post-title

Qlobal Kapitalizmin maliyyə böhranı

“Heç bir qanun aktı böhranın qarşısını ala bilməz. Lakin, yanlış qanun onu tezləşdirə bilər” – K. Marks, Kapital III cild, s. 490

 
 
2008-ci il sentyabrın 18-də ABŞ Mərkəzi Bankının (Federal Reserve) sədri Ben Bernanke senatorlarla görüşür və onlara məşhur “əgər biz bu addımı atmasaq, bazar ertəsi ABŞ iqtisadiyyatı mövcud olmayacaq” sözlərini deyir. Bu addım hökümətin ən böyük sərmaye banklarına 700 milyard ABŞ dolları məbləğində yardım etməsini nəzərdə tuturdu. Bernanke həqiqəti söyləyirdi və ABŞ hökuməti iqtisadiyyata ümumi məbləği bir trilyondan artıq olan maliyyə müdaxiləsi etdi və hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq bu addım mövcud iqtisadi sistemi bərba etmək üçün yeganə qaçılmaz çıxış yolu idi. ABŞ iqtisadiyyatının yox olma təhlükəsi ilə üz-üzə qalmasının əsas səbəbi 2007-ci ilin sonunda simptomları üzə çıxan və iqtisadiyyatın bütün sahələrini – istehsalat və maliyyəni əhatə edən geniş miqyaslı böhran idi. Miqyasına görə 2008-ci il maliyyə böhranı 1929-cu ilin böhranından sonra ən ağırı hesab edilirdi. 
 
Çoxları maliyyə böhranını 2001-ci ildə Mərkəzi Bankın faizləri endirməsi ilə əlaqələndirsə də, müxtəlif iqtisadçılar bunu həm də dövlət və qanunverici orqanları tərəfindən son 30 ildə getdikcə yumşaldılan kredit şərtləri, bankların bürokratların anlamadığı mürəkkəb riyazi modellərdən və beynəlxalq maliyyə sistemindəki boşluqlardan istifadə etməsi, kölgə bankçılığının geniş vüsət alması, maliyyə spekulyasiyasının (məsələn, istiqrazların gələcəkdə indiki qiymətlərlə dəyişdirilməsinin risklərinin reallaşıb-reallaşmayacağı üzərindən mərcə gəlmək kimi fəaliyyətlərin) idarəolunmaz həddə çatması, eyni zamanda baş verənləri insan təbiəti, hakimiyyətin məsuliyyətsizliyi, bankçıların istifadə etdiyi nəzəriyyələrin yanlışlığı, bütün bunların mədəniyyətlə, məsələn Amerikalıların ev sahibi olma həvəsi ilə bağlı olması, eyni zamanda dövlət siyasətinin yanlış olması və s. kimi müxtəlif səbəblərlə bağlayırlar. Lakin bu səbəblər sadə bir sualın cavabında birləşirlər: 2008-ci il Qlobal Maliyyə Böhranı öncədən görünməyən və qarşısı alınmaz faktorların birləşməsi nəticəsində baş vermişdi, yoxsa cari iqtisadi sistemin struktural xarakterindənmi doğurdu? Əgər biz bu sualın ikinci hissəsi ilə razılaşsaq və cari iqtisadi sistemi kapitalist sosial-iqtisadi formasiyası kimi qəbul etsək, o zaman marksist iqtisadçıların təklif etdiyi cavaba nəzər salmalıyıq. Bunun üçün isə, böhranın səbəblərinə keçmədən əvvəl ümumi nəzəri müzakirəyə ehtiyac var.
 
