Volterin məşhur əsəri ilk dəfə Azərbaycan dilində
Volter özündən sonra çox böyük bir ədə…
28 may metrosu yaxınlığındakı kitab mağazasında ingilis dilində dərs kitablarından birini axtarırdım. İçəridə adam əlindən tərpənmək olmurdu. Məktəblilər, tələbələr, müəllimələr, valideynlər bir-birini itələyə-itələyə özlərinə lazım olan kitabları axtarırdılar.
Tərslikdən almaq istədiyim kitabı tapa bilmirdim. Kitabın olub-olmadığını soruşdumsa da satıcıdan düz əməlli cavab ala bilmədim. Ürəyim sıxıldı, mağazadan çıxmağa hazırlaşırdım ki, gözüm piştaxtanın üzərinə düzülmüş bədii kitablara sataşdı. Almaq fikrim yoxuydu. Axır vaxtlar o qədər kitab almışdım ki, onları ancaq iki-üç aya oxuyub bitirə bilərdim. Bu yaxınlarda Günel Mövludun Azərbaycan dilinə tərcümə etdiyi Murakaminin “Norveç meşəsi” romanını götürüb, ilk səhifələrdən birindəki cümlələri oxudum:
“Təyyarə enən kimi “Siqaret çəkmək qadağandır!” yazılmış lövhələr söndü, bortdakı səsucaldanlardan ətrafa yavaş, aram musiqi sədaları yayıldı. Hansısa orkestr həvəslə “Bitlz”in “Norwegian wood”unu çalırdı”.
Kitabı vərəqləyib, başqa səhifədəki cümlələri oxumağa başladım:
“Naokonu bərk-bərk özümə sıxdım, əlimi onun alt paltarının altına soxdum, o, qupquruydu. Naoko başını yelləyərək, əlimi uzaqlaşdırdı. Biz heç nə danışmadan bir-birimizi qucaqlayıb, uzandıq”.
Sonra başqa bir səhifəni açdım:
“Apreli tək yaşamaq çox darıxdırıcıdı. Apreldə hamı xoşbəxt görünürdü. Hamı paltosunu çıxarıb, günəşdə isinir, söhbət eləyir, top oynayır və bir-birini sevirdi. Mənsə tamam tək idim. Naoko da, Midori də, Naqasava da – hamısı məni tərk eləmişdi. İndi mənim salam verəcək adamım belə yox idi…”
Pulum azıydı, evdə oxunacaq o qədər kitabım varıydı ki… Amma artıq mən Murakaminin “Norveç meşəsi” kitabını alıb, oxumaqçün evə gedirdim…
***
Eyvanda oturub “Norveç meşəsi”nin sonuncu cümlələrini oxuyuram. Başımın üstündəki aprel günəşinin ilıq şuaları kölgələrlə oynaşır. Otaqdan isə “Bitlz”-ın “Norwegian wood”unun sədaları gəlir:
“I sat on a rug, Biding my time, Drinking her wine. We talked until two And then she said, “it’s time for bed.”
(“Mən xalının üzərində oturdum, Nəsə gözləyirdim, Onun şərabından içirdim, Gecə 2-yə qədər söhbət etdik, Sonra o dedi: “Yatmaq vaxtıdır””).
İndi bu mahnının mənimçün tamam başqa mənası varıydı. Əvvəllər bu mahnını dəfələrlə dinləmişdim, amma indi bu mahnıya tamam başqa təəssürat hopmuşdu.
Ən gözəl romanlar ən gözəl mahnılar kimidi. O, sənə nəyisə xatırladır, o, səni nəyəsə yaxınlaşdırır, o, səni nədənsə uzaqlaşdırır. Sən onu daima təkrar-təkrar dinləmək istəyirsən. Sonra onu unudursan, dinləmirsən və uzun müddət keçdikdən sonra qəfildən hardansa yenidən qarşına çıxır və sən onu yenidən təkrar-təkrar dinləyirsən.
Murakaminin “Norveç meşəsi” məhz belə gözəl mahnılar kimidir. Romanın adının götürüldüyü “Bitlz”ın “Norwegian wood”u kimi…
Kitabın üz qabığına baxıb düşündüm: “Bu kitabı yenidən nə vaxtsa mütləq oxuyacam”.
Romanda nədən bəhs ediliyi barədə uzun-uzadı yazmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, bu roman çox gözəl, təkrar-təkrar dinlənilən mahnı kimidir. Orda hər şey var: sevgi də, seks də, insan münasibətləri də, xoşbəxtlik də, bədbəxtlik də, gözlənti də, ümid də, ümidsizlik də, bir sözlə hər şey…
Sadəcə almaq, oxumaq və zövq almaq qalır…
ANN.Az