurdu. İsmayıl Şıxlının “Ölüləri qəbirsanlıqda basdırın” əsərini verdi ki, tamaşaya hazırlayım”

Həyacanlandım: “Yenəmi varislər? Bu məmləkətdə ataların, oğulların dəstəyi olmadan kimsə yürüməyəcəkmi?”

Sanki səsimi eşitdi: “Yox, qətiyyən, bəyənməsəydim götürməzdim. Oxudum  əsər məni tutdu. Ləzzət elədi. Əsil mənim malım idi.”

Mən susuram. Elə əvvəldən susuram. Amma düşünməyə bilmirəm: “Düşünürəm ki, babalı Rövşənin boynuna.  “Ataların və oğulların ” zəif tamaşalarını səhnələşdirən bütün rejissorlar bu sözü deyir. “Əsər məni tutdu.” Bu sözün canı çox yanıb yəqin. Nə isə. Bu gün mən həm yaxşı dinləyiciyəm, həm də tamaşaya baxmamışam. Sadəcə bu çirkin  ənənədən bezənlərdənəm”

Almuradlı səhifəni çevirdi: “Bələdiyyə teatrında Amalya xanım ardıcıl olaraq 3 tamaşa verdi mənə. O, bunlardan kişidi.”

Baxıram, dinləyirəm və düşünürəm: “ Kimi deyir? Kimdi bunlar? Hamısımı? Teatr adına olan hamısınımı? Bimirəm. Lap çoxdan Ramiz Həsənoğlu ilə birgə Ənvər Məmmədxanlı haqqında (deyəsən ildönümü idi) veriliş etmişdim. Ramiz verilişin başlığına köhnə bir fikir seçmişdi: nə karvan qaldı, nə at, hamısı çəkilib getdi. Yaxşı kişilər yaxşı atlara minib getdi. Bu söz Ənvər Məmmədxanlıya çox yaraşmışdı. O, çox kübar adam idi. Bir bəy idi. Hə, yaxşı yadıma düşdü. Bizdə çatmayan nədi? İstər idarəetmədə, istər teatrda, istər küçədə- hər yerdə: kübarlıq. Dövlət kübarca idarə edilməyəndə, cəmiyyət də adiləşir. Dəyərlər heç olur. Ürəklər nisgillənir. Hər kəs KİŞİ həsrəti çəkir.”

Almuradlı da deyəsən məni oxuyur: “Mən rejissoram.  Ofisiant deyiləm. Mən seçim edirəm. Bəyəndiyim əsəri səhnələşdirirəm. Başqalarını isə seçirlər. Kim seçir?  Nazirlik! Mənim kredom var. Teatr zaman və məkan çərçivəsindən kənarda deyil. O, bu günlə bağlıdı. O, döyüşməlidi. Mənim böyük müəllimlərim olub. Onların qarşısında məsuliyyətim var. Ədil İsgəndərov, Vaqif Abbasov, Valentin Pluçek, Moskva Satira Teatrı, döyüşən teatr... Teatr dövlətə xidmət etməlidir, hakimiyyətə yox!”

Mən: “Yəqin “xalqa” demək istədi – deyə düşünürəm. Bəlkə də sənətə”

O: “Rəsulzadə deyir ki, dövlət başdır, hökumət papaq. Əsas baş qorunmalıdı, papaq dəyişə bilər. Teatr siyasi deyil, sosial olmalıdır. Teatr mövqe bildirməlidir. Teatr uzun illərdir öldürülür. Rejissor öldürülür. Rejissor əl dövşanı ola bilməz. Qulaqlarını sallaya bilməz. Çırtıq çalanda oynaya bilməz. Əlbəttə, həm elə, həm belə işləyənlər var. Necə? Məsələn, bir əsər öz könlü üçün, bir əsər nazirlik üçün. Mən elə edə bilmədim. Olmadı. Xarakterimə ziddir. Tribun deyiləm, qələm adamı deyiləm. Mən təkəm! Asılıyam! Aktyor, teatr, direktor... hamısından asılıyam. Nazirlikdən necə qorunum?  Zəng gəldi, müqavilə bağlanmadı, sən bitdin. Mənim ömrümü yüz dəfə belə bitiriblər”.

