Güntay Gəncalp: Ağalar Qutun iddialarına cavab
Güntay bəy, Ağalar Məmmədovun yazılarını oxudunuzmu? Dillə bağlı…
Bizim bu yöndə apardığımız bütün köklü araşdırmalar, o sıradan incəsənətin insana aşıladığı duyğuları öyrənməyimiz də, istər Avropada, istərsə də Asiyada olsun, sürəkli olaraq, hansısa anlaşılmazlıq pərdəsinə bürünmüş gerçəkliklə üzləşəcəkdir. Elə bu, qarşımızda gördüyümüz qırmızı çiçək də, mənim üçün bir, sizin üçün isə başqa anlam daşıyır.
Bu danışıqlar Eynşteynin bağ evində baş tutmuşdur.
Birinci danışıq. 14 iyul 1930-cu il.
Eynşteyn: Siz Dünyaya qaynayıb-qarışmayan, ondan ayrı olan tanrının varlığına inanırsınızmı?
Thakur: Dünyadan qıraqda olan tanrı yoxdur. İnsanın özlüyü–mahiyyəti tükənməz, ölümsüz olduğu üçün də o, Dünyanı qavramağı bacarır. İnsan kimliyinin qavraya bilməyəcəyi bir nəsnə də ola bilməz. Bu isə elə, Dünyanın bütün gercəklərinin də özündə insanilik daşıması deməkdir. Dediklərimi aydınlaşdırmaq üçün bir elmi faktı örnək olaraq göstərmək istəyirəm. Materiya, elektronlarla protonlardan qurulmuşdur, onların arasında isə başqa bir nəsnə yoxdur, ancaq biz materiyanın törəmələrini–biri-biriylə bağlanan ayrı-ayrı elektronlarla protonların toplusu kimi yox, bütöv gerçəklik olaraq görməkdəyik. Bunun təki də, insanlıq dediyimiz gerçəklik ayrı-ayrı kimsələrdən yaranır, ancaq bu kimsələr arasında olan insanlıq bağları–ilişkiləri insanlıq toplumunu, bütöv görünən, yaşarı bir orqanizm biçiminə salır. Dünyayla insanlığın bağlılığı da elə, onların öz aralarında bu sayaq birləşməsindən yaranan bütövlükdür. Bu–insandan ayrılmaz olan Dünyadır. Dediyim bu ideyanı mən incəsənətdə, ədəbiyyatda, dini inanclarda izləyib, araşdırmışam.
Eynşteyn: Dünyanı qavramaqda, biri-birindən seçilib ayrılan iki yanaşma vardır:
1. Dünyanın varlığı büsbütün insan anlağından asılıdır.
2. Dünya insan anlağından asılı olmayan bir gerçəklikdir.
Thakur: Yaşadığımız Dünya, Ölümsüz İnsanla sürəkli bir uyumluqda–harmoniyada olduğundan, biz bu Dünyanın gerçəklərini qavraya, gözəlliklərini duya bilirik.
Eynşteyn: Bu dedikləriniz, Dünyaya insan olaraq yanaşmaqdan doğan yozumdur.
Thakur: Başqa bir yozum ola da bilməz. Bu dünya, insanın dünyasıdır. Dünyaya elmi baxış–hansısa bir alimin baxışıdır. Dünya bizdən ayrılıqda var ola bilməz. Dünya, bizdən asılıdır, onun gerçəkliyi bizim anlağımızdan asılıdır. Doğruluğun, gözəlliyin bəlli ülgülərinin-standartlarının olması, bu dünyanı güvəncli–etibarlı eləyir,–bu standartları isə Ölümsüz İnsan yaratmışdır, onun qavradıqları, duyduqları isə, getdikcə, bizim qavramımıza, duyumumuza çevrilir.
Eynşteyn: Sizin dediyiniz bu Ölümsüz İnsanı–insanın özlüyü-mahiyyəti də adlandırmaq olar.
