“Salaam Cinema”
Baş verən hadisələri hekayələşdirəndə, onların mahiyyətinə daha dərindən varmaq…
Mirzə Kazım bəy: Kazan və Peterburq universitetlərinin professoru, Şərq filologiya elmləri üzrə fəxri doktor, Peterburq universitetində Şərq fakültəsinin yaradıcısı və ilk dekanı, London Britaniya Kral Asiya Cəmiyyəti, Kopenhagen Kral Şimal Antikvariyaları Cəmiyyəti, Paris Asiya Cəmiyyəti, Amerika Elmlər Akademiyası, Berlin Almaniya Şərşünaslıq Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının müxbir üzvü.
Rus şərqşünaslıq elminin atalarından hesab olunan Mirzə Kazımbəy və ya onun dünyada tanındığı adı ilə desək Aleksandr Kazımoviç Kazımbek 1802-ci ilin 22 iyulunda Rəşt şəhərində ruhani ailəsi olan Məhəmməd Qasımın ailəsində dünyaya göz açıb.
Qazi təyin olunduğu üçün atası Dərbəndə köçür, burada Mirzə Kazımbəy yüksək səviyyədə dini təhsil alır.
Hacı Qasımın Dərbənddəki nüfuzu ona xeyli açıq və gizli düşmənlər qazandırır, çar hökuməti onu suçlu hesab edərək bütün əmlakını müsadirə edir, özünü isə Həştərxana sürgün edir. 1821-ci ildə gənc Məhəmmədəli atasının ayrılığına dözməyərək yanına gedir.
Kasıb gəncin zəngin qonaqları
Makferson və Qlen: Bu iki ingilis casusu, missionerlər Mirzə Kazım bəyin həyatını və dinini dəyişdirən şəxslər olublar. Onlar gənc Məhəmmədəlini ən həssas-ən kasıb vaxtında yaxalayırlar. Həştərxana gəldikdən sonra iş axtaran Məhəmmədəli bu iki missionerə türk və ərəb dilindən dərs demək təklifini dərhal qəbul edir. Missionerlərdən biri Kazımbəy haqqındakı məqaləsində yazırdı: “Əvvəllər o, xristianlığı müdafiə üçün söylənən hər sözü şiddətlə rədd edirdi, bəzən çox qəzəblənirdi, öz hissiyyatına tam sərbəstlik verərək bizim söylədiyimiz müqəddəs ada qarşı mürtədcəsinə danışırdı”.
Çar dönəmində yazılan məqalələrdən birində bu barədə yazılır: “Missionerlər müsəlman alimləri ilə baxışları düz gəlməyən məsələlər haqqında adətən mübahisəyə girişmirdilər, lakin Məhəmmədəlinin rəftarı açıq və sadə olduğuna, onun xarakteri öz həmvətənlərinin fanatik və şübhəedici xarakterinə bənzəmədiyinə görə missionerlər onunla başqalarından daha sərbəst danışırdılar”.
Özünün avtobioqrafiyasında isə Kazımbəy yazırdı: “İslamın sərt qaydaları əsasında tərbiyə edildiyimdən və dinin şərəfinin qızğın müdafiəçisi olduğumdan, mən, öz şagirdlərimlə və ya müəllimlərimlə heç bir zaman din haqqında mübahisəyə girişmirdim və istər-istəməz bu cür mübahisələr baş verdikdə, həmişə mənim tərəfimdən şiddətli hərəkətlərlə nəticələnirdi və buna görə biz bu cür mübahisələrdən xüsusilə çəkinirdik”.
Lakin mübahisələr Məhəmmədəlinin inamını hissə-hissə yox edirdi, mövcud durumunu o gələcəkdə belə izah edirdi: “Mənim əziyyətli araşdırmalarımın birinci nəticəsi o oldu ki, mən İslamın ilahi bir din olduğunu ürəyimdə tamamilə rədd etmişdim və ümidsiz qalmışdım”. “Mənim imanım sarsınmışdı, şübhə mənə rahatlıq vermirdi, maraq isə məni daha irəli aparırdı”
Mirzə Kazımbəy böyük sarsıntılar içində dolaşır, missionerlər dünyada xristianların sayının daha çox olması ilə bağlı ona rəqəmlər göstərir, xristian dövlətlərin güclü olması, dünyada dinlərini yaymaq üçün necə böyük cəfa çəkdiklərini qeyd edir, hər dərsdə Məhəmmədəlinin beyninə bunları yeridirlər, Məhəmmədəli isə böyük şübhələr içində İncili yenidən oxumağa başlayır: “Mən onu nə bir müsəlman kimi, nə də bir xristian kimi deyil, həqiqət axtaran bir adam kimi oxuyurdum”. Beləliklə, Kazımbəy oxumaqla qalmır, 1823-cü il iyulun 11-də xristianlığın presviterian qolunu qəbul edir, Aleksandr adını götürür.
