Эксклюзивное интервью Kultura.Az с народным артистом СССР, ректором Бакинской Музыкальной Академии, профессором Фархадом Шамсиевичем БАДАЛБЕЙЛИ
Э.М.: Фархад Шамсиевич, Вы с 1991-го года, то-есть 1…
Yazıçı Seymur Baycan “Yeni Sabah” saytına müsahibə verib. Təqdim edirik:
- Qanun Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Türkiyə türkcəsinin Azərbaycanın rəsmi dövlət dili kimi qəbul olunması təşəbbüsü ilə çıxış edib. Siz Azərbaycan dilinə həssas yanaşan bir yazıçı olaraq bu təklifi necə qiymətləndirirsiniz?
- Şahbaz bəyin yazısını diqqətlə oxudum. Çox ağrılı mövzuya toxunub. Bu mövzu cəmiyyətin müxtəlif təbəqələri tərəfindən geniş, ciddi şəkildə müzakirə edilməlidir. Şahbaz bəyi başa düşürəm. Bir naşir kimi problemi dərindən hiss edir. Daima insanlarla, aktiv oxucularla ünsiyyətdədir. Amma onun təklifini olduqca zərərli hesab edirəm.
Birincisi, Azərbaycan dili bir günə yaranmayıb. Bu dilin yaranması üçün minlərlə əsərlər yazılıb. Hətta kolxoz quruculuğundan bəhs edən, sovet ideologiyasına xidmət edən, yalan-palanla dolu əsərlər belə Azərbaycan dilinin yaranmasında əhəmiyyətli rol oynayıb. Qazaxıstana baxın, milyardlar xərcləyir, otuz ildir əlləşirlər, amma hələ də əməlli-başlı dil yarada bilmirlər.
İkincisi, bizimkilərin Türkiyə tükcəsi dediyi dilin türkcəyə dəxli yoxdur. Bu gün Türkiyədə istifadə olunan dil uydurma, süni, saxta bir dildir. Türkiyədə, elə Azərbaycanda da bu mövzuya toxunmaq, bu mövzuda danışmaq o qədər də asan deyil. Türkçülük, millətçilik kimi hisslər, Atatürk şəxsiyyətinə kor-koranə pərəstiş bu mövzuya toxunmağa, bu mövzuda açıq danışmağa mane olur. Akop Martayandan danışan adam istər-istəməz Atatürkdən də danışmalıdır. Atatürkün şəxsiyyətinə pərəstiş çox güclü olduğuna görə onun hansısa bir sahədə səhvə yol verdiyini dilə gətirməyi hər adam bacarmır.
İnsanların əsrlərlə istifadə etdikləri sözləri dövriyyədən çıxarıb yerinə uydurulma, saxta sözləri doldurmaq dil islahatı deyildi, dilə qarşı terror idi. Heç bir yerdə dilə qarşı belə amansız terror olmayıb.
Üçüncüsü, əgər həqiqətən də Azərbaycan dilini hansısa bir dillə əvəz edilməsi tarixi zərurətə çevrilibsə, Azərbaycan dilini elə birbaşa alman, fransız, ispan, yaxud italyan dili ilə əvəz etmək daha səmərəli olar. Azərbaycan dilini Akop Martayan türkcəsi ilə əvəz etməyin, yağışdan çıxıb yağmura düşməyin mənası nədir? Azərbaycan dili Akop Martayan türkcəsi ilə əvəz edilsə Azərbaycan Türkiyənin bir əyalətinə, məsələn, tutaq ki, Çorum kimi bir yerə çevriləcək.
- Sizcə Azərbaycan dilinin hazırkı vəziyyəti Şahbaz bəyin təsvir etdiyi qədər qorxuludurmu?
- Vəziyyət Şahbaz bəyin ifadə etdiyindən də ağırdı. Ötən il Kulis.az saytının keçirdiyi hekayə müsabiqəsində münsif idim. Müsabiqəyə göndərilmiş hekayələri oxuyanda dəhşətə gəlirdim. Müsabiqədə iştirak edənlər Allah qoymasa, guya hələ yazan - pozan tayfasına aiddirlər. İndi görün yerdə qalanlar nə gündədir.
Dövlət səviyyəsində tədbir görülməsə, dövlət səviyyəsində məsələyə ciddi müdaxilə olunmasa on ilə, uzağı on beş ilə Azərbaycan dili məhv olacaq. Azərbaycan Dövlət Televiziyası Azərbaycan dilinin sonuncu qalasıdır. Akop Martayan türkcəsi artıq bu qalanı da sarsıtmaqdadır. Cəmisi on ildən, on beş ildən sonra azərbaycanlılar Mirzə Cəlilin, Haqverdiyevin, Çəmənzəminlinin, Ordubadinin, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Fərman Kərimzadənin, İsi Məlikzadənin əsərlərini oxuya bilməyəcəklər. Keçmişlə əlaqə kəsiləcək. Uçurum yaranacaq.