Thakur: Elədir, bu–insanın ölümsüz, tükənməz olan özlüyü-mahiyyətidir. Biz onu yaşadığımız duyğularla, bir də çəkdiyimiz əməklərlə qavraya bilərik. Bununla da, bizim adlaya bilmədiyimiz çevrələrdən qırağa çıxmağı bacaran Üstün İnsanı anlamağa başlayırıq. Elmi baxışlar, ayrı-ayrı kimsələrin qavramlarında qapanıb qalmır, Dünyanın–ayrıca kimsələrdən yox, hamıdan asılı olan gercəklərini arayıb-öyrənir. Din isə, ayrı-ayrı kimsələrdən asılı olmayan gerçəkliyi qavrayaraq, bizim bir az da dərində olan gərəklərimizlə bu gerçəklik arasında bağlılıq yaradır; dini inancların yardımı ilə qavradığımız gerçəklik, təkcə bizim yox, bəlli bir çoxluğun inandığı dəyərlərə çevrilir.
Eynşteyn: Onda belə çıxır, doğruluq da, gözəllik də, insandan asılı olan gerçəklərdir.
Thakur: Elədir.
Eynşteyn: Birdən insanlar yoxa çıxarsa, onda Belvederli Apollon* öz gözəlliyini itirərdimi?
Thakur: İtirərdi!
Eynşteyn: Mən gözəlliyin bu sayaq yozulması ilə barışıram, ancaq doğruluğu belə yozmağı yanlış sayıram.
Thakur: Nə üçün? Doğruluğu insandan başqa da bir qavrayanmı var?
Eynşteyn: Bu dediklərimi doğrultmağa söz tapa bilməsəm də, ancaq mənim inandığım din elə budur.
Thakur: Gözəllik–bitkin bir uyumluğun-harmoniyanın ideala yaxınlaşmasından doğur, bu özünün örnəyini Universal İnsanda göstərməkdədir; doğruluq isə bu Universal İnsanın anlağının qavradıqlarıdır. Biz, ayrılıqda götürülmüş kimsələr olaraq, kiçikli, böyüklü yanlışlıqlar eləyərək, sınaqlardan keçərək, anlağımızı aydınladaraq, bu doğruluğu qavramağa yaxınlaşırıq, yoxsa, biz doğruluğu başqa necə qavraya bilərik?
Eynşteyn: Mən elmin doğru saydıqlarının, doğrudanda elə insandan asılı olmayan düzgünlüklər, gerçəkliklər olduğuna sizi inandırmaq üçün söz tapa bilməsəm də, ancaq özüm buna ürəkdən inanmaqdayam. Götürün elə Həndəsədəki Pifaqor Teoremini, bu, insandan asılı olmayan bir gerçəkliyin, gözəyarı da olsa, doğruluğunu göstərmirmi? Elə isə, insandan asılı olmayan reallıqlar varsa da, onda bu reallıqlara uyğun olan doğruluqlar da olmalıdır, bunlardan birinin danılması, elə o birinin də danılması deməkdir.
Thakur: Universal İnsanın qavradığı gerçəklər, insanca olan gerçəklər olmalıdır, yoxsa bizim, yəni ayrı-ayrı kimsələrin, qavradıqlarımızı da gerçəklik saya bilmərik, onlara ən azından elmi gerçəkliklər deyə bilmərik, ancaq elə insanın düşünmək bacarığı yaradan orqanlarından doğulan bu məntiqi düşüncələrin yardımı ilə qavradığımız elmi gerçəklər də, bizi addım-addım doğruluğa sarı aparır. Hind fəlsəfəsinə görə, Brahma adlanan absolyut-mütləq bir gerçəklik vardır, onu yalnız istəməklə qavramaq olmaz, nə də onu sözlə anlatmaq olmaz. Onu qavramaq istəyən kimsə, büsbütün sonsuzluğa dalmağı, qovuşmağı bacarmalıdır. Bu isə sözsüz, elmi gerçəklik sayıla bilməz. Bizim bayaqdan söz açdığımız gerçəklər isə bəlli görünüşü olan gerçəklərdir, yəni onlar insan anlağına gerçəklik təki görünürlər, ona görə də, bunlar ancaq insanca olan gerçəklərdir. Onu biz, Mayya* da, ilğım da adlandıra bilərik.
Eynşteyn: Sizin, ola bilsin hind fəlsəfəsindən doğan yozumunuza görə, bu ilğım dediyiniz, yalnız ayrı-ayrı kimsələrin yox, bütün insanlığın qapıldığı bir ilğımdır.
Thakur: Elmdə biz bəlli bir düzənə uyaraq, öz anlağımızın dar çevrəsindən qurtuluruq, ona görə də, Universal İnsanın anladığı gerçəkləri qavraya bilirik.
Eynşteyn: Bu gerçəklik bizim anlağımızdan asılıdırmı? Başlıca problem də elə budur.
Thakur: Bizim doğru adlandırdığımız,–gerçəkliyə subyektiv yanaşma ilə obyektiv yanaşmanın ağlabatan uyumluğundan-harmoniyasından yaranır, elə Universal İnsan da gerçəkliyə bu sayaq yanaşır.
Eynşteyn: Ona qalsa, biz gündəlik yaşamımızda belə, işlətdiyimiz predmetlərin varlığının insandan asılı olmadığını sanırıq. Biz bunu, duyğu orqanlarımız arasında anlaşılmazlıq yaranmasın deyə eləyirik. Örnək üçün, bu gördüyünüz stol, evdə bir kimsə olmayanda belə, öz yerində dayanıb-duracaq, yox olmayacaqdır.
Thakur: Elədir, dediyiniz durumda stol hansısa bir kimsə üçün görünməz olacaqdır, ancaq o universal anlaqdan gizli qala bilməyəcəkdir. Mənim stol kimi qavradığım nəsnəni, mənim kimi anlaq yiyəsi olan bütün kimsələr də belə qavrayacaqlar.
Eynşteyn: Gerçəkliklərin varlığının insandan asılı olmadığını sözlə anlatmaq, doğrultmaq olmur, ancaq, lap deyərdim, yer üzündə yaşamış ilkin insanlardan tutmuş bugünəcən, bütün insanların hamısı buna inanmaqdadır. Biz gerçəkliyi qavraya bilməyi, ancaq Universal İnsanın obyektivliyinə bağlayırıq, yalnız onun bacaracağı bir iş sayırıq. Yəni, bizim varlığımızdan, sınaqlarımızdan, anlağımızdan, istəklərimizdən asılı olmayan gerçəkliklər vardır, ancaq biz bunun nədən belə olduğunu sözlə anlatmaq gücündə deyilik.
Thakur: Elmin anlatdığına görə, stolun bərk bir predmet olması yalnız bir görünüşdür, elə bunun kimi də, insanın anlağı olmasaydı, onda onun stol təki anladığı predmet də olmayacaqdı. Bununla yanaşı, stolun elementar fiziki varlığının, –elektrik yüklü, ara vermədən fırlanan, kiçik dənəciklərdən qurulduğu da artıq bəllidir, ancaq bunu bilməyimiz də elə insanın anlaqlı olmasınna görədir. Gerçəkliyi qavramanın gedişində, Universal İnsanın anlağı ilə, ayrı-ayrı kimsələrin anlağı arasında arası kəsilməz bir çəkişmə gedir. Elmdə, fəlsəfədə, etikada, sürəkli bir qavrama prosesi getməkdədir. Məncə, insandan asılı olmayan hansısa absolyut-mütləq gerçəklik olsaydı belə, o bizm üçün büsbütün gərəksiz olardı. Biz düşüncəmizi gücə salıb, elə bir anlaq qondara bilərik, o baş verən olayların ardıcıllığını yalnız zamana görə dəyərləndirsin, onların baş verdiyi məkanı gözardı eləsin, onda Dünyada baş verən olayların ardıcıllığı da yalnız zamandan asılı olar, haradasa not yazılarının ardıcıllığına görə çalınan musiqiyə oxşayardı. Belə bir anlaq üçün, gerçəkliyi qavramaq, musiqi gerçəkliyini qavramaq kimi baş verəcəkdir, burada artıq Pifaqor Teoreminin azacıq da olsa anlamı qalmayacaqdır. Tutalım, kağız adlanan gerçəklik var, o özü-özlüyündə ədəbiyyat adlanan gerçəklikdən çox-çox uzaqdır. Kağız yeyən Göstəbəyin qavramında ədəbiyyat adında bir predmet yerli-dibli yoxdur, ancaq insanın anlağında ədəbiyyat adlı gerçəklik var, özü də o, kağız adlanan gerçəklikdən qat-qat dəyərlidir. Ona görə də, insan anlağından, duyğularından asılı olmayan hansısa bir gerçəklik olsa belə, biz özümüzün insan anlağımızla yaşadıqca, o bizim üçün büsbütün gərəksiz, dəyərsiz olaraq qalacaqdır.
Eynşteyn: Onda belə çıxır, mən dinə sizdən çox inanmaqdayam.
Thakur: Mənim dinim–Ölümsüz İnsanı, Universal İnsan ruhunu, öz varlığımda axtarıb tapmaq, onu qavramaqdır. Mən bütün bu dediklərimi geniş olaraq, “İnsanın dini” adlı mühazirələrimdə göstərmişəm.
*Hind-Benqal Ədəbiyyatının görkəmli yazıçısı, Ədəbiyyat üzrə 1913-cü ilin Nobel ödülünü almış Rabindronath Thakurun adı, Ədəbi çevrəmizdə rus dilindən yanlış çevrilərək, Rabindranat Taqor kimi işlənməkdədir.
*Belvederli Apollon–Burada, əski çağlarda yunanların Günəş, işıq tanrısı sayılmış Apollonun Vatikanın Belveder bağçasındakı mərmər heykəli anılır.
*Mayya–induizmlə buddizmdə bir termin olaraq işlənməkdədir, bu inanclara görə, insanın öz qavramı ilə öyrənib bildikləri, gerçəkliyin ötəri-keçici görüntüləri–mayyalardır.
İkinci danışıq. 19 avqust 1930-cu il.
Thakur: Biz bu gün doktor Mendellə, bu yaxınlarda ortaya çıxan riyazi hesablamaları araşdırdıq, bu hesablamalara görə, elementar dənəciklərin (zərrəciklərin) yaşadığı çevrədə gözlənilməzliklər ola bilər; bu isə, Dünyada baş verənlərin sonu öncədən bəlli olmayan bir yolla getdiyini göstərir.
Eynşteyn: Düzdür, bu dediklərinizin doğruluğunu göstərən faktlar var, ancaq bu o demək deyil, olayların nəyə görəsə, hansısa nədəndən baş verdiyini bütünlüklə danmaq olar.
Thakur: Ola bilsin belədir, olayların nədən baş verdiyini, onları doğuran elementlərdən ayırmağa dəyməz; sanasan hansısa bir güc, bu elementləri bəlli bir anlaşmaya gətirib, Dünyanın gerçəkliklərini yaradır.
Eynşteyn: Kimlərsə dünyanın düzənini anlamaq üçün metafizikaya üz tutur. Özlüyündə isə, böyük elementlər öz aralarında birləşərək, varlığı gərəkən yönə aparırlar, çox kiçik elementlərdə də bu var, ancaq biz bunu sezə bilmirik.
Thakur: Belə çıxır, varlığın kökündə ikilik–duallıq dayanır, burada başıpozuq döyükmələrlə-impulslarla, yönverici istəm biri-biri ilə çəkişməkdədir, sonucda bu yönverici istəm, impulslara üstün gələrək, varlığı–düzgün cxemlərlə qurulmağa doğru çəkib apara bilir.
Eynşteyn: Çağdaş fizika elmi burada bir anlaşılmazlıq görmür. Buludlar uzaqdan böütöv görünür; bir az yaxından baxanda isə onun qarmaqarışıq su damlalarından qurulduğunu görürsünüz.