Marksın böhran nəzəriyyəsi
 
Böhran təhlükəsinin olduğu və mövcud iqtisadi vəziyyətin idarəolunmaz vəziyyətə gəlib çıxması barədə hələ 2000-ci illərin əvvəllərində bir çoxları məlumat vermişdilər. Təbii ki, böhranın vaxtını, ölçüsünü  və konkret səbəblərini heç kəs dəqiq proqnozlaşdıra bilməzdi. Amma Marksist fikir adamları hadisələrin hansı istiqamətdə inkişaf etdiyini və bu inkişafın necə və hansı fəsadlara gətirib çıxaracağını aydın görürdülər. Məsələn, David Harvey hələ 1982-ci ildə “Kapitalın hüdudları” kitabında “maliyyə sistemi və onun pul bazası arasında ziddiyyətləri” haqqında yazır və iddia edirdi ki, pul dövriyyə vasitəsi kimi fəaliyyət göstərərkən rəqabət nəticəsində sənayedə yaradılmış əlavə dəyərlə olan bağlılıqdan qopur və yalnız bazarda (istehsalatda deyil!) dövriyyə nəticəsində “puldan pul qazanmaq” fenomenini əmələ gətirir. Harvey bu izahı Marksın Kapitalının 3-cü cildi, Rudolf Hilferdinqin “Maliyyə Kapitalı: Kapitalist inkişafının son fazası haqqında araşdırma” və Leninin “İmperializm Kapitalizmin ən yüksək səviyyəsi kimi” əsərlərinə əsaslanaraq təklif edirdi.
 
İlkin mərhələdə, bazarda rəqabətin aşağı olduğu şəraitdə əmək bazarında işçi qüvvəsi çox olduğundan sahibkarlar nisbətən az xərc çəkməklə istehsal alətlərinə sahiblənib istehsalata işçi qüvvəsi cəlb edirlər. Bir müddət sonra rəqabət nəticəsində əmək bazarında müvafiq işçi qüvvəsi azalmağa başlayır və istehsalatı davam etdirmək üçün sahibkar daha artıq maaş təklif etməyə məcbur olur. Eyni zamanda, bazarda rəqabət nəticəsində istehsal üçün tələb olunan aralıq əmtəələrin qiyməti artmağa başlayır və bu faktorlar istehlak üçün istehsal olunan əmtəələrin qiymətinə təsir edir. İşçilər həm də bazarda istehlakçı olduqlarından onlara təklif olunan maaşlar bazarda əmtəələrə qarşı mövcud olan effektiv tələbin əsas hissəsini təşkil edir. İlk dövrlərdə effektiv tələb yuxarı olsa da, maaşların nisbətən artmasına baxmayaraq işçilər davamlı olaraq əmtəələrin istehsal surəti ilə ayaqlaşa bilmirlər. Nəticədə tələb olunandan artıq istehsal əmələ gəlir. Bu halda sahibkarlar təklifin artması nəticəsində qiymətlərin azalması ilə üzləşirlər. Bu isə onlara istehsalatı və nəticə etibarilə mənfəəti ən azı sabit saxlamağa mane olur. Bu halda, əhalinin alıcılıq qabiliyyətini və effektiv tələbi artırmaq məqsədilə kredit sistemi ortaya çıxır. 
 
