post-title

George Orwell: Ədəbiyyatın qarşısının alınması

Təxminən bir il əvvəl PEN Klubun görüşlərinin birində, Miltonun “Aeropogetica”sının üç yüz illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etdim. Xatırlanacağı kimi, pamflet (Aeropogetica) mətbuat azadlığının müdafiəsinə həsr olunub. Miltonun bir kitabı “öldürmək” günahı ilə bağlı məşhur ifadəsi görüşdən əvvəl paylanmış reklam vərəqləri üzərində qeyd olunmuşdu.

Platformada dörd məruzəçi vardı. Onlardan biri mətbuat azadlığı ilə əlaqəli danışdı, lakin sadəcə Hindistanla bağlı. Digəri qətiyyətsiz şəkildə və çox ümumi mənada azadlığın yaxşı şey olduğunu dedi. Üçüncüsü ədəbiyyatda abırsızlıqla əlaqəli qanunlara hücum etdi. Dördüncü isə çıxışının çox hissəsini rus təmizləmələrinin müdafiəsinə həsr etdi. Salondan edilən çıxışlarda bəziləri abırsızlıq və onunla bağlı qanunlara geri döndü, digərləri isə sadəcə Sovet Rusiyasını öydülər. Əxlaqi azadlıq – cinsi məsələləri açıq şəkildə yazılı müzakirə etmək azadlığı – görünürdü ki, ümumi şəkildə qəbul edilib, lakin siyasi azadlıqdan danışılmırdı. Demək olar ki, yarısı birbaşa yazı ticarəti ilə əlaqəli olan burdakı bir neçə yüz insandan bir nəfər belə, mətbuat azadlığının, əgər ən azından bir şey ifadə edirsə, tənqid və müxaliflik etmə azadlığı olduğuna diqqət çəkmədi. Hansısa məruzəçi guya yad edilən pamfletdən nəzərə çarpacaq dərəcədə sitat gətirmədi. Müharibə vaxtı İngiltərə və ABŞ-da “öldürülən” müxtəlif kitablar barədə də kimsə danışmadı. Əslinə qalsa, görüş senzura leyhinə nümayiş idi.

Bunda xüsusilə təəccüblü nəsə yox idi. Bizim əsrdə intellektual azadlıq ideyası iki istiqamətdən hücuma məruz qalır. Bir tərəfdən onun nəzəri düşmənləri – totalitarizmin apoloqları, digər tərəfdən də onun bilavasitə, praktiki düşmənləri – monopoliya və bürokratiya. Dürüstlüyünü qorumaq istəyən istənilən yazar yaxud jurnalist aktiv təqibdən daha çox, cəmiyyətin ümumi axını tərəfindən əngəlləndiyini görür. Mətbuatın bir neçə zəngin adamın əlində cəmləşməsi, radio və filmlər üzərində sərt monopoliya, cəmiyyətin kitablara pul xərcləmək istəməməsi kimi əleyhinə işləyən şeylər, demək olar, hər bir yazarı məcbur edir ki, dolanışıqlarını gündəlik yazı işlərindən, MOI və British Council kimi rəsmi orqanların təcavüzündən – bu orqanlar yazara sağ qalmaq üçün kömək etməklə yanaşı, zamanını israf edərək ona öz fikirlərini diktə edirlər – və kimsənin təhrifedici təsirlərindən qaça bilmədiyi son on ilin davam edən müharibə atmosferindən çıxarsınlar. Bizim əsrdə hər şey yazarı və eyni zamanda digər hər növ sənətçini yuxarıdan verilən məsələlər üzərində işləyən və gördüyü həqiqətin hamısını əsla deməyən kiçik səlahiyyətliyə çevirmək üçün hiylə qurub. Lakin o, bu taleyə qarşı mübarizədə öz tərəfdarlarından hansısa kömək almır; yəni haqqlı olduğu barədə onu əmin edəcək böyük bir rəy orqanı yoxdur. Keçmişdə, protestant əsrləri boyunca müəyyən bir səviyyədə, üsyan fikri və intellektual dürüstlük ideyası bir-birinə qarışmışdı. Heretik – siyasi, mənəvi, dini yaxud estetik – öz vicdanını təhqir etməyi rədd edən adam idi. Onun dünyagörüşü revivalist ilahinin sözlərində cəmləşib:

Daniel olmaq üçün cəsarət
Təkbaşına ayaqda durmaq üçün cəsarət
Möhkəm mərama sahib olmaq üçün cəsarət
Aşkar etmək üçün cəsarət

