post-title

Azərbaycan kadını

Mən bu cür mövzularda yazmağı sevmirəm. Hətta yazımın əvvəlində bu cümləni yazdığım üçün oxucudan üzr istəyirəm. Çünki prosesin ən son halqasını, nəticəni tənqid eləmək faydasızdır, enerji itkisidir. Cəmiyyətdəki istənilən problemi araşdırırsan, məsələ gedib hansısa nazirliyin (məsələn təhsil nazirliyinin) fəaliyyətinə, dolaysıyla hakimiyyətə dirənir.

 
Nazlının yazısını oxuyanda heç bir özünümüdafiə instinkti, cavab ehtiyacı filan hiss eləmədim, bu yazını onun üçün yazmamışam. Çünki müəllifin haqqında danışdığı tiplər bu ölkədə var, çoxdur, danışdığı hallar da həmçinin. Mənim o tipləri müdafiə eləmək fikrim də yoxdur, çünki onları yaxşı tanıyıram, onların heyvanlığından təkcə qadınlar deyil, ictimai həyatda, avtobusda filan hər kəs əziyyət çəkir. 
 
Amma düşündüm ki, istənilən halda "Azərbaycan ərkəyi" ərəb deyil və onu ərəbdən fərqləndirən bir çox zadlar var.
 
Cəfər Cabbarlının "Dilarə" adlı hekayəsi var, ağır hekayədir, hətta insana od qoyan bir hekayədir, oxumayanlara məsləhət görərdim ki, onu oxusunlar. Hekayə qızını oxutdurmaq istəyən atanın faciəsindən bəhs eləyir. Bəli Cəlil Məmmədquluzadənin də Azərbaycan kişisinin vəhşiliyindən bəhs edən çoxlu məqaləsi, felyetonları da var, amma iş orasındadır ki, müsəlman şərqini udmuş o üfunətin içində Dilarənin atası kimi insanlar da olub.  
 
Mən hekayəni ikinci dəfə oxuyanda yadıma yay aylarında universitetə sənəd verən qızlarının yanında həyəcanla ora-bura fırlanan atalar gəldi. Kim nə deyir desin mən o ataların sırf atalıq məsuliyyətinə görə, ya da mühafizəkar şərq qayda-qanunlarına görə orda durduğuna inanmıram. Bəli ola bilsin, qızının uğuru onu cəmiyyət içərisində daha da başıuca eləyir, amma bir zad da var ki, həmin ata istəyir ki, qızı təhsil alsın, oxusun, güclü olsun. Bu baxımdan azərbaycanlılar arasında çox yaxşı bir rəqabət var. 
 
Gələk fahişə məsələsinə. Bəli ola bilsin ki, kimsə fahişə yanına gedir, bu tamamilə normaldır. Çünki əksər qadınlar Nazlının rastlaşdığı qadın kimi "gəl mən sənin üçün hər şey eləyim, fahişə yanına getmə" demir, bir pozada, arxası üstdə uzanır, hətta yuxuya gedir və getməmişdən kişiyə deyir ki, sən orda nə eləyirsən elə, tez qurtar. Fahişəni bir yana qoyaq, bu məsələdə bizimkilərin ruslara, hətta ermənilərə, gürcülərə uduzması kişilərin səbəb olduğu bir həqiqətdir? Deyə bilərsiniz ki, bəli kişilər onları belə eləyib. Amma mən kişilərdən asılı olmayan bir azərbaycanlı qadının da bu rəqabətdə qalib gəldiyini görməmişəm. 
 
Köhnə nəsli, uğursuz ailələri bir yana qoyaq, ağıllı təhsilli, rəngarəngliyi sevən bir tanışım sevgilisindən məhz bunun üçün ayrılmışdı. Deyirdi ki, mən ona heç bir cinsi ədəbiyyat oxutdura bilmirəm, öyrədə bilmirəm, yataqda ölü kimi uzanır, tükünü tərpətmir. Narazılıq eləyəndə də deyir ki, mən beləyəm, frigidəm, ürəyin istəyirsə başqa qadınların yanına get. Əgər onların xeyli hissəsi qadınlığını unudub sevgilisinin başqasıyla sevişməyinə razı olursa (ki Azərbaycanda xeyli qadın buna normal baxır) daha kişilərdən nə gözləyirsiniz? Həmin qadınlara hörmət, ya anlayış?
 
Öz arvadını restorana axşam yeməyinə aparmış başqa bir kişinin hekayəsi isə belədir. "Yeyib-içmək qurtarandan sonra arvad şota baxdı, dedi ki, neyləyirdik bura gəlib, bu pulu verərdin mənə, mən sənə evdə bundan daha yaxşısını hazırlayardım."
 
