Yuval Noah Harari - Koronavirusdan sonrakı dünya
Bəşəriyyət hazırda qlobal böhranla üz-üzədir. Bu böhranı dövrümüzün ehtimal ki,…
1994-cü ilin 12 mayında “Bişkek protokolu”nu imzalayan Azərbaycan rəsmiləri müqaviləni qələbə sənədiymiş kimi təqdim eləyəndə, ölkənin kənd və şəhərlərində, küçə və tinlərində, çayxana və məclislərində müzakirələr açılanda, mən o sənədi Leninin 1918-ci ildə qollatdığı “Brest sülhü”nə bənzədənlərlə bir yerdəydim. Sanki Trotski dirilib özünün məşhur şüarını təkrarlayırdı: “Biz müharibəni dayandırır, sülh bağlayır, ordunu buraxırıq!”
Bizdə əksinə olmuşdu – 33 döyüşən batalyon atəşkəsdən xeyli əvvəl buraxılmışdı. O vaxt tarixə düşmənlə separat işbirliyi, vətənə xəyanət kimi düşmüş “Brest sülhü”nə bənzətmədə inamsız tək təsəlli o idi ki, bəlkə bu da “gələcək böyük uğurlar” naminə “xırda məğlubiyyət”di.
Brest sülhüylə Rusiya imperiya əhalisinin üçdə birinin – 56 milyon insanın yaşadığı 780 min kvadrat kilometr ərazidən, ölkənin becərilən torpaqlarının 27, dəmiryolun 26, toxuculuq sənayesinin 33 faizindən məhrum oldu. Həmin torpaqlarda imperiya poladının 73 faizi əridilir, daş kömürün 89 faizi çıxarılır, qəndin 90 faizi istehsal olunur, sənaye işçilərinin 40 faizi yaşayırdı. Minlərlə zavod və fabrik vardı.
Bişkek protokoluyla dağlı-aranlı Qarabağda qalanlarımızın statistikası aparıldımı, alınan rəqəmlər 20 ilə vuruldumu?
Deputat Elxan Süleymanovla iqtisadçı alim Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabındakı hesablamalarda bu rəqəm 431 milyard dollardı.
Birinci Dünya müharibəsində məğlub olan Rusiya Sovet İttifaqının simasında əvvəl itirdiyi torpaqlardan qat-qat artığını alıb İkinci Dünya müharibəsindən qələbəylə çıxmışdı. “Bişkek protokolu”na “HƏ” deyənlər “Brest sülhü”nü imzalayanların siyasi xələfləridi: hər halda eyni partiyanın biletini daşıyıb, rəhbərliyində yer almışdılar. Biz də Qarabağı düşmənə verib sonra atəşkəs elan etdik. Arxa cəbhədə neft çıxarıb varlanacaq, dünya güclərini tərəfimizə çəkəcəkdik, güclənib torpaqlarımızı geri alacaqdıq. Məğlub Azərbaycan Yeni Azərbaycanın simasında müharibədən qələbəylə çıxacaqdı.
***
Yazılanlara inansaq, bu gün Azərbaycan ərazisində 146 400 nəfər əsgər və zabit var.
Onun 20 000 nəfəri Qarabağdadır – işğalçı ordu deyirik. Vətənin bir hissəsi bu işğalçı ordunun əlindədi.
Vətənin yerdə qalan hissəsində isə 126 400 nəfər əsgər və zabit var – milli ordu deyirik. Milli ordudan əlavə Sərhəd Qoşunları, Daxili Qoşunlar, MTN, DİN var. Hələ Kür daşqınlarında gördüyümüz FHN, Sulutəpədə tanış olduğumuz hərbiləşdirilmiş neftçi dəstələri demirəm.
Bütün bu qoşun növləri, güc strukturlarının tək məqsədi torpaqların bütövlüyünə, xalqın azadlığına, təhlükəsizliyinə qarant durmaqdı! Ordu işğal olunmuş torpağı azad etməli, polis vətəndaşı hər addımda rastlaşdığı ədalətsizlikdən, sərhədçi sərhədi qaçaqmalçıdan, “fövqaladəçi” əhalini seldən-sudan qorumalıdı! Qorumursa, əlisilahlı bu qədər qoşun nəyə gərəkdi? Xalqı zorla evindən çıxarıb damını başına uçurtmağa, haqq səsini boğmağa, qorxudub qula çevirməyəmi? Süfrəsindən, cibindən, büdcəsindən halal qismətini oğurlayıb özünə də əl-ayağa dolaşan həşərat kimi baxanları qorumağamı? Azadlığını, ləyaqətini, namusunu, xoşbəxtliyini, rifahını, ümidini işğalda saxlamağamı?
“Bişkek protokolu” sanki Azərbaycanı iki işğalçı arasında bölən atəşkəs sənədidi. Bu halıyla Polşanı iki işğalçıya pay-püş edən Molotov-Ribbentrop müqaviləsinə daha çox bənzəyir.
Bütün zamanlarda belədi – avtoritar dövlətin silahlı qüvvələri xalqa yox, ali zümrəyə qoruqçudu. Qarabağda yaşamaq haqqı ilə Azərbaycanın başqa yerlərində azad, xoşbəxt, rifah içində, ədalət harmoniyasında yaşamaq haqqımız eynidi! Bəs bu haqqımızın qarantı varmı? Varsa, o kimdi? Bu haqqı Qarabağda erməni ordusu, Bakıda, Qubada, Sabirabadda, Naxçıvanda Azərbaycan əlisilahlısı boğursa, demək, bütöv ölkədə torpağımız, azadlığımız, ləyaqətimiz, nəhayət, arzu və xəyallarımız da işğal olunub!
Xalq üçün fərqi yoxdu, işğalçı elə işğalçıdı.
***
Mayda Şuşanın, Laçının işğalının 20, “Bişkek protokolu”nun 18 ili tamam olur.
Avropanın mahnı qalibləri də məğlub Azərbaycana elə bu ayda toplanacaq. Tarixin ironiyasına bax, elə bil, ölkəni işğal edənlərin yubiley konsertinə gəlirlər...
Vahid QAZİ
www.vahidqazi.wordpress.com