İrəli sürülən ideyanın qeyri-standart olması, gündəlik problemlərlə səsləşməsi, aktual mövzunu əhatə etməsi baxımından, sənət əsərinə göstərilən maraq, ona verilən qiymət, son nəticədə onun bədii tutarlığı ilə müəyyən olunur ki, bu səciyyəni də Firudin Allahverdinin yazdığı əsərə ədalətli şəkildə aid etmək mümkündür.
Bəşəriyyət tarixi – bütlərin əvvəlcə yaradılması, sonra amansızca məhv edilərək əvəzinə bu dəfə başqalarının mədhlə göylərə qaldırılmasının, ilahiləşdirilməsinin tarixidir.
“Özünə büt yaratma!” kimi məşhur deyimin mövcudluğu, insan beyninin əslində mübarizə aparılmalı olan dörd büt-ünsürlə kirlənməsi barədə F. Bekonun apardığı tədqiqatlar, F.Nitsşe və digər mütəfəkkirlərin qabaqcıl fikirləri, dünyaya tənqidi və sağlam nəzərlərlə baxa bilən incəsənət xadimlərinin və sıravi insanların səyləri, bu baxımdan, mövcud qanunauyğunluğu dəyişməkdə aciz qalmışdır.
Yəqin ki, bunun səbəbini insanın öz təbiətində axtarmaq lazımdır, çünki “heç kəs bütlərin yıxılmasının əleyhinə deyil, eyni zamanda da heç kəs özünün bütləşdirilməsinə etiraz etmir”. (Ryunoske Akutaqava)
Bütlər - simalarını hiyləgərcəsinə dəyişərək çoxalırlar, çünki özümüz onları öz içimizdə bəsləməklə, buna münbit şərait yaradırıq.
Onlar hər yerdədirlər - siyasətdə, cəmiyyətdə, dində, elmdə, mədəniyyətdə, məişətdə, hətta təfəkkürümüzdə kök salıblar.
Həyatımızı dolaşığa salan, cəmiyyət arasında öz-özlüyündə qəbul edilmiş sayılan damğalar və qəlibləşmiş qatı fikirlər bir növ təmin olunmuş əmin-amanlığı və sakit həyatı mühafizə edən sənəd rolunu oynayır, insanları qorxuya salan qeyri-müəyyənlikdən qoruyan sipər kimi çıxış edir, çünki müəyyən edilmiş qaydalarla, başqasının iradə və nüfüzunun diqtəsi altında, labüd qərarların qəbul edilməsi məsuliyyətini öz çiyinlərindən ataraq yaşamaq daha asan gəlir.
Fəqət mahiyyət eynidir - müsbət, yaradıcı enerjidən məhrum edilmiş, lakin şüursuz pərəstişin, kor-koranə ibadətin obyekti olaraq qalmaqda davam edən bütlər, qandallara aparan gözübağlıca oyunlarının oynandığı əlverişli zəminlər, ən aydın fikrin, nəzəriyyənin, yaxud gözəl ənənənin mövcudluğunu əngəlləyən qadağalar elə əvvəlki kimi qalmaqdadır.
Bax, beləcə fərqinə varmadan, özümüz bütləri yaradıb onlara meydan veririk.
Əgər söhbət müqəddəslik qiyafəsi geydirilmiş, bürünc işləmələrlə yonulmuş, məsləhət-məşvərət məbədi, danılmaz və müqayisəyə gəlməz dəyərlərin səcdəgahı sayılan nəsnədən yaxud şəxsdən gedirsə, belə bir vəziyyətdə hər hansı predmetə, hadisəyə sağlam baxışın formalaşması, eləcə də hadisələrə və həmin şəxsiyyətin xidmətlərinə adekvat qiymət verilməsi istəyi ən yaxşı halda çaşbaşlıq doğurur, bir qayda olaraq isə, hiddətə və böyük qəzəbə səbəb olur.
İncəsənət- bəlkə də, bütlərin, onlara edilən pərəstişin və ibadət nəsnələrinin ifşa edilməsinin ən parlaq göstəricisi, sübutu və tükənməz salnaməsidir.
Bütləşdirmə mövzusunun tədqiq edilməsi ilə bağlı olan, eləcə də musiqi sənətinin xüsusiyyətləri üçün kifayət qədər qeyri-adi sayıla bilən bir əsər, bu mövzu ilə əlaqədar emosional və həvəskar xarakterli müzakirələrə yol açmış və bu məqalənin yazılmasına səbəb olmuşdur.
Söhbət gənc bəstəkar Firudin Allahverdinin “Zamanla üz-üzə” layihəsinin yanvar ayındakı konsertində ilk dəfə səslənən “Bütləşmənin mexanizmi” əsərindən gedir.
Premyerada bu bəstənin xüsusi proqramından bəhs olunmasa da, əsərin daha çox ədəbi-publisistik və ya fəlsəfi əməyə daha çox uyğun olan adı, özü haqqında əslində çox söz deyir.
Bəstəkarın musiqisində heç də təsadüf nəticəsində peyda olmayan bu mövzu, onun-nə qədər pafoslu səslənsə də, vətəndaş mövqeyini əks etdirir.
