post-title

Bakı Dövlət Universiteti və fəlsəfə

Mən heç vaxt materialist olmamışam, ancaq idealist də olmamışam. İndi dünyada ancaq BDU-nun fəlsəfə professorları belə ikili məntiqlə düşünür. Ağalar Məmmədov

 

Bakı Dövlət Universiteti Azərbaycanda "fəlsəfə mütəxəssisi" yetişdirən yeganə universitetdi. İyirmi ildən çoxdur ki, bu ixtisas yaradılsa da BDU-nun Azərbaycanda fəlsəfə mühitinə bir qatqısı olduğunu demək olmaz. Əslində o mühit heç qalmayıb, yoxdu elə bir mühit. Bir neçə nəfər adamla mühit olmur axı. Azərbaycanın fəlsəfə mühiti bir qırağa, universitet özü üçün dərs deməyə gənc kadr belə yetişdirə bilməyib. Müəllimlərin böyük əksəriyyəti yaşı 60-dan yuxarıdır, digərlərinin isə 10 ildən sonra 60 olacaq.

Keçək fəlsəfənin tədris olunmasına. Fəlsəfəni bizə predmet kimi tədris edirlər. Yəni burda da fizikada və kimyada olduğu kimi dəyişməz qanunlar var və sən onları bilməlisən. Ontologiya və idrak nəzəriyyəsi fənninin birinci dərsindəcə bizi aldatdılar ki, bütün filosoflar ya materialist olurlar, ya da idealist. Bütün fəlsəfi cərəyanları və məktəbləri biz Marksizm nöqteyi-nəzərindən öyrənirik. Bir fəlsəfə Marksizmə nə qədər uyğundursa, o qədər həqiqi, nə qədər uzaqdırsa o qədər yalan olur. Hələ də marksist jarqondan (terminologiya) xilas ola bilməmişik. Bütün fəlsəfələr ya idealistdi, ya materialist. Materialist olanlar isə daha həqiqi hesab olunur, amma onlar da metafizik materializm olduğuna görə qəbul olunmur. Əməlli başlı sovet mühiti.

Fəlsəfə tarixini şərq və qərb olaraq iki yerə ayırıb öyrədirlər bizə. Bu il axırıncı, 5-ci semestrı keçirik və əgər kimsə universitetdə keçirilən dərslə nəyisə öyrənəcəyini güman edirsə, yanılır. Heç nə - böyük bir sıfır. Bu 5 semestrdə biz ancaq vaxt itirmişik. Antik yunan fəlsəfəsi və ya Fransız maarifçiliyi, intibah dövrü, Klassik alman fəlsəfəsi və.s dövrləri biz 3-4 dərs saatına keçib gedirik. Təbii ki, yenə də bütün bunlar idealist-materialist bölgüsündən canlarını qurtara bilmirlər.

Yalnız bizim universitetdə siz görə bilərsiniz ki, Neofreydizm mövzusunda keçirilən dərsdə müəllim sizə Xızır peyğəmbərin həyat və yaradıcılığını danışsın, onun haqqında rəvayətlər söyləsin və axırda da buna əsaslanıb Freydi, Adleri, Yunqu və başqalarını tənqid eləsin. Yalnız bizim universitetdə görə bilərsiniz ki, fəlsəfədən mühazirə oxuyan müəllim desin ki, siz şükür edin ki, müsəlman ölkəsində doğulmusunuz, xristian ölkəsində doğulsanız nə edərdiniz?.. Və ya, "kişi gülməz, kişi ağır olar, kişi saqqız çeynəməz, kişi elə olar, kişi belə olar və.s" kimi sözlər "kişi evə gələndə arvad telefonla danışırsa, kişi onu baltalamalıdı kimi" məsləhət xarakterli mülahizələr eşidə bilərsiniz.

Azərbaycan dilində Fəlsəfə ədəbiyyatı demək olar ki, yoxdur, bizə ancaq rus dilində 60, 70-ci illərdə nəşr olunmuş ədəbiyyat yazdırırlar, hansı ki, onu tapmağa da heç kəsdə nə həvəs var, nə də vaxt. Ən dəhşətlisi isə odur ki, heç o kitabların özləri yerli-dibli yoxdur. Bütün müəllimlər Azərbaycan dilində ədəbiyyatın olmamasından şikayətlənir, amma ay qardaş, Azərbaycan dilində ədəbiyyatı mənim nənəm yaratmayacaq ki, bunu siz müəllimlər, professorlar, dosentlər, "elm adamları" yaratmalısız da. Bütün günü bufetdə oturub burnunu qurdalamaqla alimlik eləmək olmaz axı. Alimsən adamda bir alim sifəti olar, manısdılar elə bil, ya da toy tamadası...

Üç ildir ki, bu universitetdə oxuyuram mən mühazirə ilə, imlanın fərqini başa düşməmişəm. Əllərinə bir "ksereks" olunmuş vərəqi götürürlər, başlayırlar ordan heca-heca oxumağa, yavaş-yavaş imla deməyə. Sən də məcbursan bunu dəftərə yazasan, yazmasan dəftər balı almayacaqsan. Dəftər balı demiş, guya ki, Bolonya sisteminə keçmişik. Hələ də qayıb limiti, davamiyyət balı, seminar balı, dəftər balı, fərdi iş balı, kollokvium, kurs işi və.s var. Hansı Bolonya sistemində yazılıb bunlar görəsən? Düz-əməlli təhsil vermirlər, amma gör nə qədər şey tələb olunur tələbədən.

