Ayaz, hələ tələbəlik illərindən bir sıra müsabiqələrdə iştirak edirdin. Artıq məndə bir növ əminlik yaranıb ki, Ayaz mütləq bu dəfə də uğur qazanacaq. İki ay öncə bəstəkarların Beynəlxalq “Franz Schubert and Modern Music” Müsabiqəsində qalib oldun. Bu haqda bir qədər ətraflı danışardın.
Qalib ilk öncə orada toplaşan bir neçə münsiflər heyətinin zövqü ilə seçilir. Bu dəfəki müsabiqədə zövqü diktə edənlər isə Beat Furrer, Wolfgang Rihm kimi bəstəkarlar idi. Əslində işin ən maraqlı tərəfi də elə bu oldu mənim üçün. Çünki Furrer’in musiqisi ilə çoxdandır ki, tanışam. Onun, Gerard Grisey’in və Morton Feldman’ın əsərlərinin köməyi ilə XX əsrin ikinci yarısının musiqi mədəniyyəti açıldı mənim üçün – yəni onlar mənə ilk növbədə müasir musiqini dinləmək mədəniyyətini öyrətdilər.
Hər şey bir yana... ən sevdiyim romantikin adına olan müsabiqənin qalibi olmaq da xoş oldu, təbii ki...
Gustav Mahler söyləyib ki, “ənənə - tənbəllikdir”. Bəlkə elə bu səbəbdən biz bu qədər ənənəvi musiqiyə bağlıyıq?
Bəllidir ki, biz, oxuduqlarımızın, öyrəndiklərimizin əksiyik. Bu dəyərlər toplusudur ki, zaman keçir, amma onlardan imtina edə bilmirsən, əsirinə çevrilirsən dəyərlərinin – belə çıxır ki, bəzən təhsil əks təsirə bərabərdir. Gərək təbiətən dəyişə, təzələnə bilən birisi olasan. Bunun isə heç bir düsturu yoxdur. Qarayev də ənənələrə bağlı insan olub, amma bu bağlılıq ona mane olmayıb ki, hər an axtarışda olsun. Öz yaradıcılığı boyu neçə üslub dəyişdi, az qala Stravinskinin tempi ilə gedirdi. O Stravinski ki, musiqidə ənənəyə söykənməklə neoklassisizmi yaratdı. Necə deyərlər, bir addım “geri” dönməklə bir addım “irəli” addımladı. Stravinskinin bu dövrünü sonralar Theodor Adorno music about music (musiqi haqqında musiqi) adlandırmışdı.
Hansı kateqoriyanı qəbul edirsən: səmimi olaraq "bunu mən də yazaram" deyən və müasir musiqini qəbul etməkdən, hətta buna səy göstərməkdən imtina edənləri, yoxsa süni şəkildə özlərini anlayışlı göstərənləri?
Klassik musiqi ürək üçün, müasir musiqi də beyin üçündür ifadəsi çox yanlış ifadədir. Əgər bu gün dinləyici Beethoven`in sonuncu kvartetlərini anlamaq istəsə, bu da onun üçün rahat bir şey olmayacaq. Yəni problem təkcə müasir musiqiyə qulaq asmağa gələnlərdə yox, həm də klassik musiqi dinləyicilərindədir. Kitabda oxucunun rolu mövzusunda Umberto Eco “əgər mətni oxuyan həmin “o” oxucu deyilsə, yəni o oxucu ki, qarşısına qoyulan vəzifənin öhdəsindən gəlməyib (deyək ki, Komikslər oxuyan birisi "Yalquzaq" romanını oxumaq eşqinə düşüb), demək ki, əsər baş tutmayacaq. Ən yaxşı halda o mətn başqa mətn olacaq” yazır. Musiqidə də belədir. Sadəcə dinləyicilər zalları səhv salmamalıdırlar. Əgər eksperiment xatirinə müasir musiqiyə tamaşa etməyə gəliblərsə tolerant olmalıdırlar. Yalandan rola girmək də gərəksizdir. Əsas dinləyici mədəniyyətidir. İstəmirəm ki, bu, “dinləyici müasir musiqiyə hazır olmalıdır” anlamına gəlsin. Bir az poetik səslənsə də deyim ki, tamaşaçısız zalda musiqi akustik olaraq nəsə başqa cür səslənir, inanın...
Demək istəyirsən tamaşaçıya ehtiyacın var?
Vincent van Gogh “rəsm əsəri divardan asılmaq üçündür” deyirdi. Əgər mən gördüyüm iş həm də bölüşmək, paylaşmaqdırsa, dinləyici burada vacib faktordur. Amma onun yüz nəfər və yaxud beş nəfər olması məni düşündürmür.