Kredit imkan verir ki, cəmiyyətin bütün təbəqələrinin yığımlarını istehsalat üçün səfərbər etməklə yanaşı, adətən istehsal olunmuş əmtəələrin ümumi dəyərinə müvafiq olan pul bazası bir neçə dəfə artırılsın. Belə artım ona görə mümkün olur ki, heç vaxt hər kəs eyni zamanda öz vəsaitlərini banklardan geri istəmir və nəticə etibarilə banklar əllərində olan vəsaitlərdən bir neçə dəfə artıq miqdarda vəsaiti kredit kimi alıcılara və sahibkarlara təklif edə bilirlər. Maliyyə imkanlarının artması nəticəsində sahibkarlar yüksək rəqabət şəraitində fəaliyyət göstərir. İstehsal ən yüksək həddə qalxır, işsizlik ən aşağı həddə düşür. Lakin,vəsait uğrunda sahibkarlar arasında rəqabətdən dolayı həm kredit faizləri və nəticə etibarilə həm də işçilərin maaş tələbləri artmağa başlayır. Mərkəzi bank faiz dərəcələrini sabit saxlamaq üçün dövriyyədəki pul kütləsini artıra bilər, lakin, bu inflyasiyaya gətirib çıxaracaq və sahibkarlar istənilən halda “mənfəət məhdudiyyəti” ilə üzləşəcəklər. Məhdudlaşan mənfəət tələsinə düşən sahibkarlar ya sıradan çıxır (bu halda monopoliyalaşma meyllilikləri artır), ya işçi qüvvəsi və maliyyə kapitalının bol olduğu yerlərə köçür, yaxud da maliyyə sisteminə sərmayelər qoymağa başlayırlar. Dövriyyədə küllü miqdarda “yalançı kapital” əmələ gəlir və yüksək rəqabət nəticəsində maliyyə və spekulyasiya əməliyyatları, yəni, “puldan pul yaratma” kütləvi hal alır. Marks bunu “Kapitalist istehsal formasının məhz bu istehsal forması çərçivəsində ləğvi” adlandırırdı. İstehsal olunmuş əmtəələrin ümumi dəyəri ilə maliyyə kapitalının dövriyyəsi arasında ciddi fərq əmələ gəlir. İstehsalatda aralıq istehsal vasitələri ticarəti ilə əmtəə istehsalı, istehsalat və gəlirin bölüşdürülməsi arasında ziddiyyətlər ən yüksək həddə çatır. İstismar, beləliklə də əlavə dəyər yaradılması ən aşağı həddə enir və şişmiş şarın partlaması yalnız zaman məsələsinə çevrilir. Mərkəzi bank, beynəlxalq ticarət şəraiti, qanunverici orqanların müdaxilələri isə bu prosesi biraz ləngidə, yaxud sürətləndirə bilər. Qarşısını almaq isə mümkün deyil. Kapital bir proses kimi dəyərləri məhv etməli və hər şeyi başlanğıca qaytarmalıdır. 
 
2008-ci il Qlobal Maliyyə Böhranı və onun Marksist böhran nəzəriyyəsi əsasında izahı
 
(Yer məhdudluğu səbəbindən böhranı əhatə edən hadisələrin təqdimatı ilə onların marksın böhran nəzəriyyəsi çərçivəsində müzakirəsi birlikdə təqdim edilir)
 
Böhran 2000-ci illərdə tikinti sektorunda başlasa da, onun kökü 1970-ci illərdən başlayan Tetçer, Reyqan, Pinoçet kimi sağ yönümlü siyasətçilərin yürütdüyü neoliberal siyasət nəticəsində əmək bazarındakı struktural islahatlar, həmkarların sıradan çıxarılması və maaşların nəzarətdə saxlanılması, banklara böyük hüquqi imkanların verilməsi və kredit şərtlərinin asanlaşdırılması, maliyə sektoruna geniş imkanların yaradılması kimi addımlardan başlayır. 1990-94-cü illərdə Latın Amerikası, 1998-cü illərdə Cənub-Şərqi Asiya, 2001-ci ildə ABŞ-da baş vermiş böhranlar məhəlli xarakter daşısa da, məhz sözügedən neoliberal siyasətin nəticələri idi və minlərlə insanın taleyi bahasına həll olunurdu. 1998-ci il Asiya böhranından sonra bütün dünyanın maliyyə kapitalı ABŞ-a axmağa başlamışdı və ABŞ sərmaye bankları həm ucuz izafi vəsaitlərdən, həm də faiz dərəcələrinin azalması (2001-ci ildə Dot-com böhranından sonra ABŞ Mərkəzi Bankı bazarda likvidliyi, pul dövriyyəsinin sürətini artırması məqsədilə bank faizlərini 6.5%-dən 1%-ə endirir) səbəbindən inkişafda olan tikinti sektoruna yatırımlar etməyə başlamışdı. Əvvəllər Mərkəzi Bankın qiymətli kağızlarını alan sərmayeçilərə artıq qoyduqları sərmaye üzərindən cəmi 1% gəlir götürmək sərf etmədiyindən sərmayelərini geri çəkirlər. Digər tərəfdən isə sərmaye banklarının küllü miqdarda vəsaiti yalnız illik 1% xərclə əldə etmək imkanına sahib oldular. 
 