O yazırdı: “Mən əminəm ki, mənim İslamdan əl çəkməyim onu öldürəcəkdir, mənim atamın Dərbənddə düşməni çoxdur və onlar onun oğlunun dinindən döndüyünü eşitdikdə sevinəcəklər və Allaha şükür edəcəklər”.
Belə də olur. Özünü təhqir olunmuş hesab edən Hacı Qasım oğlunun göz yaşlarına, yalvarışlarına məhəl qoymadığını görüb, evdə dustaq edir, ac saxlayır, döyür, İrandan və Azərbaycandan gələn qohumları tərəfindən təhqir olunur. Belə məqamda missionerlər Hacı Qasımın evinə gələrək Məhəmmədəlini azad etmədiyi təqdirdə qubernatora şikayət yazacaqlarını bildirirlər. Missionerlər qapıdan qovulduqdan sonra qubernatora müraciət edirlər və Məhəmmədəli ev dustaqlığından azad edilərək ingilislərin yanında qalır.
İngilislərin yanında qaldıqdan sonra ingilis, fransız, alman, yəhudi dilini öyrənməyə çalışan Kazımbəy daim qorxu altında yaşayırdı. Atası ilə münasibətləri soyuq olsa da, o müntəzəm olaraq qoca atasının yanına gedirdi. Belə günlərin birində ona sui-qəsd planı hazırlanır, lakin təsadüfdən həmin gün xəstələndiyi üçün Kazımbəy atasının yanına getmir. Qızı Baratinskaya başqa bir xatirəsində atasının dənizdə çimərkən iranlı bir dələduz tərəfindən batırılmaq istənilməsini, lakin yaxşı üzən Kazımbəyin xilas olduğunu qeyd edir.
Uzun ayrılıqdan sonra ata və oğul görüşürlər, tədricən münasibətlərini düzəldirlər. Hətta belə görüşlərin birində bir dəfə atası onu öpmək istəyir, lakin ona deyir: “Sən murdarsan, mən səni necə öpə bilərəm”. Lakin ata onu öpür, sonra isə bir xristianı öpdüyünə görə ağzını yuyaraq pak edir. Artıq bütün cəhdlərinin əbəs olduğunu görə Hacı Qasım qərar verir: “Görünür qismət belə imiş, mənim oğlum gərək kafir olaymış”. Alın yazısına tabe olan Hacı Qasım icazə aldıqdan sonra Dərbəndə qayıdır və bir daha ata ilə oğul görüşə bilmirlər. Həmvətənləri isə Kazım bəyin sürgün olunmasına nail olurlar.
Şərəfli yoldan qalanlar
17 yaşında “Ərəb dilinin qısa qrammatikası” kitabını yazan Mirzə Kazımbəy rus, türk, fars, ərəb, fransız, alman, ingilis dillərini bilirdi. İslamdan imtina etsə də, onun ən dəyərli əsərləri məhz İslam dininə aid idi: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridilik və Şamil" (1859), "İslam tarixi" (1860). Kazımbəy həmçinin Krım xanlığının 1466-1737-ci illər aralığında tarixi dövrünü əhatə edən, türkcə yazdığı “Əssəb əs-Səyyar” (“Yeddi planet”), 1841-ci ildə yazdığı “Uyğurlar”, 1865-ci ildə nəşr olunmuş və 1848-52-ci illərdə İranda baş verən dini və siyasi hərəkatlanmalardan bəhs edən “Bab və Babilər” əsərlərinin müəllifidir. Eyni zamanda Kazımbəy Dərbəndin tarixindən bəhs edən Məhəmməd Əvabinin məşhur “Dərbəndnamə” əsərinin ingilis dilinə tərcüməsinin müəllifidir. Bu tərcüməyə görə Kazımbəy Britaniya kraliçasının qızıl medalına layiq görülüb.
