post-title

Çinarın xiyar bitməsi (povest)

Özgə vaxt Seyidin arvadını bu şəkildə işə çağırmaqmı olardı? Adamın dədəsinə elə od vurardı ki sonradan cəhənnəm atəşinə dönərdi bu od və Seyidin cəddi də bu odun bu dərəcədə təsirli, alovlu olmasında öz kəramətini mütləq göstərərdi. Amma indi zaman başqa zaman idi və Seyidin arvadını hətta gecə də işə çağırmaq olardı. Axı prezident gəlirdi rayona.

 

O prezident ki Seyidgilin rayonunun başbilənlərindən bəziləri elə hesab edirdi ki Seyidin cəddi  hətta onu da xata-baladan qoruyur.  Necə etmişdi heç özü də bilmirdi rayonun ən ağırtaxtalı seyidi imicini qazanmışdı. Namaz qılan, oruc tutan, zəncir vuran, haca gedən o qədər seyid vardı amma bu həm adı həm də özü seyid olan Allah bəndəsi bunun hamısını üstələmişdi. Nəzir nəzir dalınca elə gəlirdi heç N saylı hərbi hissənin 100 gənc əsgərlərinə o qədər ev yeməyi  və onların komandirlərinə də o qədər rüşvət gəlmirdi bir gündə.

Ümumiyyətlə bu Seyid də uzun pazdı. Elə cəddinin səbəbinə tırnasını doldurub gəzir. Həmçinin də söz sahibidir, ixtiyar sahibidir. Rayona gələn istənilən  başçı ona görüm-baxım eləyir. Sanki Seyidin cəddi olmasa bu rayonda qazandıqları haram zad olarmış bunların. Seyidin cəddində nə kəramət vardısa haram yollarla qazanılan var dövləti halal edirdi. Lap halal kolbasa kimi bir şeydi Seyidin cəddi.

Seyid də Seyddi haa. Həm arağın küpünə girir, həm də Seyid adını saxlayır, qoruyur. Bu “ iki  sifəti bir iqbala sığışdıran” ikinci bir bəni-adəm  çətin gəlsin ağlınıza. Rayon əhli də onun “vurağanlığına” öyrəşib. Hansı restorana getsə arağı da hazırdı, yeməyi də. O saat hardansa bir qab yemək, bir də bir araq gələcək- Seyid, cəddinə qurban filan dəfə sənin cəddini çağırdım, bilirsən əlim neçə gətirdi? Bir maşının pulunu götürdüm sekadan. Bu hələ ağnağazdı, cəddinə qurban, hörmətini ayrıca edəcəm, nuş elə.

Bax bu cür “zəhmətsiz gəlir”ləri daim bol olardı Seyidin.

Elə məktəb direktoru da onun cəddinin qorxusundan arvadını süpürgəçi götürmüşdü və Seyidin arvadı bir dəfə də işə çıxmırdı 20 ildi ki. Halbuki maaşını qəpiyinə kimi alırdı. Hətta Seyidin  Ali Məktəbi  bitirən qızı da pul-parasız  məktəbdə işə düzəlmişdi. Və qızın Ali Məktəbə daxil olması da, oxuması da, sonradan işə düzəlməsi də Seyidin cəddinin kəraməti hesabına olmuşdu.

Amma indi Seyid istəyirdi direktoru dığırlatsın yerindən. Öz qızını qoysun direktor. Cavan kadrdı, savadı savad, tərbiyəsi tərbiyə, cəddi də cədd. Buna görə də direktordan yazmışdı Seyid. Özü də lap yuxarıya. Yəni prezidentə. Əslində isə məktubu qızı yazmışdı Seyidin. Və Seyid də onun qurduğu cümlələrə baxıb fəxr eləmişdi-savada bax. Əslində son 20 ildə kimdən yazmaq lazım olurdusa elə ya arvadına, ya da qızına yazdırırdı Seyid.  Yoxsa özü hansı savadla yazı yazasıydı ki. Adı Seyidməhəmməddən, Mircabbardan zaddan olsa idi adını yazınca  beş-on quş buraxardı.  Seyidin “yazdıqları” da daşdan keçirdi və daha heç kimin şübhəsi qalmamışdı ki burda onun cəddi nələrə qadir olduğunu bir daha isbatlayır.

Seyidin qızı nişanlı idi. Bu yay köçəsiydi. Di gəl ki onun adına tikilən ev tam hazır deyildi. Demək kredit götürmək lazım idi. Qız da ki o qədər adama zamin durmuşdu özünə kredit vermək istəmirdi banklar. Qız seyid balasıydı deyə çox adam istəyirdi o zamin dursun onun kreditinə ki  pulu bərəkəti olsun. Məsələn kreditlə götürülən pula kimsə qoyun alacaqsa qoyunlar əkiz doğsun.

Seyidin cəddi daşa dirənmişdi.  Banklar qıza kredit vermək istəmirdi. Amma əlac tapıldı. Direktorun gəlini  kredit götürməyə boyun oldu. O da elə Seyidin arvadı kimi “süpürgəçi” idi məktəbdə.

Nəysə bunlar getdilər kredit götürməyə. Di gəl yolda dalaşdılar. Rayon mərkəzində gedən tikinti quruculuq işlərinə baxıb valeh olan Seyidin qızına  direktorun gəlini bəzi zadlar danışmışdı ki-aaz bunun sənə- mənə nə xeyri. Külü qoyum başlarına, biz ki öz evimizi düzəldə bilmirik, abadlıqdan bizə nə. Kreditin altında can veririk hamımız. Bu abadlıq da bilirsən necədii? Demək yuxarıdan rayona pul ayrılır. Amma başçı obyekt sahiblərindən ayrıca pul yığır. Obyekt sahibləri, idarə müdürləri öz hesablarına bu abadlığı yaradırlar. Pul da arada kimlərinsə cibinə gedir. Bacımgilin obyekti var. Day yola daş düzdürməkdən, hasarpulu verməkdən, bardurpulu verməkdən götürüm düşüblər. Əl altdan gizlicə pul vermişəm o dəfə bacısı ölmüşə-evdə çörəkpulu da yoxdu inan.  Hələ heç öz  evimizi demirəm. Day yazıq qaynatam az qalıb dəli olsun. Ver, ver, ver. Bir deyən yoxdu ki axı bu qədər pulu necə versin direktor. Axı o hardan qazanır.  Bankomat çıxardanın Allah evini yıxsın.  Pulu bankomatdan alan müəllim gətirib adama pul verər bu zəmanədə? Indi heç kredit borcu olmayan müəllim var ki, hələ bir artırıb direktora da versinlər?  Hələ müəllimin çoxunun kartı girovdu bankda. Bə direktor neynəsin. Bunlar da deyir erkəksən də süd ver, balalısan da.  Nə qədər süpürgəpulu yığsın axı bu yazıq direktor.  Gör sən Allah-axır Ümummilli liderin  şəkillərini də pulnan satdılar məktəbə. 40 sinif var xarabada. Hərəsindən gətirib kişinin bir şəkilini asdılar-o böyründən bayraq şəkli bu böyründən də gerb şəkli. Sonra da bir komplekti 10 manat-dinmə ver. Hesabla da 40 komplekt  nə qədər eləyir. Aparıb  damazlıq dananı satdı yazıq kişi. Yazıq atam damazlıq vermişdi –elə göyçək dana idi ki. Indi buğaya gələrdi yaşasaydı. Yazıq getdı bıçağın ağzına. Damazlıq dana satılmasa  süpürgəpulu ilə ödənməzdi  rəhmətliyin şəklinin pulu. Sonra da şəhidpulu çıxdı böyürdən. Kişilər məktəbdə şəhid guşəsi düzəldiblər. Qoymadılar öz müəllimlərimiz düzəltsinlər. Odu ey-rayondan bir şəhid guşəsi düzəldib gətiriblər-  «цена»  660 manat. Di gəl a qardaşı-bacısı qırılmışın direktoru, tap ver. Müəllimlərdən də həmdərd yox-hərəsi 3-4 bankdan kredit götürüb.  Hələ onların da zibilini biz çəkməliyik.  Hansının işi məhkəməyə düşüb şətəli bizə dəyir-gəl məhkəmədən gələni yedirt, içirt-yola sal.  Hələ paltarpuluna nə deyirsən. Akkord tikiş fabriki rayonda məktəbli paltarı tikməknən məşğuldu. Zornan satdırırlar camaatın uşağına. Paltar da paltar ola-birinin ayağı gödək,  birinin qolu gödək. Bircə dəfə yuyulanda sanki ölü yuyulur-daha olur o dünyalıq. Bu mərətə qalmışları da zornan uşağa payladılar-indi paltar cırılıb gedib-amma pulu qalıb. Kim versin? Sinif rəhbərləri? Ay hay-kredit imkan vermir. Yenə də direktor- yazıq qaynatam sələm götürüb paltarpuluna görə. Gör ee, Akkord da məktəbə burnunu soxur. O yandan da jurnalist tayfası. Mən belə qanıram ki bu mafiya hökumətinin ən ölü mafiya babası elə Misir müəllimdi. A canım bir adamın məkanını nə qədər basallar da səsi çıxmaz? Indi deyirlər prezident gələsidi. Keçən dəfə gələndə bilirsən nə qədər ziyana düşdük? Axı AZTV işçıləri bir-iki gün əvvəl gəlir rayona. Prezident gəlincə fürsətdən istifadə edib daraşıllar idarə-müəssisələrə. Bir-iki gündə dünyanın pulunu götürüllər. Qaynatam nəzir deyib bu dəfə məktəbə AZTV-dən gələn olmasa aparıb verəcək Seyidə. Misir müəllim də ki susur. Gör bu Misir müəllim nə günə qalıb ki hətta Əflatun Amaşovun adamları da onun məkanını basır. Mən hələ Zakir Qaralovun, Ramil Usubovun,   canım sənə desin Maliyyə mafiyasının ( o mafiya babasının adını yadına sala bilmədi) adamlarını demirəm.  Gör dünyanın harasıdır ki İcra Hakimi məktəbin bufetindən pul istəyir. O bufetdən də bizim qazancımız ayda 100 –manatdı-indi nə verək bu 100 manatdan biz İcraya. Bufetçi də Satarovun  qohumu-çıxartmaq da olmur ki gedib özüm ölməmişəm, işləyim də İcranın haqqını verim də. Kül belə hökumətin başına.

Seyidin qızı da bunu alıb-kəsmiş ki kül sənin başına-ərin bir yanda  hökumətdən pul alır, qaynatan bir yanda, qaynanala da sən adınız süpürgəçi, özünüz xanim-xatın, hökuməti də bəyənmirsiniz.  O da qayıdıb ki sənin anan bəs elə baş xanımdı dana. Yenə biz  dünən yoldan kağız-küğuz yığmağa getmişik. Sənin anan qancıq hələ Tanrı törpüsünə bir daş atmayıb.

Bu yerdə bu yoldan kağız yığmaq nədi bunu da izah edim. Demək prezident gəlir deyə hər kənd gündə 10 qadın ayırmalı ki yoldan kağız-kuğuz yığılsın. Kənd İcra Nümayəndəsi də kimə tapşırmalı bunu-əlbəttə büdcədən maaş alanlara. Kənddə də büdcədən maaş alan qadın nə gəzir bu zəmanədə..  Bax burda da məsələ gəlib bu şəkli alır-müəllimələri aparmaq olmaz. əldə qalır süpürgəçilər, baxça işçiləri, tibb bacıları və sair. O da ki növbəyə düzəndə yenə də azlıq edir. Axı həftə 7 gündü və gündə 10 adam tələb olunur. Bir məktəbdə də uzağı 20 süpürgəçı. Baxçada uzağı  ikisi ola-olmaya. Demək direktorun arvadı, gəlini də işə çıxmalı ki yazıb-eləyən olmasın yuxarılara.

Hə, harda qalmışdıq? Xülasə bunlar əməllicə çıxıblar saçyoldusuna. Beləcə də kredit alınmayıb və Seyid istəyir ki öz cəddinin sayəsində direktoru aşırsın Veyil quyusuna. Məktub da hazır və Seyidin arvadı prezidentin özünə verəcək məktubu. Yoxsa Seyidin bağrı çatlayar. Və Seyid  məktubun prezidentə yetişməsinə  çox ümidlidir. Cəddinin  kəraməti burda da mütləq özünü göstərməli idi. Məktub necə məktub idi bir az da ondan bəhs edək. Mən məktubun başlığında yazılan ümummilli lider haqda tərifnamələri və dalısınca da onun layiqli davamçısı haqqında tərifnamələri və bunu dalısınca da birinci xanım haqda tərifnamələri yazmaq istəmirəm. Çünki onda gərək Heydər Əliyev fondunun Moskva filialının müdürü haqda yazılandan da  bir xeyli yazam.  Çünki onda gərək idmana qayğıdan da gərək yazam. Bunlar  heç. Bizə lazımdı məktubun əsas məzmunu. O da ki təxminən belə idi:

- Hörmətli prezident, Qarğaçatladan kənd orta məktəbinin direktoru məktəbi dağıdır, qanun qaydaya fikir vermir. Hər yerdə dərs  beşgünlük sistemə keçsə də direktor Həmzə Mirzəyev bizim məktəbi 6-günlük edib. Məqsədi budur ki ikinci növbə pozulmasın. Çünki ikinci növbədə məktəbdə adam azalır. Bu da onun çirkin niyyətlərini axşamtərəfləri həyata keçirməsinə şərait yaradır. Beləcə də məktəb dönüb həştü-hüştü məclisinə, Molla Sadığın meyxanasına.  Bizim direktor boydan gödək olduğuna görə elə “ay baba, gödək baba, meyxanaya gedək baba”  mahnısı sanki onun boyuna biçilib. Hansı ki  onun kabinetinin arxa tərəfinə də təbaşirlə bir dəfə belə yazmışdı uşaqlar. Və direktor da bunu yazan uşağı axtarır hələ də. Amma deyilənə görə bu böyüklərin işidir. Çünki o vaxt həm də seçki ərəfəsi idi və seçki işçiləri məktəbə-gəlib gedirdilər. Bizim direktor da həm də seçki komissiyasının sədridir və seçki işçilərinin çoxu onunla danışmır. Çünki hər seçki başa çatanda  iddia edir ki  YAP-ı mən qalib çixartmışam. Yoxsa Yap batıb gedərdi. əlbəttə ki bu da digər seçki işçilərinin haqlı narazılığına səbəb olur ki onlar da sonunda heyflərini belə çixdilar.  Bir variant da var ki elə müəllilərdən kimsə yazıb o yazını. Çünki seçki işçisi olan müəllimlər həm də dərs deyirlər və onların adına yazılan pulu direktor ədalətli bölmür. Qanunla seçki müddətində o müəllimlər işdən azad edilirlər maaşları saxlanmaqla. Amma o müəllimlər öz dərslərini deyir və  dərslər yazılır başqa adamların adına. Sonra o pullar bölünəndə direktor ədalət prinsipini  kobud şəkildə pozur. Buna dözməyən müəllimlər də o yazını yazmışlar. Həqiqətən də direktor bir-iki müəllimə ilə məktəbdə kef eləyir iş vaxtı.   Buna görə kəndin bir-iki ağsaqqalı onu məzəmmət də etmişdi. Amma direktorun o ağsaqqallara verdiyi cavab heç adi küçə uşağına da yaraşmaz. Direktor cavab  olaraq deyib ki- neynim, çobana da qalan sıpanın işini görməkdir.  Əlbəttə mən hələ onun cavabını mədəni şəkildə yazdım və hələ mədəni yazdığım o sözlərə görə sizdən dönə-dönə üzr istəyirəm. Görün bu adam təhsili, elmi nə yerinə qoyur. Guya ki təhsil müəssisəsi qoyun fermasıymış.

Həmzə Mirzəyev dərsi də pulunnan satır. Bir saat dərs on manata. Sanki bazardı bura. Məktəbin həyətini edib öz qoyunlarının örüş yeri. Harınlamış  bir qoçu var ki  bir ay əvvəl tualetə gedən yaşlı müəllimi- kəndin ilk YAP-çısı Abid Qəribovu  vurub şikəst elədi.  Hələ də qolu ağzında gəzir Abid müəllim.  Buna görə də uşaqlar da müəllimlər də məcbur qalır  köhnə məktəb binasını tualet kimi istifadə etməyə. Qadın müəllimlər isə təbii ehtiyaclarını ödəmək üçün gərək gedələr evə.  Bu da dərslərin boş keçməsinə gətirib çıxarır. Onu da deyim ki Abid müəllim o hadisədən sonra utandığından məktəbə gəlmir-  gedib xəstəlik kağızı düzəltdirir hər ay. Çünki direktorun nəvəsinə 4 yazmışdı və indi məktəbə gələn kimi direktorun nəvəsi onu qoyur lağlağıya- “məə, məə” edərək onu ələ salır. Direktorun arvadı 30 ildi məktəbdə süpürgəçidi, amma bir dəfə də gəlib məktəbə süpürgə çəkməyib. Gəlini də 15 ilə yaxındır ki süpürgəçidir. Amma deyir-gəlin ocağa gələr. Gəlin də qaynanası kimi heç məktəbi tanımır.

Məktəbin nə qədər partası hal-hazırda direktorun evinin çardağıdadır- xeyir-şər üçün  staol-stul yığan qaynaqçılar bu materialları yerə düşməyə qoymur heç. Yazı taxtalarından it damı düzəldib nəvəsi.  Məktəbin stadionunu da satıb direktor. Indi stadionun yerində Aslan adlı şəxs kartof əkib.  Bu isə ölkəmizin idmana qayğısına xələl gətirən bir amildir.

Əlbəttə bu barədə valideynlərin bəziləri də bir neçə dəfə narazılıqlarını ifadə etmişlər. Lakin təəssüf ki bütün valideynlər bu işdə əlbir deyil. Hörmətli prezident! Kimsə gəlib bizim məktəbi yoxlasa məktəbin həyətində əli kərəntili, əli baltalı, əli yabalı adamlar görüb də elə bilər ki bu adamlar davaya gəlib direktorla. Amma heç də elə deyil-bizim direktor usta Məmmədi gətirib məktəbə bağban adıyla işə düzəldib. Amma usta Məmməd emalatxanada bağbanlıq edir. Əmək təlimi müəllimləri isə heç emalatxanaya buraxılmır. Usta Məmməd məktəbdə sanki özəl taxta sexi açıb. Kiminə qapı düzəldir kiminə oxlov, kiminə bel saplayır , kiminin də baltasını, dəhrəsini itiləyir.  Hətta arada eşşək arabası, it damı, göyərçin quşxanası da düzəldir usta Məmməd. Olub ki bir-iki dəfə də tabut düzəldib usta Mməmməd. Və 1-ci sinif uşaqlarından bir neçəsi tabutu görəndə elə qorxmuşdu ki həftələrlə dərsə də gəlmədilər.  

Usta Məmməd qazandığından  direktora haqq ödəyir.  Beləcə də şagirdlər əmək vərdişlərinə yiyələnə bilmirlər-əmək təlimi fənninin adı bizim məktəbdə olub-eşik dərsi. Dərs Hissə Müdürümüz də direktora baxıb təhsil ocağına bazar kimi yanaşır. O da müəllimlərdən başqa yollarla qazanc götürür. Birinin dərsini dalbadal salır da ondan pendir alır. O birindən bu qayda ilə cücə alır. Hətta bəzi müəllimlər ki kənddə  heyvan kəsib alışma etmişlər, bizim zavuç  kəsilən heyvanın içalatını almişdır o müəllimlərdən. Bundan başqa müəllimlərdən soğan, sarımsaq, qatıq, qurud da alır zavuçumuz. Beləcə də məktəb bazara dönüb. Direktorumuz sanki təhsilin bərbad hala düşməsindən ləzzət alır.

