Almaniyada tələbələr necə yaşayır

Др. Резо АЛИЕВ

 

Sonuncu sorğuya təsadüfi paylanmış 16 min tələbə cəlb edilmişdir. Statistik hesablamalara görə 2012/13-cü tədris ilində əvvəlki vaxtlarda olduğundan daha çox tələbə ali məktəblərə üz tutmuşdur. Bu məlumata əsasən 2012-ci ildə orta təhsilini başa vuran gənclərin 55% ali təhsilə başlamışdır. Burada onu da qeyd etmək lazımdır ki, sonuncu sorğudan əvvəl Almaniyada məcburi hərbi xidmətə çağırış ləğv olunmuş, bəzi əyalətlərdə gimnazial təhsilin müddəti 13 ildən 12 ilə endirilmişdir. Bu effektlərin göstərilən rəqəmdə öz payı vardır. 2010-cu ildə qəbul olunan tələbələrin sayı 2,1 milyon idi.

Sorğunun nəticələri göstərir ki, təhsil reforması, iqtisadi şərait və cəmiyyətdəki dəyişikliklər tələbələrlə bağlı sosial situasiyaya təsir göstərir. O, tələbələrin necə yaşamaqlarını, təhsildə davamiyyətlərini və işləmələrini, həmçinin maliyyə mənbələrini açıqlayır. Maliyyəyə gəldikdə ilk öncə "normal tələbələr" nəzərdən keçirilirlər: Yenicə təhsilə başlayan, valideynlərinin yanında yaşamayan və sübay tələbələr. Bu təbəqə 1,5 milyon tələbəni əhatə edir. Gəlirlə bağlı məlumatlar yalnız bu qrupa  şamil edilir.
 
Bu günkü tələbələrin əsas göstəriciləri
 
Tələbələrin təhsil mənşəyi: Almaniyada tələbələrin orta yaş həddi 24,4 –dür. Onların 55%-i qadın, 45%-i isə kişidir.
 
Sosial araşdırma tələbələri mənşəyinə görə dörd qrupa bölür: "aşağı" (valideynlərindən ən azı biri ali təhsilli olmayan peşəyə sahibdir, digəri işləmir), "orta" (hər iki valideyin ali təhsilli olmayan peşəyə sahibdirlər), "yuxarı" (ata və ya ana ali təhsillidir), "yüksək" (hər iki valideyn ali təhsillidirlər).
 
2012-ci ildə qəbul olunan tələbələrin 50%-i "aşağı" və "orta" kateqoriyaya aiddirlər. 28% tələbələrin ailəsində bir valideynin ali təhsili vardır, yəni onlar yuxarı qrupa aiddirlər.
 
"Yüksək" kateqoriyaya daxil olan tələbələr qrupu 22% təşkil edir (Bax: şəkil 1).
 
2009-cu ildəki sorğuya nisbətən bu kateqoriyada kiçik sürüşmə mövcuddur. 2006-cı ildən başlayaraq ali təhsilli valideynləri olmayan gənclərin ali məktəblərdə oxuma tendensiyas artır.
 
Hər dörd tələbədən birinin valideyni əcnəbi mənşəlidir. Onlar 22% təşkil edirlər.
 
Sevimli ixtisaslar:  Keçən il ali məktəbə qəbul olunanların böyük əksəriyyəti mühəndislik  ixtisaslarını  seçiblər, onlar ümumi tələbələrin 22%-ni təşkil edirlər.

 
 
1997-ci ildən bəri bu ixtisas qrupu yenidən birinci yerdədir.
 
İkinci yerdə hüquq və iqtisadiyyat ixtisaslar qrupu durur (21%).
 
Riyaziyyat və təbiət elmlərinin payı bu dəfəki sorğuda 20% təşkil edir.
 
İxtisasları ayrılıqda nəzərdən keçirdikdə biznes iqtisadiyyatı liderlik edir.
 
Maliyyə: 2012-ci ildə təhsil alan tələbələr ayda orta hesabla 864 Avro maliyyə imkanına malik olublar. Bu sonuncu sorğudan 52 avro çoxdur.
 
Hər on nəfərdən 9-u valideynlərindən ayda orta hesabla 476 Avro maddi kömək alır (87%). Bununla valideynlər alman tələbələrini maliyyələşdirən əsas sütun sayılır.
 
İkinci ən böyük maliyyə mənbəyi dərsdən kənar vaxtlarda işləməkdir. Soruşulan tələbələrin üçdə ikisi (63%) təhsillərini maliyyələşdirmək üçün  paralel olaraq işləyirlər. Burada məqsəd kimi bəziləri əlavə xərclərini ödəmək, bəziləi isə valideynlərindən azad olmağı göstərmişlər. Onlar ayda orta hesabla 323 Avro pul qazanırlar.
 
Sübay tələbələrin üçdə biri (32%) BaföG* alır. Ümumi tələbələrin 6%-i bankdan kredit götürmüşdür, 4% tələbə isə təqaüd hesabına təhsil alır. Tələbələrin aylıq malik olduqları büdcə bir-birindn kəskin fərqlənir (Bax: şəki 3).
 