Bu ilahini bu günə qədər gətirsək, gərək hər sətirin əvvəlinə “Etmə” (don’t dare) əlavə edək. Çünki əsrimizin xüsusiyyəti elədir ki, mövcud nizama qarşı çıxan üsyançılar, hər hansı bir səviyyədə ən çox və ən xarakteristik olanları, eyni zamanda individual dürüstlüyün (bütövlüyün) əleyhinədirlər. “Təkbaşına ayaqda durmaq cəsarəti” ideoloji baxımdan cinayət olduğu qədər, praktiki cəhətdən də təhlükəlidir. Yazarın və sənətçinin müstəqilliyi qeyri-müəyyən iqtisadi güclər tərəfindən məhv edilir və eyni zamanda elə kəslər tərəfindən sarsıdılır ki, (əslində) gərək onu müdafiə etsinlər. Mənim burada maraqlandığım ikinci prosesdir.

Fikir və mətbuat azadlığına adətən elə arqumentlərlə hücum edilir ki, onlar haqqında narahat olmağa dəyməz. Çıxış və debat təcrübəsi olan hər kəs onları geriyə çevirə bilir. Burada mən azadlığın illuziya olduğu kimi tanış iddia ilə, yaxud totalitar ölkələrdə demokratik ölkələrlə müqayisədə daha çox azadlıq olduğu iddiası ilə yox, daha çox azadlığı arzuedilməz və intellektual dürüstlüyü anti-sosial eqoizmin bir forması kimi təqdim edən daha müdafiə edilə bilən və təhlükəli təlqin ilə məşğul olmağa çalışıram. Məsələnin digər aspektləri adətən ön planda olsa da, söz və mətbuat azadlığı barəsindəki mübahisələr əslində istəyə yaxud başqa şəkildə yalanlara ziddir. Burada söhbət aktual hadisələr barədə doğru şəkildə məlumat vermək hüququ yaxud doğruluğun hər müşahidəçinin istər-istəməz əziyyət çəkdiyi cəhalət, qeyri-obyektivlik və özünü aldatma ilə nə dərəcədə uzlaşmasından gedir. Bunu deyərkən, elə hesab edilməsin ki, mən dürüst “reportaj”ı ədəbiyyatın yeganə əhəmiyyətli qolu sayıram: bununla belə, hər ədəbi səviyyədə və ehtimal ki, hər bir sənətdə eyni məsələnin (az və çox dərəcədə) seyrəldilmiş formalarda ortaya çıxdığını daha sonra göstərməyə çalışacam…

İntellektual azadlığın düşmənləri öz işlərini hər zaman individualizmə qarşı çıxan disiplinin müdafiəsi üçün təqdim etməyə çalışırlar. Həqiqət yalana qarşı problemi mümkün olduğu qədər arxa planda saxlanılır. Vurğu nöqtəsi dəyişə bilsə də, düşüncələrini satmağı rədd edən yazar həmişə sadəcə eqoist kimi damğalanır. Katoliklər və kommunistlər opponentin həm dürüst, həm də ağıllı ola bilməcəyini hesab etməyə meyillidirlər. Onların hər biri dinməz-söyləməz iddia edir ki, “həqiqət” çoxdan aşkar olunub və əgər sadəcə axmaq deyilsə, heretik gizli şəkildə “həqiqət”dən xəbərdardır və yalnız onu eqoist motivlərdən müdafiə edir. Kommunist ədəbiyyatda intellektual azadlığa qarşı hücum adətən “kiçik-burjuaziya individualizmi”, “on doqquzuncu əsrin liberalism illuziyaları” və d. xitablarla maskalanır və romantik, sentimental kimi istismarçı sözlərlə dəstəklənir, hansı ki, bu sözlərə elə bir razılaşdırılmış mənası olmadığı üçün cavab vermək çətindir. Bu yolla mübahisə real problemdən uzaqlaşdırılır. Hər kəs, ən ziyalı adamlar belə təmiz azadlığın yalnız sinifsiz cəmiyyətdə mövcud olacağı barədə Kommunist tezisini qəbul edə bilər və kimsə həmin cəmiyyət uğrunda çalışırsa həmin adam demək olar ki, azaddır. Lakin buradakı sürüşmə Kommunist Partiyasının sinifsiz cəmiyyət yaradılmasını hədəflədiyi və ABŞ-da bu məqsədin faktiki olaraq reallaşdırılmaqda olduğu yönündəki tamamilə əsassız iddiadır.

İlk iddianın özü ilə ikinci iddianı dartıb aparmasına icazə verilsə, haqlı göstərilməsi mümkün olmayan sağlam düşüncə və ümumi ədalətə qarşı demək olar ki, hansısa hücum edilmir. Lakin bu arada əsas nöqtədən yayınma baş verir. Düşüncə azadlığı insanın gördüyü, eşitdiyi və hiss etdiklərini çatdırmaq azadlığı, xəyali fakt və hisslər yaratmağa məcbur edilmədiyi mənasına gəlir. “Eskapizm”, “individualism” və “romantizm” və s. əleyhinə tanış iddialar sadəcə məqsədi tarixi təhrifi hörmətə mindirmək olan mühakimə hiyləsidir.

On beş il əvvəl, bir şəxs düşüncə azadlığını müdafiə etdiyi zaman, onu mühafizəkarlara, katoliklərə və müəyyən qədər – çünki İngiltərədə böyük əhəmiyyətə malik deyildilər – faşistlərə qarşı müdafiə etmək məcburiyyətində idi. Bu gün isə kommunistlərə və “yol yoldaşlarına” qarşı müdafiə etməlidir. Kiçik ingilis Kommunist Partiyasının birbaşa təsiri şişirdilməməlidir, lakin rus mitoslarının (mythos) ingilis intellektual həyatı üzərindəki zəhərli təsiri barədə hansısa sual ola bilməz. Çünki məlum olan faktlar zamanımızın həqiqi tarixinin yazıla biləcəyi məsələsində şübhəyə düşəcək qədər təzyiqə və təhrifə məruz qalıb. İcazə verin qeyd edilə biləcək yüzlərlə nümunədən sadəcə birini verim. Almaniya çökdüyü zaman məlum oldu ki, xeyli sayda sovet rusu – əksəriyyəti, şübhəsiz ki, qeyri-siyasi səbəblərdən – tərəf dəyişdirib və Almaniya üçün döyüşüb. Həmçinin rus məhbuslarının və yerlərindən didərgin salınmış şəxslərin kiçik, lakin gözardı edilə bilinməyəcək bir qismi SSRİ-yə geri qayıtmaqdan imtina etdi və onların ən azından bir hissəsi istəməyərəkdən öz ölkələrinə geri göndərildilər.

Bir çox jurnalistə dərhal məlum olan bu faktlar ingilis mətbuatında demək olar ki, dilə gətirilmədiyi halda, həmin vaxt İngiltərədəki rusofil siyasi yazarlar 1936-38-ci illərin təmizləmə və sürgünlərinə SSRİ-də “vətən xainləri yoxdur” iddiası ilə haqq qazandırmağa davam etdilər. Ukranya qıtlığı, İspaniya Vətəndaş Müharibəsi, Polşadakı rus siyasəti və oxşar mövzular ətrafındakı yalanlar və yanlış məlumatlandırma dumanları tamamilə şüurlu saxtakarlıqdan qaynaqlanmır, lakin SSRİ-yə tam simpatiya – simpatiya, yəni rusların olmasını istədikləri şəkildə – duyan hər yazar və jurnalist vacib məsələlər üzrə qəsdli saxtakarlıqla razılaşmaq məcburiyyətindədir. Məndən öncə, 1918-ci ildə Maksim Litvinov tərəfindən yazılmış və Rus İnqilabındakı son hadisələri xülasə edən çox nadir pamflet var. Orada Stalindən bəhs edilmir, lakin Trotiskiyə və həmçinin Zinovyev, Kamenev və digərlərinə yüksək qiymət verilir. İntellektual cəhətdən ən diqqətli kommunistin belə bir pamfletə münasibəti necə olar? Ən yaxşı ehtimalla, onun arzuolunmaz bir sənəd olduğunu deyən cahil münasibət. Əgər müəyyən bir səbəbdən, pamfletin saxta bir variantını nəşr etmək, Trotiskini pisləmək və Stalinə istinadlar etmək qərara alınsaydı, partiyasına sadiq hansısa kommunist buna etiraz etməzdi. Son illərdə bu kimi kobud saxtakarlıqlar törədilir. Lakin mühüm olan bunların baş verməsi yox, hətta məlum olduğu halda, sol-qanad intelligensiyanın bunlara tamamilə reaksiya göstərməməsidir. Həqiqəti deməyin arqumenti “qeyri-müvafiq” yaxud “kiminsə əlinə keçər” ola bilər və çox az adam qəzetlərdən çıxaraq tarix kitablarına girməsinə göz yumduqları yalanların gələcək taleyindən narahat olur.