Hörmətli prezident-xahiş edirəm belə bir yaramazı təhsildən ayırasınız.

Hörmətlə: Seydov Seyid Mirqafur oğlu. (Sınaqlı  bir Seyid Ocağının başçısı)

* * * *

Bax vəziyyət bu halda ikən Seyidgilin Qarğaçatladan kənd İcra Nümayəndəsi evə qonaq gəldi gecə vaxtı. Özü də nə halda-it əlinnən əppək alardı, müxalifətçi əlindən saxta bülleten. Üst-başından peyin iyi gəlirdi. Əllərini məftil kəsmişdi. Saçı elə biz-biz dururdu deyirdin uzaqdan qaçqın yataqxanasının antennalarına baxırsan. Gözləri soğulub getmişdi. Insan sifətini itirmişdi adam.   Köynəyinə o qədər duz  yığılmışdı  suya tullasan köynək batmazdı- bu da xeyli tərlədiyini göstərirdi adamın. Demək yaman işləmişdi.

Hətta Seyid bir az  qorxdu da. Dedi birdən nəsə olar adama bunun qapısında. Deyəllər bə Seyidin cəddi niyə qurtarmadı Hökməti.( ayaması belədi və daha biz də onu belə tanıyacağıq)

-  Noolub ay qağa? Bu nə halət belə, hayhh?

-  Demə qardaş demə, zibilə keçmişik. Dərd dəysin belə vəzifəyə.

Seyid gördü ki nəsə ayrı işdi:

-  Sən bu qapıya gəlib-eləyən döysən haa, hələ orda-burda da seyid-molla boş şeydi deyibsən. Indi xeyir ola gecə vaxtı?

-  Aya, hələ bir çaydan - çörəkdən gətir görək, gör qardaşın ölmüş nələr çəkir a sənin cəddinə qurban. Demişəm, qələt eləmişəm. Sənin cəddinə inanmayana lənət.

     *          *          *

Çardağın altında soyutma kartof yeyib çay içə-içə dərdləşirdilər. Dərdləşirdilər deyəndə ki Hökmət yanıqlı-yanıqlı danışır, Seyid də ağzını ayırıb baxırdı. Arada hirslənib yumruğunu stola elə çırpdı ki qabdan bir-iki soyutma kartof hoppanıb az qala Hökmətin gözünü çıxaracaqdı. Buna da səbəb qonşu Acıdərə kəndinin Seyid övladı Mirsədinin bu gün Seyidə etdiyi zəng oldu ki o zəngin mənası indi-indi Seyidə çatırdı. Sən demə Mirsədi onu dolayırmış:

- Cəddinə qurban, sizinkilər yaman iş bacarandılar haa. Daha usta zad lazım olsa sizin kənddən gətirəcəm. Elə fəhləlikdə də də sizinkilərin əvəzi yoxdu. Bunun hamısı sənin cəddinin kəramətindəndi he, he, he, heee.

Sən demə...

Nəysə Hökməti dinləyək....

Qardaş hələ mən belə zibilə düşməmişdim. Seçkidə nə vardı ee-yemək bol-içmək bol. Saxta bülletenləri doldur getsin. Məsuliyyət yox filan yox. Özümüzü elə aparırdıq guya həyatımızı bu hökmətin yolunda risqə qoyurduq. Amma indi qoymuşuq həyatımızı risqə. Bəlkə də mən sabaha sağ çıxmadım. Demək gör nələr olur. Biz prezidentin gəlişini xeyli sonra gözləyirdik. Amma bir həftə əvvəl məlum oldu ki prezident yaxınlarda gələcək və Acıdərə yolunun açılışını edəcək. Hanı, heç Acıdərə yolu remont olunub ki? Rayon töküldü yola. Bir həftəyə yol çəkilib qurtardı. Amma bu hamısı prezidentin gəlişinə hesablanıb. Sonra yol bir də remont olunacaq. Tez-bazar yolboyu yekə-yekə şamlar da əkdik. Sonra məlum oldu ki yox-yolboyu evlərin damları da dəyişməlidi. Bunu da etdik. Hər kənd icra nümayəndəsinin boynuna qoydular altı usta. Canın çıxsın tap-pulunu da ödə. Hardan tapım? Nəysə-o bir balamın ölümünə qara cöngəni satıb ustalara pul ödəmişəm. Özün bilirdin də qara cöngə satılası şey deyildi- pul mənbəyi idi. Ən azından gündə yanına iki inək gətirirdi camaat- bir inək iki manat. Qara cöngə bir dəfə  inəyin belinə sıçradı iki manat cibindədir. Səndən də üzüm qara xalxın dişisi orda-burda belinə adam mindirib pul qazananda bizim erkəyimiz  pul qazanırdı belə şeydən.

- Həə də isveç cinsi idi qara cöngə. Mən də inəyi o cöngəyə sürdürmək istəyirdim. Hayıf.

-  Sənin inəyini havayı sürərdi qara cöngə, kimdi Seyiddən pul alan. Bunlar heç ee-məni yandıran o kopolu Səməd oldu Acıdərədə.

- Müxalifət Səmədmi?

- Hə də o kopolu. It kimi iy bilir. Səndemə bilib ki prezident bu yolun açılışını edəcək. Bunun da evi yolun lap qırağında. Ora da bulaq çəkmişik. Prezident bu bulağın da qırmızı lentini kəsəcək. It oğlu Səməd gecəynən hardansa  beş lapet peyin gətirib töküb çəpərinin qırağına. Satarov da ( Rayonun iİcra Hakimiyyətinin birinci müavinini deyirdi) qorxur bu kopoludan. Kopolu da ayağını dirəyib ki mənim peyinimə dəysəniz özüm prezidentə deyəcəm bulaq başında. O da qorxulu adam-yoxsa nə var aparıb salarıq qoduqluğa-prezident gedəndən sonra açıb buraxarıq. Bir dəfə elə eləmişik-oğlu töküb bütün ATƏT-i üstümüzə. Məcburuq peyini özümüz daşıyaq bu kopolunun çəpərinə. It oğlu əkin əkən də deyil ee-sadəcə əlinə fürsət düşüb iqtidarnan məzələnməyə.  Allahın acıtərəsini də bazardan alır kopolu. Biz də neynəyək-can-başnan başladıq işə. Satarov özü Səmədin setkasını çəkirdi-stolba dibi qazırdı. Biz də nasırkaynan peyin daşımışıq bu gün axşama qədər. It oğlu it hələ məzələnir də bizimlə- deyir yaxşı işləyə bilmirsiniz. Nə bilim , peyini üst-üstə tökməyin, aralı-aralı tökməyin.  Gününüzə ölüm ay iqtidar tör-töküntüləri. Bir qutunun deşiyindən neçə bülleteni birdən keçirmək olar?