Xərclər siyahısında birinci yeri kirayə tutur. Kirayə xərcləri tələbələrin malik olduqları büdcənin 34%-ni təşkil edir. Yemək xərcləri ayda orta hesbla 165 € civarında yerləşir. Bu xərcləri çıxandan sonra heç də bütün tələbələrin cibində artıq pul qalmır. Tələbələrin  21%-inin verdiyi məlumata əsasən malik olduqları pul onların xərclərini güclə ödəmişdir. Buna baxmayaraq 2012-ci ildə soruşulan tələbələrin yarısından çoxu  təhsillərini başa vurmaları üçün maliyyənin təmin oldunduğunu bildirmişlər.
 
Vaxt bölgüsü: İlk təhsilə başlayan tələbələr həftədə 35 saat dərslərə vaxt ayırırlar. Bu vaxtın təxminən yarısı (həftədə 18 saat) mühazirə və seminarlara, digər yarısı (həftədə 17 saat) isə sərbəst dərs məşğuliyyətinə ayrılır. Bu göstərici 2009-cu ilə nisbətən 1 saat aşağı düşsə də, son 20 ildəki  orta qiymətə bərabərdir. Soruşulanların təxminən yarısı (48%) dərs üçün sərf olunan vaxtı çox yüksək  qiymətləndirir və 2009-cu ilə nisbətən 8% azdır. Tələbələrin 44%-i ilk təhsildə dərs yüklərinin optimal paylanmasını bildirmişlər. İlk dəfə ali təhsilə başlayanların çox hissəsi (61%) semestr ərəfəsində dərsdən sonra işləyirlər (həftədə 13 saat). Bu nisbət əvəlki illərə nisbətn aşağı düşmüdür. Tələbələrin 78%-i semestr ərzində dərs üçün həftədə ən azı 25 saat vaxt sərf edirlər.
 
Xaricdə təhsil: Hər üç tələbən biri ali məktəbdə təhsil vaxtı xaricə gedir. Son illər bu nisbət sabit olaraq qalır. Xaricdə praktika və dil kurslarında oxuyanlara nisbətən, orada qalıb təhsilini başa vuranların sayı getdikcə artır. Alman tələbələrinin üz tutduqları ölkələr: Böyük Britaniya, ABŞ, İspaniya, Fransa və İsveçrədir. Bu kateqoriyaya aid olan tələbələrin hansı ailədən çıxmaları böyük rol oynayır. Ali təhsilli ailələrdən olan tələbələr üçün xaricə getmək problem yaratmadığı halda, fəhlə ailəsindən olanlara bu imkan çətin nəsib olur. Çünki onlar uşaqlarının xaricdə təhsilini maliyyələşdirə bilmirlər.
 
Mənzil: Tələbələrin böyük hissəsi (37%) ya tək, ya da partneri (münasibətdə olduğu gənc) ilə birlikdə ayrı mənzildə yaşayırlar. Bir mənzildə birlikdə yaşayan bir neçə tələbə 29% təşkil etməklə ikinci böyük qrupu təşkil edirlər və geniş yayılmışdır. Hərd dörd tələbədən biri ailəsinin yanında yaşayır. Hər 10 nəfərdən biri tələbə yataqxanasında məskunlaşır. Bu kiçik rəqəm son 20 ildə tələbələrin sayının artmasına baxmayaraq yataqxanaların genişləndirilməməsi ilə bağlıdır. 
 
Ailə vəziyyəti: tələbələrin yarısı münasibətdədir, onlar arasında qadınların nisbəti yüksəkdir. 43% sübaydır, burada kişilər üstünlük təşkil edirlər.  6% tələbə evlidir, 5%-in isə uşağı vardır. Uşaqlı tələbələr digərlərindən orta hesabla 7,6 yaş böyükdürlər, bu o deməkdir ki, onlar təhsillərini fasilələrlə və ya uzadılmış proqramla davam etdirirlər.
 
*BaföG- Bundesausbildungsförderungsgesetz: Alman təhsilə yardım qanunu. Bu qanuna əsasən dövlət maddi imkanı zəif olan gənclərə digərləri ilə bərabər şans yaratmaq və təhsil almaları üçün onlara  aylıq faizsiz borc pul verir.  2010-cu ildə büdcədə bu məqsədlə 2,9 milyard avro nəzərdə tutulmuşdur. Yaş həddi 35-dir. Hall hazırda bütöv yardım 670 Avro təşkil edir, tələbənin digər mənbələrdən gəliri olduqda bu məbləğ uyğun olaraq azaldılır. Ümumi borcun təxminən yarısını dövlətə geri qaytarmaq tələb olunur. Təhsilini vaxtında qurtaran və fərqlənən məzunlara qaytarılmalı olan borcda güzəşt edilir. Beləki, onlar pulun hamısnı qaytarmırlar, 25%-ə qədər güzəşt oluna bilər. Pulun böyük hissəsini təhsildən sonra bir dəfəyə qaytarmaq istəyənlərə də güzəşt edilir.  İmkanı olmayanalar işə düzəldikdən sonra borclarını maaşlarından bir neçə il müddətində razılaşdırılmış şəkildə hissə-hissə qaytarırlar. Burada onun ailə vəziyyəti nəzərə alınır.
 
(Yazının hazırlanmasında www.his.de və www.spiegel.de internet portallarının materiallarından istifadə edilmişdir.)
 
Hazırladı: Dr.Rezo Əliyev (Almaniya)
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade