post-title

“Dumandakı” cazibə (HƏZZ, ÜMİD)

“Barmaqlarla filtrinin arxasını dodaqların arasında dillə, ehmalca yerləşdirərək -“dadıyla, qoxusuyla, toxunuşuyla, insanın gözlərini yandıran tüstüsüylə, ən nəhayət tüstünün alınıb- verilmə zamanı çıxardığı intim səslə insanın bütün hisslərinə toxuna bilən - nəfəs orqanlarıyla yeyilən içkidir sigaret!“

 

Çox nadir hallarda deyən tapılır: “əşi, bu siqaretin hər halda zərərləri varsa, xeyiri də var! Təbii ki, psixoloji”. Bu gün kimi dindirsən, siqaretin zərərlərinə aid müxtəlif hekayələr danışacaq. Əgər çəkirsə, ata bilmədiyindən gileylənəcək, çəkmirsə, çəkənləri anlamadığını deyəcək və s. və s.

Nədir axı bu siqaret və biz bunu niyə çəkirik? Və ya bunu bizə niyə çəkdirirlər? Zərərlərini bilirik, bəs xeyiri həqiqətən varmı? Əgər varsa, deməli bunu bizə çəkdirənlər bizi həm də sevirlər yəqin...

Nəyisə bəyənmək, onun gündəlik istifadəçisinə çevrilmək üçün əsas səbəb ola bilməz. Bunun üçün bir neçə önəmli faktorun bir arada olmasına ehtiyac var. Məsələn, ən önəmlisi insanın bu məhsuldan bitməz-tükənməz həzz alması mütləqdir. Hər istifadə elədiyimiz məhsuldan müəyyən qədər həzz alırıq əlbəttə. Amma əsasən bir qidanı tez-tez qəbul elədiyimizdə və ya bir işlə davamlı məşğul olduğumuzda bezirik və müəyyən qədər fasilə veririk. Amma siqaret istisnadır. Bizə necə həzz verir ki, biz buna fasilə vermək ehtiyacı duymuruq?

Ümumiyyətlə, həzz anlayışı bir az qəliz anlayışdır, amma onu müəyyən qədər analiz etmək mümkündür. Həzz insanın istəyinə nail olması prosesidir və qalıcı təəssürata sahibdir. Bu təəssüratların səviyyəsi insanın eyni davranışı təkrarlama istəyinin səviyyəsini müəyyənləşdirir. Təəssüratlar insanın hiss orqanları vasitəsiylə hiss edə bildikləri fiziki prosesdir. Hamımız hisslərimizi və duyğu orqanlarımızı yaxşı tanıyırıq (görmə, eşitmə, dadma, qoxu və toxunma). Əgər həzz alma prosesində bu hisslərdən bir yox, bir neçəsi iştirak edirsə və xüsusi harmoniya yaradırsa, o zaman insanın eyni hərəkətləri təkrarlamaq istəyi daha güclü olacaq. Ya da tam əksi. Məsələn, qidalanma özü sadəcə dadma yox, bir neçə hissin harmoniyası ilə həyata keçən prossesdir, dadma, qoxu, görmə, bəzən eşitmə və toxunma. Buna görə də biz əslində çox zaman zərərli yeməklərin, içkilərin aludəçisi ola bilirik və bu prossesi dəfələrlə təkrar edə bilirik. Təbii ki, bu hisslərin hər birinin təsirlilik dərəcəsi fərqli ola bilir, öz kəskinliyi ilə fərqlənə bilirlər.

“Pizza” dünyaca məşhur və analoqu olmayan yeməklərdəndir. Bunun səbəbi digər yeməklərdən fərqli olaraq, həm də əllə toxunularaq yeyilə bilməsi, qaynar yeyilməsi, dadında qaynar pendirin verdiyi hər kəs üçün doğma olan vanil və süd qoxusunun qarışmasıdır. Bu onu unudulmaz və unikal edən faktorlardan başda gələnləridir. Təbii ki, bundan başqa bölüşülə bilinməsi, qrup şəklində yeyilə bilməsi də çox önəmli faktorlardandır.