Thakur: Mən burada insan psixikası ilə uzlaşma da görürəm. Bizim istəklərimiz, umduqlarımız da, başıpozuq-xaotik durumda olur, ancaq xarakterimiz bu elementləri cilovlayıb, onları uyumluğa gətirə bilir. Bu elə fiziki dünyada baş verənlərə bənzəmirmi? Burada elementlərin insan istəminə qarşı çıxıb, dirəniş göstərməsi ola bilərmi? Fiziki dünyada da elə, bu sayaq prinsiplər ortaya çıxaraq, elementləri yönəldib, gərəkən sxemlər üzrə qurmurmu?
Eymşteyn: Burada ayrıca götürülmüş elementdə belə, dayanıqlı bir quruluşun olduğu ilə üzləşirik; örnək üçün, radium elementinə baxsaq, onun öz bəlli qurluşunu, sürəkli olaraq saxladığını görəcəyik.
Thakur: Belə olmasaydı, varlığın keçdiyi yeniləşmə yolu da çox anlaşılmaz görünərdi. Gözlənilməzliklərlə, öncədən bəlli olanların sürəkli bir harmoniyası-uyumluğu vardır, bütün yeniliklərin, yaşarılıqların sonsuz qaynağı da elə budur.
İnsanın bütün işlərində, hansısa qapalı sferada özünü göstərən diribaşlıq, özgürlük vardır, bunlar bizim kimliyimizi üzə çıxardır. Bu lap Hindistandakı musiqi sistemi kimidir, burada musiqinin necə çalınacağı, Avropada olduğu kimi, dəyişməz qəliblərə salınmamışdır. Bizim musiqi bəstəçiləri melodiyanın, ritmlərin bitkin bir sxemini öncədən açıqlayır, verilən bəlli bir çevrənin içində, çalğıçı bu melodiyanı öz yozumu ilə çala bilər. O, melodiyanın daşıdığı harmoniyanın buyuruqlarına uyğun çalmalıdır, yəni bəlli musiqi düzənini pozmadan, ürəyindən keçənləri də öz çalğısına qatıb, istədiyi kimi çala bilər. Biz böyük musiqi bəstəçilərimizi yüksək dəyərləndiririk, ancaq onların qoşduğu musiqini səsləndirən çalğıçıdan, özünün artırdığı yeniliklərlə, bəzəklərlə, bu bəstəni gözəlləşdirməyi, ürəyəyatımlı bir biçimə salmağı da umuruq. Yaradıcılıqda, biz yaşamın bu başlıca yasasını gözləməyə çalışırıq, biz onu pozmadan, öz kimliyimizin çevrəsində, yetərincə özgürlük qazana, istəklərimizi gerçəkləşdirməkdə böyük uğurlar qazana bilərik.
Eynşteyn: Bu dedikləriniz, musiqi çalğıçılığının uzun illər boyunca yüksəlib, çox böyük yetkinliyə çatdığı yerlərdə ola bilər, belə olanda musiqinin insan anlağını yaxşılığa doğru dəyişə bilmək gücü də yaranır. Avropada, lap çoxdan, musiqi xalqla doğmalığını itirib, onun dünyaduyumuna yadlaşıb, az qala, ancaq bu işin bilicilərinin anlaya, duya bildiyi, gizlinlərlə dolu bir incəsənətə çevrilmişdir.
Thakur: Siz avropalılar, ellikcə, özünüzün bu çox ağır qavranılan musiqinizə alışmağa çalışmalısınız. Hindistanda musiqini səsləndirərkən yol verilən özgürlük ölçüsü, çalğıçının yaradıcı kimliyi ilə sıx bağlıdır. O bəstəçinin qoşduğu mahnını, özününkü kimi çalıb oxuya bilər, ancaq bunun üçün gərək onun, çaldığı bu melodiyanın ritmik quruluşunu qavramaq bacarığı da olsun.
