post-title

Muğam - kütləvi yuxu dərmanı

Azərbaycan, bəlkə də, şərqin yeganə islam ölkəsidir ki, rus arağı istehsal edir. Arağın burda hamılaşıb, el içkisi olmasında II Dünya Müharibəsinin böyük rolu olub. XX əsrdə Babəkin işini araq gördü. Fikrimizcə, bu gün neft və şərq ölkəsinin masa arxasında oturmuş hər bir oğlu ayaq üstə qalxaraq ilk «Əlli»ni nemeslərin şərəfinə içməlidir, ona görə ki, bu müharibə olmasaydı imamverdilər, allahqulular Biləcəridən o tərəfi tanımayacaqdılar.

 

Ancaq yadelli müsəlman təfəkkürümüz araq məsələsində də bizi qonaq-qara yanında üzüqara edib. Belə ki, ölkənin araq sənayesi müştərilərini əldən buraxmamaq üçün çox milli  bir yol seçib. İstehlakçıda alkoqoldan asılılıq yaratmaq üçün araqların tərkibinə psixotrop maddələr qatırlar və bu maddələr «Yeyib-içən oğlan»ın (ifadə meyxanaçılara məxsusdur) sinir sistemini ilk şüşədəcə zədələyərək onda qorxu, əsəb nevrozu yaradır. Milli araqların paxmelliyində nevroz xəstəliyinin əlamətlərini kor yapalaq belə, istəsə görə bilər. Sinirləri iflic olmuş psixopat istifadəçiyə elə gəlir ki, içməsə başına bir iş gələcək, yaxud əsəblərini sakitləşdirmək üçün mütləq yenə içməlidir. Beləliklə, gərgin iş gününün sonunda ucuz, milli - çölü «Xan», içi nökər arağından «əlli» vurub stresdən azad olmaq istəyən yazıq zəhmətkeş, kasıb vətənpərvər psxixi xəstəyə, içki düşkününə çevrilir. Gerisini də özünüz bilirsiniz, ya içib bacanağını bıçaqlayır, ya arvadını boşayır, ya da ağlını itirib seçki qutusunu oğurlayır.

İndi keçək mətləbə. Soruşa bilərsiniz ki, arağın muğamata nə dəxli var?

Uzun zamandan bəri çoxsaylı muğamsevər üzərində apardığım gərgin müşahidələr nəticəsində bu nəticəyə gəlmişəm ki, müsəlmanın arağı kimi muğamatı da psixotrop təsirlidir. Ötən yazılarımızın birində muğamı kütləvi yuxu dərmanı, mənəvi dimidrol adlandırmışdıq. Özünün ölüvay ahəngi, nisgilli qəzəlləri, hər pərdəsində insana mütləq öləcəyini, qəbirdə cücülərə yem olacağını xatırladıb zəhləsini tökən, ölünü diridən, qəbiri evdən, ölümü həyatdan üstün tutan fatalist fəlsəfəsi, acı bağırsaq kimi uzanan zəngulələri ilə dinləyicisini əbədi ruhi sarsıntıda saxlayan muğam da onda nevrozabənzər fəsadlar törədir. Mənəvi böhrana düşən xəstə dinləyici həmişə muğamat çatışmazlığından əziyyət çəkir və bu cansıxıcı «muğam paxmelliyindən» xilas olmaq üçün ac qarına gündə bir təsnif, heç olmasa, bir boğaz qəmli zəngulə dinləməyə məcbur olur. Cibinin imkanı təmiz rus arağına çatmadığı üçün fiziki yorğunluğunu milli psixotrop araqlarla çıxaran yazıq zəhmətkeş vətənpərvər, zehni imkanı da intellektual Avropa musiqisini anlamağa çatmadığından mənəvi yorğunluğunu da ikinci psixotrop məhsulla, muğamla unutmağa məcburdur. İndi özünüz fikirləşin, həm mənəvi, həm də fiziki nevroza, böhrana düçar olmuş bu xəstə adamı dünyəvi olmamaqda günahlandırmaq nə dərəcədə doğrudur?

Bir adamın ki, gözünü açandan bir qulağının dibində zəhərli «Xan» arağı içib sarsılmış əsəbi atası, o biri qulağının dibində isə əli qavallı muğam ustası, tutalım Canəli Əkbərov bağıra, o, bədbəxtin axırı necə olar sizcə?

Səsin psixotrop təsiri elmə çoxdan məlumdur və bunu yenidən sübut etmək lazım deyil. Məsələn, birini deyək. Danimarka zoofizioloqu Bertel Moyel sübut etdi ki, kaşalotlar bir neçə kilometr məsafədən 265 desibelə qədər tezlikdə səslər çıxararaq  öz ovlarını iflic edirlər. Bağırmaqda kaşalotdan heç də geri qalmayan muğam ifaçısı da ardı-arası kəsilməyən zəngulələri ilə öz ovunu-dinləyicisini mənəvi düşkünlüyə məruz qoyur. Bu düşkünlük, qıcolma kaşalotun qurbanında ani, muğam ifaçısının qurbanında isə tədricən baş verir. 

Muğam, bu güncən muğam ustasından başqa heç kimə xeyir gətirməyib.                     

Muğam şərq musiqisinin islam dinidir, muğam ustaları da bu «dinin» mollaları, ayətullahlarıdır. Muğamın mədəniyyətdəki yeri dinin cəmiyyətdəki yerinə çox bənzəyir.  Din dövlətlə kütlə arasında yerini bərkidib pusquda durduğu kimi, muğam da folklor və akademik musiqi arasında özünə möhkəm bir daldanacaq seçib. Din həm dövlət, həm də xalq kütlələri ilə ikibaşlı, mürəkkəb oyun oynadığı və lazım gələndə hər ikisinin başını əzdiyi kimi, muğam da girəvə düşəndə həm folklorun, həm də akademik musiqinin kürəyinə bıçaq sancmağa hazırdır. Özünüz baxın, bu gün istənilən muğam boğazı, istənilən simfonik traktatdan hörmətli deyilmi? Yaxud, tar-kamanla silahlanmış «Muğam üçlüyü» ansamblları Opera və Balet teatrının səhnəsini operanın və baletin əlindən almayıblarmı?

Mən «Muğam üçlüyü»nün forma və məzmununda şərqə xas olan gizli bir despotizm görürəm. İfa zamanı əvvəlcə tar və kamança ağız-ağıza verib xanəndəni (Despotu) dinləyicilərə (xalqa) bəh-bəhlə təqdim edirlər. Sonra kamança tara, tar despota(xanəndəyə) miskincəsinə yaltaqlanır. Tar gözünü qavalbaş xanəndənin (Despotun) ağzına, kamança gözünü tarın əlinə dikir. Xanəndənin (Despotun) dediyini hiyləgər tar, tarın dediyini miskin kamança təkrarlayır. İşlər qaydasında gedirsə, despot (Xanəndə) baxışları ilə itaətkar tarı, tar isə düyünlü quyruğu ilə yaltaq kamançanı alqışlayır və bu üçlük beləcə əl-ələ, ağız-ağıza verib min ildir, dinləyicilərin evini yıxmaqla məşğuldur. Siz bu günkü istənilən islam ölkəsinə gözucu nəzər salsanız,  hakimiyyət başında oturmuş həmin bu «Muğam üçlüyü»nü görə bilərsiniz.

Aqşin Yenisey

Kultura.Az

Yuxarı