Və gələk siqaretə. Barmaqlarla filtrinin arxasını dodaqların arasında dillə, ehmalca yerləşdirərək - dadıyla, qoxusuyla, toxunuşuyla, insanın gözlərini yandıran tüstüsüylə, ən nəhayət tüstünün alınıb- verilmə zamanı çıxardığı intim səslə insanın bütün hisslərinə toxuna bilən - nəfəs orqanlarıyla yeyilən içkidir sigaret! İstifadəçisinin hiss orqanlarının funksiyalarını dəyişən bir məhsuldur. Ağızda qalan dad və qoxunun digər bütün əlavə dad və qoxulara tüstü süsü qatmaq özəlliyi var. Yəni siqaret çəkənlə-çəkməyən iki adamın içdikləri eyni çaydan aldıqları təəssürat fərqlidir. Bu fərqli təəssüratlar digər bütün məhsulların istifadəsində özünü göstərir. Hətta hər dəqiqə aldığımız nəfəsdə belə. Yəni siqaret sadəcə həzz alma obyekti yox, zamanla həm də aldığımız nəfəs də daxil olmaqla digər bütün istifadə etdiyimiz qida və duyduğumuz qoxular üçün həzz alma üçün vacib bir ünsürə çevrilir. Yəni ağız və burnumuzun bir parçasına dönüşür...
 

“O həqiqətən də öldürməsəydi, çətin ki, öz başına bu qədər “fanat” toplayardı...”

İnsan aludəçiliyə çox meyllidir, çünki bu bir dəfə gedilən çətin yolu yenidən getmək kimidir. İnsana intelektual həzz və özündən əminlik hissi verir. Bəzi davranışların aludəçiliyi insan həyatında rituala çevrilə bilir, xüsusən də əgər bu davranışların insandan aldığı zaman standartdırsa. Nəzərdə tuturam ki, siqaretin çəkilmə müddəti insanın özünə görə çoxu zaman standart vaxtda baş verir-məsələn 3 dəqiqə. Və bu üç dəqiqəlik ritual gedərək insanın həyatdan fasiləsinə, bir sonrakı üç dəqiqəyə qədər olacaq psixoloji hazırlığa və ya sadəcə üç dəqiqəlik fiziki istirahətə çevrilə bilir. Ağır fiziki işlərdə işləyənlərin bu üç dəqiqəlik “tənəffüsü” isə on qat həzzə dönüşə bilir.
Dünyada bu gün 1.3 milyard siqaret aludəçisi var və bu cümləni bitirənə qədər növbəti 2 nəfər sigaretin fəsadlarından öləcək. Nə qədər də acıdır elə deyilmi!? İstifadə çoxluğuna görə və gənc nəslin aludəçiliyinə görə ilk sıralarda inkişaf etməkdə olan ölkələr, cəmiyyətlər durur. Həyat şərtlərinin ümidsüz olduğu 3-cü 4-cü dünya ölkələri yox, gələcəyin, xoş həyat şəraitinin, var dövlətin burunlarının ucu qədər yaxın, amma çatılması çətin olan inkişaf etməkdə olan cəmiyyətlərdə siqaret aludəçiliyi daha yüksək səviyyədədir. Həyatla, ümidləri ilə mübarizə aparan insanın hər an ehtiyac duyduğu həyat eşqi, enerjisini tez-tez bir şeylərdən almaq zərurəti var.

Burnunun ucunda közərən, tüstülənən, qoxan, çəkdikcə öz istisini və vahiməsini insana gedərək daha çox hiss etdirən, oksigen əvəzinə ciyərləri tüstüylə dolduran bu balaca “dünya zəbanisi” insana ölümdən başqa nəyi xatırlada bilər axı!? Alov, yanıq qoxusu, diliylə dodağıyla hiss olunan cəhənnəm insanı həyata daha çox dördəlli sarılmağa vadar etməzmi sizcə?! Bu an dünyada Tanrının ən populyar varlıq olduğunu xatırladım, öz cənnət cəhənnəmiylə birlikdə. Tam 99% dünya əhalisinin Tanrı və cəhənnəm haqqında bu və ya başqa formada məlumatları var. Bu tipli təəssüratların hökm sürdüyü şəraitdə Ölüm hissi insana ən çox yaşam eşqini verəndir. Bu funksiyanı uzun illərdir ki, bu günkü dünyada bu balaca zəbanilər də böyük məharətlə həyata keçirirlər. Son zamanlar siqaret qutularının üstünə yazılan:“Sigaret çəkmək öldürür!” mesajı onu çəkənlər üçün yenilik zad deyil və heç vaxt onları bu işdən döndərə bilməz. Çünki o həqiqətən də öldürməsəydi, çətin ki öz başına bu qədər “fanat” toplayardı.

davamı var...

ZİNN

Kultura.Az

Yuxarı