Eynşteyn: İncəsənət örnəkləri böyük ülgülərə arxalandıqca, melodiyanın daşıdığı ideyanı bütünlüklə açıqlaya bilir, bununla yanaşı bu açıqlama üçün çoxlu musiqi yozumları–variasiyaları düşünüb tapıla bilir. Bizim musiqilərdə isə, bu variasiyalar da öncədən bəllidir...
Thakur: Biz davranışlarımızda yaxşılıq ülgülərini gözlədikcə, öz mənliyimizi gerçəkləşdirmək üçün ən böyük özgürlük qazanmış oluruq. Davranışın arxalandığı prinsip belə olmalıdır, ancaq burada xarakter, yəni, bizi bu prinsiplə davranmağa yönəldən gücümüz, bir də bu prinsiplə ərsəyə yetən mənliyimiz, bizim öz yaradıcılığımız–özümüzün özümüzü yaratmağımız olacaqdır. Bizim musiqidə, çalğıçının yaradıcılıq özgürlüyü ilə, öncədən verilmiş, yerinə yetirilməsi gərəkən düzənlər qoşalaşır.
Eynşteyn: Şərqilərin sözləri dəyişilə bilərmi? Yəni, oxuyan bu şərqini özünün qoşduğu sözlərlə səsləndirə bilərmi?
Thakur: Olar. Bizdə Benqaliyada bu sayaq şərqi oxunuşu vardır- biz buna kirtan deyirik- burada oxuyan şərqiyə özündən söz artıraraq, onu istədiyi kimi yozub oxuya bilər. Bu isə, şərqini izləyənlərdə çox böyük coşqunluq yaradır, oxuyanın o andakı çılğınlığı, onlara da çox gözəl duyğular aşılayır.
Eynşteyn: Çalınan musiqidə metrik forma, başlanğıcdan sonacan dəyişməz qalırmı?
Thakur: Qalır. Siz burada bəlli bəstənin çevrəsindən çıxa bilməzsiniz; çalğıçı özünün bütün yozumlarında musiqinin bəlli ritmini, metrikasını gözləməlidir. Sizin avropa musiqisində metrikanı dəyişmək olar, ancaq melodiyanı dəyişməyə yol verilmir.
Eynşteyn: Hind musiqisini söz oxumadan çalırlarmı? Söz oxumadan çalınan musiqi dinləyicilər üçün anlaşılan olurmu?
Thakur: Bizdə elə şərqilər var, ondakı oxunan sözlərin anlamı olmur, yəni oxuyan bu sözlərdən, notsayağı yararlanır, musiqiyə züy tutur. Quzey Hindistanda musiqi çalğıçılığı Benqaliyadakına oxşamır, orada musiqi dinləyiciyə hansısa sözü çatdırmaq üçün çalınmır, çalğının üstündə söz oxunmaya da bilər. Buradakı musiqi çox dərindir, olduqca incədir, melodiya addım-addım yüksələrək, özünün yetkinliyinə çatır.
Eynşteyn: Bu musiqilər çoxsəslidirmi?
Thakur: Burada çalğı alətlərindən, harmoniyanı saxlamaq üçün yox, ritmi gözləmək üçün yararlanırlar, yəni, bununla musiqinin bir az da tutarlı, dərin olmasına çalışırlar. Elə sizin musiqinin bütünlüklə bəlli bir harmoniya ilə yüklənməsi də, onun melodiyasını korlamır.
Eynşteyn: Mən isə deyərdim, bizim musiqidə harmoniyanın melodiyanı korlaması da olur. Mən harmoniyanın melodiyanı “üfürüb şişirtdiyi” durumları deyirəm.
Thakur: Melodiya ilə harmoniya–şəkildəki xətlərlə boyalar kimidir. Qrafika ilə çəkilmiş şəkil bitkin bir gözəllikdə ola bilər; onu boyamaq isə qarışıqlıq, anlamsızlıq yaradardı. Ancaq başqa örnəklərdə, boyalarla xətlərin birləşmələrindən olduqca gözəl rəsmlər yaranır, sözsüz, burada gərək boyalar xətləri sıxışdırıb görünməz eləməsin.