Hələ gör sonra necə məzələndi bizimlə. Biznən bərabər bir məktəb direktoru da peyin daşıyırdı. Müxalifət Səmdə düşdü onun üstünə ki ay direktor, heç jurnalların arxasına baxmısanmı? Uşaqların ata-anasının iş yeri yazılan səhifəni deyirəm- nə yazılır orda. Ya işsiz ya da fərdi təsərrüfatçı. Düzdü bəzən müəllimdən-zaddan da nəsə yazıla bilər. Bəs hanı bu 800000 iş yeri? Sizin bu qədər iş yeriniz olsa indi bu  İcra Nümayəndələri, bu direktorlar burda peyin daşıyardılarmı?

Qardaş, kopoluda qorxu filan yoxdu ee. Satarovu elədi beş qəpiklik.  Demək Satarov günorta bizə bir az kolbasa-çörək  gətirtdi. Müxalifət Səməd  əvvəl başladı ki-  əəə, Qarğaçatladanın torpaqlarını eləmisən özünə qoruq, özlərinin də İcra Nümayəndəsini gətirib burda işlədirsən? Dedi əə, rayonda eşşək qoymadın-hamısını aparıb itlərinə verirsən  qoyun yatağında. Itlər dönüb canavara-eşşək gördülərmi cumullar. Amma özün camaata ölmüş eşşək ətindən hazırlanmış kolbasa yedirdirsən. Sənin itin qədər dəyəri yoxmu bu qulbeçələrinin-itlərin diri eşşəyin ətini yeyir, adamların ölü eşşəyin ətini. Haaa, haaa, haaa.

Inan, Satarov mikk eləyəmmədi. Mən də istədim Satarovu müdafiə eləyim. Dedim a müxalifət, gəlmişdiniz dana 92-də. Evdən bayıra çıxmaq olmurdu.  Qız-gəlin qorxusundan küçəyə çıxa bilmirdi.  Qayıtdı ki –odey indi Dubaya qədər bayıra çıxa bilir zənənlərimiz.  Dedim a kişi, nə istəyirsən prezidentdən? O ki hamıya eyni gözlə baxır, hamı ki bərabərdi bu ölkədə. Qayıdıb nə desə yaxşıdır?

- Nə dedi ki?

- Dedi hamı bu ölkədə bərabərdisə onda sən də dədən Dana Məhərrəmə bir heykəl qoy görüm qoya bilirsənmi?  Dedi kişiliyin çatır sən də bir dənə Dana Məhərrəm fondu yarat da de ki bax, bizdə hamının hüququ eynidir. Dedim ay beləfilan  mənim dədəmlə Heydər babanı eyni tutmaq olarmı? Qayıdıb deyir ki- mən Dana Məhərrəmə verərdim üstünlüyü.

Gör kimi kimnən müqayisə eləyir sən sənin Allahın? O boyda camaatın içində biabır elədi məni. Heç Satarov bilmirdi mənim dədəmə Dana Məhərrəm deyildiyini.

Yezid  kopolu bir stəkan çay nədi, onu da vermədi bizə. Amma sonra bilirəm ki evin krişasını dəyişən ustalara pul verib ki gedin restoranda yeyin-için. Nədi-nədi evdə onlara yemək versə gərək bizi də dəvət edə. Axmaq oğlu axmaq , ustalar  bizim  yanımızda kimdi ee-savadları yox, diplomları yox, vəzifələri yox.  Abx belə adamdı o Müxalifət Səməd. Biz acqarına işləyirik, o isə fətiri dürməkləyib göyşəyə-göyşəyə  firlanır təsbehini oynada-oynada.  Heç nemeslər əsirləri belə işlətmirdilər. Gör indi bunlar hakimiyyətə gəlsə  xalqa nə zülm verəllər. Dişimiz bagarsağımızı kəsə-kəsə qalmışdı bu gün. Sən adamın baxtına bax ee-evinin krişası dəyişdi, çəpərinin setkası dəyişdi, hələ altı nəfər kənd soveti də bir gün axşama buna peyin daşıdı. Di gəl bu hökuməti yenə bəyənmir kopolu.

- Ağır dərddi qardaş. Nədi onu cəddiməmi tapşırmağa gəlibsən? O murdar adamdı-mənim cəddimi belə şeylərə qatma dərdiş. Bütün rayon ondan qorxur-şeytan kimi bir şeydi o.

- Əslində həm ona görə gəlmişdim həm də başqa işə. Indi ki elə oldu o biri məsələdən danışım.. Səndən nə gizlədim. Bax sənin cəddin haqqı bu gün elə kənd vardı ki müəllimləri də gətirib işlədirdilər.  Amma bizim kəndin müəllimləri hələ gedib yerdən bir çöp götürməyiblər. Sənin arvadın da süpürgəçidi. Başqa  güman yerim yoxdu-bircə gün gəlsin işləsin. Qorxma, tapşıracam ağır işə buyurmasınlar.  Şam rəngləyər ucda-qıraqda.

- Nəə?   Necə yəni şam rəngləyər. Axı şamların ayaqları ağardılmışdı-bir də neynirsiz təzədən?

- Rəhmətliyin oğlu, bu dəfə şamların ayağı yox başı rənglənir. Özü də ağ yox-yaşıl.

- O nə deməkdi?

- Yekə şamlar köklü çıxarılmadığına görə quryub bozarıb. Axı şam həmişəyaşıl olmalıdır.  Daha boz rəngdə şam olmaz ki. Ona görə də sabah şamlar rənglənməlidir. Guya ki yaşıl şamlardı. Prezident də gedəndən sonra  çıxarıb atallar lənətə gəlmişləri.

- Həə, həə. Yaxşı nə deyirəm, el yolunda boynumuz qıldan nazikdir.

- Sağ ol Seyid. Özü də bəlkə heç sabah yengəm əlini ağdan-qaraya da vurmadı cəddin haqqı. Çünki ola bilər prezident elə günü sabah gəlsin- getsin. Heç  bilən yoxdu bu işin dəqiqini.

- Lap yaxşı. Amma məni o yalandan kökünü aparıb müqəddəs Seyd ocağına bağlayan Mirsədi yaman yandırdı haa. Durub kənd söhbəti eləməyinə bax bunun. Heyfimi çıxmalıyam ondan.