Mən dinləyir və deyirdim: “Əziz dostum Rövşən, yəqin sənin indi heç xəbərin yoxdu. Mən yoruldum. Elə indicə bərk yoruldum. Sən teatrın bu boyda ağır yükünü mənim çiynimə yüklədin, özün də bu ağırlığınla o yükün təpəsində durmusan. Çox yoruldum, bilirsənmi, daha eşidə bilmirəm. Danışa bilmirəm. Mən üz-üzə oturduğum bu teatr binasının köləliyindən baş götürüb qaçmaq istəyirəm. Axı heç bilmirəm sən niyə bu yazını mənim yazmamı istədim. Mən çoxdandı heç nə yazmırdım. Bir də bu, yəni bu tamaşa haqqında mənim yazmam sənə nə xeyir gətirə bilər ki, ziyandan başqa. Yəqin müqavilən bu son tamaşadan sonra, Dürrenmatın -  bu adı tələffüs etməm üçün hər dəfə kağıza baxmam lazım gəlir – “Yaşlı Qadının Gəlişi”ndən sonra yenə bağlanmayacaq. Mənim sənə xeyrim bu olacaq. Nə isə. Olan oldu. Amma teatrın yükü ağırdır. Mən getməliyəm. Mən eşitmək və anlamaq gücümü itirdim”.

Rövşən dayanmadan səhifələri çevirirdi. “Yaşlı Xanım” isə gəlhagəldə idi: “2007-2009 da “Cavad Xanı” çəkdim. Mövludun "Qaravəlli"sini, Axundoun “Müraviyə vəkillər”ni səhnələşdirdim. “Yaşlı xanımın gəlişi” ilə nə demək istəmişəm? Tək bir adamın diqtəsi faşizm doğurur. Bax, bunu demək istəmişəm. Bir günah ədalətli cəza almayanda çox günah doğurur. Bunu demək istəmişəm. Çox günah cəmiyyəti məhv edir. Bunu demək istəmişəm. Günahlar şəhəri öldürür. Bunu demək istəmişəm. Şəhərin bütün idarəediciləri siçovula çevrilir. Onların eyni boz kostyumlarına fikir verdinizmi? Sonradan zənginləşmişlərin sarı ayaqqabılarını gördünüzmü? Sarı ölüm rəmzidir. Ölüm ayaqdan başlayır. Hər şey aşaqdan başlayır. Tavandakı kanalizasiya borularını fikir verdinizmi? Yuxarıdan aşağıya çirkab axır.  Xalq bu çirkabı qəbul edir. Əsəri oxudum. Gördüm bu gündü. Eynilə bu gün. Hamınız yığışıb məni öldürdünüz, indi bir-birinizi öldürün!  Bu tamaşada gördüyünüz bizim mühitimizdir. Bu mühiti biz yaratmışıq. Hər birimiz. Hər birimizin günahı var bu mühitin yaranmasında. Siz teviziyada işləmisiniz, Mehriban xanım. Siz bilirsiniz mikrafon görəndə bu camaat nə deyir. Deyir, Allah mənim ömrümdən kəsib ona versin. Üzünü o tərəfə tutanda isə ömrünü verdiyinin  keçmiş keçənini söyür. Tamaşaçı teatra gəlmir. Əziyyətimiz özümüzə qalır. Çünki teatra əyləncə kimi baxır. Döyüş meydanı kimi baxmır. Ona görə gəlmir, pulunu, vaxtını sərf etmək istəmir. Teatrı xalq saxlamır. Teatrı dövlət saxlamalıdır. Cəmiyyət üçün, tərəqqi üçün, tərbiyə üçün.  Ölməkdə olanı reanimasiya etmək üçün, nökərçilik üçün deyil.  Komediya əcaib bir janrdı. Orada çıxış yolu yoxdu. Faciənin çıxış yolu var. Ölüm! Ölüm özü də bir çıxış yoludu. Komediyada isə ölüm də yoxdu. Bu məzhəkə çıxış yolu göstərmir. Düşünməyə səsləyir. Birgə düşünməyə...”

Söhbətimizə “Yaşlı Xanımın gəlişi” ən sonda və belə baş tutdu. Rövşən qəzəbdən od püskürürdü. Mən bu yerdə, deyəsən söhbəti yarımçıq kəsdim. Rövşən bəlkə də deyəcəklərini deyə bilmədi. Bilmirəm. Əminəm, qüsura baxmaz, çünki bu yük bir az ağır oldu. Amma keçmş iş yoldaşım Rövşən Almuradlıya bir az daha çox hörmət etdim. Ona görə ki, o, bütün yaradıcılıq döyüşləri öz yerində,  Milli Azadlıq Hərəkatında iştirak etmiş bir vətəndaşdır. O, üçrəngli bayrağı Mingəçevir teatrında qaldıran rejissordur. O, hay-küysüz, səssizcə, içində sevən adamdı. “Yaşlı Xanımın Gəlişi”nə isə özünüz qiymət verərsiniz. Birgə düşünmək üçün...

Mehriban Vəzir
 

Yuxarı