post-title

Azad Qaradərili - Azərbaycan ədəbiyyatını silkələyən əsər

(Sabir Əhmədlinin “Dünyanın arşını” romanı barədə qeydlərim)

“Dünyanın arşını” Sabir Əhmədlinin 20-yə yaxın romanından biri olsa da,  həmin əsərin  bu böyük nasirin yaradıcılığında  deyil,  ümumən Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Bəri başdan deyim  ki,  mən Sabir müəllimi  özümə ustad bilmişəm. Həm də sağlığında onunla  çox təmasda olmuşam. “Dünyanın arşını” barədə  o həmişə həvəslə danışırdı. Mən ona bir dəfə çəkinə-çəkinə sual verdim: “Sabir müəllim, romanda avtobioqrafik  yerlər çoxdurmu?” O gülə-gülə dedi: “Bəlkə deyəsən ki, avtobioqrafik olmayan yerlər var?”

Mən anladım ki, yazıçı elə bil mənim qeydimə  sevinirdi. Amma o məni qeyri-müəyyən vəziyyətdən qurtarmaq üçün əlavə etdi:”Yazıçı yaxşı bilmədiyi şeydən yazmamalıdır...” 

Sonra gözlərini qıyıb: “ - Amma bu o demək deyil ki, yazıçı elə özündən,  ailəsindən yazmalıdır. Bu onu bitirər”, - dedi.

Bu roman, yazıçının ən başıbəlalı əsəridir. Ən əsası isə bizim oxuduğumuz “Dünyanın arşını” müəllifin  əsərinin orjinalı deyil. İlk yazılışda 500 səhifə olan romandan  çap olunanda cəmisi 200 səhifə qalmışdı. Əsəri ilk olaraq “Azərbaycan” jurnalı  4 nəmrədə vermişdi. Halbuki, ixtisar olunmuş variantı elə  iki  nömrədəcə vermək olardı. Bəs bunu səbəbi nə idi ki, baş redaktor Cəlal Məmmədov  əsəri  4 nömrəyə  səpələmişdi?

Onu deyim ki, mən əsər haqqında  fakt gətirərkən bir Sabir müəllimdən eşitdiklərimə əsaslanacam, bir də onun ömrünün son illərində yazdığı, ölümündən sonra şap olunan “Yazılmayan yazı”  adlı avtobioqrafik  kitabına söykənəcəm.

Demək, Sabir müəllim  bu son kitabında yazır ki, baş redaktor əsəri çap etmək üçün məni çoxlu ixtisarlar aparmağa vadar etsə də, əslində  onun nəşrinə  yardımçı oldu. Həm də özünü qorumaq üçün  əsəri 4 nömrəyə səpələdi ki, bir növ nömrələri oxuyanlıar  ardıcılığı itirsinlər, əsərdəki bəzi mətləblərdən xəbərdar ola bilməsinlər. 

Zəruri qeyd: Sabir müəllim “Yazılmayan yazı”da bu ixtisarları yana-yana yada salır: “Baş redaktorun qeydlərinə görə mən romana bir də baxdım. Onun irad tutduqlarının bir qismini düzəltdim, bir qismini kəsdim, atdım. Bu romanın “dosya”sı ilə yaxşı tanış olmaqdan ötrü  onun ilk variantını oxumaq düz olar. Əlbəttə, orada artıq yerləri çıxmaqla. Bir parçanı  çıxdığıma indi də heyfsilənirəm: Xudafərinə gedirlər. Orada Arif çoban görür. Bu çoban otardığı heyvanlardan seçilmir. Geri, evə qayıdanda qardaşı – birinci katib ondan səfərin necə keçdiyini soruşur. Kiçik qardaş danışr və deyir: “Mən Qumlaxda bir çoban gördüm. Onu muzeydə qoyasan qəfəsə, altından  yazasan: “İnsanın meymunlaşmasında əməyin rolu.” Baş redaktor qalın qaşlarını dartıb, qınaq dolu səsiylə ucadan demişdi:”Nu, doroqoy!”

Roman jurnalda çıxandan sonra  böyük rezonansa səbəb olur.  Moskvada, Ukraynada və başqa respublikalarda əsəri tərcümə edib çap etmək üçün plana salırlar. Fəqət...

“Azərnəşr”də əsəri çap etmək əvəzinə, onu bir az da kəsib-doğrayırlar. İlyas Əfəndiyevin qardaşı  baş redaktor Mustafa Əfəndiyev deyir: “Mən əlimi kəsərəm,  belə əsəri nəşr olunmağa qoymaram.”  Bayram Bayramov da əsərin əleyhinə çıxır. Arada əlyazması yoxa çıxır.  Bununla da qalmayıb,  doğranmış səhifələri də  əlavə etməklə  DTK-ya geniş bir izahat yazılır. 

1972-ci ilin avqustunda Azərbaycan KP MK-nın plenumunda  birinci katib H.Əliyev ədəbiyyata geniş yer ayırır. Və “Dünyanın arşını” haqqında kəskin şəkildə yazılır: “Bu romanda  ciddi ideoloji sapıntılara  yol verilmişdir.”

