post-title

Gəncliyin iki cəhəti

Gündən-günə sayı artmaqda olan aktiv gənclərdə iki çox gözəl cəhət müşahidə olunmaqdadır. Onlar fərqli geyinməyi, fərqli düşünməyi bacarır, elmə, kitaba, təhsil almağa can atırlar. Kədərdən, yalançı romantikadan, uzunburun qara ayaqqabıdan uzaqdırlar. Bu gənclərdə müşahidə olunan iki gözəl cəhəti qeyd etmək istərdim:

 

1. Yerlibazlıqdan uzaq olmaları.

Həqiqətən yerlibazlıq çox iyrəncdir. Bəlkə də hissdir. Adama doğulduğu yerə görə qiymət vermək ibtidailikdir. Tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq, əgər bir insan başqa bir insanı doğulduğu yerə görə qiymətləndirirsə, özünə yaxın, doğma hesab edirsə, deməli, onun təfəkküründə problem var.

Yerlibazlıq hissi insanı kiçildir, cılızlaşdırır, onu gülməli vəziyyətə salır. Əlbəttə, insan doğulduğu kəndi, qəsəbəni, şəhəri, küçəni sevməkdə azaddır. Özü bilər. Amma həmin məkanı sevməklə bərabər, həmin məkanda doğulanları başqalarından üstün tutmaq, başqalarından qorxmaq, onlara inanmamaq ibtidailikdir. Çox gözəl haldır ki, aktiv gənclər öz aralarında yerlibazlıq hissini tamam öldürüblər. Onları bir-birilərinə düşüncə, fikir, ölkəni dəyişmək istəyi bağlayır, hansısa məhəllədə siqaret çəkməkləri, futbol oynamaqları, bir eşşəyi minməkləri, bir bulaqdan su içməkləri yox.

Özünü ziyalı adlandıran şəxs yerliçilik hissini içində tamam öldürməlidir. Eyni məkanda doğulduğuna görə birini başqasından üstün tutmaq cahillikdir.

İnsanı yalnız öz seçiminə görə qınamaq olar. Ata, ana, bacı, qardaş, doğulduğu məkan insanın seçimi deyil. İnsanı əyninə geyindiyi şalvara, aldığı ata, aldığı maşına, aldığı arvada görə haradasa qınamaq mümkündür.

Amma dövlət, doğulduğu məkan, valideynlər insanın öz seçimi olmadığı üçün buna görə onu qınamaq yersizdir. Çünki doğulduğu məkanı, valideynlərini özü seçməyib. İnsanı yalnız və yalnız öz seçiminə görə qınaya bilərlər. Bu mənada aktiv gənclərin yerlibazlıqdan uzaq olmaları çox xoş mənzərədir. 

2. Dindən uzaq olmaları. 

Çox sevindirici haldır ki, aktiv gənclər arasında ateizmə meyl artmaqdadır. Ateizm dəbə çevrilmişdir. Bu proses günü-gündən daha da sürət götürür. Dəbə çevrilən prosesin qarşısını almaq çətindir. Bu gənclər sosial şəbəkələrdə, forumlarda dindarları asanlıqla dolaşdırır, onları asanlıqla məğlub edirlər. Konkret olaraq, "Facebook" sosial şəbəkəsində dindarlar ateist gənclərə məğlub olaraq, şəbəkəni tərk etdilər. Ateist gənclər daha hazırlıqlı görünürlər.

Azərbaycan mətbuatında oxunan, fikir yeridən yazarların böyük əksəriyyəti ateistdirlər. Ateist gənclərin ortaya çıxmasında yazıların böyük rolu oldu. Daima mütaliə edən, dünyanın gedişatını anlayan bu gənclərə cavab vermək asan deyil. Onlar həm savadları, həm görünüşləri, həm də danışıq tərzləri ilə dindar gəncləri asanlıqla məğlub edirlər. Sayları artmaqdadır. Çünki onlar daha parlaq, daha maraqlı, daha cəlbedici görünürlər.

Bu prosesi sürətləndirən üç səbəb var. İkisini qoyaq kənara. Sonra yazarıq. Səbəblərdən birini yazmaqla yazını bitirmək istəyirəm. İntellekt öz sözünü bu prosesdə deyir. Əlbəttə, Harun Yəhyanın əsərlərini oxuyan dindar, bəşəri ideyalara sığınan, adi misallar gətirən, sadə, təmkinli, savadlı ateist gəncə asanlıqla məğlub olacaqdır. Bu, təbiidir. Ateist gənclərlə dindarların mübahisəsində bir ateist gənc qızın yazdığı fikir çox mükəmməl idi: "Mən sizə adını yaza bilməyən yüzlərlə savadsız dindar göstərə bilərəm, amma siz mənə bir savadsız ateist göstərə bilməzsiniz".

Seymur Baycan

Yuxarı