post-title

Seksi və “əxlaqlı” qanunlar

Ən böyük ərəb ölkəsi olan Misirdə diktator Hüsnü Mübarək devriləndən sonra çoxları bu ölkənin xoş günə çıxacağından əmin idi. Amma bu ölkədə elə qəribə şeylər baş verir ki, normal təfəkkürü olan adamın bunlara baxıb, matı-mutu qurumaya bilməz…

 

 

Bir neçə gün əvvəl Misir parlamentinə kişilərə həyat yoldaşları öldükdən sonra 6 saat içində cinsi əlaqəyə girməyə imkan yaradan və qadınların evlilik yaşının 14-ə endirilməsini nəzərdə tutan qanun layihələri təqdim edildi. Parlamentə müzakirə etməyə göndərilən bu qanun layihələrinə Qərb mətbuatı qısaca “Vida seksi” adı verərək, xeyli məzələndi. Qanun layihələrinin məğzini bir daha yazıram: Kişilərə, o cümlədən qadınlara həyat yoldaşları öldükdən sonra 6 saat içində cinsi əlaqəyə girmək haqqı verən qanun layihəsi və qadınların evlilik yaşının 14-ə endirilməsini nəzərdə tutan qanun layihəsi!

Misirdə Mübarək devriləndən sonra hakimiyyətə gələn islamçıların mövzuları əsasən bu barədədir: qadınlar, seks, evlilik. Ölkə inqilabdan sonra özünə gələ bilməyib, işsizlik, qeyri-sabitlik, kriminalizm baş alıb gedir, amma ən böyük ərəb ölkəsinin dövlət adamları belə qanunları müzakirə etməklə məşğuldur. Hüsnü Mübarəkin dövründə qadın haqlarını qorumaq üçün çıxarılan qanunlar indi islamçı hakimiyyətin dəyişdirmək istədiyi əsas məsələlərdən biridir. Mübarəkin dövründə misirli qadınlar icazə almadan ərlərindən boşana bilərdilər, amma islamçı hakimiyyət bunun “ailələri məhv etməyə hesablanan qanun” olduğunu deyir və onu dəyişdirmək istəyir.

Əvəzində isə cəsədlə sekslə məşğul olmağı və qızların evlilik yaşını 14-ə endirməyi müzakirə edirlər. Belə şeyləri isə elmi ədəbiyyatda nekrofilizm, pedofilizm, el dilində isə manyaklıq adlandırırlar. Sizcə elə deyilmi? Bircə deməyin ki, bu qanunları Misirə ABŞ qəbul etdirmək istəyir ki, müsəlman ölkəsinin imicini aşağı salsın…

 

Qızlar 10 yaşında evlənsin

Keçək digər ərəb ölkəsi Səudiyyə Ərəbistanına. Tapın görək bu ölkənin Baş Müftisi Şeyx Əbdüləziz əl eş-Şeyx 3-4 gün əvvəl nə deyib? O da elə evlilikdən, tərbiyədən və qızların ərə getməsindən danışıb. Baş müfti Avstraliyanın “The World Observer” qəzetinə verdiyi müsahibədə bu sözləri deyib: “Evlənmək üçün 25 yaşının tamam olmasını gözləyənlər böyük səhv edirlər. Analarınız, nənələriniz evlənəndə heç 12 yaşları belə yoxuydu. Ailələri tərəfindən yaxşı tərbiyə görmüş qızlar bu yaşda belə evliliyin məsuliyyətini üzərlərinə götürə bilərlər”.

Maraqlıdır ki, Baş Müfti Şeyx Əbdüləziz əl eş-Şeyx belə qalmaqallı açıqlamaları tez-tez verir. Təxminən bir ay əvvəl o, müsəlman ölkələrindəki bütün kilsələrin bağlanması gərəkdiyini demişdi.

Təssəvvür edirsiz? Bu sözləri hansısa kəndin mollası yox, Səudiyyə Ərəbistanının Baş Müftisi deyir.

 

Məktəbli qızları zəhərlədilər

Keçək Əfqanıstandakı qadınların vəziyyətinə. 20 apreldə Əfqanıstanın şimal regionlarından birində 150 qız içdikləri sudan zəhərləndi. Araşdırmadan sonra məlum oldu ki, qızları İslam uğrunda mübarizə apardığını deyən “Taliban” hərəkatının üzvləri zəhərləyib, səbəb isə bu qızların təhsil almaq istəyi və məktəbə getməsi olub. Əfqanıstanda “Taliban” hərəkatı devrilənə qədər qızların məktəbə getməsi, təhsil alması şəriətə zidd hesab edilib və qadağan edilib, yalnız onlar hakimiyyətdən devriləndən sonra qızlara təhsil almaq hüququ verilib. Amma onsuz da çox az sayda qızın məktəbə getdiyi bu ölkədə, qızlar tez-tez belə hücumlara məruz qalır, təqib olunurlar.Xüsusilə ucqar bölgələrdə…

Digər müsəlman ölkələrinə keçmək istəmirəm, yoxsa məqaləm kitab həcmində olacaq. Amma qısaca yazmaq istəyirəm ki, gündəlik dünya mətbuatıyla maraqlanan istənilən oxucu müsəlman ölkələrindən gələn belə əcaib xəbərlərlə qarşılaşa bilər. Mənim yuxarıda yazdığım bütün faktlar son həftələrdə baş verənlərdir.

Azərbaycan da daxil olmaqla istənilən müsəlman ölkəsində gerilik, cahillik, elmsizlik hökm sürür. Əksər müsəlman ölkələrindəki hakimiyyətlər avtoritardırlar. Fərq etmir, müsəlman ölkəsinin hakimiyyətində təmsil olunanlar dünyəvi də olsa, onlar yenə avtoritar olaraq qalırlar. Xalqı əzirlər və xalq da ümidsizlikdən çıxış yolu kimi dini görür. Vaxt gəlir, bir gün xalq ayağa qalxıb dünyəvi hakimiyyəti devirir və islamçıları hakimiyyətə gətirir. Və onlar da belə əcaib qərarlar çıxarmağa başlayırlar. Dünyəvi Mübarəkin devrilməsindən sonra Misirdə hakimiyyətə gələn islamçı “Müsəlman qardaşları” təşkilatı üzvlərinin və sələfilərin müzakirə etdiyi qanun layihələri buna ən gözəl örnəkdir. Suriyada da eyni vəziyyətdir. Çoxları dünyəvi Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra hakimiyyətə islamçıların gələcəyindən və Misir ssenarisinin təkrarlanacağından ehtiyyat edirlər.

 

Bəs Türkiyə?

Türkiyədə müəyyən qədər demokratikdir və insan hüquqları, mətbuat azadlığı, təhsil, mədəniyyət kimi məsələlərdə digər müsəlman ölkələrinə hər zaman nümunə göstərilirdi. Atatürkün əsasını qoyduğu cümhuriyyət dünyəvi dəyərlər üzərində qurulmuşdu. Və bu, Türkiyənin islam ölkələri arasında irəlidə olmasını şərtləndirən ən böyük faktor idi. Bəs islamçı AKP partiyası hakimiyyətə gəldikdən sonra nə baş verdi? Artıq heç kəsə sirr deyil ki, bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan avtoritarizmə meyillidir. Təkcə onu xatırlatmaq yerinə düşər ki, 2011-ci ildə jurnalistlərin həbsinə görə, Türkiyə dünya lideri olub. 2012-ci ildə isə liderlər qrupunda qərarlaşıb. Ərdoğan hakimiyyəti onu sevməyən, azad jurnalistləri həbsxanaya göndərməklə, mətbuatı boğmaqla məşğuldur. Türkiyədə dünyəvi, laiq dəyərlər gün-gündən daha da çox tapdalanır, ayaqlar altına alınır.

Son bir neçə gündə qonşu ölkədə baş verənlər isə mədəniyyətin faciəsinin göstəricisidir. Artıq neçə gündür ki, mədəniyyət adamları, teatrçılar aramsız aksiyalar keçirirlər. Səbəb isə dövlətin teatrlara dəstək vermək istəməməsi və onları özəlləşdirməyə çalışmasıdır. Bu onsuz da mədəniyyətin tam oturuşmadığı ölkədə teatrın iflası deməkdir. Ərdoğan onun bu qərarına etiraz edən mədəniyyət adamlarına ironiyayla “Yahu siz kendinizi ne sanıyorsunuz?” sualını verir və qərarında israrlı olduğunu deyir.

Fazil Sayın başına gətirilənlər isə müasir Türkiyə üçün üz qarasıdır. Fazil Say dünyaca məşhur pianoçudur, ən əsası da intellektualdır, ziyalı mövqeyi var. Say tez-tez AKP iqtidarını tənqid edən sözləriylə gündəmə gəlir, hakimiyyətin təhsil, mədəniyyət siyasətini pisləyir.

Bir müddət əvvəl onun “Twitter”də yazdığı post və ondan sonra başlayan hadisələr bugünki Türkiyənin hansı vəziyyətdə olduğunu göstərdi. Fazil Say postunda məsciddə azan oxuyan mollanın azanını yarımçıq bitirməsiylə bağlı zarafat edib və Xəyyamın şeirini paylaşıb. Amma bir vaxtlar laiq, dünyəvi ölkə kimi tanınan Türkiyədə buna görə tufan qopub və Sayı linç etmə kampaniyasına start verilib. O, məhkəməyə verilib və həbsi tələb edilib. Fazil Say isə həbsinin karyerasının sonu olacağını deyir və ölkəni tərk edərək, Yaponiyada məskunlaşacağını bəyan edib.

Şübhəsiz ki, bütün bunlar utancverici məsələlərdir. Məlum məsələylə bağlı Avropa mətbuatı da yazıb. İngiltərənin ən nüfuzlu nəşrlərindən biri olan “The Telegraph” qəzetində bu hadisəylə bağlı məqalə nəşr edilib. Məqaləninbaşlığı isə belədir: “Fazil Say həbs edilərsə, Türkiyə Avropa Birliyini unutsun!”

Məqalədən qısa çıxarış: “Türkiyə, ölkənin adət-ənənələrinə sərt şəkildə qarşı çıxan, fəsi qadağan edən, Ayasofiyanı məsciddən muzeyə çevirən Mustafa Kamal Atatürk tərəfindən qurulan, rəsmi şəkildə dünyəvi ölkədir. Amma 2002-ci ildən bəri hakimiyyətdə olan iqtidar partiyası mühafizəkar islami dəyərlərə güclü şəkildə bağlıdır və Türkiyəni heç vaxt olmadığı qədər radikal İslama doğru itələyir”.

Türkiyədə islamçı hakimiyyətin fəaliyyəti göz qabağındadır: Jurnalistlər, rəqiblər həbs edilir, teatrlar bağlanır, Fazil Sayın timsalında mədəniyyət adamları ya susdurulur, ya da xaricə mühacirət etməyə məcbur edilir. Bütün bunlar isə, 21-ci əsrdə – elm, təhsil, texnologiya əsrində baş verir. Bir vaxt örnək olan Türkiyə indi Ərəbistana, Misirə, İrana, Yəmənə, Suriyaya, İraqa, Əfqanıstana, Pakistana və digər “Gülüstan” ölkələrə oxşamağa başlayıb. Belə ölkələrdə isə ancaq cahillik, gerilik, təhsilsizlik, xurafat, terrorizm, avtoritarizm, anti-sanitariya hökm sürür.

Demokratiya, azadlıqlar, hüquqlar, elm, təhsil, sosial rifah, səhiyyə, ekoloji təmizlik isə ABŞ və Avropa ölkələrinə məxsusdur. Onlara aid olan hər şey isə əxlaqdan kənardır və müsəlmanlar üçün təhlükəlidir, ziyanlıdır… Ona görə də rədd olsun Amerika da, Avropa da…

Amma həqiqətən, rədd olsunmu?..

Cavid Ramazanov

ANN.Az

Yuxarı