Problem o qədərdi ki, adam mövzuları ağlında sistemləşdirib yaza bilmir, yenidən qayıdaq fəlsəfənin tədrisi məsələsinə. Siz bilirdiniz ki, fəlsəfəni bitirən və hal hazırda fəlsəfə oxuyan tələbələrin böyük əksəriyyəti metafizika nə demək olduğunu bilmir... Ona görə bilmirlər ki, müəllimlər bilmir. Bir müəllim hələ metafizikanın nə demək olduğunu izah edə bilməyib. Onların dediyi odur ki, metafizikanın hərfi mənası təbiətdən sonra deməkdir, metafizika dialektikanın əksidir. Bu qədər! Başqa heç nə, hətta mən metafizika ilə doqmatizmi eyniləşdirən adam da görmüşəm bu universitetdə.

Bizə elə fənnlər keçirlər ki, fənnin adına baxanda başa düşürsən ki, ağızlarına gələni yazıblar, təki cədvəl boş qalmasın. "Fəlsəfi prinsiplərin idrakda rolu", "Tarixi şüurun inkişafı". Dərslərin adına bax sən! Bu dərsi bizə niyə keçirlər, məqsəd nədir, proqramı keçəndə nə öyrənəcəyik? Heç birindən xəbərimiz yoxdur, tələbələr dərsi onu deyən müəllimin adı ilə çağırırlar, yəni dərs o qədər qeyri-müəyyəndi!

Hələ guya bizim dərsləri və müəllimləri seçmək hüququmuz var. Gətirirlər bir kağız, müəllimlərin və dərslərin adı yazılıb, ikinci semestr isə heç yazılmayıb. Sən bura qol çəkməlisən ki, mən bu dərsləri seçirəm.
Mən çəkmədim uşaqları da çağırdım ki, siz də çəkməyin.
Onlar da sağ olsunlar çəkmədilər, amma axırda məsələ o qədər şişdi ki, hamı məcbur olub imzaladı. Yenə mən yazıq tək qaldım, universitetdən qovulacağımla da hədələndim, amma yenə də imzalamadım. Düzdü qovmadılar, bəlkə özləri mənim yerimə imzaladılar, amma əsas odur ki, mən sözümdən dönmədim.

İndi isə bir müəllim haqqında yazmaq istəyirəm, onu özüm sona saxlamışam. Bu müəllimin adı Əsədulladı, soyadını bilmirəm. Qabaqcadan deyim ki, o müəllim başdan biraz o məsələdi. O müəllimi bizə dərs deməyə təyin edən adamı qulaqlarından asmaq lazımdı. Adam gedir yuxuda nə görürsə, gəlib dərsdə onu danışır, seminar vaxtı mühazirə deyir, mühazirə vaxtı seminar götürür.

Ağlında bir fikir tutur və tələbəyə sual verir, sən onun ağlında tutduğu fikri olduğu kimi deməsən, bütün cavabların səhv olacaq və sıfır alacaqsan. Amma yüksək qiymət almaq üçün də oxumağa ehtiyac yoxdu. Ulu öndərimizi, prezidentimizi, milli-mənəvi dəyərlərimizi tərifləmək kifayətdir. Bu müəllimin bizə dərs dediyi birinci gündən bu yana bizim yeganə mövzumuz "idrak"dır. Hər dəfə də ağzına gələni danışır, nə deyir heç özü də bilmir, onun əlindən dad eləməyən bir dənə də olsun tələbə tanımıram. Təbii ki, fakültə rəhbərliyi və tələbə həmkarlar hər zaman olduğu kimi "müəllimlərin əzilən hüquqları"nı tələbələrə qarşı canla-başla müdafiə edirlər. Müəllim təqribən bu tərzdə cümlələr qurur. "Qloballaşan dünyada informasiya, kommunikasiya texnologiyaları proseslərinin idrakın inkişafındakı xüsusi rolunun Heydər Əliyevə müncər olunması ilə meydana gələn İlham Əliyevin qayğısı nəticəsində milli-mənəvi dəyərlərimiz durmadan inkişaf edir".

Bu müəllim özü də yaman dindardı haa, o dərəcə də dindardı ki, araq sözünü dilinə gətirmir, əvəzinə mundar ağ su deyir. Halbuki sovet dövründə canla başla ateizmdən dərs deyib. Bunun kimi bir müəllimimiz də var idi, adı Vahid Kərimov idi, adam koridorun başında mühazirəni oxuya-oxuya gəlirdi, güzəştlə hamıya 10 ballıq sistem əsasında 4 bal yazırdı və güzəştlə 17 nəfəri kəsmişdi.

Yazmağa o qədər problem var ki, amma adam yazdıqca da əsəbləşir. Bircə onu deyə bilərəm ki, bu yazdıqlarımın hörmətli və sevimli müəllimim Fərman İsmayılova heç bir aidiyyatı yoxdu. O universitetdə bir müəllim tanıdım, bizə nəyisə öyrədən bir müəllim gördüm ki, o da Fərman müəllim idi. İnanılmaz dərəcədə mədəniyyəti, nəzakəti və biliyi ilə bütün tələbələrin doğurdan da sevgisini qazanıb. Çox yaşa Fərman müəllim!

Saleh Mehdizadə

Kultura.az

Yuxarı