Bu yaxında “Müasir musiqi haqqında esselər” kitabımızı, daha doğrusu məqalələrin tərcüməsi toplusunu nəşr etdirdik. Bu işin dəyəri nədi sənin üçün və davamlı olmasını istəyərdinmi?
Bu ideya ilk olaraq 2007-ci ildə bəstəkar Elmir Mirzəyev tərəfindən irəli sürülmüşdü. Arada böyük fasilə oldu. Bəlkə də belə məsləhət imiş... çünki indi anlayıram ki, o vaxt bu işə hələ tam hazır deyildik. Yəqin sən də mənimlə razılaşarsan...
Tam razıyam. Bu işin əsas məqsədi paylaşmaqdı, deyilmi?
Elədir. Xatırlamıram kim demişdi, əgər enerji sərf olunmursa, o, daxildən səni məhv edir. Bu prosesi mən özlüyümdə rahat keçirirəm, görünür müəllimliklə bağlıdır. Amma bu gün yeni nəsil yetişir. O nəslin ki, bir hissəsi rus dilini demək olar ki, bilmir. Hələ üstəlik Türkiyədən, İrandan bizə təhsil almağa gələn tələbələr də dərsliklə bağlı böyük çətinliklərlə rastlaşırlar. Bu baxımdan nəşr etdiyimiz “Müasir musiqi haqqında esselər” kitabını qiymətli hesab edirəm.
Sözsüz ki, davamlı olmasını da istərdim, çünki Azərbaycan dilində musiqi haqqında nəzəri kitablar azlıq təşkil edir. İş prosesi mənim özümə də çox kömək oldu. Yabançı dildən tərcümə, məni mətnə yaxınlaşdıra biləcək ən güclü vasitədir. Hətta tərcümə etdiyim yabançı dili bilirəmsə belə. Ara-sıra maraqlı olan şeiri öz dilimizə çevirirəm ki, mənə qaranlıq qalan qatlara daha dərindən vara bilim. Bunun musiqidə paralelini Şostakoviç, orkestrləşdirmədə görürdü. Tutalım, Schubert’in Serenadasını simli kvartet üçün işləməklə özümü həm də bu prosesin iştirakçısına çevirə bilərəm və Schubert’lə birgə iş birliyi yapmış olaram.
Mədəniyyətin qloballaşması dövründə ayrı-ayrı milli bəstəkarlıq məktəblərini fərqləndirən amillər var. Nə vaxtsa musiqi sərhədlərinin tamamilə silinməsi mümkün olacaqmı?
Məncə sərhədlərin silinməsi fərdi məsələdir. Onu müəllif özü keçməlidir yaradıcılığında. Əgər söhbət Bakıdan gedirsə, razıyam, milli üsluba sadiqlik musiqiçilər arasında hələ də müzakirə mövzusudur. "Musiqi mütləq milli köklərə dayanmalıdı" (əsasən çox səthi formada, melizmlərlə, intonasiyalarla, ritmik quruluşlarla və s. nəzərdə tutulurdu təəssüf ki) çağırışı məndə bir az anlaşılmazlıq yaradıb hər zaman. Bu yerlərin musiqi zövqü dövrdən dövrə dəyişib, təsirdən təsirə düşüb. Bəs hansı dövrün millisi olum? Əgər hansısa bir dövr tövsiyə edilirsə, nədən məhz o dövr tövsiyə edilir? Suallar... Zənnimcə mən Azərbaycan musiqisinin məhz indiki Abşeron dövrünü yazıram. Sərhədlər isə onilliklər öncə Qara müəllim tərəfindən qismən də olsa silindi. III simfoniya (ikinci hissə) – Qara üslubu ilə dodekafonik texnikada aşıqsayağı bir hava elə sərhədlərin silinməsi deyilmi səncə...?
Təbii ki... Bəs "Ayaz Qəmbərli üslubu" ifadəsi necə, ürəyincə olar?
Deyilənə görə hansısa bir üslub fərqliliyi var. Buna sadəlik üçün yazı manerası deyək. Amma zənnimcə mikroskopikdir. Səbəbi zəmanənin üstünə ataq. XX əsrin əvvəlləri texniki kəşflər dövrü ilə yadda qaldı –qatarlar, uçaqlar məsafələri qısaltdı (hərəkət də zamanı simvolizə edir...), şəhəri bürüyən massiv zavodlar şəhərin səslənməsini, görünüşünü dəyişdi. İki dünya müharibələrinin də nəhəng rolu oldu sözsüz ki... Bu da incəsənətə öz təsirini göstərməmiş olmadı. Ədəbiyyatda son zamanlar maraqla oxuduğum Thomas Eliot, təsviri incəsənətdə Kazimir Maleviç, Pablo Picasso, musiqidə İqor Stravinski, Bela Bartók kimi imzalar doğuldu. Bu gün isə dəyişikliklər mikroskopikdir. Yüksək sürətə də alışqanıq, şəhərin buraxdığı ultra müasir səslənməyə də, görüntüyə də öyrəncəliyik. Bu gün mobil telefonun bir modeli ilə o biri modelinin fərqi yuxarı-aşağı fingerprint’dirsə bu şüuraltı olaraq incəsənətdə də öz izini qoyur yoxsa qoymur? Heç bilmiş deyiləm...