Eynşteyn: Bu çox gözəl bənzətmədir; burası da var, yaranışına görə, xətlər boyalardan qat-qat öncə törənmişdir. Görünür, sizin melodiyalar öz quruluşuna görə, bizimkilərdən qat-qat dolğundur. Ola bilsin bu deyilənlər Yapon musiqisi üçün də doğru olsun.
Thakur: İstər Doğu (Şərq), istərsə də Batı (Qərb) musiqisi olsun, bunların bizim anlağımızı necə yönətdiyini araşdırmaq qolay bir iş deyildir. Batı musiqisi məni çox duyğulandırır; mən bu musiqinin quruluşca geniş, kompozisiyaca böyük, gözəl bir musiqi olduğunu duyuram. Bizim musiqi məni iliyimə kimi duyğulandırır, bu, onda çox dərin bir lirizm olduğu üçündür. Avropa musiqisi öz xarakterinə görə epikdir, bu musiqinin qoşulmasına çox böyük əməklər qoyulmuşdur, öz quruluşuna görə onu qotik* musiqi adlandırmaq da olar.
Eynşteyn: Bax elə sizin indicə dediklərinizi, biz avropalılar sonacan özümüz üçün aydınlaşdıra bilməmişik. Biz bilmək istəyirik, görəsən, bizim musiqi insanın fundamental duyğularındanmı qaynaqlanır, yoxsa, bu ötəri-keçici duyğularımızın törəməsidir, səslərin uyuşmasının(konsonansın), küyə(dissonasa) çevrilməsi gerçəklikdir, yoxsa bu bizə belə gəlir?
Thakur: Onu deyə bilərəm, fortepianonun səslənməsi məni bir az çaşdırır. Skripkanın səsi, qat-qat artıq ürəyimə yatır.
Eynşteyn: Görəsən, gəncliyində Avropa musiqisi eşitməyən yaşlı indus, ona ilk qulaq asanda, hansı duyğuları yaşayacaqdır?
Thakur: Ötənlərdə, mən bir ingilis musiqiçisindən, bir klassik musiqi örnəyini götürüb, mənim üçün araşdırmasını ummuşdum, ondan hansısa musiqi parçasını gözəl çala bilməsi üçün, hansı elementlərdən yararlandığını soruşmuşdum.
Eynşteyn: İşin ağırlığı da elə bundadır, istər Doğudan, istər Batıdan götürülmüş gözəl musiqi örnəklərini araşdırmaq baş tutan iş deyil.
Thakur: Dinləyiciləri belə dərindən duyğulandıran musiqidə bir sonsuzluq vardır, o, çalğının yolağına–məcrasına sığmır, eşitdiyimiz çalğı, özündən qat-qat böyük olan bir anlamı bizə andırsa da, ancaq onun hamısı deyil.
Eynşteyn: Bizim bu yöndə apardığımız bütün köklü araşdırmalar, o sıradan incəsənətin insana aşıladığı duyğuları öyrənməyimiz də, istər Avropada, istərsə də Asiyada olsun, sürəkli olaraq, hansısa anlaşılmazlıq pərdəsinə bürünmüş gerçəkliklə üzləşəcəkdir. Elə bu, qarşımızda gördüyümüz qırmızı çiçək də, mənim üçün bir, sizin üçün isə başqa anlam daşıyır.
Thakur: Buna baxmayaraq, Batı ilə Doğu insanları arasında, qarşısıalınmaz bir yaxınlaşma da getməkdədir, bu isə istər Doğudan, istərsə də Batıdan olan kimsələrin duyumlarının unuiversal standartlara uyğunlaşmasına gətirib çıxarmaqdadır.
*Qotik tikililərin damı ox kimi göyə tuşlanmış olduğundan, Thakur qotik musiqi deyimi ilə, insanları ucalığa çatdıran musiqini anlatmaq istəyir
Rus dilindən Araz Gündüz çevirib