Müəllif sonralar söhbətləriundə deyərdi: “Biz yıxılana balta çalanıq. Hamı düşmüşdü üstümə. Bayram Bayramov, Əli Vəliyev, Əlfi Qasımov... daha kimlər  əleyhimə o ki var döşəmişdilər. Hətta  Əli Vəliyev bir məclisdə açıqca demişdi ki, bu adam, yəni  Sabir Əhmədov onun qurduğu kolxozu dağıtmaqla məşquldur. Buna heç vaxt yol verməyəcək.”  (Sonralar Sabir müəllim bu danışdıqlarını  son kitabında daha geniş yazmışdı.)

Daha bir zəruri qeyd: 10-12 ilin söhbətidir. Şəhərdə təsadüfən Sabir müəllimlə görüşdük. Məni möhkəm danladı ki, niyə zəng-zad eləmirəm? Günahımı boynuma alsam da, bildirdim ki, ustad, uşaqlar böyüyüb, problümlərin altında inləyirəm. İki uşaq ali məktəbdə oxuyur, oğlum tibb institutuna hazırlaşır... Güldü və dedi ki, zarafat edirəm, bilirəm ki, sən ailəcanlısan. Amma arada görün, çay içək, dərdləşək. Və qəfil soruşdu ki, indi hara gedirsən? Tələsik işim olsa da, dedim, heç yerə, sizi gördüm, hər şeyi unutdum. Onda dedi, dur gedək Akademiyaya. Orda Kamal Talıbzadənin yubileyi olacaq.  Mən belə yerlərə gedən olmasam da, Sabir müəllimin xatirinə razılaşdım. Bir də o elə-belə heç yerə getməzdi. Səbəbini yəqin biləcəm. Marşrutda gedəndə soruşdu ki, “Dünyanın arşını”nın qalmaqalı yadındadır? Dedim hə, mən onda tələbə idim, qəzetlərdə MK-nın plenumu barədə və sizin roman haqda  yazılmışdı. Təbii ki, sonralar daha ətraflı tanış oldum. 

Dedi, həmin plenumdan sonra  cənub rayonlarından birində  Yazıçılar İttifaqının səyyar  iclası keçirilirdi. Mənə demişdilər ki, məruzəçi Kamal Talıbzadə səni  yıxıb sürüyəcək. İnanırsan? Məruzə başa çatdı, sadəcə adımı çəkmişdi, o da xalaxətirin qalmasın... Sən baxma e, o kişi oğluydu. Bilirsən də Abdulla Şaiqə bir gün zəng vururlar ki, bəs nə durmusan, bu gecə Cavid Əfəndi sürgündən Bakıya  qayıdır.  Şaiq Əfəndi bilir ki, bu ona torba tikmək üçün tələ ola bilər. Amma dözmür, durub gedir  dəmiryol vağzalına. Qatarlar hamısı gəlir, amma Cavid əfəndi gəlib çıxmır. Bu vaxt bir nəfər Şaiq Əfəndiyə yanaşıb   Cavid Əfəndinin ailəsinə həmişə yardım edən  bu kişiyə rişxəndlə deyir: “Gəlmədi Hüseyn Cavid? “

Şaiq Əfəndi tövrünü pozmadan deyir:”Yox, gləmədi.”

“Gəlsəydi ona nə deyəcəkdin ki?”

Özünü bu murdar adamın sifətinə tüpürməkdən güclə saxlayan Şaiq Əfəndi deyir: “Üzünə tüpürəcəkdim.”

Sabir müəllim gülümsünüb dedi:”Kamal müəllim elə kişinin oğludur. O vaxt mənə olan hücumları əslində məruzəsilə dəf etmişdi. İndi 80 illiyidir, gedək iştirak edək...”

Biz o tədbirdə yan-yana otutmuşduq. Hətta yadımdadır ki, şəklimizi də çəkdilər. (Təəssüf ki, bu böyük insanla bicə dənə də olsun şəklim yoxdur)  Üstündən tam on il keçəndən sonra  “Yazılmayan yazı”da mən bunları bir daha oxuyanda çox xoşhal oldum. 

Əsəri təbii ki, Azərnəşrdə plandan çıxarırlar. “Drujba narodov” jurnalı da nəşri ləğv edir. “Sovetski pisatel”dəki kitab və Ukraynadakı nəşr də dayandırılır.  Müəllifə təklif gəlir ki, “səhvlərini etiraf etsin”,  rəhbərə məktubla müraciət edərək haqlı olduğunu bildirsin və sair. (Məruzədə  digər tənqid olunanlar bunu etmişdilər) Ona bunu məsləhət görənlər  çox idi: MK-dan Xeyrulla Əliyev, AYB-dan İmran Qasımov, yazıçı Altay Məmmədov və ən əsas da müəllifin öz rayonlarında birinci katib olan  qardaşı Vaqif Əhmədov... Lakin yazıçı bunu etmir və  Yazıçılar İttifaqının  növbətçi  zəncirliləri  müəllifin üstünə  hücum çəkir, ona salam vermir, salamını almırlar. Əsərlərini çap etmirlər. Nəhayət, dözməyən müəllif SSRİ Yazıçılar İttifaqının sədri G.Markova məktub yazıb başına gələnləri  çatdırır. Markov sonralar İ.Qasımova deyirmiş: ”Bu adi məktub deyil. İttihamdır. Yazıçının acı taleyidir.”  (“Yazılmayan yazı”dan) 

