post-title

Rus ədəbiyyatını türkcə oxuyan azərbaycanlılar haqqında – 2

Nağaranın səsi uzaqdan xoş gələr.

Atalar məsəli

Gənc kitab blogerlərindən biri çıxışında deyir ki, “İdiot”u azərbaycanca oxudum, tərcümə xoşuma gəlmədi, türkcə oxudum, tərcümə xoşuma gəldi.

Gənc kitab blogeri düz deyir. Öz tərəfindən tamamilə haqlıdır. Niyəsini indi izah edəcəm.

Məsələ ondadır ki, türk tərcüməçilər rus ədəbiyyatını tərcümə edərkən çətin yerləri ötürürlər, çətin yerləri ixtisara salırlar. Ən yaxşı halda çətin yerlərin məzmununu tərcümə edirlər. Yaxud çətin cümlələri “sadələşdirirlər”. Uzun cümlələri bir neçə yerə bölüb, cümlələri qısaldıb, yazıçının üslubunu ağlar vəziyyətə qoyurlar. Bütün bu bədnam həngamələr rus romanlarını türkcə oxuyan azərbaycanlı uşaq-muşaqda “əsər yaxşı tərcümə olunub” təssüratı yaradır. “Sadələşdirilmiş”, çətin yerləri ixtisara salınmış rus romanlarını türkcə oxuduqda onlara elə gəlir ki, əsər çox yaxşı tərcümə olunub. “Sadələşdirilmiş”, çətin yerləri ixtisara salınmış rus romanlarını türkcə oxumaq və qavramaq onlar üçün daha rahat, daha asandır. Bu isə az əvvəl qeyd etdiyimiz kimi “əsər yaxşı tərcümə olunub” təəssüratı yaradır.

Türk tərcüməçilərin rus romanlarını tərcümə edərkən çətin yerləri ixtisara salmaqları təzə söhbət, heç də sirr zad deyil. Bunu prosesə bələd olan çox adam bilir. Şəxsən mən “Karamazov qardaşları” əsərinin türkcə variantında böyük bir hissənin ixtisara salındığını öz gözlərimlə görmüşəm. Özü də əsərin ən vacib yerlərindən biri ixtisara salınmışdı. Heç bir azərbaycanlı tərcüməçi bir əsərdən böyük bir hissəni ixtisara salmağı, bu səviyyəsizliyi, bu məsuliyyətsizliyi özünə rəva bilməz. Əsəri bərbad tərcümə edər, tərcümədə aləmi bir-birinə qatar, amma durub əsərdən böyük bir hissəni ixtisara salmaz.

İndi ağıllı yoldaşlardan biri etiraz edərək bildirəcək ki, Türkiyədə nəşriyyatdan nəşriyyata fərqlər var. Bəli, doğrudur, Türkiyədə əlbəttə ki, nəşriyyatdan nəşriyyata fərqlər var, amma rus ədəbiyyatının türkcəyə tərcümə olunmuş nümunələrindən söhbət gedirsə, vəziyyət aşağı-yuxarı eynidir. Yəni, türkcəyə tərcümə olunmuş rus ədəbiyyatı çox bərbad gündədir.

Dovlatov senzuranı nəzərdə tutaraq demişdir: “İxtisar edəndə birtəhər dözmək olur, əlavə edəndə dözmək olmur”.

Türklər rus ədəbiyyatını tərcümə edərkən təkcə çətin yerləri ötürməklə, ixtisara salmaqla kifayətlənmirlər, həm də əsərə özlərindən əlavələr edirlər. Oxuduqları əsərlərdə dördgözlə hərf, vergül, nöqtə səhvi axtaran ultradiqqətli oxucular türkcəyə tərcümə olunmuş rus romanlarında əlavələr edilmiş yerləri öz tərəflərindən dəfələrlə aşkar ediblər. Dostlardan biri hətta tərcüməçinin əlavə etdiyi yerə görə pis vəziyyətə düşüb. Deməli, bu hansısa rus əsərini türkcə oxuyurmuş. Əsərdən bir hissəni facebook səhifəsində nəyə görəsə paylaşır. Bir nəfər də dirəşir ki, o əsərdə elə yer yoxdur. Mübahisə ediblər. Əsərin orijinalına baxıblar və məlum olub ki, doğrudan da əsərdə elə yer yoxdur. Tərcüməçi əsərə özündən əlavələr edib. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfi də maraqlıdır. Bu adam, dostumuz, niyə kitabdan məhz türk tərcüməçinin əlavə etdiyi yeri facebookda paylaşıb? Niyə məhz tərcüməçinin əlavə etdiyi yeri dostumuzun gözü tutub? Razılaşaq ki, çox maraqlı suallardır. Bəlkə elə dostumuzun ədəbiyyat haqqında təsəvvürü, bədii təfəkkürü elə türk tərcüməçisinin əsərə özündən əlavə etdiyi yeri bəyənəcək səviyyədədir? Necə deyərlər, su axıb, çuxurunu tapıb. Əks halda bir insan oxuduğu əsərdən niyə məhz tərcüməçinin əlavə etdiyi yeri bəyənsin ki?

Rus ədəbiyyatının türkcə tərcümələri haqqında daha bir məqamı qeyd edək. Türkcə nəşr olunmuş rus əsərlərinin xeyli hissəsini Azərbaycan dilini bilən türklər, Türkiyədə oxuyan azərbaycanlı tələbələr, Türkiyədə müxtəlif sahələrdə işləyən azərbaycanlılar Azərbaycan dilindən türk dilinə tərcümə ediblər. Filan rus romanını azərbaycanca oxudum, xoşuma gəlmədi, türkcə oxudum, xoşuma gəldi deyən adamların əksər hallarda necə böyük səhvə yol verdiklərini indi zəhmət olmasa özünüz təsəvvür edin.

Lap geniş götürəndə, azərbaycanlıların rus ədəbiyyatını Azərbaycan dilində oxumaq imkanı olduğu halda rus ədəbiyyatını türkcə oxumaqları , yəqin ki, milli natamamlıq kompleksindən qaynaqlanır. Rus ədəbiyyatını azərbaycanca oxumaq imkanı olduğu halda, azərbaycanlıların rus ədəbiyyatını türkcə oxumaqları çox güman milli natamamlıq kompleksinin təzahürlərindən biridir. Görünür azərbaycanlılar kiçik qardaş xəstəliyindən azad ola bilmirlər. Görünür böyük qardaşsız yaşamaq azərbaycanlılar üçün olduqca çətindir.

Rus ədəbiyyatını türkcə oxuyan azərbaycanlılar hələ şükürlüdürlər, toya-bayrama getməlidirlər. Türkcə danışan düşük, özünə bir qram hörmət etməyən azərbaycanlılar da var. Onlar da bir ayrı faciədirlər.

Azlogos

Yuxarı