Mirzə Kazımbəy şəxsiyyəti Qərb və Rus elmi dairələrində sözün əsl mənasında münaqişələrə səbəb olub. 1825-ci ildə Londona dəvət edilən alimin Rusiyanı tərk etməsinin qarşısını almaq üçün Omska tatar dili müəllimi təyin edilməsi üçün xüsusi sərəncam verilir. Belə ki, Qafqaz canişini general Yermelov Rusiya Xarici İşlər Naziri Nesselroda verdiyi məlumatda onun bütün hallarda İngiltərəyə getməsinin qarşısının alınmasının vacibliyi qeyd olunur. Lakin Kazanda xəstələnən Kazımbəy Omska gedə bilmir və tale onun üzünə məhz Kazanda gülür. Kazan Universitetinin rektoru, professor K.F.Fuksun sayəsində Kazan universitetində “Türk dilləri” fakültəsinə rəhbər təyin olunan Kazımbəy 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv, 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. Bu dövrdə elmi dairələrdə yetərincə tanınan alim ən fundamental əsərlərindən biri olan və uzun müddət Avropada türk dillərinin tədqiqində mühüm mənbə kimi istifadə olunan və Demidov mükafatına layiq bilinən "Türk-tatar dillərinin qramatikası" əsərini yazır. Bu əsər 1848-ci ildə alman alimi Senker tərəfindən alman dilinə tərcümə olunaraq Leypsiqdə çap olunur.
1849-cu ildə Peterburq universitetinin “Şərq dilləri” fakultəsinə dekan təyin olunan Kazımbəy 1863-cü ildə "Şərq tarixi" kafedrasını təsis edir. Bu dövrdə alim dilçiliyə aid bir sıra əsərlər və rusca-türkcə sözlük nəşr etdirir. Kazımbəyin yaxın dostu, fransız alimi Qarsen de Tassinin köməyi ilə alimin Fransada "Qurandan bəzi fəsillərin təfsiri haqqında" (1843), “Ortodoksal təriqətlər arasında müsəlman hüquqşünaslığı hərəkatının tərəqqisi haqqında" (1850) kitabları çap edilir. Bu əsərlərinə görə alim Paris Asiya cəmiyyətinin üzvü seçilir. 1866-cı ildə isə Parisdə fransız dilində "Bab və babilər" əsəri nəşr edilir. Həmin il alim Berlindəki Almaniya Şərqşünaslar Cəmiyyətinin üzvü seçilir. Həmçinin Kazımbəy 1843-cü ildə Kopenhagen Kral Şimal Antikvariyalar Cəmiyyətinin, 1851-ci ildə Amerika Şərqşünaslar Cəmiyyətinin, 1862-ci ildə isə Amerika Fəlsəfə Cəmiyyətinin üzvlüyünə qəbul edilir.
Mirzə Kazımbəy Tolstoy və Çernışevskiyə şərq dillərini öyrətmiş, Sədinin “Gülüstan” əsərini rus dilinə çevirmişdir. Kazımbəyin yaşamındakı maraqlı faktlardan biri də onun “Müridizm və Şamil” əsərini yazmaqda köməklik edəcək Şeyx Şamillə olan görüşüdür. Şeyx Şamil Peterburqda əsir saxlanılarkən Kazımbəy onunla iki dəfə görüşmüş, Qafqazdakı siyasi hərəkatlarla bağlı fikir mübadiləsi ediblər. Kazımbəy Şamilin xahişi ilə ona öz kitabxanasından on beş kitab bağışlamış, birlikdə dəvət aldıqları Marinski teatrında “Katerina” və “Pəri” baletlərinə baxıblar.
Ailə həyatı:
Kazımbəy 1842-ci ildə Qazan quberniyasının yoxsullaşmış zadəgan ailəsinin qızı Praskovya Kostlivseva ilə evlənir. Bu evlilikdən Olqa (1843-1918) adlı qız, Aleksandr (1844-1894), Boris (1846-1854) və Nikolay (1854-1854) adlı oğlan övladı doğulur. 1854-cü ildə ailə faciəsi ilə üzləşən alimin həm xanımı, həm də iki az yaşlı oğlu dünyasını dəyişir. 1869-cu il noyabrın 27-də isə alimin özü dünyasını dəyişir və Sankt-Peterburqun Pavlovsk məzarlığında torpağa tapşırılır.
Mirzə Kazımbəyin dahiliyi qarşısında Azərbaycanda ona layiqli dəyər verilməyib. Mən onun Azərbaycan türkcəsində olan heç bir kitabını görməmişəm. Yazımızı akademik Berezinin fikirləri ilə tamamlayırıq: “Mən bu dəqiqə Avropada Müsəlman Şərqi üzrə bu qədər geniş və rəngarəng məlumatlar ehtiyatına malik olan başqa bir şərqşünasın adını çəkməkdə çətinlik çəkərdim. Aleksandr Kasimoviçin geniş və rəngarəng əsərləri təkcə ölkəmizdə deyil, həm də xaricdə böyük ehtiramla tanınmışdır. İslamın və müsəlman qanunçuluğunun Kazım bəy kimi bilicisinə, bizim əqidəmizcə, Qərbi Avropa malik deyildir"
Dilqəm Əhməd
Kultura.az