Bu tip misallardan yüzlərlə çəkmək olar. Amma onların yaxşı bir cavabları var. Bizi siz bu günə salmısınız! Beləliklə bütün məsuliyyət onlardan uçur və yıxılır kişilərin boynuna. 
 
 - Niyə kitab oxumursan? 
 - Kişilər eləyir.
 - Niyə gününün çox hissəsini qeybətlə keçirirsən?
 - Kişilər eləyir.
 - Niyə dünyagörüşünü artırmırsan?
 - Kişilər eləyir.
 
Heç bir kişi qadının özünü inkişaf etdirməsinə əngəl ola bilməz, kitab oxumağına mane ola bilməz. Əgər kimsə kitabı deyil, rəfiqəsi ilə qeybəti üstün tutursa, bu onun problemidir. Azərbaycan Ərəbistan deyil, Türkiyə deyil, bizim ailələrdəki vəziyyət də Nazlının təsvir elədiyi qədər dəhşətli deyil. O tip hallar dəhşətli dərəcədə geniş yayılmayıb və heç kəs bizim dediyimiz məsələləri, kitab oxumağı, özünü inkişaf elətdirmək və s. kimi fəaliyyətlə məşğul olmamağı bir çox ailələrdə mövcud olan dəhşətli halları, tez ərə verilmələri və s. misal çəkərək haqq qazandıra bilməz. Guya biz travma almırıq? Fərqli düşündüyümüzə, fərqli geyindiyimizə görə söhbətə çağrılırıq, bəzən döyülürük, kitab oxuduğumuza görə lağa qoyuluruq. Doğrudan kimsə düşünür ki, bizim bu cəmiyyətdə hörmətimiz var? Qətiyyən elə deyil.
 
(Ona görə bu yerdə məhz özümüzdən yazdım ki, qadınların inkişafını istəyən onları tənqid eləyən bizlərik, digərləri üçün hava xoşdur. Onlar üçün kitab oxumayan, müti qadınla həyat sürmək asandı, bizim üçün çətindir. İstəyirik inkişaf eləyəsiniz, bizə də yaxşı olsun. Pis şey istəyirik?)
 
Bundan başqa əgər diqqətlə baxsanız görərsiniz ki, hansısa fərqli həyat sürən, fərqli geyinən qızların haqqında kişilərdən çox qadınlar danışır. Hansısa oğlan həmin qızı sevib evlənmək istəyəndə isə onun qarşısını məhlədəki qaqaşlar, yaxud atası deyil, məhz anası kəsir. Kənd yerlərində bakirəliyini itirən qızlar kişilər tərəfindən deyil, qadınlar tərəfindən kəndin mərkəzinə gətirilib başı qırxılır, təhqir olunur. Bakirəlik söhbətini isə daşlaşmasına səbəb olanlar kişilərdən daha çox mentalitetin keşiyində əli silahlı dayanmış xalalar, həyatda istədiyi alınmamış qadınlardır, çünki əks hal baş verərsə onlara kiminsə ehtiyacı olmayacaq. Əgər bizdə də bakirəliyini itirmiş qızlara daşlama cəzası verilsəydi, əmin olun ki, ilk daşı atan Azərbaycan ərkəyi yox, Azərbaycan kadını olacaqdı. Cəzaya məhkum olmuş həmin qızı arvadların əlinə versəniz, onu tikə-tikə edəcəkdilər. Bu onların birgə qurduğu bir sistemdir. Özləri qurublar və qadınlı kişili hər iki tərəf onu göz bəbəyi kimi qoruyur. 
 
Məsələ "kişilər qadınları əzir" kimi bəsit deyil, nə də çıxış yolu bir tərəfin digərinə bağırması, nifrət qusması deyil, cəmiyyətdə mövcud olan çatışmazlıqların, ümumiyyətlə hər şeyin siyasi, iqtisadi səbəbi var. Paul Auster yazır ki, 30-40cı illərdə amerikan cəmiyyətində təmiz qız olmaq, bakirə olmaq böyük əhəmiyyət kəsb edirdi (bəli məhz amerikan cəmiyyətində). Amma sonradan sənaye, tikinti və s. inkişaf etdi, qadınlar üçün iş imkanları yarandı, əvvəllər kişilərdən asılı olan qadınlar müstəqilləşdilər, gənclər öz həyatlarını istədikləri kimi yaşamağa qərar verdilər və nəticədə bu tip streotiplər itdi. 
 
Amerikan cəmiyyətinin keçdiyi bu mərhələ bu gün bizim üçün aktualdır. Biz də o mərhələni keçəndən, fərdlər müstəqilləşəndən sonra hər şey yaxşı olacaq. Cəmiyyətdəki bu tip məsələlərin həlli "Əhməd və Fatma münasibəti" səviyyəsində deyil, iqtisadiyyat və təhsilin inkişafındadır.
 
Araz Bayramov
Kultura.az
Yuxarı