post-title

Vətənpulverlər

Son vaxtlar fikir verirəm, gənclərdə vətənpərvərlik hissi azalıb. Sual edirəm öz-özümə niyə? Məncə, gənclərimiz çox düşünürlər. Düşünürlər ki, atası böyük məmur olanlar əsgərliyə getmirsə mən niyə gedim?

 

Guya vətənpərvərlik təbliğatı aparılır cəmiyyətdə. Mənə elə gəlir ki, bu kiməsə təsir etmir. Hər halda beyni olan gənc fikirləşə bilir ki, əsgərlik bütün yaşı çatan oğlanlar üçün nəzərdə tutulub. Bəs niyə məmur uşaqları gedmir? Axı onlar bütün günü televizora çıxıb vətəndən, vətənpərvərlikdən danışır. Deməli, sərvətləri yeməyə gələndə vətən yaxşı olur, əsgərliyə gedəndə pis.

Belə adamlar “vətənpulverlər”di.

Ümumiyyətlə, təkcə əsgərlik yox, məsələn, M. Ə. Rəsulzadəyə olan münasibət də vətənpərvərlik təbliğatını heçə endirir. Keçən dəfə A adlı dostum deyir “Bu xalq üçün nəsə eləməyə, can qoymağa dəyməz. O boyda Rəsulzadə ömrün bu xalqa həsr etdi, nolsun, budur ona verilən qiymət?” B cavab verir ki, xalq nə edə bilər ki. “Yuxarıdakılar”ın günahıdı. A deyir “Bəyəm “yuxarıdakılar” Marsdan gəliblər? Onlar da azərbaycanlıdır da.”

Əzizlərim! Rəsulzadə dövründə də özün düşünənlər varıydı, satqınlar varıydı. Ancaq o kişi xalqın, millətin düşünürdü, ömrünün sonunacan milləti işğaldan azad etməyi fikirləşib. 

Bir-iki altına mal-dövlət yığan məmura görə Vətəni sevməmək olmaz. Azərbaycan eramızdan əvvəl 321-ci ildə yarandı və o vaxtdan müxtəlif dövlət quruluşları, işğallar olsa da, ruslar, ermənilər iki-üç dəfə soyqırımı etsə də, indiyədək biz varıq. Hamı, hər kəs öləcək, ancaq torpaq gələcək üçün qalacaq. İlk dövlət başçımız Atropat idi. Ola bilər ki, Atropatın vaxtında da əsgərliyə gedməyənlər olub deyə bilməyəcəyəm, çünki, o zamanlarda döyüşçü olmaq hər kişinin əsas işi olub. Döyüşçü olmayan kişi necə yaşayardı Atropatena cəmiyyətində. İndi isə yaltaq olmayan çətinliklə yaşayır.

Yanlış anlaşılmasın. Mən nə “solçu”, nə də “yehova şahidi” filan deyiləm. Demirəm ki, əsgərliyə gedməyək, verdiyimiz torpaqları almayaq, ermənilərin qalibiyyətin qəbul edib dost olaq. Heç vaxt. Mənə qalsa, güclü dövlətimiz olsun, Dərbənddən Həmədanadək tarixi Azərbaycanı bərpa edək. Amma mənim fikrimə kimdi tüpürən? Camaat öz sökülən evinin dərdini çəkir.

Məcid Həsənli

Kultura.Az

Yuxarı