Əslində üslubumu yaratmaq - hər dəfə elə ilk səslənmədən “özüm”dən xəbər vermək, parlaq olmaq, son taktlarda da majora həll olunaraq Bach’vari şəxsi imzamı qoyub sona çatmaq kimi nəsnələr məni özünə heç bir zaman çəkməyib. Dahi fransız rejissoru Robert Bresson deyirdi, “əsas odur ki, göstərdiyində səhvə yol verməyəsən, bundan da vacib odur ki, göstərmədiyində səhvə yol verməyəsən”. Demirəm ki, yaradıcılıq məhz “doğru” olub olmamaq məsələsidir, yox. Sadəcə gördüyün işin hər qatını nisbi də olsa idarə edə bilmək... Nə bilim, yaradıcılığın məhz Bresson təsvir etdiyi hündürlüyündə qanadlanmağa müvəffəq olmaqdı mənə maraqlı gələn. O hündürlükdə nəfəsi kəsilməmək, təzyiqə dözmək...
Tələbə yoldaşlarımız, istedadlı gənc bəstəkarlar Türkər Qasımzadə, Said Qəni, Tahir İbişovla yaxın dostluğunuzu yaradıcı stimul hesab edirsənmi?
Dostluğumuzun köməyi ilə kiçik bir musiqi mühiti yarada bildik tələbəlik illərində. Bölüşürdük, paylaşırdıq. Xeyli sayda müştərək layihələr təşkil etmişik. Bu günə qədər bir yerdə olmağımızın başlıca səbəbi də odur ki, biz, ilk öncə dost olduq, sonra musiqiçi. Zaman bizi dünyanın ayrı-ayrı yerlərinə səpələsə də tez-tez əlaqədə olmağa çalışırıq. Bu gün də əsərlərimi bitirəndən sonra ilk öncə onlara göstərirəm. Bizi fərqləndirən cəhət isə yazdığımız musiqidir yəqin ki. Ümumi istiqamət eyni olsa da stilistik çox ayrıyıq.
Sifarişlə əsər yazırsan?
Əlbəttə, bu həm də işi praktik edir. Yazırsan – səslənir. Bəstəkarın işi iki etaplıdır. Gərək mütləq ifa oluna, yoxsa işi tam dəqiqliklə dəyərləndirməkdə çətinlik yaranır. Son illər isə hər şey elə gətirib ki, yazdığım əsərlərin demək olar ki, hamısı sifarişlidir. Bu sifarişlər də bir qayda olaraq xaricdən olunur. Bilmirəm sevindirici haldır, ya kədərləndirici...
Amma Bakıda kino musiqisi sifarişləri alırsan..
Nadir hallarda...
Bəs kino və tamaşa musiqisinə sadəcə maddi səbəblərdən üz tutursan, yoxsa hesab edirsən ki, 21-ci əsrdə də bəstəkarlar tətbiqi musiqi ilə əlaqəni kəsməməlidir?
Film musiqisində təcrübəm çox azdı. Barmaqla sayıla biləcək qədər filmdə işləmişəm. Deməzdim ki, bu işdə məni idarə edən maddi maraqlar deyil. Çünki fon musiqisi yazmaq mənə bir o qədər də cəlbedici gəlmir. Bəlkə nə zamansa, uzaq keçmişdə istəyərdim ki, titrlarda adım getsin. Amma bu 13-14 yaşımda qaldı. Alfred Hitchcock deyirdi ki, yaxşı film ərsəyə gətirmək üçün üç şey gərəkdir – ssenari, ssenari, ssenari!!! Əgər ssenari maraqlı olmadısa o filmdə işləməkdə bir səbəb görmürəm.
Onda keçək şəxsi yaradıcılığına... Yeni əsər barədə düşünərkən yazı texnikası, forma, partitur qrafiki, ideya kimi mərhələlər hansı ardıcıllıqla düzənlənir? Başqa sözlə desək, yazı texnikası ideyanı diktə edir, yoxsa bədii obraz öndədir?