Totalitar dövlətlər tərəfindən tətbiq edilən təşkilatlanmış yalan, adətən iddia edildiyi kimi, hərbi aldatma ilə eyni xarakterli müvəqqəti məqsədəuyğunluq deyil. Bu, totalitarizmin tərkib hissəsidir, hətta toplama düşərgələri və gizli polis qüvvələrinin ləğv edilməsi gərəkli olsa belə, davam edəcək bir şeydir. İntelligent Kommunistlər arasında belə bir yeraltı əfsanə dolaşır ki, Rusiya hökuməti yalançı təbliğat, sınaq testləri və s. ilə məşğul olmaq məcburiyyətində qalsa da, əsl həqiqətləri gizli şəkildə qeyd edir və nəvaxtsa gələcəkdə dərc edəcək. Tamamilə əmin ola bilərik ki, bu belə deyil. Çünki belə bir fəaliyyətlə nəzərdə tutulan zehniyyət keçmişin dəyişdirilə bilməyəcəyinə və doğru tarixi biliyin bir məsələ kimi qiymətli olduğuna inanan liberal tarixçi zehniyyətidir. Totalitar dünyagörüşü baxımından tarix öyrənilməsindən daha çox yaradılması gərəkən nəsnədir. Totalitar bir dövlət reallıqda teokratiyadır və burada hakim təbəqə öz mövqeyini qoruyub saxlamaq üçün yanılmaz hesab edilməlidir. Lakin praktik olaraq, kimsə yanılmaz olmadığı üçün, bu və ya digər səhvin edilmədiyini yaxud bu və ya digər xəyali zəfərin reallaşdığını göstərmək məqsədiylə tez-tez keçmiş hadisələri yenidən təşkil etmək gərəkli olur. Yenə də, siyasətdə hər bir əsas dəyişiklik müvafiq doktrinanın dəyişdirilməsini və görkəmli tarixi şəxslərin üzə çıxarılmasını tələb edir. Belə şeylər hər yerdə baş verir, lakin bu, demək olar ki, bariz şəkildə, həmişə yalnız bir rəyə icazə verilən cəmiyyətlərdə açıq və birbaşa saxtalaşdırmaya gətirib çıxarır. Totalitarizm, əslində, keçmişin davamlı olaraq dəyişməsini tələb edir və uzun vədədə ehtimal ki, obyektiv həqiqətin varlığına inacsızlıq istəyir. Bu ölkədə totalitarizmin dostları, mütləq həqiqət əlçatan olmadığı üçün adətən böyük yalanın kiçik yalandan daha pis olmadığını iddia etməyə meyillidirlər. Bütün tarixi qeydlərin qərəzli və qeyri-dəqiq olduğu və ya digər tərəfdən, müasir fizikanın real dünyaya aid görünənlərin illuziya olduğunu sübut etdiyi bildirilir və beləcə birinin hissi dəlillərinə inanmaq sadəcə vulqar meşşanlıq sayılır. Özünü davam etdirməyə müvəffəq olan totalitar bir cəmiyyət ehtimal ki, sağlam düşüncə qanunlarının gündəlik həyatda və müəyyən dəqiq elmlərdə əlüstə tutulduğu, lakin siyasətçi, tarixçi və sosioloq tərəfindən gözardı edildiyi şizofren bir düşüncə sistemi quracaqdır. Artıq elmi bir dərs kitabını saxtalaşdırmağı qalmaqal hesab edəcək, lakin tarixi bir faktın saxtalaşdırılmasında yanlış nəsə görməyəcək saysız-hesabsız insan var. Ədəbiyyat və siyasətin kəsişdiyi bu nöqtədə totalitarizmin intellektual üzərində ən böyük təzyiqini tətbiq edir. Dəqiq elmlər hazırda eyni dərəcədə təhdid edilmir. Bu, qismən, bütün ölkələrdə öz hökumətlərinin arxasında durmağın yazıçılarla müqayisədə elm adamlarına nə üçün daha asan olduğu faktına da aydınlıq gətirir.