- Seyid, qardaşın ölməyib-onu toyda-nişanda yaxşıca döydür, mən sənə zamin. Bir kopolu sənə güldən ağır söz  deyə bilməz.

- Oldu qardaş, Allah səni bizlərə çox görməsin. Sən el qədri bilən adamsan. Yengən də sabah sənin sərəncamındadı. Mirsədiyə qalınca- bircə əlimə düşə dəə, əlimə düşə.

- Di salamat qalın mən gedim. Alaqaranlıqda öz maşınımla gələcəm-o biri süpürgəçiləri də götürüb gedək işə.

- Yaxşı yol. Mirsədini döydürüm sənə bir qonaqlıq məndə

- Qoy hələ prezident gəlib-getsin, onu lap özüm də döyərəm. O haranın itidir ki mənim kəndimin seyidinə lağ eləyir.

- Axtarsan seyid zad da deyil heç.

** **     

Demək ola bilər prezident sabah gəlsin. Demək məktub mütləq olmalıdı Seyidin arvadında. Özü da sabah rayonda olacaq. Parkın da açılışı olasıdı. Prezident orda xalqla görüşəcək. Imkan olsa bir-iki söz də Seyid deyəcək.  

Amma həmin gün  gəlmədi prezident. Əvəzində onun gəlişinə elə hazırlıqlar görüldü ki daha sabah gələsi olduğu mütləq oldu. Hündür binaların damlarına, təpələrə, uca ağaclara snayperlər yerləşdirildi. Ağaclara yerləşdirilmiş snayperlər sübut edirdi ki prezident gəlhagəldədi-yoxsa snayper ağacda nə qədər dura bilərdi? Və Baki tərəfdən iki vertalyot da gəlib bir xeyli kəşfiyyat apardı. Bu zaman Hökmətin briqadası Acıdırə yolunun qırağında yer süpürürdül. Seyidin arvadı isə pis vəziyyətdə idi. Plivlizatorla fısqırdılan yaşıl rəng az qala onun özünü də həmişəyaşıl şama döndərmişdi. Arvad yam-yaşıl olmuşdu. Amma canında it canı varmış. Bir azdan özünə gəldi və  işini dəyişdirdilər onun. Göndərdilər həkimlərlə birlikdə yolabaxan darvazaları yumağa.  Demək Acıdərədə nə qədər yolabaxan darvaza var hamısı yuyulmalı idi və bu yezid Acıdərələlilər də heç əllərini ağdan qaraya vurmaq istəmirdilər. Camaat gəlib bunlara darvaza yumalı imiş.

Işin bu yerində gəlmişdi vertalyotlar. Və qanadı qırılmışlar o qədər alçaqdan uçurdu ki.

Acıdərə kəndi və rayon mərkəzinin sərhəddində bayraq meydanı düzəldilmişdi ki bunun da açılışı olmalı idi. Bayrağın dirəyinin hündürlüyü olardı 70 metr.  Zalım oğlunun vertalyotu o qədər aşağıdan uçurdu az qalmışdı bayraq dirəyinə çırpsın özünü. Daha sonra isə yaxınlıqdakı binanın qarşısından uçan vertalyot –binanın  yuxarı mərtəbələrinin birinin paltarqurutma üçün istifasə etdiyi ipləri də qırdı. Vertalyotun küləyinin gücündən paltarlar göylərə ucalmağa başladı və andıra qalmış bir tuman bayraqdan da ucalara qalxdı ki- bunu da hansısa cüvəllağı çəkib ötürmüşdü internetə. Və ölkə tamam dəydi bundan sonra bir-birinə. Amma bunlar 2 gün sonra olacaqdı. Bu tumanını sahibi də qəhbə Ceyranə idi ki prezident rayona gələndə onun qarşısında elin namusundan, qeyrətindən bir xeyli bəhs etmişdi.

Bax elə bu halətdə Hökmətin arvadı zəng elədi ona. Amma təbii ki  vertalyotun səsindən Hökmət eşidə bilmədi. Və az sonra telefon saatı öyrənmək üçün ona lazım oldu. Çünki bilməliydi  Satarovun kolbasasını yeməyə  nə qədər qalıb. Bax onda gördü ki arvad zəng eləyib-xeyirdimi görəsən? Götürüb arvada zəng elədi.

Baa, arvad başladı nə başladı-a sənin hökmətin dağılsın, a belini fələk qırsın, xarabanda tapılsana?  Gedib Acıdərədə hamballıq elədiyinə gəl öz xarabanda ağalıq elə dana. Indi mən nağayrım, başıma haranın külünü töküm- başıma xiyar tökülə-tökülə .

- Az, dəli-dəli danışma.  Xiyar hardan tökülür? Noolub, adam dilində danış görüm. Onsuz da itə dönmüşəm mən.

- Belə canına azar olub..

- İt oğludu yalan deyən, gələndə Allahın da, hökmətin də,  Səmədin peyininin  də hayıfını səndən alacam. Mənə bax nə gündəyəm yara bax nə sallanır. Konkret de noolub?

- Aya, sallanan mən deyiləm ee, xiyardı, xiyar. Çinardan sallanır ee, çinardan. Gözlə bu il satacaqsan-hələ qazın borcu qalxıb 200 manata- dağılsın sənin hökmətin görüm.

- İtin qızı da dəli olmağa vaxt tapdı ee-az qoy prezident getsin sonra dəli olarsan dana. Indi dəlixanamı işləyir, həkimin hamısı odey-yollarda süpürgə çəkir. Dəlilər də qalıb başlı-başına.

- Aya dəli belə bajın-cijin olsun. Dəli niyə oluram, vertalyot aşağıdan uçanda bizim istixanananın salafanlarını cırdı. Uşaq da  acığa düşüb yerdən əl-qolnan vertalyotsürənə nəsə göstərib. Deyəsən xiyar işarəsi göstərib nəsə. O kopolu da dala qayıdıb   xiyarın tağlarını verib vertalyotun küləyinin qabağına. Xiyar tağları uçub göyün yeddinci qatına. Indi göydən başımıza tökülür.  Eləbil evin arxasındakı çinarlar xiyar gətiriblər. Xiyar tağları çinarlardan asıla qalıb. Boooy, evimiz yıxıldı. Uşaq da qorxub  özünə gələ bilmir, kəkələyir.

