post-title

İnsan və din

Yarandığı gündən insan fövqəladə hadisələrin, təbiət şıltaqlıqlarının; bilinməzliyin və əsrarəngizliyin; bilmədiyi, görmədiyi qüvvələrin qarşısında acizliyinin fərqinə varıb. Bilinməyən, görülməyəndən gələ biləcək təhlükələrdən qaçıb-gizlənmək üçün özünə sığınacaq axtarıb, müdafiə sistemi yaradıb.

 

Dinin yaranması da bu axtarışların nəticəsidirmi, yoxsa həqiqətən də Allahın seçilmiş bəndələri vasitəsilə bəşəriyyətə göndərdiyi qanunlar toplusudurmu - bunu dəqiq deyə bilmərəm. Ancaq insanların hər hansı dini qəbul etmələrinin və dini ehkamlara müticə əməl etmələrininin səbəbi özlərini bilinməyəndən gələcək təhlükələrə qarşı sığortalamaq, fövqəlbəşər qüvvə(lər)nin qəzəbindən qorunmaq cəhdidir.

Fitrətən “nə edəcəm?”, “necə olacaq?” suallarına cavab axtarmağa məcbur olan insan, bu gün mövcud olan – böyük-kiçik – təlimlərin, düşüncə sistemlərinin ortaya çıxmasını şərtləndirmişdir. Müəyyən hadisələr qarşısında çarəsiz qalan insanın özündən bəzi meyarlar uydurması və həyatını bu meyarlara əsasən davam etdirməsi vacibdir. Din mövhumunun ilkin etapta meydana çıxmasını deyə bilmərəm, lakin sonrakı inkişafı və kütləviləşməsini insanların dini, dinləri təsəlliedici qüvvə kimi qəbul etməsi ilə əlaqələndirirəm. “Din” və “dini ehkamlar” ruhi tərəzinin balansını bərpa etmək, tərəzinin “bilinməyənlər” gözünə qoyulmaq üçün istifadə edilmişdir.

Cəmiyyətlərin inkişaf tarixinə nəzər saldıqda “din”in həddini aşaraq zehnin böyük hissəsini işğal etdiyi, sosial şüurun dərin qatlarına sirayət etdiyi hallarda həmin toplumların inkişafdan geri qaldığını və sonda o sistemin məhv olduğunu görürük. Deməli, sosial orqanizmimiz bunu qəbul edə bilmir, dinin ifrat dozası heç də düşünüldüyü kimi bəşəriyyətin xilasına səbəb olmur. Əksinə, məhvi ilə nəticələnir.

Din və dini ehkamlarla inkişafın (həm maddi, həm mənəvi) mənfi korelyasiyada olmasının səbəbi insanların bəzi dini ritualları yerinə yetirərək kamilliyi əldə etdiklərini, bütün mənəvi borclarından azad olduqlarını düşünmələridir. Bu, kamillik qazanmağın, təskinlik tapmağın ən asan və ucuz yoludur. Düşünmə potensialı az olan, düşünməyə cəsarət etməyən, təfəkkürün faydaları və düşünməkdən alınan həzzdən bixəbər olan insan öz-özünün yolunu bağlayaraq, özünü qəsdən çarəsiz vəziyyətə salaraq insan olma məsuliyyətindən azad olmağa çalışır. “Ağıllı olub dərd çəkməkdənsə, dəli olum dərdimi çəksinlər”, “Palaza bürün, ellə sürün” kimi məsəllər də eyni şüurun məhsuludur. Bu növ insanların meymun oynatmağına, mərsiyə deyib kamilləşdiklərini düşünmələrinə, namaz qılaraq, oruc tutaraq, təhsilə qıymadıqları pulu həccə getmək üçün xərcləyərək və bir sıra bu kimi “ibadətlər”i yerinə yetirərək cənnəti qaranti etdiklərini düşünmələrinə lağ etmək haqsızlıqdır. Bu şüura sahib insanların başqa cür davranmaları anormal olardı. Cənnətdə yeddi huri ilə eyni anda mazaqlaşıb, xurma yeyib, süddən içib kef edəcəyini düşünmək məchuldan doğan ruhi iztirablara son qoyur, ağrıları səngidir, mənəvi ehtiyacları ödəyir. Bütün ehtiyacları ödənmiş insanın isə yeni bir şeyə - inkişafa can atması artıq qazanmış olduğu rahatlığı itirmə riski yaratdığı, yorucu olduğu üçün lazımsız görünür.

Səd heyf ki, bu gün bir çox problemlər, məhdudiyyət və məhrumiyyətlərlə dolu Azərbaycan cəmiyyətində dinin təsəlli, təhlükələrdən sığortalanma, əclaflığa, həyasızlığa, vicdansızlığa bəraət qazandırma, bütün insani keyfiyyətlərin praktiki həyata verdiyi narahtlıqları keyitmə üçün vasitəyə çevrilməsi kütləviləşib.

“İbadət” edərək vəzifəsini yerinə yetirdiyini, bütün borclarından azad olduğunu, artıq heç nəyə görə məsuliyyət daşımadığını düşünən varlığın inkişafa can atmasını, inkişaf edib insan olmasını gözləmək romantikadan başqa bir şey deyil.

Sənan Əfəndi

Kultura.Az

Yuxarı