Məsələyə diqqət çəkmək üçün, icazə verin bu essenin əvvəlində dediklərimi təkrar edim: İngiltərədə dürüstlüyün və bu səbəbdən düşüncə azadlığının bilavasitə düşmənləri mətbuat lordları, film maqnatları və bürokratlardır, lakin geniş prespektivdə ziyalıların öz aralarında azadlıq arzusunun zəifləməsi bütün bunların ən ciddi simptomudur. Elə görünə bilər ki, bütün bu vaxt ərzində mən senzuranın bütövlükdə ədəbiyyat üzərində deyil, sadəcə siyasi jurnalistikanın bir şöbəsi üzərində təsiri haqqında danışıram. Sovet Rusiyasının İngilis mətbuatında qadağan edilmiş bir sahə təşkil etdiyini, Polşa, İspan vətəndaş müharibəsi, rus-alman paktı və s. kimi məsələlərin ciddi müzakirələrdən kənarlaşdırıldığını hesab etsək, hakim düşüncə ilə ziddiyyət təşkil edən məlumata sahibsənsə, səndən gözlənilən ya bunu təhrif etmək, ya da bu barədə susmaqdır – bəli, bütün bunlar doğrudur, lakin ədəbiyyat sözün geniş mənasında nədir? Hər yazıçı siyasətçi və hər bir kitab nəticədə birbaşa ‘reportaj’ əsəridir? Hətta ən qatı diktatorluq altında belə, individual yazar öz zehnində azad qala və qeyri-ənənəvi düşüncələrini səlahiyyətlilərin onları tanımaq üçün çox axmaq olacağı şəkildə distilə edə və ya gizlədə bilməzmi? Və istənilən halda əgər yazar hakim düşüncə ilə razılıq içindədirsə, bunun onun üzərində nə üçün məhdudlaşdırıcı təsiri olmalıdır? Böyük bir fikir ayrılığı və sənətçi ilə pərəstişkarları arasında kəskin fərq olmayan cəmiyyətlərdə ədəbiyyat yaxud hansısa bir sənət inkişaf etməmişdirmi? Hər yazarın bir qiyamçı olduğunu, hətta yazarın istisna bir şəxs olduğunu hesab etmək məcburiyyəti varmı?

Kimsə totalitarizmin iddialarına qarşı intellektual azadlığı müdafiə etməyə çalışarkən yuxarıdakı arqumentlərlə bu və ya digər şəkildə qarşılaşır. Bunlar tamamilə ədəbiyyatın nə olduğu və necə — ola bilər ki, yaxşısı nə üçün — meydana gəldiyi barədə yalnış anlayışa əsaslanır. Bu anlayışa görə, yazar adi bir əyləndirici yaxud melodiyanı asanca dəyişdirə bilən orqan çarxçısı kimi asanlıqla bir propaqanda xəttindən digərinə keçə bilən rüşvətxor gündəlik işçidir. Lakin nəticədə, kitablar nə üçündür? Tamamilə aşağı səviyyə belletristika istisna olmaqla, ədəbiyyat təcrübələri qeydə almaq yolu ilə müasirlərinin dünyagörüşünə təsir etmək cəhdidir. Və ifadə azadlığı məsələsinə gəldikdə, adi jurnalistlə ən “qeyri-siyasi” yaradıcı yazar arasında çox da fərq yoxdur. Jurnalist yalan yazmağa yaxud mühüm hesab etdiyi xəbəri inkar etməyə məcbur olduqda, azad deyil və azad olmadığını hiss edir; yaradıcı yazar da öz baxış bucağından fakt hesab etdiyi subyektiv hisslərini təhrif etmək məcburiyyətində qaldıqda, azad deyil. Öz məqsədini daha dəqiq ifadə etmək üçün o, reallığı təhrif edə yaxud karikaturalaşdıra bilər, lakin öz zehninin mənzərəsini yanlış təqdim edə bilməz: o, az da olsa inamla xoşlamadığı şeyləri xoşladığını, inanmadığı şeylərə inandığını deyə bilməz. Əgər bunu etməyə məcbur olarsa, tək nəticə yaradıcı istedadının quruması olacaq. Problemi mübahisəli mövzulardan uzaq tutaraq həll edə bilməz. Həqiqətən qeyri-siyasi ədəbiyyat deyilən bir şey yoxdur, ən azından birbaşa siyasi növün qorxu, nifrət və lütflərinin hər kəsin şüurunun səthinə yaxın olduğu bizim əsr kimi bir dövrdə. Hətta tək bir tabu belə ağıl üzərində hərtərəfli sarsıdıcı təsirə malik ola bilər, çünki hər zaman sərbəst izlənilən hər hansı bir düşüncənin qadağan olunmuş düşüncəyə yol açma təhlükəsi mövcuddur. Belə ki, totalitarizmin atmosferi istənilən nəsr yazarı üçün ölümcüldür, baxmayaraq ki, şair, hər hansı bir lirik şair, bəlkə də, onda nəfəs ala bilər. Bir neçə nəsildən daha çox yaşayan hər hansı bir totalitar cəmiyyətdə, son dörd yüz il ərzində mövcud olmuş nəsr ədəbiyyatının faktiki olaraq sona çatması ehtimal olunur.