Bəs bu vəsaiti haraya yatırmalı? Cavab tikinti sektorunda idi. Beləliklə, mənzillərə artan effektiv tələbatı qarşılamaq, yaxud, marksist təbircə söyləsək, tələbdən artıq istehsal nəticəsində mənzillərin dəyərdən düşməsinin qarşısını almaq məqsədilə (zatən münasibət dialektikdir) özəl ipoteka-mənzil kreditlərinin həndəsi silsilə ilə artmağa başlayır. Tezliklə bu kredit paketləri üzərində qurulmuş qiymətli kağızların və istiqrazıların, həmçinin onların müxtəlif kateqoriyalar üzrə sığortalanmasının cari qiymətlərlə gələcəkdə qiymətli kağızlar bazarında ticarəti nəticəsində ABŞ-ın Leehman Brother, GP Morgan, Sitiqrup və digər 10-a qədər sərmaye bankları həddən artıq gəlir əldə etməyə başlamışdılar. Müxtəlif orta gəlirli amerikan ailələrinə ipoteka kreditləri verən kommersiya bankları toplanmış kredit paketlərini qiymətli kağızlar formasında daha geniş maliyyə imkanları olan sərmaye banklarına satırdılar. Digər sözlə, sərmaye bankları mərkəzi bankdan (və bir-birlərindən) aşağı faizlə kredit götürüb çoxlu miqdarda ipoteka kreditlərini kommersiya bankları vasitəsilə daha yüksək faizlərlə orta gəlirli amerikan ailələrinə satırdılar. Sərmaye bankları öz növbəsində bu qiymətli kağızları risk dərəcələrinə görə müxtəlif kateqoriyalara bölür, hər kateqoriyanı müxtəlif kredit qiymətləndirici agentliklər tərəfindən təhlükəsizlik dərəcəsinə görə sertifikatlaşdırır və istiqraz şəklində cari qiymətlərlə gələcəkdə və indi yerli və beynəlxalq, fərdi və hüquqi şəxslərə satır və külli miqdarda mənfəət əldə edirdilər. Eyni zamanda, risk faktorları aşağı olan, yəni təhlükəsizlik dərəcəsinə görə yüksək qiymətləndirilən ipoteka kredit kateqoriyaları sığorta şirkətləri tərəfindən sığortalanır və bu sığortalar cari qiymətlərlə gələcəkdə və indi yerli və dünya bazarında ticarətə çıxarılırdı. Qiymətli kağızlar və onun törəmələri üzərindən ticarət (məsələn, qiymətli kağızların indiki qiymətlərlə gələcəkdə dəyişdirilməsi və bu ticarətlə bağlı risk faktorlarından sığortalanma, eyni zamanda müqaviləyə tərəf yaxud üçüncü tərəfin bu ticarətdə risklərin reallaşıb-reallaşmaması üzərindən mərcə gəlməsi və s.) təkmilləşmiş riyazi modellər və komputer proqramları vasitəsilə aparılırdı. İlk illərdə bütün bu ticari əməliyyatlardan - hansı ki bank əməliyyatları və bankların depozit saxlama nisbətlərinin artırılması nəticəsində ipoteka kreditlərinin ümumi dəyərindən 100-lərlə dəfə böyük idi - sərmaye bankları külli miqdarda mənfəət əldə etsələr də, artıq gəlir şərtlərinə görə mənzil kreditinə məqbul amerikan ailələrinin sayları azalmağa başlamışdı. Beləliklə, mənzillərə effektiv tələbi yüksək saxlamaq üçün bir birləri ilə rəqabətdə olan sərmaye bankları və onlara əməkdaşlıq edənlər (bank səhmlərini alan fərdi şəxslərdən tutmuş böyük maliyyə institutları və xarici dövlətlərin mərkəzi banklarına qədər) ipoteka kreditləri tələbatlarını aşağı salmağa başlayır. Başqa sözlə, effektiv tələbin yaratdığı növbəti maneəni dəf etmək üçün ipoteka kreditlərini ödəməmək riski çox olan ailələlərə kreditlər verilməsinə başlayır. Gəlirləri az olan ailələr ipoteka kreditləri ödənişlərini kütləvi şəkildə gecikdirməyə və onlardan imtina etməyə başlayırlar. Əvvəllər ara-sıra gecikmələr nəticəsində banklar evləri müsadirə edib bazarda zatən yüksək olan qiymətə satıb ipoteka müqaviləsinin xərclərini ödəyə bilirdilərsə, artıq minlərlə ev sahibi eyni zamanda kreditləri ödəməkdən imtina edir və evləri geri qaytarırlar. Daşınmaz əmlak bazarında təklif durmadan artır və ev qiymətləri sürətlə enməyə başlayır. Evlərini bir neçə il əvvəl xeyli baha alan nisbətən imkanlı ailələr də evlərinin dəyərdən düşdüyünü görərək kreditlərini qaytarırlar. Beləliklə, müxtəlif kateqoriyalı ipoteka kreditinə əsaslanan qiymətli kağızlar tezliklə dəyərdən düşür və qısa zamanda ən az riskli aktivlərin belə dəyəri “heçə” enir. Fiziki və hüquqi sərmayeçilər, sərmaye bankları, sığorta şirkətləri və kommersiya bankları, eyni zamanda tikinti şirkətləri və onlarla əlaqəli bütün digər iqtisadi fəaliyyətlə məşğul olan qurumlar cari hesab defisitinə girirlər. Bütün cəmiyyətdə inam sarsılır və bir gündə milyonlarla insan və ABŞ banklarına sərmaye qoymuş dünya bankları sərmayelərini geri istəyir – qlobal maliyyə böhranı başlayır. 
 