Sadaladığın tərəflərin hər biri fərqli-fərqli kombinasiyalarda mövcud ola bilər. Məsələn, alət – deyək ki, Violin, dörd simlidir, müəyyən bir diapazonu var. Bu, artıq çərçivədir. Əsrlər boyu bu alət üçün yazılan musiqi onda müəyyən bir imic yaradıb. Violin aləti özü ilə nəhəng bir musiqi ədəbiyyatının obrazını daşımaqdadır. Bu da növbəti bir çərçivə. Çünki violin musiqisini timpani ifa edə bilməz. Eləcə də timpani musiqisini arfada ifa etmək mümkünsüzdür... Bütün bunlar təxəyyülə birbaşa təsir edə bilən amillərdir. Əgər səhnədə simfonik orkestr düzülübsə, erudisiyalı dinləyici hər bir alətin səsini təxmini də olsa ayırd edir, onların ifaya müdaxiləsi zamanı yuxarı-aşağı hansı manerada görünəcəklərini bilir. O alətlərin arasındakı kombinasiyalar isə sonsuz saydadır – görünür mənim işim gözlənilənlərin arasından gözlənilməzlikləri axtarıb tapmaqdır. Feldman’ın təbilincə desək,
Take an object.
Do something to it.
Do something else to it.
Do something else to it.i
Do it one way and do it another...
Spell it one way, then spell it another way.
Orchestrate it one way, orchestrate it another way.
Use this kind of rhythm and then use another kind of rhythm.
Do it on a chain one after the other, do it lesson a chain, do it in a simultaneity” və s.
Kombinasiyalar çoxdur...
Emosiyalar, şəxsi həyat və ya yaşam mühiti yaradıcılığa təsir edirmi?
Yaşadığım Bakıxanov qəsəbəsində ara-sıra dolaşıram axşamlar. Küçəmizdəki taksi şoferinin hər dəfə maşınının üstündə şahmat oynaması ilə rastlaşıramsa, çayxanalarda hər dəfə gəlib gedən eyni simaları görürəmsə, bu asketik mühit mənim özümdə, dolayısıyla işlərimdə öz izini buraxır. Amma bilmirəm hansı formada. Ola bilsin işlərimdə olan təmkində, statiklikdə gizlənir bu.
Emosiyalar isə bəzən mənə təsir edir, bəzən isə mən onlara. Çox vaxt isə heç-heçə qurtarırıq.
Bundan öncəki sualına qayıdıb tamamlamaq istərdim. Əl yaddaşı da (buna çox vaxt əzələ yaddaşı da deyirlər) diktə etməyi bacara bilir. Yuxarıda sadaladıqlarımdan ən təhlükəlisi də zənnimcə elə budur. XX əsrin böyük simalarından sayılan Raxmaninovun və Skryabinin virtuoz pianoçu olmaqları bu bəstəkarları hər zaman F.Liszt və F.Chopin’in təsirində saxladı.
Özünlə fəxr etdiyin məqamlar olur?
Belə bir anı xatırlamıram. Özümə hər zaman tənqidi yanaşmışam. Bu arada Akira Kurosawa’nın qoca yaşlarında işlətdiyi bir cümləsi yadıma düşdü. Jurnalistin “nə zaman sənətdən uzaqlaşacaqsız” sualına rejissor “filmi necə çəkməyi öyrənəndən sonra” cavabını vermişdi. Müəllimlik fəaliyyəti ilə məşğul olmağıma rəğmən, bu gün də özümü tələbə hesab edirəm. Yəqin ki, elə həmişə belə olacaq. Stalker kimi – daşı atırsan, irəliləyirsən, atırsan, irəliləyirsən...
Şagirdlərin müsabiqələrdə iştirak edir, qalib olur. Hesab edirsənmi ki, müəllimlik peşəsi sənin üçün əsas vəzifədir?
Məncə bu suala qismən də olsa cavab verdim. Əlavə olaraq deyə bilərəm ki, əgər bu gün, hər birinin öz deadline’ı olan üç əsər üzərində eyni zamanda işləyirəmsə, bu faktor da mənə müəllimlik fəaliyyətini əsas peşə hesab etməyə imkan vermir və qeyri-ixtiyari olaraq mənim iş qrafikimə çox zaman mane olur. O üzdən həftənin yalnız iki gününü dərs deməyə ayırıram. Qalan günlər isə iş otağımdan çıxmıram. İ.Brodski demişkən,
Otağını tərk eləmə
Düşün ki, soyuqlamısan
Həyatda maraqlı olan
Divarlardır bir də masan
Söhbət etdi: musiqişünas Sara Muradova
Kultura.Az