Ədəbiyyat bəzən despotik rejimin altında inkişaf etmişdir, lakin tez-tez qeyd olunduğu kimi, keçmişin despotizmi totalitar deyildi. Onların repressiya vasitələri həmişə səmərəsiz idi, hakim sinfləri ümumiyyətlə ya korlanmış, ya süst, ya da görünüşcə yarım liberal olmuş və hakim dini doktrinalar əsasən mükəmməllik və insan yanılmazlığı anlayışına qarşı işləmişdir. Lakin bariz həqiqətdir ki, nəsr ədəbiyyatı ən yüksək səviyyəsinə demokratiya və azad fikir dövrlərində çatıb. Totalitarizmdə yeni olan şey onun doktrinalarının təkcə mübahisəsiz deyil, həm də qeyri-sabit olmasıdır. Adam onları lənət ağrısı ilə qəbul etməli, lakin digər tərəfdən bir an ərzində dəyişə biləcəyinə də həmiş hazır olmalıdır. Məsələn, bir ingilis kommunist və ya “yol yoldaşı”nın Britaniya ilə Almaniya arasındakı müharibəyə dair göstərdiyi bir-birinə tamamilə zidd olan müxtəlif münasibətlərə baxaq. 1939-cu ilin sentyabrından öncəki illər ərzində onun “nasizmin dəhşətləri” haqqında davamlı şəkildə panikada olması, Hitlerin qınanmasına dair yazdığı hər kəlməyə boyun əyməsi gözlənilirdi. 1939-cu ilin sentyabr ayından etibarən iyirmi ay ərzində o Almaniyanın törətdiyindən daha çox ədalətsizliyə məruz qaldığına və ən azından yazılı mətində “nasist” kəlməsinin lüğətdən tamamilə çıxarılmalı olduğuna inanmaq məcburiyyətində qaldı. 1941-ci ilin 22 iyun səhəri saat səkkiz xəbər bülletenini dinlədikdən sonra, o, Nasizmin dünyanın indiyə qədər gördüyü ən qorxunc şər olduğuna yenidən inanmağa başladı. Hazırda siyasətçinin belə ziqzaqlar etməsi çox asandır: yazıçı üçün isə iş bir az fərqlidir. Əgər o, sadiqliyini tam olaraq doğru zamanda dəyişdirəcəksə, ya da öz subyektiv hissləri haqqında yalan danışmalı ya da onları tamamilə basdırmalıdır. Hər iki halda da öz yaradıcı potensialını məhv edir. O, yalnız öz yaradıcı niyyətlərini tərk etməyəcək – istifadə etdiyi sözlər onun qələminin altında ölü görünəcəkdir. Bizim dövrümüzdə siyasi yazı demək olar ki, tamamilə bir uşaq Meccano dəsti hissələri kimi boltlanmış prefabrik ifadələrdən ibarətdir. Bu, özünü senzuranın qaçınılmaz nəticəsidir. Sadə, canlı bir dildə yazmaq üçün qorxusuz düşünmək lazımdır və əgər adam qorxusuz düşünsə siyasi cəhətdən ortodoks (ənənəçi) ola bilməz. Hakim ənənənin çoxdan qurulduğu və elə də ciddi qəbul edilmədiyi “inanc çağında” bu başqa cür ola bilərdi. Bu halda, adam şüurun bir çox sahəsini rəsmi doqmanın təsirindən xilas və ya azad edə bilərdi. Bununla belə, qeyd etməyə dəyər ki, nəsr ədəbiyyatı yalnız Avropanın inanc çağında demək olar ki, yoxa çıxmışdı. Bütün orta əsrlər boyunca az qala, heç bir yaradıcı nəsr ədəbiyyatı yoxdu və çox az tarixi əsər vardı. Və cəmiyyətin intellektual liderləri ən ciddi düşüncələrini min il boyunca çox da dəyişməyən ölü bir dildə ifadə etmişdirlər.

Bilge.az
Yuxarı