- Az it qızı, istixana cəhənnəm ee, evin onda yıxılacaq ki gədəni tutub aparacaqlar. Dili ömrübillah açılmayacaq türməyə düşdümü. Bilirsən orda adamı neynillər- oxşamışına lənət sənin doğduğunun. Kiri evdən eşiyə çıxma. Görüm neynirəm. Seyidə nəzir de dili açılsın kopolunun-bunun vertalyotla məzələnməyinə bax. Gör adamın anasını necə mələdir hökmət? A qancığın balası denən vertalyot nə zarafat şeydi-  o boyda general getdi ee vertalyotun güdazına. Yoxsa Qarğaçatladan Kənd İcra nümayəndəsinin 8-ci sinifdə oxuyan oğulbalası kimdi ee. Heç kim, heç kim, zibil, zibil, zibil!!!

- Booy, Allah sana qurvan olum balama dəymə.

Hökmət telefonu  hirslə yerə çırpdı. Satarovun diqqətini çəkdi bu:

- Noolub əəə. Gözünə qan sığıb, xəbərin varmı?

- Noolasıdı yoldaş Satarov, vertalyot xiyar istixanasını uçurub-arvad da zəng eləyib hökumətdən narazılıq eləyir beş-on manatlıq xiyara görə. Mən də acıqlandım.

- Heç xiyarın yeridii?

- Hə də.

- Paza keçmişik sən öləsən-indi mənə də zəng gəldi ki vertalyot ot tayalarımı uçurub göyə. Bu it oğlu kimdisə qəsdən eləyir. Görüm AMON-ların tumu kəsilsin. Onlar o mağlatanı qaldırmasa indi bizim rayona ögey ana gözünnən baxmazdı yuxarıdakılar. Sən öləsən günümüz it günüdü eey.  Bircə sağ-salamat pensiyaya çıxa bilsəydim dərdim olmazdı. Sən bir Müxalifət Səmədə bax-Satarova bax. Mən gəlib bu it oğlunun qapısında stolba dibi qazıram-vertalyot mənim otumu göyə sövurur.

- Sizin tayalar nəyin zibilinə düşüb yoldaş Satarov?

- Əşşi bir dəli itəbaxanım var.  Hər yerdə olduğu kimi axı bizdə də küçələri dəlilər süpürür. O da küçəsüpürən idi. Gətirdim adam elədim-itəbaxanım oldu.  Indi vertalyot aşağıdan uçanda  bu dəli kopolu da götürüb Argentina sortundan olan itimin balasını vertalyotsürənə göstərib ki sizdə beləsi varmı. O da elə bilib deyir ki sən hələ küçüksən, it olmağına çox var.  Və ot tayalarını verib vertalyotun vozduxuna.  Ilanyalı tayalarım sovrulub göyə. Ot cəhənnəm ee-ordan-burdan qızıl qiymətinə aldığım itlər qorxusundan yataqdan qaçıblar.

- Dəlilərə etibar yoxdu yoldaş Satarov.

-Əşşi heç bizim hökumətə də etibar yoxdu. Yazıq itlərim görən necoldular, hara qaçdılar. Sən öləsən eşşəyə də öyrəniblər,  kəndlərə enib bir iki eşşəyi dağıtdılarmı Müxalifət Səməd hay-həşir salacaq. Di gəl cavab ver. Alalh axırını xeyir eləsin göydən xiyar tökülür, ot tökülür. Bu il göydən od töküləcək cəhənnəmə dönəcək buralar deyəsən.

- Cəhənnəmə olsun ot da, xiyar da, it də. Kaş prezident tez-gəlib getsin. Sonra başımız açılar.

- Yox, yox-itlərim tapılmasa bağrım çatlayar. Camaat elə bilir ki mən harınlığımdan dolayı itlərə eşşək yedirirəm. Amma bunlar bilmillər ki eşşəyin əti möhkəm olur deyə eşşək əti yeyən itin dişləri möhkəm olur, bərk olur. Ona görə də onun qabağına özgə it çıxa bilmir.  Sən də it boğuşdurma mərcində udursan hamını. Bu da olur itin qazancı. Amma mən özüm gedib it boğuşdurmuram ki- çoban- çoluğum baxır bu işlərə. əslində mən çox fərqli insanam. Camaat  qoyuna görə saxlayır iti. Amma mən itə görə saxlayıram o  qoyunları. Yoxsa bir yataqda eləcə itlərimi saxlasam deyəllər qudurub. Axırı da belə- görək, Seyidə nəzir demişəm. Bircə qayıtsın  itlərim, bircə qayıtsın.

                      * *     * *

Səhər prezident gəldi rayona.  Ilk öncə saz-söz yurdu kim ad çıxarmış bu rayonun şairləri ilə görüşdü prezident. Bu o vaxt idi ki bir neçə saat idi ki camaat onu gözləyirdi yolda. Və camaatın içində şairlər də vardı ki onlar xırdaçaplı şairlər  sayılırdılar rayonda və buna görə də iriçaplı şairlər kimi prezidentlə görüşmək şərəfinə nail olmamışdılar. Hərəsinin əlində bir vərəq şeir vardı ki bu şeiri prezidentə şəxsən təqdim etmək istəyirdilər. Bizim qəhrəmanımız-Seyidin arvadı da əlində məlum məktubu tutmuşdu ki deyəsən bu gedişlə o məktub ünvanına yetişməyəcəkdi. Çünki o boyda şairdən sonra əlavə məktub qəbuluna vaxt qalmamalı idi. Hətta tanışlardan biri ona məsləhət gördü ki de mən də şairəm. Amma Seyidin arvadı boyun olmadı bu saxta işə.

Həmçinin dünən o qədər fasiləsiz işləmişdi ki gecə heç yuxu yatmağa da macalı olmamışdı. Elə dünənki görünüşündə-görkəmində  də gəlib durmuşdu yolun qırağında ki bu görkəm onu qaraçıya oxşadırdı. Üstündən də nöyüt iyi gəlirdi.Həmçinin bu qədər eybəcər bir görkəmdə olan birisinin saçını yaşıla boyaması hamının diqqətini özünə cəlb eləmişdi ki –hamı dəliyə baxırdı sanki.  Yazıq arvad istəmişdi ki bu yaşıl boyanı  nöyütlə yuyub aparsın-amma nə qədər eləmişdi yaşıl boya getməmişdi ki getməmişdi.

Polislər prezident gəlməmiş onu burdan uzaqlaşdırmaq qərarına gəldilər. Di gəl ki  onlar yəqin edəndə ki bu Seyidin arvadıdır əməllərindən peşman oldular. Bacı cəddinə qurban - deyib aralandılar ordan. Lakin  Bakıdan gələn qarapaltarlılara Seyidin cəddi barədə deyilənlər heç bir qram da təsir eləmədi. Onlar özünü prezidentin üstünə atmaq istəyən bu dəli arvadı kasıb itini döyən kimi döyüb də- sonradan maşına basıb dəlixana istiqamətində apardılar. Yerli polislər bir ağızdan:

- Xata bu qarapaltarlıları hərləyir-dedilər.