Azərbaycanlılar nə etdiklərinin fərqində deyillər. Obrazlı desəm dəmir qapılar, dəmir barmaqlıqlı pəncərələr birdən bağlanacaq. Onda azərbaycanlılar necə dəhşətli bir səhvə yol verdiklərini başa düşəcəklər. Amma çox gec olacaq. Bunu bu gün heç kimə başa salmaq demək olar ki, mümkün deyil. Çünki hisslər insanların gözün tutub.
- Şahbaz Xuduoğlu yazısında qeyd edib ki, Azərbaycan dilində oxuyan oxucuların sayı çox azdır. Sizcə, oxucular niyə rusca və türkcə oxumağa üstünlük verirlər?
- Azərbaycanlılar kiçik qardaş xəstəliyindən əziyyət çəkirlər. Böyük qardaşsız yaşamaq azərbaycanlılar üçün çox çətindir. Məsələn, Azərbaycanda elə adamlar var ki, rus ədəbiyyatın Akop Martayan türkcəsində oxuyurlar. Görəsən bir azərbaycanlı rus ədəbiyyatın niyə Akop Martayan türkcəsində oxumalıdı? Bu kiçik qardaş xəstəliyinin təzahürü deyilsə, bəs nədir? Rus ədəbiyyatı Akop Martayan türkcəsinə çox bərbad tərcümə edilib. Kim Qoqulu, Çexovu, Tolstoyu, Dostoyevskini, Bulqakovu ümumiyyətlə rus ədəbiyyatını Akop Martayan türkcəsində oxuyubsa belə hesab etsin ki, ən yaxşı halda əsərlərin məzmunu, süjeti ilə tanış olub.
- Azərbaycan dilindən istifadə səviyyəsi – yazılı mətbuatda, ədəbiyyatda, televiziya və radiolarda sizi qane edirmi? Problemlər görürsünüzmü? Görürsünüzsə, bunun səbəbləri nədir?
- Saytlar, televiziyalar yumşaq desək Azərbaycan dilinin anasını ağlar günə qoymaqla məşğuldurlar. Mediada xeyli dostlarım, tanışlarım var. Kimə ərkim çatırsa yazıb narazılığımı, iradlarımı bildirirəm. Bəziləri sağ olsunlar nəzərə alırlar. Amma bu məsələ bir adamın, iki adamın işi deyil.
Yuxarıda qeyd etdiyim kimi problemə dövlət səviyyəsində müdaxilə edilməlidir. Dil məsələsində saytlara, televiziyalara ciddi nəzarət olmalıdır. Məktəblilər, gənclər arasında mütəmadi olaraq yazı müsabiqələri keçirilməlidir. Qaliblərə pul mükafatları, qiymətli hədiyyələr verilməlidir. Müxtəlif vasitələrlə, yollarla klassik Azərbaycan ədəbiyyatı daima məktəblilər, gənclər arasında təbliğ olunmalıdır. Dövlət ədəbiyyatın inkişafına, ədəbiyyatın təbliğinə ciddi maliyyə ayrımalıdır. Aparıcılar, jurnalistlər, həkimlər, müəllimlər, tələbələr, siyasətçilər, feministlər, sağçılar, solçular, heteroseksuallar, metroseksuallar kitab oxumalıdırlar.
O gün efirdə bir siyasətçiyə sonuncu dəfə hansı kitabı oxumusunuz sualı verildi. Xeyli fikirləşdi. Sonra nəhayət hıqqına-hıqqına bir kitabın adın çəkdi. Amma kitabın müəllifinin adın xatırlaya bilmədi. Özü də Allah qoymasa bu adam hələ savadlı siyasətçi kimi tanınır...
Azərbaycanlıların kitab oxumadan bütün ciddi mövzularda müzakirələr aparmaqları, heç bir itki vermədən, fədakarlıq etmədən hər şeyə iddia etməkləri adamı heyrətə salır . Ölkədə rus dilinin at oynatmağından danışan, şikayətlənən adamlar ildə Azərbaycan dilində bir kitab oxumurlar. Niyə bizim yazıçılar Biləcəridən o tərəfdə tanınmır deyən adamlar Azərbaycan yazıçısının bir kitabın alıb vərəqləmir. Hər cür mənasız işə pul tapır, beş manat verib bir azərbaycanlı yazıçının kitabın almağa canı çıxır. Nəsə...
Uzun sözün qısası, azərbaycanlılar özlərinə hörmət etməyi bacarmırlar. Hər şeyin, bütün problemlərin kökündə bu dayanır. Özünə hörmət etməyi bacarmamaq.