post-title

Şəhərli olmaq

Bu günlərdə basabas bir avtobusda yol gedərkən böyrümdə iki nəfər çox maraqlı söhbət etdi. Avtobusun içində o qədər sıxlıq idi ki, adamların söhbətinə istəmədən qulaq müsafiri oldum. Söhbət şəxsi yox, ictimai məzmunda olduğundan qərara gəldim ki, onların söhbətindən sizi də xəbərdar edim.

 

Əvvəlcə adamın biri başladı şikayət etməyə ki, bu nədi, camaatdan yaman pis iy gəlir, elə bil yuyunmurlar filan. O biri də dedi ki, əşi çoxu kənddən-zaddan gəlmiş adamlardı, nə bilirlər təmizlik nədi.

Bu biri də qayıtdı ki, ay filankəs, kəndin nə dəxli var, axı sizin də, bizim də əslimiz rayondandır, nə olsun ki, özümüz Bakıda doğulmuşuq, bu nədi qınından çıxıb qınını bəyənmirsən?

Adam başladı başa salmağa ki, bizim atalarımız Bakıya az miqdarda gəlirdilər, üç-üç, beş-beş gəlib şəhər mədəniyyətinin içində əriyirdilər. Özlərini şəhərli kimi aparmağa çalışırdılar. Amma sonra Sovet dağıldı, qaçqınlar, köçkünlər, işsizlər yüzminlərlə gəldilər. Bu vaxt elə o səbəblərə görə də Bakıdan yüzminlərlə adam başqa yerlərə köçdü. Ona görə yeni gələnlər şəhəri boş görüb öz mədəniyyətlərini gətirdilər. Bax beləcə bu vəziyyət yarandı.

Bu vaxt onun həmmüsahibi cavab verdi ki, a balam, axı bunların çoxu öz xoşuna gəlmədi ki, deyəsən bunlar qəsdən ediblər. İndi sən desən ki, fərqli yerlərdə yaşayan yüzminlərlə adam qarşılarına gedib Bakı şəhərinin mədəni vəziyyətini dəyişmək qərarı qoyublar.. ağıllı adamlar sənə gülər. Haranınsa mədəniyyətini dəyişmək üçün öz xoşuna kütləvi miqrasiya heç zaman baş verməyib və nə zamansa baş verəcəyi də inandırıcı deyil. Yəqin özlərindən asılı olmayan, zorakılıqla baş verən nəsə olub ki, birdən-birə gəlib çıxıblar bura.

Bayaqkı bu söhbətlə razılaşdı. Amma dedi ki, bütün bunlara baxmayaraq fakt-faktlığında qalır. Bakıda hələ də şəhər mədəniyyəti formalaşmayıb. Keçən əsrin sonundakı hadisələr zamanı Bakı şəhəri böyük bir kəndə çevrilib. Keçmiş bakılıların çox az qismi qalıb, onlara da yarı zarafat-yarı gerçək “Бакинец” adı qoyaraq fərqləndirirlər. Düzdü, onlar da azərbaycanlıları təşkil edən etnoqrafik qrup sayılır. Amma o adamlar ortastatistik azərbaycanlıdan xeyli fərqlənir. Bizim xalqımızı, tariximizi tanımayan bir adamla, lap tərcüməçi vasitəsi ilə bunları tanış eləsən, deyər ki, nəinki eyni şəhərdə yaşayırlar, bunlar ümumiyyətlə başqa-başqa qitələrin adamlarıdı.

Nəsə bunlar xeyli söhbət elədilər, arada bilmədim hansı sözü kim deyirdi, amma qəribə məlumatlar eşidirdim ki, bəs 30-cu illərdə ya nə vaxtsa hətta Bakını Azərbaycandan ayırıb xüsusi statuslu şəhər kimi mərkəzə - Moskvaya bağlamaq istəyiblər. Söhbət də belə olub ki, bu şəhərin Azərbaycana və azərbaycanlılara dəxli yoxdur, özlərinə başqa şəhəri paytaxt seçsinlər, ya da özlərinə uyğun yeni şəhər tikək verək, yaşasınlar. Amma sonra nəsə baş tutmayıb.

Bu vaxt bir zamanlar təbrizli bir dostumun mənə dediyi “sizi özbaşına buraxsaydılar Bakı da Təbriz kimi əyri-üyrü böyüyəcəkdi” sözləri yadıma düşdü.

Sonra söhbət edənlərdən biri dedi ki, bəs indi necə olacaq? Elə Bakı belə gəlib, belə də gedəcək? Bəs bunlar nə zaman şəhərli kimi danışacaq, şəhərli kimi geyinəcək, şəhərli kimi rəftar edəcəklər.