Sonralar müəllif  biləcək ki, onun haqqında MK-nın çap olunmuş qərarı muştuluq imiş.  İdarə və təşkilatlıara  göndərilmiş məxvi məktubda qərarın bütöv hissəsi verilibmiş. Orada belə bir cümlə varmış: “V romane iqnariruetsya osvoboditelnaya missiya sovetskoy armii.” Müəllifi fikir götürür: Heydər Əliyev yəqin ki, bu romanı oxumayıb. Bəs axı kim edib bunu? Qardaşı  müharibədə həlak olub Sovet İttifaqı Qəhrəmanı olan yazıçıya bu damğanı vurmaq kimin ağlına gəlmişdi?

Və yazıçının yadına düşür ki, romanda belə bir yer var: Xudafərin körpüsündən Təbrizə keçib gedən Sovet ordusunu öz gözləri ilə görən müəllif (onda 10-12 yaşlarındaymış) orada belə cümlə işlədib: “Bu qoşun harayasa ölüm aparır, özləri ölümə gedirdi.”  İndi də açılmayan bir cinayəti – Sovet ordusunun əliylə şah tərəfindən boğulmuş Güney Azərbaycanın istiqlalını  sanki  fəhmlə görmüşdü  gələcəyin yazıçısı  o vaxt. Və bunu  sonralar  romanda yazmışdı. O ordunun tərkibində Təbrizə gedən R.Rzadan, M.İbrahimovdan, M.Rahimdən və başqalarından fərqli olaraq o yazmışdı. S.Cəfər Pişəvərinin öldürülməyini də yazmışdı. O taydan bura pənah gətirən inqilabçıların başına gətirilənləri də yazmışdı...

Amma yazıçını və əsəri vurduran adam gizlində qalmışdı. Bir təsadüf nəticəsində  müəllif  bunu aşkarlaya bilir...

“Sovet ordusunun xilaskar rolunu inkar...”  Bəs axı  bu kimin ağlına gəlmişdi? Müəllif anlayır ki, sirr romanın çap olunduğu “Azərbaycan” jurnalındadır. Yazıçılar İttifaqının kitabxanasına gedib romanın çap olunduğu nömrələri alır və baxır ki, səhifələrdə əski əlifbayla qeydlər edilib. Elə sovet ordusuyla bağlı səhifələrdə də! Kitabxanaçı bildirir ki, jurnalı M.İbrahimov götürübmüş. Çoxlarının KKB generalı kimi tanıdığı Mirzə müəllim öz Vətəni haqqında yazılan həqiqətləri danos kimi MK-ya çatdırıb, məruzəyə, qərara saldırıb... (Bütün bunlar haqqında daha geniş şəkildə “Yazılmayan yazı”da  tanış olmaq olar)

Sual doğur: Bəs nə idi bu əsərin əsl qayəsi ki, bu qədər hay-küyə, hətta MK-nın qərarına düşməsinə səbəb olub? Təkcə yuxarıda qeyd etdiklərimizmi?

Xeyr. Əsər o dövr üçün şedevr sayıla biləcək bir səviyyədə yazılmış roman olmaqla bərabər, həm də  doğrudan da antisovet bir roman idi.

Bu isə ayrıca bir söhbətin mövzusudur.
       

Romanda iki mühüm xətt var: əsərin qəhrəmanı  filosof Arif, onun ailəsi və onları əhatə edən ətraf mühit: Haraylılar kəndi, qonşular, qohumlar...

Əsərin qəhrəmanı filosof Arifdir. Müəllimi  olan filosof  özünə qəsd etmiş, qardaşı Sovet-Alman müharibəsində  həlak olub Sovet İttifaqı Qəhrəmanı  olmuş, digər qardaşı birinci katib   Arif. Bu, əslində müəllifin özüdür. 

Arif məzuniyyətini  doğma kəndlərində keçirir və romanda cərəyan edən hadisələr 10-15 gün ərzində baş verir... 

Yazını burda saxlayır və ardını ustadın gələcək tədqiqatçılarına saxlayıram. 

Və sonuncu zəruri qeyd. Bu gün Sabir Əhmədlinin yaradıcılığından tədqiqat işləri yazılmaya bilər, amma gün gələcək, onun yaradıcılıq estetikasından, ədəbi dünyasından və ən əsası anti-sovet yaradıcılığından qalın-qalın kitablar yazılacaq. Bunu yadınızdan çıxartmayın!
          
 Kultura.az
Yuxarı