post-title

Bakıda olmayan Tiflisdə var - Mədəniyyət hadisəsi

Bu günlərdə nəinki Qafqazda, hətta keçmiş postsovet məkanında ən ciddi mədəni hadisələrdən biri baş tutdu. Sentyabrın 20-dən start götürmüş Tiflis Beynəlxalq Teatr Festivalı oktyabrın 8-də öz işini başa çatdırdı. Festivalda Kulis.az ədəbiyyat portalının əməkdaşı, teatrşünas Aliyə Dadaşova da iştirak edirdi. A.Dadaşovanın tədbirlə bağlı yazısını təqdim edirik.

 
 
 
Qafqazın Parisi
 
Sayca altıncı olan Tiflis Beynəlxalq Teatr festivalının proqramını xatırlatmazdan əvvəl onun ölkə üçün nə dərəcədə prioritet məsələ olduğunu vurğulamaq lazımdır. Festival 2009-cu ildən keçirilir və 77 dən artıq ölkənin qatıldığı festival Beynəlxalq Festivallar Assosiasiyasına daxildir və dünya teatr mühitində populyarlıq qazanıb artıq. Builki festivalın açılış mərasimində Gürcüstan prezidenti Georgi Marqvelaşvili və Tiflisin şəhər rəhbərliyi iştirak edib.
 
İki əsas bölümü olan - Beynəlxalq və Gürcüstan Showcase - festivala bu il "New market" proqramı da əlavə olunub. “New market”ə  Qafqaz və Qara dəniz sahillərindən olan ölkələrin teatr kollektivləri qatılıb. Həmçinin festival çərçivəsində master-klasslar, konfranslar və sərgilər keçirilir. Azərbaycan festivala Akademik Milli Dram Teatrının “İlahi oyun” (rej. M.Mikayılov)  tamaşası ilə qatılıb. Gənc Tamaşaçılar Teatrının “Müharibə” tamaşası proqramda qeyd olunsa da, gedən gündən onun göstərilməyəcəyi bəlli oldu.
 
Festivalın “Georgian Showcase + New market” proqramında iştirak etmək üçün dəvət olunmuş teatrşünaslar Elçin Cəfərov, Könül Əliyeva, Yuğ Teatrının direktoru Tərlan Rəsulov və mən Tiflisə üz tutmuşuq. Yolboyu Könül Tiflisin bir zamanlar Qafqazın Parisi olduğunu söyləyir, özünü teatrın mədəni mühitinə hazırlayır. Əsrin əvvəllərindəki milli maarifçiləri və bugünkü məşhur postmodern-maarifçi yazarlarımızı xatırlayıb: “Bir zamanlar nöşün? Elə mən bilən indi də elədir” - deyirəm.
 
Tiflis həqiqətən də, öz sadə, təbii, tarixi və ən əsası bədii görkəmilə Bakıdan çox fərqlənir. Şəhərdə hər şey – şəhərdəki heykəltəraşlıq nümunələrindən tutmuş, qraffitilərə kimi hər şey  mütləq bədii dəyəri vurğulayır, ona iddia edir. Yəni, uzun sözün qısası, görünəni, gürcülər nəyin daha dəyərli olduğunu bilirlər və hər cür dəbdəbədən uzaqdırlar. Restoranlarda xorla oxuyan, rəqs edən, teatr tamaşalarında gözləri parıltılı dərinliklə dolan insanları gördükcə, pulsuz da xoşbəxt olmağı, əylənməyi bacaran qonşuyla özünü necə hiss edərsənsə elə hiss edirsən. Həqiqətən də qonaqpərvər olan gürcülər öz milli yeməkləri, tarixi və mədəniyyəti ilə fəxr edirlər. Qaldı teatrlara, klişeləri təkrarlamamaq üçün təəssüratları saxlayıb, balaca bir anons veririk. Tiflis teatrları haqda müsahibə və materialları qarşımızdakı günlərdə sizə təqdim edəcəyik. Hələlik festival haqda...
 
 
Fetişizm və teatrşünaslıq
 
Festivalın teatrşünaslara ayırdığı bir bölməsi “Şekspir mənim vətənimdə” mövzusunda keçirdiyi konfrans idi. Yəqin ki, bu mövzu ilə festival təşkilatçıları konfransı Şekspirin 450 illiyinə həsr ediblər. İspaniya, Qazaxıstan, Moldova, Almaniya, Fransa, Belorus və s. kimi ölkələrdən gəlmiş teatr adamları və teatrşünaslar ciddi-ciddi bu mövzu ətrafında yığışdılar. Konfransı teatrşünas İrina Qoqoberidze yüksək həssaslıqla idarə edirdi. Uzun, yorucu, statistik çıxışlar, sanki tanıyırıqmış kimi detallı, dəqiq anlatmalar məsələnin mahiyyətindən uzaqlaşırdı və bizi cəmi teatrşünaslar haqqında bəd-bəd fikirləşməyə məcbur edirdi ki...  İrina xanım gözəl fransızcası ilə çıxışları mümkün qədər qısaltmağı xahiş etdi. Madam ki, məqalələri bir-birimizdən alıb oxuya bilərik, niyə qızıl kimi vaxtımızı “filan neçənci ildə filan teatrda Şekspirin filan əsəri tamaşaya qoyuldu” kimi yorucu, bu günə heç bir dəxli olmayan çıxışlarla itirək? Ümumiyyətlə, teatrşünasların teatra, teatrdakı faktlara belə fetişist münasibəti haradan qaynaqlanır? Bu özü də əla bir konfransın mövzusu ola bilər... Madam ki, ta dünyanın Avropasında belə tendensiya var...
 
Bu konfransın yorucu atmosferindən, peşəmiz haqda naümid fikirlərdən bizi qazax teatrşünas, alim Saniya Kabdıyeva aldı. O, qısa bir çıxışla, Şekspir əsərlərinin qazax teatrındakı tamaşalarının nümunəsində ümumiyyətlə qazax teatrının vəziyyətini, inkişaf və geriləmə faktlarını göstərə bildi. Elə bir az sonra Saniya xanımla qazax teatrının vəziyyəti haqqında söhbət edirdik. Məlum oldu ki, onlarda da, vəziyyət aşağı yuxarı eynidir. Belorusun, Ukraynadan olan teatr adamları ilə söhbətdən postsovet ölkələrinin çoxunda eyni vəziyyətin olduğu qənaətinə gələcəyəm:
 
qeyri-dövlət teatrları ya azdır, ya da demək olar ki, yoxdur, müstəqilliyin ilk illərindən bu yana çoxlu sayda uropatriotik, pafoslu, tarixi tamaşalar hazırlanıb. Lakin yeni inkişaf meylləri də var. Məsələn, Qazax teatrının Şekspirə münasibətdə mifik təfəkkür oyatmaq, postmodern yanaşmalar təqdim etmək kimi maraq oyadan işləri var.
 
Amma iki cümlə əvvəlki məsələləri postsovet məkanı kimi Gürcüstana aid etmək olmaz. Gürcü teatrı, teatr mühiti klişe də çıxsa, deməliyik ki, həqiqətən başqa məsələdir. Bu fikri inamla demək üçün bircə fakt kifayətdir: Tiflisdə onlarla zirzəmi teatrı var. Amma bu barədə ayrıca bir yazıda danışacağıq...
 
 
Aliyə
 
Kulis.az
Yuxarı