Dəyişikliklər, süqutlar və yeni yaradılışlar, ziddiyyətlər və qarşıdurmalar, sosial-siyasi və mənəvi-etik toqquşmalar dövründə yaşadığımız bir vaxtda, bəziləri öz şəxsi qayğılarına və problemlərinə qapılaraq, özlərini dünyadan mümkün qədər təcrid etməyə çalışırlar.
Firudin isə susmağı üstün tutan, yaxud öz fikir və tərəddüdlərini qonaqlıq süfrəsində, ancaq səmimi dostlarla bölüşməklə kifayətlənən passiv və hadisələrə kənardan baxan müşahidəçilərdən deyil.
O, cəmiyyətimizin problemlərini özlüyündə götür-qoy edərək, narahatlıq keçirir, ətrafında baş verən hadisələrlə bağlı məsuliyyət hiss edir. Məhz buna görə, onun fəaliyyət sahəsi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır, o həm də dövrü mətbuatda məqalələri ilə çıxış edir, eləcə də mühazirələr oxuyur.
İrəli sürülən ideyanın qeyri-standart olması, gündəlik problemlərlə səsləşməsi, aktual mövzunu əhatə etməsi baxımından, sənət əsərinə göstərilən maraq, ona verilən qiymət, son nəticədə onun bədii tutarlığı ilə müəyyən olunur ki, bu səciyyəni də Firudin Allahverdinin yazdığı əsərə ədalətli şəkildə aid etmək mümkündür.
Müəllif üçün, yazılan hər bəstənin premyerası məsuliyyətli və həyəcanvericidir.
Əsər həmkarlarının bəstələri ilə bir arada səslənirsə, xüsusilə XX əsrin musiqi tarixinin Ç. Ayvz, A.Onegger kimi nəhəng fiqurlarının böyük əsərləri ilə yanaşı konsert proqramında birgə ifa olunursa, bu sevinci dərk etmək artıq bir ayrı zövq verir. Bu fonda layiqli və qətiyyətli görünmək - böyük qələbədir!
İdeyanı gerçəkləşdirmək üçün, müəllif instrumental teatr elementlərindən istifadə edərək, tembrləri şəxsləndirmiş və olduqca məhdud orkestr palitrasının imkanlarından uğurla faydalanmışdır.
Əsərin musiqi dilində öz əksini tapmış yaradıcılıq və erudisiya, intriqalı dramaturgiya, orijinal tembr tapıntıları, məntiq və material ilə işləmə peşəkarlığı - bütün bu sadalanan xüsusiyyətlər ayrılmaz vəhdət şəklindədir və musiqi ifa edildiyi zaman müəyyən hipnotik effektin təsiri duyulmaqdadır, bu da əsəri dinləməyə davam etdikcə, ona olan marağın artması ilə izah edilir, və bu maraq insana əsl estetik zövq bəxş edir.
Musiqi, xüsusilə instrumental musiqi, varlığın səciyyəvi xüsusiyyətlərinin əks olunması ilə bağlı hadisələrin tədqiq edilməsində səbəb-nəticə əlaqələrinin aşkara çıxarılması üçün fəlsəfə və ədəbiyyat kimi geniş imkanlara malik deyildir.
Lakin büt yaratma “mexanizm”inin musiqili versiyasını dinləyən və estetik-emosional təəssüratlara köklənən hər kəs özü ilə fərdi dialoqa girir; hər birimizin öz bütünün yaradılması, öz tənbəlliyimiz, özümüzə qarşı olan inamsızlığımız, qorxularımız ilə bağlı nə qədər məsuliyyət daşıdığımızı, onlara güclərini toplayıb, ruhumuza, bu günümüzə və gələcəyimizə könüllü şəkildə sahib olmağa necə imkan yaratdığımız barədə düşünürük.
P.S. Bir neçə il bundan qabaq, Azərbaycan bəstəkarlıq məktəbinin gələcəyi ilə bağlı proqnozlar veriləndə, “bəsirətsizlik” ifadəsi işlənmişdi.
Firudin Allahverdinin əsərinin premyerası, bundan əlavə, bəstəkarın yaradıcılıq uğurlarının nəzərə çarpacaq dərəcədə inkişafı, musiqimizin gələcəyinin “bəsirətsizlik” perspektivləri haqqında şübhələri özümüzdən kənarlaşdırmaq üçün bizə əsas və ümid verir.
Çünki bütlərin yox edilməsi - düşüncə tənbəlliyinin aradan qaldırılması, doqmaya çevrilmiş, mücərrədləşmiş qaydalardan, qəlibləşmiş qatı fikirlərin təsirindən qaçmaq cəhdi, “heç bir bütü özünə yaxın buraxmayan” həqiqətin dərk edilməsi səyləri (F.Nitsşe)- məhz “bəsirətsizlik”dən qorunmağın mühüm üsullarından biridir.
Bəstəkarın əsərin konsepsiyası barədə yazısı: http://fallahverdi.blogspot.com/2011/02/mechanism-of-idolization-2011.html