1970-lərdən başlayan və neoliberal siyasət nəticəsində uğurla nəticələnən de-industrializasiya ABŞ-da real sektorun, yəni sənaye istehsalı və əlavə dəyər yaradılmasına əsaslanan iqtisadi fəaliyyətlərin kəskin azalmasına səbəb olmuşdu. 2009-cu ildə ABŞ sənaye sektoru ÜDM-in 22%-dan azını, maliyyə sektoru isə 77%-dan çoxunu təmin edirdi. Daha ucuz əmək bazarı axtarışında olan ABŞ şirkətləri ölkəni tərk etmiş, 1945-1970-ci illərdə 5% altında olan işsizlik 70-lərdən sonra 10, bəzi hallarda isə 15%-ə qədər yüksəlmişdi. 1960-2005-ci illərdə maaşların ümumi dəyəri ÜDM-in 53%-dən 46%-a enmiş (İqtisadi Tədqiqatlar Bürosu, ABŞ – Enigma of Capital), 1998-2008-ci illər arası maaşların infliyasiyaya nəzərən dəyəri rüblük 1.5% artımdan 0.5% azalma qədər davam etmişdir (Milli Statistika Ofisi, ABŞ – Enigma of Capital). 2007-ci ilin sonlarına yaxın 2 milyon amerikalı evini itirmiş, 4 milyon isə itirmək ərəfəsində idi. (Harvey, Enigma of Capital). Bu zaman səhnəyə tikinti sektoru və effektiv tələbi artıran kredit daxil olur...
 
Məqalə ilk dəfə XI TEZİS jurnalının birinci sayında dərc olunub
 
İstifadə olunan mənbələr:
 
- Karl Marks, Kapital III cild
- David Harvey, The Limits to Capital
- David Harvey, The Enigma of Capital
- Richard Wolf, Marx Today
- Raya Dunayevskaya, Luxemburg’s theory of accummulation – how it differed with Marx and Lenin
- Rudolph Hilferding, Finance Capital: A study of the latest phase of Capitalist Development 
- Dünya Bankı Qlobal Data Bazası 
- Murray Smithç Causes and Consequences of Global Economic Crisis
 
 
Nicat Qarayev
 
Kultura.az
 
Yuxarı