O biri qayıtdı ki, a balam, bəyəm kəndçi kimi danışmaq, geyinmək ya da rəftar etmək pisdir?

Dedi yox, qəti pis deyil. Hətta yaxşıdır. (Bu yerinə lap diqqətlə qulaq asdım) Adam davam etdi ki, yaxşıdır, amma şəhərdə yox, kənddə.  Kəndin yaxşı cəhətlərindən biri budur ki, həyətlər genişdir, evlər bir-birindən uzaq tikilib. Biri tarlada işləyir, biri həyətdə və bunlar bir-birlərini yüksək səslə çağırmalıdır ki, o biri bunu eşitsin, işləri daha yaxşı getsin.

Amma şəhərdə qışqırsan, küçədə keçənlərə səsinlə mane olursan. Adam çoxdur, hərənin bir dərdi-səri, problemi var, gedir onu düzəltsin. Ya işdən yorğun çıxıb, ya dərsə tələsir. İndi onun yanında möhkəm qışqırsan, fikrini dağıda, narahat edə bilərsən.

Bu birisi də ona dedi ki, ay rəhmətliyin oğlu, bax mən necə bu avtobusda söhbətimlə başqasını narahat etməyim ki, basabasdır, nə qədər yavaş danışsam da başqasına mane olacam. Olmaz ki, şəhərdə çoxlu yeraltı dayanacaqlar tiksinlər, ya da nəsə birtəhər əncam çəksinlər ki, yolların bir, bəzən iki zolağını park edən maşınlar tutmasın. Beləliklə, tıxac da yaranmasın, avtobus da vaxtlı vaxtında işləsin ki, mən də burda basabasda əzilməyim? Olmaz ki, evlərin kommunal problemi həll olunsun ki, insanlar normal çimsinlər və biz tər iyindən boğulmayaq?

Deyirsən dərsə gedən tələbəni narahat edirik? Axı hamı bilir ki, bu tələbə getdiyi universitetdə heç nə öyrənə bilməyəcək. Axı bu gənc oğlanlar əsgərliyi gecikdirməyə, qızlar da evdən çıxmağa bəhanəyə görə universitetə girirlər. Biz də hamımız bilirik ki, onları narahat etməyəcəyik. Hətta beyinlərində özləri barədə informasiya az olduğuna görə beyinlərini başqlarının söhbəti, görkəmləri barədə müşahidələrlə dolrururlar. Deyirsən ki, camaat işə gedir. Guya indi hamı işləyir? Hər ofisdə bir nəfər iş bilən adam tapırlar, bütün işi də ona yükləyirlər, qalanları da kompüter oyunları oynayır.

Belə də ki, bu ictimai nəqliyyatlar elə bizim kimi kasıb-kusub üçündür. Onlar bizi də özləri kimi görsəydilər çoxdan şəhərdə normal ictimai nəqliyyat infrastrukturu yaradardılar.

Deyirsən şəhərli olaq? Olaq. Amma bu necə şəhərdi ki, nə tramvayı var, nə elektrik qatarı, metrosunun səsi də şəhərin əksər konsert zallarında hiss olunur. Hələ bir deyirsən şəhərli olaq, fəqir-füqəra kənd adamını danlayırsan.

Axı bu yetim rayonlu, kəndli neyləsin ki, uşaqlıqdan onu nə təhsilə həvəsləndirən olub, nə incəsənətə. Əgər sən əyalət adamını danlamaq istəyirsənsə, əvvəl bir bunun səbəbini düşün, get onların haradan çıxdığını gör, get kəndlərin məktəblərinə, onların yaşayışına, gününə-güzəranına bax, sonra danla. Yoxsa sən istəyirsən ordan çıxıb gələcəklər Bakıya, qrup halında birbaş kitab dükanlarından Umberto Eko, Milan Kundera, Orxan Pamuk və başqalarının axırıncı romanlarını alacaqlar, sonra da Opera və Balet Teatrında Giuseppe Verdi`nin “Traviata” operasına tamaşa etməyə gedəcəklər?

Bu vaxt mənim dayanacağım gəlib çatdı, sürücünün dilənçi kimi açılmağa öyrənmiş ovcuna 20 qəpiyimi verib, avtobusdan endim. Eşitdiyim bu qədər söhbətdən sonra ətrafıma baxanda başa düşdüm ki, doğrudan da özümüzü şəhərli kimi hiss edə bilmirik.

Firudin Allahverdi

Kultura.Az

Yuxarı