* *                **

Prezident alayarımçıq bir-iki açılış edib də geri qayıtdı tələm-tələsik. Seyidin arvadı elə həmin axşam dəlixanadan çxarıldı. Onu evə çatdıran Seyid Hökmətnən arvadını öz həyətində gördü. Nəzir gətirmişdilər-uşağın dili açılmışdı.  Həm də vertalyotdakı desantlar uşağa dəyməmişdilər. Sən demə onlar vertalyotdan hoppanıb uşağı öldürüb sonra yenə vertalyota dırmaşa bilərmişlər. Hər halda Hökmət belə yəqin etmişdi. Sonra Satarov da nəzir gətirdi Seyidgilə. Onun da itləri qayıdıb gəlmişdi yatağa- heç kimin də eşşəyinə dəyməmişdilər.  Həmçinin bir də Allah bilir prezident buralara nə vaxt gələcək və bu müddətdə Satarov olacaqdı yenə hamanki Satarov. Daha sonra məktəb direktoru nəzir gətirdi-  məktəbə AZTV-dən gələn olmamışdı bu dəfə.  Ümumiyyətlə AZTV-dən yaman qorxurdu direktor-onlar o biri jurnalistlərdən deyildilər-gərək ağızlarından çıxanı qoyaydın ovuclarına. Sonra da AYB-nin zona filialının sədri Barat Barıt nəzir gətirdi-prezidentlə görüşdüyünə görə. Prezidentə elə təriflər demişdi ki bu təriflərin qarşısında dağ da əriyərdi- o ki ola prezidentin yuxa ürəyi. Barat yəqin etmişdi ki yüz faiz ona xalq şairi adı veriləcək.  Hələ ömürlük təqaüdə düşsə ilk aylığını Seyidə verəcəyinə də söz verdi. Və Seyid də-niyə düşməyəsən, Allahdan arzu edirəm sən də düşəsən təqaüdə. Cındır-cındır rayonlar elə inkişaf eləyib adam baxanda valeh olur.  Qoy bizim rayon da qabağa keçsin- nə qədər adam prezident təqaüdü alsa rayonun adına yazılır- dedi.

Sonra da dünən Seyidin arvadı ilə darvaza yuyan həkimlərdən biri gəldi( təcili yardımda işləyirmiş).Seyidin arvadının pristupu tutmuşdu. Adamlar qapıdan qeybə çəkildilər. Hamı inanırdı ki Seyidin cəddi arvadı qurtaracaq. Həkim-zad boş şeydi. Təkcə Seyid inanmırdı. Artıq öz cəddinin kəramətinə nəsə olduğunu düşünürdü Seyid. Ha fikirləşdi bir şey alındıra bilmədi. Gümanı yalnız Mirsədiyə gəlirdi. Mirsədi yəqin onun cəddini bağlatmışdı. Götürüb Hökmətə zəng elədi- Hökmət, Tofiqin gədəsinin toyuna nə qədər var?

-  3 gün var. Nədi ki?

-  O alçaq Mirsədi onların qohumudu-görən çağırıbmı?

-  Həə, dəvətnaməni mənnən göndərdi srağagün.

-  Sözümüz sözdü də.

-  Həə, narahat olma.

-  Sən də narahat olma.

-  Nədən?

-  Mirsədinin işini həll edək, mən də Müxalifət Səmədi gurumgumbaz göndərəcəm o dünyaya.

-  Cəddinə qurban, Seyid. O Mirsədini şəxsən özüm döyəcəm.

-  Oldu, hələlik.

- - *- -*- -

Səhər tula talvardan düşməmiş Seyidə tanış olmayan bir nömrədən zəng gəldi.

- Alo, kimdi ee, qoysanız yataq?

- Cəddinə qurban, mənəm Nağdalıyev.

- Hansı Nağdalıyev? Dəlixana müdürü ya, başçının müavini?  Nömrən də zerkalnıdı-ikisinə də uyğun gəlir Nağdalıyevin.

- Dəlixana Nağdalıyevdi zəng eləyən, cəddinə qurban. Sən Allah yox demə, biabır olmuşuq, gəl bizi qurtar. Hörmətin hörmət, nəzirin nəzir.

- Noolub axı?

- Bir xiyar çıxıb çinar ağacına düşmür-özü də bar-bar bağırır ki təhsil batıb gedir ay camaat, ay prezident. Əlində də dünən sənin arvadından düşüb qalan məktub. Dəlilər də burda tamaşa qurub. Qurban olum gəl gör neynirsən, o xiyar oğlu xiyarı çinardan düşür aşağı. Bu dəqiqə it-qurd töküləcək bura

Seyid qaranəfəs özünü yetirdi maşına və yola düzəldi. Dəlixananın həyətinə girəndə matı-qutu qurudu. Aşağıdan uzunburun bir dəli ağaca çıxan dəliyə deyirdi-Hacıbala, oxu görüm.

Ağacdakı dəli də oxuyurdu- usta Məmməd emalatxanada bağbanlıq eləyir.

Aşağıdakı uzunburun dəli də pələqulaq bir dəlini bundan sonra salır təpiyin altına ki- niyə bağban gedib bağ becərmir həəə? Harda görünüb bağban qapı-pəncərə düzəltsin? Bəs ağacları kim sulayacaq həə? Axı mənim atam demişdi bir ağac kəsən mənim qollarımı kəsir. Sənin işçin də ağac becərmək əvəzinə ağac kəsir. Tfuuu!

Sonra da uzunburun dəli pələqulaq dəlini atdı boş hovuza. Pələqulaq da başladı orda üzməyə. Sanki qolatma üzürdü. Qıraq-bacadan da bir neçə dəli hay-huy saldı ki uzunburun dəli onları da sıraynan  hovuza qımcırladı.

Seyid Nağdalıyevdən bu mərəkənin nə mərəkə olduğunu soruşdu. Nağdalıyev cavab verdi ki-əşşi, bu uzunburun deyir mən prezidentəm. O ağaca çıxan da deyir mən Hacıbalayam. Pələqulaq da deyir mən Təhsil naziriyəm. Bu Hacıbala ilə də Təhsil naziri yol getmillər. Daim o bundan, bu da ondan prezidentə məlumat ötürür və bir-birini döydürürlər. Indi də bu məktub düşüb Hacıbalanın əlinə. Qışqırıb aləmə car çəkir.

 - Bəs bu hovuzun qırağını niyə hasarlamırsınız. Yazıqlar özlərini boş hovuza atırlar.

Yuxarı